Məhkəmə qərarları › İş №e-2-2(113)-9762/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9762/2025

09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9762/2025 09.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılan kommersiya mübahisəsi (açar sözlər: sadələşdirilmiş icraat, alqı-satqı müqaviləsi) Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh QSC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 2609,75 manat məbləğində pulun və ödənilmiş 50 manat dövlət rüsumunun, 300 manat vəkil xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında alqısatqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən istehsal olunan və xaricdən idxal olunmuş malların satılması və dəyərinin ödənilməsi razılaşdırılmışdır. Müqavilə şərtlərinə əsasən İddiaçı MMC tərəfindən verilmiş malların dəyərinin 10 iş günü müddətində cavabdeh tərəfindən ödənilməsi müəyyən edilmişdir. FST-25-875 nömrəli xx.xx.2025-ci il tarixli müqavilə üzrə xx.xx.2025-ci il tarixli MT2501 11543297 saylı elektron qaiməyə əsasən 1870,60 manat əsas və 336,71 manat ƏDV, xx.xx.2025-ci il tarixli MT2501 11567193 saylı elektron qaiməyə əsasən 199 manat əsas və 35,82 manat ƏDV, xx.xx.2025-ci il tarixli MT2502 10408257 saylı elektron qaiməyə əsasən 32 manat əsas və 5,76 manat ƏDV, xx.xx.2025-ci il tarixli MT2502 11477144 saylı elektron qaiməyə əsasən 8813,40 manat əsas və 1586,41 manat ƏDV məbləğində malların dəyəri qismən – 7670 manat ödənilmiş, həmin elektron qaimə üzrə 2599,95 manat iadə olunmuş, lakin 129,86 manat satılmış malların dəyəri ödənilməmişdir. Müqavilə əsasında ödənilməyən borc məbləği 2609,75 manat təşkil edir. Tərəflər arasında qarşılıqlı üzləşmə aktı tərtib edilmiş və 2609,75 manat borcun olduğu təsdiq edilmişdir. Cavabdeh tərəfindən alınmış malların dəyərinin ödənilməsi ilə əlaqədar pretenziya göndərilmiş, lakin qalan borc məbləğinin ödənilməsi təmin olunmamışdır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 567, 598.1, 598.3-cü və s. maddələrinə istinad edilmişdir.

II. Mümkünlük və cavabdehin mövqeyi

4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır;

5. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

6. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz ünvanlayaraq, artıq ödənilmiş məbləğ məhkəmə xərclərindən mütənasib qaydada çıxılmaqla iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh, ümumiyyətlə, müqavilə öhdəliyini yerinə yetirməkdən heç vaxt qərəzli şəkildə boyun qaçırmamış, ödənişin gecikməsi isə maliyyə çətinliyi ilə bağlı olmuşdur. Qeyd edilən hal dəfələrlə iddiaçı tərəflə müzakirə edilmişdir. Mübahisə olunan məbləğ iddia olunan məbləğdən artıq olmaqla ödənilmişdir. Belə ki, əsas məbləğ üzrə 2275 manat, ƏDV üzrə 409,5 manat (ümumilikdə 2684,5 manat) məbləğ iddiaçının müvafiq hesablarına ödənilmişdir. Belə olan halda məhkəmə prosesinin davam etdirilməsinə heç bir lüzum yoxdur.

8. İddiaya etirazda hüquqi əsas kimi hər hansı hüquq normasına istinad edilməmişdir.

III. Məhkəmə baxışının hədləri

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi

a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı əşyanı cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında xx.xx.2025-ci il tarixə qarşılıqlı borcların üzləşdirilməsi aparılmış, cavabdehin iddiaçıya olan borcu 2745,25 manat kimi təsdiq edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə (iddia ərizəsi məhkəmənin icraatında olarkən) 2275 manat əsas məbləğ, 409,5 manat ƏDV məbləği olmaqla cəmi 2684,5 manat məbləğində pul iddiaçıya ödənimişdir.

13. İddiaçı alqı-satqı müqaviləsi üzrə 2609,75 manat məbləğində pulun cavabdehin iddiaçının xeyrinə tutulmasını tələb edir.

14. Cavabdeh borc məbləğini ödədiyini göstərir.

15. Məhkəmə, əvvəla, alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

16. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

19. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

20. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

21. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir. Lakin iş materiallarından görünür ki, iddia ərizəsi məhkəmənin icraatında olarkən borc məbləği tam ödənilmişdir.

23. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi rədd olunmalıdır.

b) Məhkəmə xərcləri ilə bağlı

24. İddiaçı həmçinin ödənilmiş 50 manat dövlət rüsumunun, 300 manat vəkil xidmət haqqının cavabdehdən tutulmasını xahiş edir.

25. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 50 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

26. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, xx.xx.2025-ci il tarixli 23 saylı müqavilə (xx.xx.2025-ci il tarixli ******* nömrəli orderdə qeyd edilən müqavilə) 300 manat məbləğində pul vəkil Nümayəndə hesabına köçürülmüşdür.

27. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

28. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.

29. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

30. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 300 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.

31. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

33. İş materialları ilə müəyyən olunur ki, malların dəyərinin lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehə aid edilməli, cavabdeh tərəfindən artıq ödənilmiş 74,75 (2684,5-2609,75) manat məhkəmə xərcindən çıxılmalıdır.

34. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri, ödənişin məhkəmə icraatının gedişində edilməsini və iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun 46 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 225,25 manat (300 manat-cavabdeh tərəfindən ödənilmiş 74,75 manat) məbləğində pul Cavabdeh QSC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284- 5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 225,25 manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindan tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar