Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9754/2025 23.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC (sonradan “Aqroservis”) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 765- L/14 nömrəli müqavilənin ləğv edilməsi, Cavabdeh2Əmiralı oğlundan iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə xx.xx.2014-cü il tarixli 765-L/14nömrəli müqavilə üzrə 7.682 manat qalıq borc, 8.626,42 manat hesablanmış cərimə olmaqla cəmi 16.308,42 manat borcun, hüquqi yardım üçün ödənilmiş 576,28 pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (sonradan “Aqroservis”) ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli 765-L/14 nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən lizinq verən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikaları Lizinq alan Cavabdeh2Əmiralı oğluna lizinqə vermişdir. Müqavilə şərtlərinə əsasən Lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin lizinq alan - hazırkı cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmişdir. Nəticədə Cavabdeh2Əmiralı oğlunun xx.xx.2014-cü il tarixli 765-L/14 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 7 682 (yeddi min altı yüz səksən iki manat 00 qəpik) manat qalıq borc, 8 626,42 (səkkiz min altı yüz iyirmi altı manat 42 qəpik) manat hesablanmış cərimə olmaqla cəmi 16 308,42 (on altı min üç yüz səkkiz manat 42 qəpik) manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia rədd edilməlidir.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (lizinq verən) ilə Cavabdeh2 (lizinq alan) arasında xx.xx.2014-cü il tarixli 765-L/14 nömrəli lizinq müqaviləsi bağlanmışdır.
10. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən kənd təsərrüfatı texnikasınıdəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.
11. Müqavilənin 1.2-ci maddəsinə əsasən lizinq alan texnikaların dəyərindən 4.070 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaq ödəməyi öhdəsinə götürür.
12. 1 saylı Əlavə ilə müqavilə üzrə ödəniş qrafiki təsdiq olunmuşdur.
13. Müqavilə və ona əlavə tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.
14. İş materiallarına əlavə olunmuş, hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş xx.xx.2014-cü il tarixli aktla MTZ-1221 markalı 1 ədəd traktor və KR-14- 5(AG-14-5) markalı 1 ədəd kotan "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli 1200/ü nömrəli əmri əsasında saz, nizamlanmış və komlekt halda lizinq alan (Cavabdeh2) tərəfindən qəbul edilmişdir
15. İddiaçı hazırda cavabdehin ödənilməmiş 7.682 manat məbləğində borcunun qaldığını bildirir.
16. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edən cavabdeh qəbzləri təqdim edərək borcu tam ödədiyini, qardaşının “ikinci Qarabağ müharibəsində” şəhid olduğunu bildirmiş, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən qəbzlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə 6.500 manat, xx.xx.2025-ci il tarixdə 1.182 manat, ümumilikdə 7.682 manat məbləğində ödəniş edilmişdir.
18. Göründüyü kimi, tələb edilən əsas borc iddia icraata götürüldüyü gün və bir neçə gün sonra tam olaraq ödənilmişdir.
19. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin edilə bilməz.
20. Bundan başqa əsas borcun tam ödənildiyi və cavabdeh şəxsin ailə üzvünün Vətənin bütövlüyü uğrunda şəhid olması kimi həssas xüsusatları nəzərə alaraq Məhkəmə hesab edir ki, cərimə borcunun hər hansı bir məbləğdə tutulması da, yolverilməz və qəbuledilməzdir.
21. Həmçinin də, eyni yanaşma vəkilə çəkilmiş xərcin (320 manat) tələb edilməsinə də, aiddir.
22. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı “borcun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov