Məhkəmə qərarları › İş №e-2-2(113)-9755/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9755/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9755/2025 03.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədov Fərid Elçin oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1189-L/14 nömrəli müqavilələrin ləğv edilməsi, Cavabdeh2 iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinəxx.xx.2014-cü il tarixli 1189-L/14 nömrəli müqavilə üzrə 6 378 (altı min üç yüz yetmiş səkkiz manat 00 qəpik) manat qalıq borc, 7136,90 (yeddi min bir yüz otuz altı manat 90 qəpik) manat hesablanmış cərimə olmaqla, cəmi 13 514,90 (on üç min beş yüz on dörd manat 90 qəpik) manat borcun, hüquqi yardım üçün ödənilmiş 576,28 (beş yüz yetmiş altı manat 28 qəpik) pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli 1189-L/14 nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən lizinq verən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikaları Lizinq alan Cavabdeh2 lizinqə vermişdir. Müqavilə şərtlərinə əsasən Lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin lizinq alan - hazırkı cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmişdir. Nəticədə Cavabdeh2 xx.xx.2014-cü il tarixli 1189-L/14 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 6 378 (altı min üç yüz yetmiş səkkiz manat 00 qəpik) manat qalıq borc, 7 136,90 (yeddi min bir yüz otuz altı manat 90 qəpik) manat hesablanmış cərimə olmaqla, cəmi 13 514,90 (on üç min beş yüz on dörd manat 90 qəpik) manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uygun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini göstərib, məhkəmə iclasının onun iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1189-L/14 nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilədən görünür ki, lizinq verən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikaları lizinq alan Cavabdeh2 lizinqə vermiş və müqavilənin şərtlərinə əsasən lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür.

7. Həmin müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uygun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.

8. "xxxx" ASC-yə məxsus texnikaların lizinq Alana təhvili barədə 22 avqust 2014-cü il tarixli Aktdan görünür ki, ASC tərəfindən 1 ədəd markası MTZ 89.2 olan traktor və 1 ədəd KR-14 (AG-14-4) olan kotan Tovuz rayonu, Alakol kəndində yaşayan Cavabdeh2 təhvil verilmişdir.

9. 14 avqust 2014-cü il tarixli, 1189-L/14 nömrəli lizinq müqaviləsinə dair ödəniş qrafikindən görünür ki, Cavabdeh2 hər ay traktor üçün 815 manat, kotan üçün isə 290 manat olmaqla, 2023-cü il tarixə kimi qaytarılmasını (ümumilikdə 28440 manat) öhdəsinə götürmüşdür.

10. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli 1137 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinintabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adıdəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) adlandırılmış, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə(bundan sonra ‒ Agentlik) keçmişdir

11. 02 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 14 avqust 2014-cü il tarixli, 1189-L/14 nömrəli lizinq müqaviləsi üzrə Cavabdeh2 6378 manat əsas borcu, 7136,90 manat cərimə borcu olmaqla, ümumilikdə 13514,90 manat məbləğində borcu vardır.

12. 16 oktyabr 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir.

13. Beləliklə, məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli 1189-L/14 nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikaları (traktor və kotan) Lizinq alan Cavabdeh2 lizinqə vermişdir. Müqavilə şərtlərinə əsasən Lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin lizinq alan - hazırkı cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmişdir. Nəticədə Cavabdeh2 xx.xx.2014-cü il tarixli 1189-L/14 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 6378 (altı min üç yüz yetmiş səkkiz) manat qalıq borc, 7136,90 (yeddi min bir yüz otuz altı manat 90 qəpik) manat hesablanmış cərimə olmaqla, cəmi 13514,90 (on üç min beş yüz on dörd manat 90 qəpik) manat borcu yaranmışdır

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

15. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

16. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

17. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

18. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur;

19. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır;

20. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir;

21. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü Qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir.

22. Məhkəmə aparılmış araşdırmanın nəticələrini rəhbər tutub, bu münasibətləri tənzimləyən maddi hüquq normaların tələblərini əsas götürüb belə qənaətə gəlir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də sonuncu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan əsas borcunu ödəməlidir.

23. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda şərh edilən qərarında gəldiyi nəticəyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

24. Ona görə də məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçı cavabdehə xəbərdarlıq bildirişi göndərməklə, lizinq müqaviləsinin ləğv edilməsi tələbini irəli sürməsi ilə birtərəfli iradə ifadəsini bildirmiş hesab edilir. Bu da onu deməyə əsas verir ki, lizinq müqaviləsi həmin andan ləğv edilmişdir. Hazırda iddiaçı iddia tələbində lizinq müqaviləsinin ləğv edilməsini xahiş etsə də, məhkəmə belə qənaətə gəlir ki, qeyd edilənlər müqavilənin ləğv edilməsi barədə deyil, ləğv edilmiş hesab edilməsi barədə qətnamənin çıxarılmasına əsas verir və bu xüsusat heç də iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz.

25. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

26. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

27. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər.

28. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

29. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan lizinq müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh dəbbə pulunu ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin lizinq müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı lizinq müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 7136,90 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.

30. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu hissəsində iddia tələbi qismən təmin edilərək, 600 manat məbləğində müəyyən edilməli və iddia qalan hissədə təmin edilməməlidir.

31. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1189-L/14 nömrəli lizinq müqaviləsi ləğv edilmiş hesab edilməli, Cavabdeh2 6378 (altı min üç yüz yetmiş səkkiz) manat qalıq borc və 600 (altı yüz) manat cərimə borcu iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

32. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Məhkəmə iddiaçının “hüquqi yardıma görə 576,28 manat xərcin tutulması” tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi nəzərdə tutulsa da, bunun konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla müəyyənləşdirildiyi göstərilmişdir.

34. İşə əlavə edilmiş satınalan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə təchizatçı "xxxx" MMC arasında bağlanmış lizinq portfelinin yığımı üçün və Agentliyin digər fəaliyyət istiqamətləri üzrə hüquqi yardım və respublikanın müxtəlif bölgələrində məhkəmə-hüquq xidmətlərinin satın alınmasına dair fəaliyyət cədvəlindən görünür ki, lizinqalanlara (cinayət işi, məhkəmə nəzarəti və sair işlər üzrə) qarşı iddiaların qaldırılması üçün ümumilikdə 170002,60 manat müəyyən edilmiş və hazırki iddia üzrə 576,28 (300 manat vəkilə ödənilmiş məbləğ, 276,28 manat isə "xxxx" MMC-nin əməliyyatları üçün olan məbləğ) manat hüquqi xidmət haqqı müəyyən edilmişdir.

35. İşə əlavə edilmiş hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli, EM-51VK-64000/25 saylı müqavilədən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən müqavilə üzrə Kəngərli və Partnyorları Vəkil Bürosunun hesabına 300 manat məbləğində ödəniş edilmişdir.

36. Seriya MT2511, 11272284 nömrəli, xx.xx.2025-ci il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Kəngərli və Partnyorları Vəkil Bürosunun hesabına 300 manat məbləğində ödəniş edilmişdir.

37. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi yardımın göstərilməsi hissəsində əsaslı hesab edilməli və cəmi 576,28 manat pul məbləğinin Cavabdeh2 tutulub iddiaçıya verilməlidir.

38. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

40. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

41. İddia 6978 manat hissəsində (6378 manat qalıq borcu+600 manat dəbbə pulu=6978 manat) təmin edildiyindən və iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, 89,78 manat dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. V. Nəticə:

1. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh2 6378 (altı min üç yüz yetmiş səkkiz) manat qalıq borc, 600 (altı yüz) manat cərimə borcu və hüquqi yardım üçün ödənilmiş 576,28 (beş yüz yetmiş altı manat 28 qəpik) manat olmaqla, ümumilikdə 7554,28 (yeddi min beş yüz əlli dörd manat 28 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1189-L/14 nömrəli lizinq müqaviləsi ləğv edilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 89,78 (səksən doqquz manat 78 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar