Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9759/2025 30.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, İddiaçı MMC-nin xeyrinə 1.261 (bir min iki yüz altmış bir) manat müqavilə üzrə əsas borcun, borcun gecikdirilməsinə görə 561,15 (beş yüz altmış bir manat, on beş qəpik) manat cəmi: 1822,15 (bir min səkkiz yüz iyirmi iki manat, on beş qəpik) və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 38,23 (otuz səkkiz manat, iyirmi üç qəpik) manat dövlət rüsumunun, tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında (VÖEN: **********, X1) 19 iyul 2024-ci i l tarixli 343-İ/24 saylı “Malların alqı-satqı qaydaları haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.2.2-ci maddəsinə əsasən, “Alıcı” təhvil aldığı “Mallar”-ın elektron qaimə üzrə dəyərini 30 (otuz) təqvim günü müddətində nağdsız qaydada, qeyri şərtsiz və tam şəkildə “Satıcı”-nın xeyrinə ödəyir. Cavabdeh2 sözügedən müqavilə öhdəliklərini yerinə yetirməmiş, borcunu ödəməkdən imtina etmişdir. Müqavilə bağlandığı tarixdən indiyə kimi müqavilə üzrə öhdəliklərini pozaraq cavabdehin elektron qaimə əsasında İddiaçı MMC qarşısında borcu yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) Cavabdeh2 (alıcı) arasında xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır.
8. Tərəflər arasında bağlanmış müqavilənin 1.2.1-ci bəndinə əsasən satıcı idxal etdiyi suları, meyvə şirələrini, kampotları, çaxırları, pivələri, araqları və s. malları realizə edilməsi və və ya satılması üçün alcının verdiyi sifarişlər üzrə alıcıya təhvil verməyi öz üzərinə götürür, 1.2.2-ci bəndinə əsasən alıcı təhvil aldığı malların elektron qaimə üzrə dəyərini 30 təqvim günü müddətində nağdsız qaydada, qeyri şərtsiz və tam şəkildə satıcının xeyrinə ödəyir.
9. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. Məhkəmə qeyd edir ki, ilk növbədə alqı-satqı münasibətləri üzrə malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan, İddiaçı üzərinə düşür.
11. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə MT2409 seriyalı 11746291 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 1.261,707 manat məbləğində olan elektron qaimə göndərilmiş, cavabdeh tərəfinən elektron qaimə ilə bağlı etiraz daxil olmamışdır.
12. Ona görə də, Məhkəmə hesab edir ki, 1.261 manat olan mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
13. Cavabdeh tərəf də, iddiaya münasibət (etiraz) bildirməmiş, malların dəyərinin ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
14. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 1.261 manat borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır.
15. Məhkəmə 561,60 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
16. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 2.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən müqavilənin 1.2.2-ci bəndinin tələbləri pozulduqda ödənişin gecikdirildiyi hər günü üçün elektron qaimənin ümumi dəyərinin ödənilməmiş qalığından 0.5% həcmində peniya məbləği hesablanır.
17. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
18. Hazırkı işin hallarından görünür ki, cavabdehin 1.261 manat əsas borcuna münasibətdə 60 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir
19. Bundan başqa Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 38,23 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
20. Lakin məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,22 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 1.261 manat, cərimə borcu üzrə 60 manat olmaqla, cəmi 1321 (bir min üç yüz iyirmi bir) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 (otuz üç) manat 22 (iyirmi iki) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov