Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9761/2025 28.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, 24-114 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1. 1.1-ci bəndinə əsasən, “Satıcı” (iddiaçı) “Alıcı”ya (cavabdehə) onun sifarişi əsasında bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan "X3”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları (bundan sonra ismin müvafiq halına “Mal” adlandırılacaq) satır, “Alıcı” isə həmin Malı qəbul edir və bunun müqabilində bu Müqavilə ilə razılaşdırılmış məbləğdə Malın dəyərini “Satıcı’ya ödəməyi öz öhdəsinə götürür. 1.2. 1.2-ci bəndinə əsasən, Malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “X3”nda öz əksini tapmışdır. 1.3. 2.1-ci bəndinə əsasən, Malın qiyməti, təhvil verilmə müddəti və ödəniş müddəti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan "X3” ilə müəyyən edilir. Əgər “X3” tərtib edilməzsə və ya nəzərdə tutulmazsa malın qiyməti Alıcıya təqdim edilən elektron qaimədə göstərilən qiymətlər nəzərə alınacaq və ödəniş bu qiymətlər üzrə həyata keçiriləcəkdir 1.4. 4.1-ci bəndinə əsasən, Malların təhvil verilməsi əmtəə-nəqliyyat qaiməsi, təhvil təslim aktı və elektron qaimə üzrə həyata keçirilir. 1.5. 4.2 və 4.3-cü bəndlərinə əsasən, Mal Alıcıya onun müəyyən etdiyi Səlahiyyətli şəxs və ya tərəflərin əlavə razılığı ilə çatdırılma vasitəsilə verilir. Çatdırılma vasitəsilə mal verildikdə bununla bağlı əlavə razılıq və onun şərtləri 1 nömrəli Əlavədə göstərilir. Mal Alıcıya rəsmi şəkildə təhvil verildiyi və ya Alıcı tərəfindən Satıcının ərazisindən çıxarıldığı andan Mala olan mülkiyyət hüququ və risklər Alıcıya keçir. 1.6. 5.1-ci bəndinə əsasən, Müqaviləyə əsasən malların hesab faktura və ya elektron qaimə ilə müəyyən edilmiş dəyəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X3”nda göstərilən müddətdə və şərtlərdə Alıcı tərəfindən köçürmə yolu ilə həyata keçirilir. Əgər “X3” tərtib edilməzsə və ya nəzərdə tutulmazsa ödəniş müddəti mallar təhvil verildikdən sonra 30 gün müddətinə 100 % Ödəniş həyata keçirilməlidir. Malların təhvil verilməsi hər mal üzrə həyata keçirilir.
2. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli X1 görünür ki, tərəflər 1 vahidinin qiyməti 3,50 manat olmaqla 600 ədəd “profil 40x20x3 mm Cт3cп” növündə, cəmi dəyəri 2100 manat olan və 1 vahidinin qiyməti 9,4 manat olmaqla 150 ədəd “profil 100x50x3 mm Cт3cп” növündə, cəmi dəyəri 1410 manat olan, ümumilikdə ƏDV daxil 4141,8 manat məbləğində malların cavabdehə satılmasını razılaşdırmışlar.
3. İş materiallarına əlavə edilmiş malların təhvil-qəbul aktından görünür ki, X2 razılaşdırılmış növdə və dəyərdə mallar cavabdehə təhvil verilmişdir. Bundan başqa iddiaçı tərəfindən cavabdehə 4141,8 manat məbləğində MT2411 seriyalı, 11133999 nömrəli elektron-qaimə göndərilmişdir.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı cavabdehdən 4141,80 manat əsas, ödənişlərin gecikdirilməsi üçün yaranan cərimə məbləği 828,36 manat və məhkəmə xərcləri üçün ödəniləm 71,00 manat olmaqla cəmi 5041,16 manat borcunun tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-ci il tarixli 24-114 saylı Alqı-satqı müqaviləsi əsasında MT**********89 (08.08.24), MT**********91 (12.09.24), MT**********96 (18.09.24), MT**********91 (17.10.24) və MT**********99 (19.11.24) e-Qaimələrə əsasən cəmi 23.899,96 azn (ƏDV daxil) dəyərində mallar cavabdehə satılmışdır. Həmin e-Qaimələrdən üzrə indiyə qədər 19.758,16 manat (ƏDV daxil) ödəmə edilmiş lakin MT**********99 (xx.xx.2024) saylı e-Qaimə üzrə olan 4.141,80 manat (ƏDV daxil) məbləğin ödənişi bugünədək edilməmişdir. Aramızdakı müqavilənin 5.1.ci maddəsinə və həmin müqavilənin əlavələri olan X4 əsasən malların dəyəri, mallar təhvil verildikdən sonra 10 gün ərzində 100% ödənilməlidir. Lakin dəfələrlə şifahi və yazılı xəbərdarlığımıza baxmayaraq 4.141,80 azn (ƏDV daxil) məbləğ bu günədək ödənilməmişdir. Eyni zamanda Müqavilənin 8.4-cü maddəsinə əsasən“Malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malını dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.” olduğunu nəzərə alaraq “cavabdeh vaxtında ödəmə etmədiyi üçün İddiaçı MMC-yə 828,36 azn əlavə cərimə ödəməlidir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim etməmişdir.
MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:
7. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
13. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
14. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
16. Maddə 570.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır.
17. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
18. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Maadə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
23. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.
25. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
26. MM-nin 386.1-ci maddəsindən də göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan əmələ gəlməklə əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
27. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
28. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 24-114 saylı alqı-satqı müqaviləsinin bağlanması ilə müqavilə üzrə öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən, iddiaçının öhdəliyi cavabdehin sifarişi əsasında bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan "X3”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satmaq, cavabdehin öhdəliyi isə həmin Malı qəbul etmək və bunun müqabilində bu Müqavilə ilə razılaşdırılmış məbləğdə Malın dəyərini iddiaçıya ödəmək olmuşdur.
29. Tərəflər arasında bağlanmış müqavilənin 2.1 və 4.1-ci bəndlərinə əsasən, Malın qiyməti, təhvil verilmə müddəti və ödəniş müddəti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan "X3” ilə müəyyən edilir. Malların təhvil verilməsi əmtəə-nəqliyyat qaiməsi, təhvil -təslim aktı və elektron qaimə üzrə həyata keçirilir.
30. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli X1 görünür ki, tərəflər 1 vahidinin qiyməti 3,50 manat olmaqla 600 ədəd “profil 40x20x3 mm Cт3cп” növündə, cəmi dəyəri 2100 manat olan və 1 vahidinin qiyməti 9,4 manat olmaqla 150 ədəd “profil 100x50x3 mm Cт3cп” növündə, cəmi dəyəri 1410 manat olan, ümumilikdə ƏDV daxil 4141,8 manat məbləğində malların cavabdehə satılmasını razılaşdırmışlar. İş materiallarına əlavə edilmiş malların təhvil-qəbul aktından görünür ki, X2 razılaşdırılmış növdə və dəyərdə mallar cavabdehə təhvil verilmişdir. Bundan başqa iddiaçı tərəfindən cavabdehə 4141,8 manat məbləğində MT2411 seriyalı, 11133999 nömrəli elektron-qaimə göndərilmişdir.
31. Beləliklə, iddiaçı müqavilə ilə üzərinə götürdüyü malların təhvil verilməsinə dair öhdəliyini lazımınca icra etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilənin 5.1-ci bəndinə əsasən, hesab faktura və ya elektron qaimə ilə müəyyən edilmiş dəyəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X3”nda göstərilən müddətdə və şərtlərdə ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında malları almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməyərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Odur ki iddiaçı 4141,80 manat məbləğində əsas borcun cavabdeh tərəfindən ödənilməsinə dair hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.
32. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.
33. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.
34. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq 200 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir.
35. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 4141,80 manat əsas, 200 manat cərimə və ödənilmiş 71 manat dövlət rüsumu olmaqla, cəmi 4412,8 manat məbləğində borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMCnin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Zamanlı