Məhkəmə qərarları › İş №e-2-2(113)-9747/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9747/2025

09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9747/2025 09.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini azaldaraq, məhkəmədən "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli "688-GL/18" nömrəli müqavilə üzrə Cavabdeh2 iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə 13 860 (on üç min səkkiz yüz altmış manat 00 qəpik) manat qalıq borc, 9 082,65 (doqquz min səksən iki manat 65 qəpik) manat hesablanmış cərimə olmaqla, cəmi 22 942,65 (iyirmi iki min doqquz yüz qırx iki manat 65 qəpik) manat borcun, hüquqi yardım üçün ödənilmiş 576,28 (beş yüz yetmiş altı manat 28 qəpik) pul vəsaitinin tutulması barədə qətnamə çıxarasınız.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC (sonradan "xxxx") ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli "688-GL/18" nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikaları Lizinq alan Cavabdeh2 lizinqə vermişdir. Müqavilə şərtlərinə əsasən Lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin lizinq alan - hazırkı cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmişdir. Nəticədə Cavabdeh2 xx.xx.2018-ci il tarixli "688- GL/18"nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 13 860 (on üç min səkkiz yüz altmış manat 00 qəpik) manat qalıq borc, 9 082,65 (doqquz min səksən iki manat 65 qəpik) manat hesablanmış cərimə olmaqla cəmi 22 942,65 (iyirmi iki min doqquz yüz qırx iki manat 65 qəpik) manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uygun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarında saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndinə əsasən müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli danışıqlar yolu ilə mümkün olmadıqda tərəflər Lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyatı məhkəmələrə müraciət edə bilərlər. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli 1137 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinintabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adıdəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət)adlandırılmış, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə(bundan sonra ‒ Agentlik) keçmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumunu ödəməkdən azaddır. Hazırkı iş üzrə hüquqi yardım göstərilməsi, iddia tələblərinin irəli sürülməsi və məhkəmədə müdafiə edilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə "xxxx" MMC arasında hüquq xidmətlərinin satınalınması müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən hər bir iş üzrə hüquqi yardım xidmətinin qiyməti 576,28 manat müəyyən edilmişdir. Həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, tələb edilən borc müqavilə müddətinin sonuna olan məbləğdir, lizinq obyektini tələb etmirlər, çünki dövlət vəsaitidir və dövlətin marağında deyil vətəndaşdan lizinq obyektini geri alsın.

4. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh2 əsas borca hesablanmış dəbbə pulunun azaldılmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları

6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 688-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 17.520 manat olan və Spesifikasiyada (1 saylı əlavə) göstərilən kənd təsərrüfatı texnikasını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizing alan Texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən ödənişlər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir.Müqavilənin şərtlərinin pozulması hesab olunan və lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə səbəb olan hallar başlıqlı 5.2-ci maddəsində qeyd edilmişdir ki, ..... əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə lizinq verən lizinq alanı yazılı surətdə xəbərdar etməklə, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verir, texnikanı mübahisəsiz geri götürür, lizinq alanın əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və qrafik üzrə yaranmış borcun,.............lizinq alan tərəfindən alınması üçün məhkəməyə müraciət edir.

7. Müqavilə lizinq verənin imzası və möhürü, lizinq alanın isə imzası ilə təsdiq edilmişdir.

8. xx.xx.2018-ci il tarixli, 688-GL/18 saylı lizinq müqaviləsinə 01 saylı əlavə olan Spesifikasiyadan görünür ki, lizing obyekti olan Traktor Belarus-622 texnikasının ilkin qiyməti 43.800 manat, ödənilmiş məbləğ 8760 manat, güzəştdən sonrakı qalıq məbləği 17.520 manat, ödəmə müddəti 10 il təşkil edir.

9. xx.xx.2018-ci il tarixli, 688-GL/18 saylı lizinq müqaviləsinə 02 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən Traktor Belarus-622 texnikası üzrə 2018-ci ilin İİ rübünə görə 458 manat, 2018-ci ilin İİİ rübündən 2027-ci ilin İV rübünə kimi (həmin rüb də daxil olmaqla) 449 manat ödənilməlidir. Ümumilikdə lizing alan ödəniş qrafiki üzrə 17.520 manat ödəməlidir. Əlavə lizinq verənin imzası və möhürü, lizinq alanın isə imzası ilə təsdiq edilmişdir.

10. 05 yanvar 2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Traktor Belarus-622 texnikası lizing alana təhvil verilmişdir. Təhvil-təslim aktı lizinq verənin imzası və möhürü, lizinq alanın isə imzası ilə təsdiq edilmişdir.

11. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixli, 688-GL/18 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh2 qalıq borcu 13.860 manat, cərimə borcu 9.082,65 manat olmaqla, cəmi 22.942,65 manat təşkil edir. Maliyyə arayışının verildiyi tarixə gecikdirilən borc 9370 manat, müqavilə üzrə ödənilmiş məbləğ 3660 manat olmuşdur.

12. İddiaçı tərəfindən tərtib edilmiş cərimənin hesablanması qrafikinə görə 2020-ci ilin 3-cü rübündən lizinq alana cərimə hesablanmağa başlanılmışdır və bu məbləğ maliyyə arayışının verildiyi tarixə 9082.66 manat təşkil etmişdir.

13. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X1 Ədalət Əziz oğluna xx.xx.2025-ci il tarixdə elektron qaydada göndərdiyi pretenziya məktubunda bildirilmişdir ki, müqavilə üzrə qalıq borc 13860 manat, gecikdirilmiş borc 9370 manat, cərimə borcu 9082 manatdır və qalıq borc və cərimə pretenziyanın təqdim edildiyi gündən qısa müddət ərzində ödənilmədiyi halda, mübahisənin məhkəmə yolu ilə həll olunması üçün aidiyyəti məhkəməyə müraciət olunacaqdır.

14. Məhkəmə-hüquq xidmətlərinin satın alınması haqqında fəaliyyət cədvəlindən görünür ki, məhkəmədə təmsilçiliklə bağlı hüquqi yardım xərcləri üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə göstərilən hüquqi yardım haqqının məbləği 576,28 manat müəyyən edilmişdir.

15. 17.11.2025-ci il tarixli hüquqi xidmət göstərilməsi barədə müqavilədən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil arasında hüquqi xidmət göstərilməsi barədə müqavilə bağlanmış və hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 manat müəyyən olunmuşdur.

16. MT2511 seriyalı, 11272450 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qaiməyə əsasən 300 manat dəyərində hüquqi xidmət ödəniş üçün “Kəngərli və Partnyorları” Vəkil Bürosu tərəfindən "xxxx" MMC-yə təqdim edilmişdir.

17. 26.11.2025-ci il tarixli ödəniş tapşırığına əsasən göstəriləcək hüquqi yardımlara görə 8 ədəd elektron qaimə üzrə (hər biri 300 manat olmaqla) 2400 manat məbləğində pul vəsaiti “Kəngərli və Partnyorları” Vəkil Bürosunun bank hesabına köçürülmüşdür.

18. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.

19. Tədqiq edilən sübutlar əsasında işin müəyyən edilən halları belədir ki, 2018-ci il tarixdə tərəflər arasında 10 il müddətinə lizinq müqaviləsi bağlanmışdır, lizinq verən kənd təsərrüfatı texnikasını lizinq alanın istifadə və sahibliyinə vermişdir, lizinq mükafatı nəzərdə tutulmamışdır, lizinq ödənişləri 3 aylıq rüblər üzrə ödənilməli idi, lizinq alan cəmi 2 il ödəniş etmişdir, lizinq verən 2027-ci ilin sonuna olan borcu tələb edir və lizinq predmetinin lizinq alandan götürülməsində marağı yoxdu. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

20. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22. 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

23. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

24. 428.2. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir.

25. 428.3. Əgər icra vaxtı müəyyənləşdirilibsə, şübhələr yarandıqda ehtimal edilir ki, kreditor həmin müddətə qədər tələbin icrasını tələb edə bilməz, borclu isə öhdəliyi vaxtından əvvəl icra edə bilər.

26. 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

27. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

28. 747-1.2. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir.

29. 747-1.3. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir.

30. 747-5.1. Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir.

31. 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

32. 748-2.2. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir.

33. 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.

34. 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

35. 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.

36. 750. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

37. 751. Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.

38. Məhkəmənin qənaətinə görə yuxarıda göstərilən normaların mahiyyəti və müqavilənin şərti baxımından lizinq verənin vaxtı çatmamış öhdəliyin icra edilməsini lizinq alandan tələb etməsinin nə hüquqi, nə müqavilə əsası yoxdur. Hansı ki, həmin tələb lizinq verənin lizinq alanın öhdəliyini pozmasına görə, yəni qrafik üzrə ödənişi bir dəfədən artıq ödəmədiyindən irəli gəlmiş və lizinq obyektinin lizinq alanda saxlanılması şərtilə 2027-ci ilin sonuna olan məbləğ tələb edilmişdir. Halbuki, mülki qanunvericilikdə öhdəliyin pozulması halında lizinq verənin lizinq müqaviləsini vaxtından əvvəl ləğv etməklə ya lizinq predmetini, ya da lizinqin ümumi dəyərini tələb etmək hüququ təsbit edilməmişdir. Əksinə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq hüququ vardır. Burada pul məbləğləri dedikdə, istisnasız olaraq lizinq ödənişlərindən söhbət gedir və lizinq ödənişi lizinq obyektindən istifadəyə görə müqavilədə nəzərdə tutulmuş qaydada, dövrilikdə həyata keçirilən ödənişlərdir. Lizinq ödənişi təkkcə əşyanın dəyəri deyil, həm də gələcək dövrlərdə əşyadan istifadə imkanının qarşılığıdır. Dolayısı ilə lizinq müqaviləsi ləğv edilirsə lizinq verənin müqaviləyə əsaslanaraq, dövriliklə ödənilməli olan vaxtı çatmamış öhdəliyin icrasını tələb etmək hüququ yoxdur, lizinq predmetini geri almamaq isə onun şəxsi iradə ifadəsi kimi qiymətləndirilməlidir.

39. Bundan əlavə lizinq verənin öhdəliyin pozuntusuna görə texnikanın lizinq alanda qalması şərtilə bütün qalıq dəyərini lizinq alandan tələb etməsini müqavilədən imtina kimi qiymətləndirsək, bu zaman həmin tələb nisyə satılmış əşyanın ödənilməsi qaydası ilə eyni mahiyyət daşıyacaqdır( MM 600.4), bu isə lizinq müqaviləsinin və dolayısı ilə ona zidd olmayan hissədə kirayə münasibətlərinin xarakterinə uyğun olmayacaqdır. Halbuki, lizinq ifadəsi hərfi mənada “icarə/kirayə” anlamına, hüquqi mənada isə “icarə yolu ilə satınalma” anlamına gəlir.

40. Bununla yanaşı məhkəmənin qənaətinə görə lizinq verən lizinq obyektini tələb etməməklə, hətta onun lizinq alanın mülkiyyətinə keçməsi hüquqi nəticəsini arzulamaqla onun ləğvini yox, əksinə icrasını tələb edir ki, belə olan halda lizinq verənin gecikdirilmiş vaxtı çatmış öhdəliyin icrasını tələb etmək hüququ əsaslı sayıla bilər.

41. Tədqiq edilmiş sübutlarla isə müəyyən edilir ki, lizinq alanın qətnamə çıxarılan tarixə vaxtı çatmış və gecikdirilmiş öhdəliyi 10268(13928-3660) manat təşkil edir. Belə ki, cavabdehin növbəti ödəniş tarixi xx.xx.2026-cı ilə təsadüf edir və buna qədər isə xx.xx.2025-ci il tarixdə ödəniş etməli idi. Lakin cavabdeh hal-hazıradək 13928 manat ödəməli olduğu halda cəmi 3660 manat ödəniş etmişdir.

42. Odur ki, cavabdehdən vaxtı çatmış və icra edilməmiş öhdəliyin əvəzi qismində 10268 manat iddiaçının xeyrinə tutulmalıdır və vaxtı çatmamış öhdəliyin icrası ilə bağlı tərəflər arasında münasibətlər isə müqavilə üzrə davam etməlidir.

43. Məhkəmənin iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı mövqeyi belədir ki, iddiaçının cərimənin hesablanması qrafikinə görə qətnamə çıxarılan tarixə hesabladığı cərimə məbləği 9082.75 manatdır, lakin həmin məbləğ Mülki Məcəllənin 467-ci maddəsinə görə mütənasib hesab edilə bilməz.

44. Odur ki,məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan 9.082,65 manat dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılmalı və cavabdehdən tutulacaq dəbbə pulu qətnamə çıxarılan tarixə 513.4 manat məbləğində müəyyən edilməlidir.

45. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırki qətnamə müqavilənin ləğv edilməsi anlamına gəlməməklə vaxtı çatmış və ödənilməmiş öhdəliyin icrası ilə bağlıdır və bundan sonra tərəflərin müqavilə üzrə olan hüquq və vəzifələrinin icrasına təsir etmir.

46. Məhkəmə xərcləri ilə bağlı hissədə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

47. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

48. Odur ki, vəkilin göstərdiyi yardıma görə xərc qismində cavabdehdən 320 manat vəsaitin tutulması işin mürəkkəbliyi və iclasların sayı(2 hazırlıq,1 baxış, icraat müddəti 2.5 ay) nəzərə alınmaqla ağlabatan hesab edilməlidir.

49. Bundan əlavə iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumununun əvəzi qismində cavabdehdən 122.34 manat vəsait tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə:

50. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli 688- GL/18 nömrəli müqaviləyə əsasən vaxtı çatmış öhdəliyin icrası üzrə əsas borca görə 10.268 (on min iki yüz altmış səkkiz) manat, cərimə borcuna görə 513,40 (beş yüz on üç manat qırx qəpik) manat olmaqla, cəmi 10.781,40 (on min yeddi yüz səksən bir manat qırx qəpik) manat məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 122,34 (yüz iyirmi iki manat otuz dörd qəpik) manat Cavabdeh2 tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli 688-GL/18 nömrəli müqaviləyə əsasən vaxtı çatmış öhdəliyin icrası üzrə əsas borca görə 10.268 (on min iki yüz altmış səkkiz) manat, cərimə borcuna görə 513,40 (beş yüz on üç manat qırx qəpik) manat olmaqla, cəmi 10.781,40 (on min yeddi yüz səksən bir manat qırx qəpik) manat məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 122,34 (yüz iyirmi iki manat otuz dörd qəpik) manat Cavabdeh2 tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar