Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-977/2024 14.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “məlumatların təkzib olunması, dəymiş zərərin ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: məlumatların təkzib olunması, sübutetmə yükü, işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 və nümayəndəsi X13, Cavabdehin nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə2 və nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “məlumatların təkzib olunması, dəymiş zərərin ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparati aldı və aldandı! X8” başlıqlı videoçarx tam silinməklə, orada səsləndirilmiş “Rəna xanımın qarşılaşdığı bu halla bağlı bildirmək istəyirəm ki, məqsəd avadanlığın mənşəyini müştəridən gizlədərək alıcını özündən asılı vəziyyətə salmaq, ehtiyat hissələrini dəfələrlə baha qiymətə satmaqdır” fikirlərinin həqiqətə uyğun olmadığı əsası ilə videoçarx vasitəsi ilə və ya yazılı qaydada təkzib edilməsi, cavabdehə məxsus “Tiktok” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə “Youtube” hesabında paylaşılmış “Diqqət Ehtiyatlı olun aldanmayın” başlığı altında qısaldılmış və paylaşılmış, hazırda isə silinmiş həmin video üzərinə qeyd edilmiş “Rəna Məmmədovaya 40 000 manata xarab cihaz satılmışdır”, “Servis xidməti göstərilmədi” kimi fikirlərin həqiqətə uyğun olmadığı əsası ilə videoçarx vasitəsilə və ya yazılı qaydada təkzib edilməsi, cavabdehə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparatı aldı və aldandı! X6” başlıqlı videoçarxın həmin hesabdan tam silinməsi, sözügedən videonun eyni tarixdə cavabdehə məxsus “Tiktok” hesabında yayımlanmış və sonradan silinmiş qısaldılmış video üzərində qeyd edilmiş “600 Vt gücünə sahib “WERTEX” cihazını 900 Vt deyib, aldadaraq satdılar; Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb; Cihazını qıraqdan idarə edərək, pul tələb etdilər” fikirlərinin həmin hesabda həqiqətə uyğun olmadığı əsası ilə videoçarx vasitəsi ilə və ya yazılı qaydada təkzib edilməsi, cavabdehə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2024-cü il tarixdə paylaşılmış “Saxta reklamlar. Lazer epilyasiya cihazları haqqda düzgün texniki məlumatlar” başlıqlı videoçarxın həmin hesabdan silinməklə, orada səsləndirilmiş “Siz, “Az Estetik” kollektivi insanlara, alıcılarınıza, müştərilərinizə illərlə yalan danışmaqdan, onları aldatmaqdan doymadınız... İddiaçı MMC öz məhsullarının satışını və reklamını həyata keçirərkən onların mənşəyini gizlədir. “Az Estetik” şirkəti sizi aldadıb, “Az Estetik” şirkəti sizi aldatmağa davam edir. “ADSS” zavodunun istehsal etdiyi “FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar sistemləri Amerika istehsalı deyil. “A 7 və A 8 cihazlarının bar sistemi Amerika istsehsalı deyil” məzmunlu fikirlərinin həmin hesabda videoçarx vasitəsilə və ya yazılı qaydada təkzib edilməsi, cavabdehə məxsus “Tiktok” platformasında xx.xx.2023 tarixdə paylaşılmış videonun “rəylər” hissəsində yazılan “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına cavabdehə məxsus hesabdan “Nəinki etməyəndə, edəndə belə bağlayırlar. Əlavə pul əldə etmək üçün” kimi cavab şərhinin, həmçinin cavabdehə məxsus “Tiktok” platformasında istifadəçi hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış videonun üzərinə qeyd edilmiş iddiaçı və onun satdığı mallara dair “Sizdən xəbərsiz, sizi izləyirlər” fikrinin həqiqətə uyğun olmadığı əsası ilə eyni hesabdan videoçarx vasitəsi ilə və ya yazılı qaydada təkzib edilməsi, cavabdehin üzərinə gələcəkdə də bu cür paylaşımların edilməməsi öhdəliyinin qoyulması və cavabdehin qanunazidd əməlləri nəticəsində əldən çıxmış faydaya görə 130 000 manat, istehlakçılar arasında və fəaliyyət göstərdiyi bazar seqmentində iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə 30 000 manat məbləğində pulun, habelə ödənilmiş 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə eyni sahədə kommersiya fəaliyyəti ilə məşğul olan rəqib şirkət Cavabdeh MMC tərəfindən iddiaçının əleyhinə bazarda üstünlük əldə etmək və işgüzar nüfuzuna zərər vurmaq məqsədilə hüquqazidd əməllərə yol verilmişdir. Qeyd olunan əməllər cavabdeh şirkətə məxsus olan istifadəçi hesabları vasitəsilə sosial şəbəkə seqmentində törədilmişdir. Belə ki, cavabdehə məxsus olan “AzCosmetics MMC” adlı “Youtube” istifadəçi hesabında iddiaçının işgüzar nüfuzunu hədəf alan bir sıra videoçarxlar paylaşılmışdır. 2.2. Bunlardan biri xx.xx.2023-cü il tarixli “Lazer cihazı aldı və aldandı. X9” başlıqlı videoçarxdır. Cavabdeh şirkətin direktoru Qanuni nümayəndə2 həmin videoçarxın əvvəlində avadanlığın müştərinin məlumatı olmadan yoxlayıcı qurğu vasitəsilə söndürülməsini tənqid edərək paylaşımın 6:02-6:10-cu dəqiqəsində İddiaçı MMC ilə Rəna Məmmədova arasında bağlanmış alqı-satqı müqaviləsində avadanlığın daxilində yoxlayıcı qurğunun yerləşdirilməsinə dair məlumat müşahidə etmədiyini bildirmişdir. Halbuki sözügedən müqavilənin 2.1.8-ci bəndində müvafiq məlumat öz əksini tapmışdır. Göründüyü kimi, Qanuni nümayəndə2 bu cür təhrif olunmuş məlumat verməklə müqavilənin mətni ilə tanış olmayan izləyicilər arasında İddiaçı MMC barəsində mənfi rəy formalaşdırmağa çalışmışdır. Cavabdeh şirkətin rəhbəri sözügedən paylaşımın 7:00-9:30cu dəqiqələrində həqiqətə uyğun olmayan bəyanatlar səsləndirməklə hüquqazidd əməlinə davam etmişdir. Cavabdeh bu bəyanatları aşağıdakı ifadələri səsləndirməklə geniş izləyici kütləsinə çatdırmışdır: “Rəna xanımın qarşılaşdığı bu halla bağlı bildirmək istəyirəm ki, məqsəd avadanlığın mənşəyini müştəridən gizlədərək alıcını özündən asılı vəziyyətə salmaq, ehtiyat hissələrini dəfələrlə baha qiymətə satmaqdır. Sizi əmin edirəm ki, şirkətimizi və məni tanımasaydınız siz sizə avadanlıq satan şirkətdən (İddiaçı MMC) daima asılı qalacaqdınız”. Rəna Məmmədova və Qanuni nümayəndə2 tərəfindən səsləndirilmiş fikirlərin həqiqətə uyğun olmaması Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə də öz təsdiqini tapmışdır. 2.3. Sözügedən kanalda eyni başlıqla, yəni “Lazer cihazı aldı və aldandı” başlığı ilə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində daha 2 videoçarx paylaşılmışdır. Həmin videoçarxlar Qanuni nümayəndə2la iddiaçının barəsində məhkəməyə müraciət etdiyi müştərilərinin arasında dialoq formatında, müştərilərin iddiaçı ilə bağlı səsləndirdiyi mənfi fikirlər kontekstində qurulmuş, paylaşımın açıqlama hissəsinə isə “Tək estetik cihazların satışında deyil, bütün sahələrdə belə dələduzlar var” ifadəsindən istifadə edilmişdir. Göründüyü kimi, cavabdeh sözügedən paylaşımla iddiaçının işgüzar nüfuzunu hədəf alaraq heç bir əsas olmadan iddiaçını dələduzluqla məşğul olmaqda ittiham etmişdir. 2.4. Cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzuna zərbə vuran əməllərə digər sosial şəbəkə platformalarında da yol verilmişdir. Belə ki, Rəna Məmmədova ilə birlikdə hazırlanmış videoçarx cavabdehə məxsus “AzCosmeticsmmc” adlı “Tiktok” istifadəçi hesabında da paylaşılmışdır. Həmin videoçarxda qeyd olunur ki, Rəna Məmmədovaya 40 000 manata xarab cihaz satılmışdır. Halbuki həmin şəxs ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 3.1-ci maddəsində öz əksini tapmışdır ki, müqavilə predmeti olan sözügedən avadanlıq 37 000 manata satılmışdır. Görünür, cavabdeh iddiaçının tətbiq etdiyi qiymətlərlə bağlı bu cür həqiqəti əks etdirməyən məlumatlar vasitəsilə alıcıları yanlış yönləndirərək iddiaçının təsərrüfat fəaliyyətinə müdaxilə etməyə çalışmışdır. Digər tərəfdən, “xarab” olduğu bildirilən cihazın təhvil-təslim aktında onun yeni cihaz olduğu və texniki cəhətdən lazımi keyfiyyətlərə malik olduğu görünür. Bununla yanaşı, cihaz Rəna Məmmədova tərəfindən müəyyən müddət heç bir texniki nasazlıq baş vermədən istifadə edilmişdir. Bu faktın özü də cihazın Rəna Məmmədovaya satıldığı zaman nasaz olmadığını və sözügedən videoçarxda cihazın “xarab” vəziyyətdə satılması ilə bağlı məlumatın tamamilə yanlış olduğunu göstərir. Yenə həmin videoçarxda “Servis xidməti göstərilmədi” ifadələrindən istifadə edilmişdir. Bu məlumat da tamamilə əsassızdır və həqiqəti əks etdirmir. İddiaçının servis xidməti tərəfindən müxtəlif vaxtlarda, bir neçə dəfə Rəna Məmmədovanın müqavilə üzrə aldığı avadanlığa servis xidməti göstərilməsinə baxmayaraq, sözügedən videoçarxda cavabdeh tərəfindən elə bir görüntü yaradılmışdır ki, izləyicilər bunun əksinə inansınlar və İddiaçı MMC-nin alıcıları şirkətin onlara satılan mallara münasibətdə laqeyd olduğunu və heç bir xidmət göstərilmədiyi düşünsünlər. Bu əsassız iddiaların hər birinin ən başlıca məqsədi iddiaçının alıcı və potensial alıcı kütləsinə onun işgüzar nüfuzuna müxtəlif xarakterli hücumlar təşkil edərək zərər vurmaqdır. 2.5. Həmin paylaşıma münasibətdə yazılmış izləyici rəyləri cavabdeh tərəfindən yalan informasiyalardan istifadə edilməklə cavablandırılmışdır. Cavabdeh həmin paylaşıma münasibətdə ictimaiyyətə açıq yazdığı rəylərin birində iddiaçının əlavə pul əldə etmək məqsədilə müştərilər tərəfindən ödəniş icra olunduqda belə, cihazları söndürdüklərini iddia etmişdir. Hətta cavabdeh digər rəyləri ilə iddiaçı tərəfindən müştərilərə satılan malların dəyəri tam ödənildikdən sonra belə, avadanlıqların deaktiv edildiyini, bu yolla iddiaçının əlavə pul əldə etdiyini, eləcə də yoxlayıcı qurğu haqqında müştərilərə heç bir məlumat vermədiyini əminliklə təsdiqləmişdir. 2.6. Cavabdeh iddiaçının nüfuzunu zədələmə fəaliyyətini yalnız Rəna Məmmədova deyil, digər müştərilər vasitəsilə də həyata keçirməyə çalışmışdır. Belə alıcılardan biri də Ustayeva Xalimadır ki, cavabdeh ondan da eyni məqsədlə iddiaçının əleyhinə istifadə etməyə çalışmışdır. Belə ki, cavabdehə məxsus, “Tiktok” sosial şəbəkəsində qeydə alınmış “AzCosmeticsmmc” adlı istifadəçi hesabından K.X10 ilə birlikdə çıxış etdikləri videoçarx paylaşılmışdır. Həmin videoçarxda “600 Vt gücünə sahib “Wertex” cihazını 900 Vt deyib, aldadaraq satdılar”, “Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb” ifadələrindən istifadə edilmişdir. Bu məlumat tamamilə yanlışdır. Belə ki, avadanlığın texniki pasportundan və istehsal zavodu tərəfindən ünvan məktubdan da görünür ki, sözügedən cihazın gücü 900 Vt-dır. Adıçəkilən videoçarxda “Cihazını qıraqdan idarə edərək pul tələb etdilər” ifadəsi öz əksini tapıb. Bu ifadə də avadanlığa tamamilə fərqli məqsədlə yerləşdirilən və alıcılara da barəsində məlumat verilən cihaz haqqında işlədilib və qəsdən fakt barədə yanlış məlumat verilərək yenidən iddiaçının işgüzar nüfuzuna və bazardakı mövqeyinə xələl gətirmək məqsədi daşımışdır. 2.7. Cavabdeh MMC-yə məxsus “AzCosmeticsjnmc” adlı “Tiktok” platformasında qeydə alınan istifadəçi hesabında paylaşılan bir videoda Qanuni nümayəndə2 yenidən başqa bir əsassız ittihamla çıxış etmişdir. Belə ki, həmin videoda “Sizdən xəbərsiz sizi izləyirlər” ifadəsi öz əksini tapmışdır. Qanuni nümayəndə2 İddiaçı MMC barədə paylaşdığı digər videolardan və iddiaçıya qarşı mövqeyindən açıq şəkildə başa düşülür ki, sözügedən videoda əksini tapan həmin ifadə də məhz İddiaçı MMC-yə yönəlmişdir. Videoda sözügedən cihaz İddiaçı MMC-nin alıcıları ilə bağladığı bütün müqavilələrdə satılan avadanlığa yerləşdirilən və funksiyaları barədə açıq şəkildə məlumat verilən bir cihazdır. Həmin cihazın funksiyası müqavilə üzrə satılan avadanlığın olduğu yeri müəyyənləşdirmək və avadanlıq barədə monitorinq-yoxlamalar aparmaq, zərurət yarandıqda onun istifadəsini kənardan məhdudlaşdırmaqdır. Qeyd edilən bu funksiyalar həmin cihazı istehsal edən zavodun onlara ünvanladığı məktubda da öz əksini tapmışdır. Qanuni nümayəndə2 İddiaçı MMC-nin alıcıları olan Xalima Ustayeva və Rəna Məmmədova ilə çəkdiyi və sosial şəbəkə hesablarında paylaşdığı, yuxarıda da qeyd olunmuş videolarında bildirir ki, hər iki şəxsin İddiaçı MMC ilə bağladığı müqavilələrdə avadanlığa yerləşdirilən kənardan idarəetmə qurğusunun (çip) mövcudluğu barədə bənd öz əksini tapmamışdır. Lakin sözügedən hər iki müqavilədə, müvafiq olaraq 2.1.10-cu və 2.1.8-ci bəndlərdə həmin cihaz və onun həyata keçirdiyi funksiya barədə məlumat öz əksini tapmışdır. 2.8. “Youtube” platformasında Cavabdeh MMC-yə məxsus, “Az Cosmetics MMC” adı ilə qeydiyyatdan keçirilmiş istifadəçi hesabında xx.xx.2024-cü il tarixində “Saxta reklamlar. Lazer epilyasiya cihazları haqqda düzgün texniki məlumatlar” başlıqlı videoçarx paylaşılmışdır. Həmin videoçarxın 03:26-03:36 dəqiqələri arasında Qanuni nümayəndə2 tərəfindən belə bir ifadə işlədilir: “Siz, “Az Estetik” kollektivi insanlara, alıcılarınıza, müştərilərinizə illərlə yalan danışmaqdan, onları aldatmaqdan doymadınız...” Qeyd edilən bu ifadələr həqiqəti əks etdirməməklə birlikdə birbaşa olaraq iddiaçının alıcıları arasında onun barəsində yanlış fikir formalaşdırmaqla təsərrüfat fəaliyyətini nüfuzdan salmağa yönəldilmişdir. Videoçarxın 04:51-05:05 dəqiqə aralığında Qanuni nümayəndə2 istifadə etdiyi ifadələrlə belə bir fikir formalaşdırmağa çalışır ki, İddiaçı MMC öz məhsullarının satışını və reklamını həyata keçirərkən onların mənşəyini gizlədir. Bu fikir də tamamilə yanlışdır. Belə ki, İddiaçı MMC tərəfindən malların satışı həyata keçirilərkən satılan avadanlıq və onun mənşəyi barədə alıcıya ətraflı məlumat verilir və malın mənşəyini təsdiq edən müvafiq sənədlər alıcılara təqdim edilir. Belə bir halda heç bir “mənşə gizlətmə” fəaliyyətindən bəhs etmək mümkün deyildir. Açıq-aşkar görünür ki, Cavabdeh MMC-nin rəhbəri alıcılar arasında belə bir təsəvvür yaratmaqla İddiaçı MMC-nin satdığı məhsulların keyfiyyəti barədə mənfi fikir formalaşdırmağa cəhd edir. Videoçarxın 08:35-ci dəqiqəsindən 11:35-ci dəqiqəsinə kimi Qanuni nümayəndə2 tərəfindən “A 7” və “A 8” adlanan lazer cihazlarının bar sistemi barədə məlumat verilir. O, videoda qeyd edir ki, guya İddiaçı MMC tərəfindən satılan və reklamlarında “Amerika istehsalı Coherent bar sistemi”nə malik olduğu bildirilən bar əslində Çin istehsalıdır. Ardınca həmin videoçarxın 11:36-11:50 dəqiqə aralıqlarında isə qeyd edir: “Az Estetik” şirkəti sizi aldadıb. “Az Estetik” şirkəti sizi aldatmağa davam edir”. İşgüzar etika ilə bir araya sığmayan ifadələr vasitəsilə böyük izləyici kütləsinə yayımlanan bu məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Hərçənd ki bu cür ittihamlar qarşısında doğrunu sübutetmə yükü iddiaçıya məxsus deyil və iddiaçının öhdəliyi deyil, əksinə bunu ittihamı irəli sürən tərəf sübut etməlidir. Belə ki, İddiaçı MMC tərəfindən satılan “Diode laser A 7” və “Diode laser A 8” adlı lazer aparatlarında istifadə olunan bar sistemi ABŞ-da “USA Coherent Company” adlı şirkətə məxsusdur və iddiaçının sözügedən məhsulla bağlı yayımladığı reklamlarda da bildirdiyi kimi, həmin lazer aparatlarının bar sistemi tamamilə Amerika istehsalıdır. Bu avadanlıqları istehsal edən zavod olan “X4 Co., LTD” şirkətinin ünvanladığı məktubda da bildirilir ki, “Diode laser A 7” və “Diode laser A 8” lazer aparatlarının bar sistemi “USA Coherent Company”dən idxal olunur, lazer aparatının özü isə Çində istehsal olunur. Odur ki, iddiaçı tərəfindən alıcılara çatdırılan məlumatlarda heç bir yanlışlıq əks olunmayıb. Əksinə, yanlışlığa yol verən və bunu qəsdən və şüurlu şəkildə edən Cavabdeh MMC-nin rəhbəri Qanuni nümayəndə2dur. O, İddiaçı MMC və onun satışını həyata keçirdiyi məhsullar barədə - onun mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri barədə bu cür yalan məlumatları yaymaqla, iddiaçının təsərrüfat fəaliyyəti barədə istehlakçıları çaşdırmaqla onlar arasında mənfi rəy yaratmağa cəhd göstərmişdir. Videoçarxın 11:50-12:12-ci dəqiqə aralıqlarında Qanuni nümayəndə2 verdiyi yanlış məlumatların davamı olaraq izləyicilərin nəzərinə çatdırır ki, guya iddiaçının satdığı avadanlıqlar onlar tərəfindən vəd edilən keyfiyyətə uyğun gəlmədiyi üçün “..süni şəkildə baha qiymətə satılır”. Bu vasitə ilə o, iddiaçının elmi-texniki və istehsal imkanları haqqında məlumatları təhrif olunmuş şəkildə açıqlayaraq hər vəchlə iddiaçının təsərrüfat fəaliyyətinin nüfuzdan salınmasına çalışır. Sözügedən videoçarxın 13:41-13:54-cü dəqiqə aralıqlarında Qanuni nümayəndə2 qeyd edir ki, “ADSS” zavodunun istehsal etdiyi “FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar sistemləri Amerika istehsalı deyil”. Növbəti addım iddiaçının satışını həyata keçirdiyi digər bir cihaz haqqında yanlış məlumatlar vermək, həmin cihazın istehsal keyfiyyəti və xüsusiyyətləri barədə alıcıları yanlış məlumatlandırmaqdan ibarətdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 23, 1096, 1097-ci maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2, nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə1 və nümayəndəsi X16 iddia ərizəsinin və iddianın dəqiqləşdirilməsi barədə ərizələrin məzmununa uyğun izahatlar verdilər və iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Həmçinin bildirdilər ki, “Youtube” platformasında cavabdehə məxsus hesabda həqiqətə uyğun olmayan və iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatların əks olunduğu videoçarxlar yayımlanmış, cavabdehin direktoru Qanuni nümayəndə2 həqiqətə uyğun olmayan məlumatlar səsləndirmişdir. “Tiktok” platformasında cavabdehə məxsus hesabda həmin videolar hissə-hissə yerləşdirilmiş, həmin qısa videoların üzərində də həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilmişdir. “Tiktok” platformasında paylaşılan videoçarxların bir hissəsi silinmiş, lakin minlərlə izlənməsi olmuşdur. Videoçarxlarda olan Rəna Məmmədova və Xalima Ustayeva ilə məhkəmə mübahisələri olmuş, iddiaçının haqlı olduğu təsdiqini tapmışdır. Təkzib olunması tələb olunan məlumatların həqiqətə uyğun olduğunu sübut etmək yükü məlumatları yayan cavabdehin üzərində olsa da, iddiaçı həmin məlumatların həqiqətə uyğun olmadığına dair məhkəməyə sübutlar təqdim etmişdir. Cihazlar satılarkən təhvil-təslim aktlarına uyğun alıcılara təhvil verilmiş, xarab cihaz satılması hansısa məhkəmə mübahisəsində təsdiqini tapmamışdır. Əksinə, alıcılarla olan məhkəmə mübahisələrində iddiaçının servis xidməti göstərdiyi təsdiq olunmuşdur. Cavabdeh iddiaçının avadanlığın mənşəyini alıcıdan gizlətdiyini bildirsə də, alıcılarla bağlanmış müqavilələrin təhvil-təslim sənədləri ilə təsdiq olunur ki, avadanlığın modeli və s. barədə məlumatlar aktlarda göstərilir. İddiaçı “FG 2000D (WertexD)” markalı cihazı və digər cihazları xaricdən idxal edir. Cihazların satışı ilə bağlı “Wertex” və “Cuarto” əmtəə nişanlarından istifadə edir. Həmin əmtəə nişanlarına dair hüquqları cavabdeh qeydiyyata aldırmış, iddiaçının etirazı əsasında qeydiyyat etibarsız sayılmışdır. Bundan başqa, iddiaçının sifarişi əsasında istehsalçı şirkət 900Vt gücündə cihazları istehsal edərək iddiaçını təchiz etmişdir. Bununla bağlı da istehsalçı şirkətin məktubu məhkəməyə təqdim olunmuşdur. Cihazlarda yoxlayıcı qurğularının quraşdırılması ilə bağlı alıcılarla bağlanmış müqavilələrdə bənd nəzərdə tutulmuş, bu qurğunun quraşdırılmasının məqsədi də müqavilədə qeyd olunmuşdur. İddiaçının cavabdehin qeyd etdiyi kimi pul tələb etmək və s. məqsədi olmamış, belə bir hal baş verməmişdir. Cihazlarda olan bar sistemi “Amerika” istehsalıdır, bununla bağlı da məhkəməyə istehsalçı şirkətin məktubu təqdim olunmuşdur. Reklamlarda da cihazların bar sisteminin “Amerika” istehsalı olduğu bildirilir.
6. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə2 iddiaya etiraz edərək rədd olunmasını məhkəmədən xahiş etmişdir. İzahatında və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, cavabdeh lazer aparatlarının satışı ilə və fəaliyyət göstərdiyi sahənin inkişafı ilə məşğuldur. Bu sahədə insanların etibarını azaldan, gözdən salan və problem yaradan şəxsləri, təşkilatları nümayiş etdirir və vətəndaşları məlumatlandırırlar. Videoçarxlarda iddiaçı barəsində səsləndirilən məlumatlar məhkəmə qərarları ilə təsdiqini tapmış məlumatlardır, həmin qərarlara baxıb çıxış etmişdir. İddiaçı ilə müqavilə bağlayıb cavabdehə şikayət edən xeyli şəxslər var. Vətəndaşlar bildiriblər ki, aldadılıblar və 900 Vt adı ilə onlara lazer aparatı satılıb. 900Vt gücündə lazer aparatı istehsal olunmur, lakin iddiaçı bildirir ki, satdığı lazer aparatının gücü 900Vt-dır. İddiaçının aparatı aldığı “Çin” şirkətinin rəsmi internet səhifəsindən də təsdiq olunur ki, şirkət 900Vt gücündə lazer aparatı istehsal etmir və satmır. İddiaçı 600Vt gücündə olan cihazı 900Vt gücündə cihaz kimi təqdim edib satır. 900Vt gücündə cihaz standartlara uyğun deyil. “Amerika” istehsalı olan bar sisteminin ən ucuzunun qiyməti 2200 ABŞ dollarıdır. Bar sistemi və lazer çubuğu fərqli detaldır. İddiaçı cihazların içərisində “GPS” qurğuları yerləşdirmiş, bu barədə alıcıların məlumatı olmamış, müqavilədə qeyd olunmamışdır. Həmin qurğu cihazın xaricdən idarə olunmasına və söndürülməsinə xidmət edir. Alıcıların müraciətləri əsasında cihazlara baxış keçirilmiş, normativ-texniki sənədlərində nəzərdə tutulmayan naməlum çiplər aşkar edilərək çıxarılmış və bu barədə aktlar tərtib edilmişdir. Bu qurğuları çıxaran zaman müqavilə üzrə öhdəliklərin icra olunub-olunmadığını tam dəqiqləşdirilməmiş, lakin müqavilənin müddəti başa çatmış olmuşdur. Ödəniş qrafikindəki müddət başa çatmış, müştərilər də öhdəliklərini icra etdiklərini bildirmişlər. Bundan başqa, iddiaçı avadanlığın mənşəyini gizlədərək avadanlığın ehtiyat hissələrini alıcılara baha qiymətə satıbdır. İddiaçıdan cihaz alan şəxslər bunu bildirmişlər. Belə ki, alıcılarla bağlanmış müqavilələrdə cihazın mənşəyi göstərilmir, alıcılara bu barədə məlumat verilmir. Cihazın üzərinə tamam başqa ad yazırlar. Rəna Məmmədova onu tanıması idi, həmişə iddiaçıdan asılı qalacaqdı. Həmin şəxs avadanlığın mənşəyini bilmirdi. 140 ABŞ dolları olan ekranı ona 2500 manata satıblar. “Tiktok” platformasındakı hesabda xx.xx.2023-cü il tarixdə paylaşılmış videoçarxın “rəylər” hissəsində yazılan “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına “Nəinki etməyəndə, edəndə belə bağlayırlar. Əlavə pul əldə etmək üçün” cavabı yazılsa da, bunu o yazmamışdır. “40 000 manata xarab cihaz satıldı; Servis xidməti göstərilmədi” ifadəsi yazılan video “Youtube” platformasında Rəna Məmmədova ilə bağlı paylaşılan videonun “Tiktok” platformasında yayımlanmış qısaldılmış formasıdır. “Tiktok” platformasında cavabdehin istifadəçi hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış videoda (üzərində “Sizdən xəbərsiz, sizi izləyirlər” qeyd edilmiş) iddiaçı barəsində danışmamışdır, iddiaçıya aidiyyəti yoxdur.
7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddianın hüquqi əsası aydın deyildir. İş üzrə sübutetmə yükü cavabdehin deyil, iddiaçının üzərindədir. Yayımlanan videoçarxlarda səsləndirilən fikirlər tənqidi münasibət olmuşdur. Vətəndaşların müraciətləri əsasında iddiaçıya qarşı məhkəmə qərarları olub. Səsləndirilən fikirlər həmin məhkəmə qərarlarında olan fikirlərdir, onlara istinaddır. Həmin fikirlərə münasibət bildirilməsi, tənqidi yanaşılması, istinad olunması, öz adından səsləndirilməsi iddiaçının işgüzar nüfuzuna hər hansı xələl gətirmir. Əldən çıxmış fayda və işgüzar nüfuza dəymiş zərərlə bağlı iddiaçı hər hansı sübut təqdim etməmişdir, bu hissədə də iddia əsassızdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Yayılmış məlumatların həqiqətə uyğun olmayan, işgüzar nüfuzu ləkələyən məlumatlar hesab edilməsi və təkzib olunması tələbi ilə bağlı
9. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi kommersiya hüquqi şəxsi olan iddiaçının qeyri-maddi nemət olan işgüzar nüfuzunun müdafiəsi ilə bağlı olub iddiaçının tələbi “Youtube” və “Tiktok” platformasında yayılmış məlumatların həqiqətə uyğun olmadığı əsası ilə məhkəmə qaydasında təkzib olunması və həmin məlumatların əks olunduğu videoçarxların silinməsindən ibarətdir. Bu mənada ilk növbədə işgüzar nüfuzun mahiyyəti, məxsusluğu məsələlərinə aydınlıq gətirilməli və iddiaçının belə bir tələb irəli sürməsinin hüquqi əsası müəyyən edilməlidir.
10. İşgüzar nüfuz qeyri-əmlak hüququ olub hüquq sahibini fərdiləşdirməyə yönələn və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin və kommersiya təşkilatının peşə keyfiyyəti, istehsal, ticarət, təsərrüfat və s. fəaliyyətinin qiymətləndirilməsi və bu barədə yaranan ictimai rəydir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və kommersiya təşkilatı barəsində həqiqətə uyğun olmayan və işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması həmin sahibkarlıq subyektlərinin işgüzar nüfuzunu zədələyir və belə halda təkzibetmə kimi qeyri-əmlak xarakterli xüsusi mülki-hüquqi müdafiə üsulu tətbiq edilir. Bununla da pozulmuş hüquq müdafiə olunur, pozulmuş mənafe bərpa edilir.
11. Məhkəmə qeyd edir ki, praktiki cəhətdən işgüzar nüfuzun müdafiəsi müəyyən məlumatların yayılma faktının və yayan subyektin, onların ləkələyici xarakterinin müəyyən olunmasından tutmuş, ləkələyici məlumatların həqiqətə uyğun olmaması prezumpsiyasının təkzibinə, məlumatların özünün təkzibinə və onları yayan şəxslərin cəzalandırılmasına qədər məntiqi baxımdan əsaslandırılmış model üzərində qurulmalıdır. Bununla da istər məlumatların gözdən salma xarakterinin, istərsə də həmin məlumatların həqiqətə uyğun olmadığının sübut olunmasına faydasız yerə zaman, qüvvə və vəsait sərf olunmasının qarşısı alınır. Beləliklə, ilk növbədə zərərçəkmişlə bağlı məlumatların yayılma faktı və onları yayan subyekt müəyyən olunmalıdır. Müdafiənin subyektləri həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayılmasına görə mülki-hüquqi məsuliyyətə cəlb olunmalı (təkzib etmək vəzifəsinin subyekti) şəxslər və müvafiq müdafiə hüququ olan şəxslərdir. İşgüzar nüfuzun müdafiəsi haqqında iddianı barəsində həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayıldığını hesab edən şəxslər, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və kommersiya təşkilatı qaldıra bilər. İşgüzar nüfuzun müdafiəsi barədə işlər üzrə təkzib etmək vəzifəsinin subyekti (cavabdeh) bu və ya digər sahibkarlıq subyektinin işgüzar nüfuzunu ləkələyən məlumatları yayan şəxs başa düşülür. Buraya həm fiziki şəxslər, həm də hüquqi şəxslər aiddirlər. Hazırkı iş üzrə iddiaçı məlumatın Cavabdeh MMC-yə məxsus “Youtube” və “Tiktok” platformalarında yayıldığına istinad edir. Ona görə də cavabdeh qismində həmin hüquqi şəxs çıxış edə bilər.
12. Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.
13. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
14. İstinad olunan normanın tələblərindən göründüyü kimi, fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair Mülki Məcəllənin qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir və hüquqi şəxs işgüzar nüfuzunu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər. Bu zaman nəzərə alınmalı ən mühüm məqam sübutetmə ilə bağlı məsələdir. Belə ki, mülki-prosessual qanunvericiliyin sübut etmə ilə bağlı müəyyən etdiyi ümumi qayda hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olması ilə bağlıdır. Bu qaydanın tələbinə əsasən iddiaçı işgüzar nüfuzunu ləkələdiyini iddia etdiyi məlumatın cavabdeh tərəfindən yayılması faktını və işgüzar nüfuzunu ləkələdiyini sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, yayılmış məlumat həqiqətə uyğun olduqda, bu qaydada müdafiə hüququ istisna edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, maddi hüquq normalarında ümumi sübutetmə vəzifəsini dəyişən istisna hallar da təsbit olunur. Bunlardan biri də fiziki şəxsin şərəf, ləyaqəti, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsi ilə bağlıdır. Bu işlər üzrə yayılan məlumatların həqiqətə uyğun olmaması prezumpsiya edildiyindən, həmin məlumatın doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin (məlumatı yaymış şəxsin) üzərinə düşür. Bu vəzifə cavabdehin üzərinə onun hərəkətlərində təqsir olub-olmamasından asılı olmayaraq qoyulur.
15. Məlumatın yayılması dedikdə, onların üçüncü şəxslərin nəzərinə çatdırılması, həmin şəxslərə bildirilməsi başa düşülür. Yəni şəxsin işgüzar nüfuzunu ləkələyən məlumatın bir neçə şəxsə və ya qeyri-müəyyən şəxslər dairəsinə bildirilməsindən söhbət gedir. Hazırkı iş üzrə iddiaçı məlumatın cavabdehə məxsus “Youtube” və “Tiktok” platformasındakı hesablarda yayıldığına istinad edir. Qeyd olunan platformalardan əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxs olan media subyektləri tərəfindən kütləvi informasiyanın yayılmasında alət və vasitə kimi istifadə olunsa da, hazırkı iş üzrə həmin platformalardan cavabdeh öz fəaliyyət məqsədləri üçün istifadə etdiyindən və media subyekti olmadığından məlumat mediada yayılmış hesab olunmur. Lakin qeyd olunan platformalar məlumatın geniş şəxslər dairəsinə yayılmasında istifadə olunan əsas vasitədir və həmin platformalarda məlumatın yayılması qeyri-müəyyən şəxslərin dairəsinin məlumata çatımlığını təmin edir. Ona görə də həmin platformalarda məlumatın yerləşdirilməsinin sübut edilməsi məlumatın yayılmasını təsdiq edir.
16. Məlumatın işgüzar nüfuzu ləkələyən məlumat olması dedikdə, şəxslər (fiziki və ya hüquqi) tərəfindən qüvvədə olan qanunvericiliyin və ya əxlaqi prinsiplərin pozulması barədə elə məlumat başa düşülür ki, həmin məlumat şəxsin işgüzar nüfuzunu ictimaiyyətin və ya ayrı-ayrı şəxslərin gözündən salır, bu barədə mənfi rəy formalaşdırır. Yəni həmin məlumatlar qanunvericilik və ya əxlaqi nöqteyi-nəzərdən mənfi qiymətləndirilir. Hazırkı iş üzrə iddiaçının işgüzar nüfuzunu ləkələdiyini iddia etdiyi məlumatlar iddiaçının sahibkarlıq fəaliyyətinin əsas istiqaməti ilə bağlı olub onun fəaliyyəti barədə həm qanunvericilik, həm də əxlaqi nöqteyi-nəzərdən üçüncü şəxslərdə ciddi mənfi fikir formalaşdıra, sahibkarlıq fəaliyyətinə ciddi zərər vura bilən məlumatlardır. İstinad olunan məlumatların məzmununa baxdıqda aydın olur ki, həmin məlumatların işgüzar nüfuzu ləkələyən məlumat olub-olmamasının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunmur, həmin məlumatlar qanunvericilik və əxlaq nöqteyi-nəzərdən açıq-aydın ləkələyici məlumatlardır.
17. Məlumatın həqiqətə uyğun olmaması dedikdə, ləkələyici məlumatın əsassız, uydurma və yalan xarakterə malik olması nəzərdə tutulur. Belə məlumatlar mövcud olmayan hallar (faktlar) barəsində ola bilər və ya ayrı-ayrı halların (faktların) olduğu kimi əks etdirilməməsini ehtiva edə bilər. Məlumatın həqiqətə uyğun məlumat olmasını cavabdeh (məlumatı yayan fiziki və ya hüquqi şəxs) sübut edə bilməzsə, məlumatın həqiqətə uyğun olmaması prezumpsiyasından çıxış edilərək təkzibi və s. iddialar təmin olunmalı, sübut edərsə, belə iddialar rədd olunmalıdır.
18. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli Qərarında qeyd edilir ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: 1) məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; 2) həmin məlumatların doğru olmaması; 3) bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır.
19. Məhkəmə qeyd edir ki, işgüzar nüfuzun müdafiəsi üçün məhkəmə müdafiəsindən istifadə edən sahibkarlıq subyekti məlumatın yayılması vasitəsi olan videoçarxın, yazının silinməsini tələb etməkdə haqlıdır. Belə ki, məlumat təkzib olunsa da, onun yayılması vasitəsi olan videoçarx, yazı mövcudluğunu davam etdirdiyi müddətdə məlumatın təkzibindən xəbərdar olmayan üçüncü şəxslərdə sahibkarlıq subyekti barəsində mənfi fikir yaratmaqda davam edir.
20. Bundan başqa, məhkəmə qeyd edir ki, sahibkarlıq subyekti paylaşılıb qeyrimüəyyən şəxslər dairəsinə çatdıqdan sonra silinmiş məlumatın təkzib olunmasını tələb etməkdə də haqlıdır. Belə ki, məlumatın daşıyıcısı kimi videoçarx silinmiş olsa, orada ifadə olunan fikirlər üçüncü şəxslərə çatdığından sahibkarlıq subyekti barəsində mənfi fikir formalaşdırır. Həmin məlumatlar təkzib olunmayacağı halda, formalaşmış mənfi fikirlər əksinə çevrilmir.
21. Məlumatın təkzib qaydası isə Mülki Məcəllənin 23.2-ci maddəsi ilə müəyyən olunur. Həmin maddəyə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı məlumatın cavabdehə məxsus “Youtube” və “Tiktok” platformasındakı hesablarda yayıldığına istinad edir. Qeyd olunan platformalardan, əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxs olan media subyektləri tərəfindən kütləvi informasiyanın yayılmasında alət və vasitə kimi istifadə olunsa da, hazırkı iş üzrə həmin platformalardan cavabdeh öz fəaliyyət məqsədləri üçün istifadə etdiyindən və sonuncu media subyekti olmadığından məlumat mediada yayılmış hesab olunmur. Ona görə də tələb əsaslı olarsa, təkzib qaydasını məhkəmə müəyyənləşdirəcəkdir.
22. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və yuxarıda qeyd olunan tələb və tənzimləmələr əsas götürülməklə iddia tələbinə daxil olan tələblər ayrı-ayrılıqda qiymətləndirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, iddia tələbinin faktiki əsası kimi yayılmış məlumatların həqiqətə uyğun olmadığına, iddiaçının işgüzar nüfuzunu ləkələdiyinə istinad olunaraq təkzib olunması və silinməsi tələb olunduğundan məhkəmə hansı məlumatın həqiqətə uyğun olmadığını və iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumat hesab edildiyini qətnamənin nəticə hissəsində aydın göstərməli, buna uyğun olaraq təkzib qaydası müəyyən etməli və silinməli məlumatı təsbit etməlidir.
23. Birincisi, iddiaçı cavabdehə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparati aldı və aldandı! X8” başlıqlı (18 dəq, 28 saniyəlik) videoçarxın silinməsini, orada səsləndirilmiş “Rəna xanımın qarşılaşdığı bu halla bağlı bildirmək istəyirəm ki, məqsəd avadanlığın mənşəyini müştəridən gizlədərək alıcını özündən asılı vəziyyətə salmaq, ehtiyat hissələrini dəfələrlə baha qiymətə satmaqdır” kimi ifadələrin (məlumatların) həqiqətə uyğun olmadığı əsası ilə videoçarx vasitəsi ilə və ya yazılı qaydada təkzib edilməsini, eyni tarixdə cavabdehə məxsus “Tiktok” platformasındakı hesabında “Youtube” hesabındakı yayımlanmış “Diqqət Ehtiyatlı olun aldanmayın” başlıq altında qısaldılmış və paylaşılmış, hazırda silinmiş videoçarx üzərinə qeyd edilmiş “Rəna Məmmədovaya 40000 manata xarab cihaz satılmışdır” “Servis xidməti göstərilmədi” kimi fikirlərin həqiqətə uyğun olmadığı əsası ilə videoçarx vasitəsilə və ya yazılı qaydada təkzib edilməsini tələb edir.
24. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, videoçarxlarda iddiaçı barəsində səsləndirilən məlumatlar məhkəmə qərarları ilə təsdiqini tapmış məlumatlardır, həmin qərarlara baxıb çıxış etmişdir. Səsləndirilən fikirlər tənqidi münasibətdir. İddiaçı avadanlığın mənşəyini gizlədərək avadanlığın ehtiyat hissələrini alıcılara baha qiymətə satıbdır. İddiaçıdan cihaz alan şəxslər bunu bildirmişlər. Belə ki, alıcılarla bağlanmış müqavilələrdə cihazın mənşəyi göstərilmir, alıcılara bu barədə məlumat verilmir. Cihazın üzərinə tamam başqa ad yazırlar. Rəna Məmmədova onu tanımasa idi, həmişə iddiaçıdan asılı qalacaqdı. Həmin şəxs avadanlığın mənşəyini bilmirdi. 140 ABŞ dolları olan ekranı 2500 manata satıblar.
25. Məhkəməyə təqdim olunan diskdə yerləşdirilmiş və cavabdehə məxsus “Youtube” platformasında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparati aldı və aldandı! X8” başlıqlı videoçarxdan görünür ki, özünü Rəna Məmmədova kimi təqdim etmiş şəxs və cavabdehin adından çıxış edən qanuni təmsilçisi Qanuni nümayəndə2 Cavabdeh MMC yazısı və loqosu fonunda çıxış edərək Rəna Məmmədovanın İddiaçı MMC-dən “Vertex” adlı lazer cihazı alması, cihazda yaranmış nöqsanlar, cihazın söndürülməsi, Cavabdeh MMC tərəfindən cihazın müayinəsi və cihazın mənşəyi barədə Rəna Məmmədovaya məlumat verilməməsi və s. barədə fikirlər səsləndirmişdir. Videoçarxın 07:07-09:30-cu dəqiqələrində cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 cavabdehin adından çıxış edərək aşağıdakı fikirləri səsləndirir: - “Sizin cihazın adının “FG 2000D” olduğunu və Çində yerləşən “ADSS” zavoduna məxsus olduğunu siz bizim tərəfimizdən öyrənmisiz... Bizim şirkətin bu məlumatı sizə verdiyinə qədər siz cihazınızın mənşəyi barədə hər hansı məlumat bilirdiz?...Cihazınızın üzərində mənim müşahidə etdiyim qədər cihaza aid heç bir informasiya yox idi. Cihazınızın üzərində heç bir məna kəsb etməyən “Vertex” sözü dayanırdı...Burda məqsəd avadanlığın mənşəyini alıcıdan gizlədərək, ömür boyu, nə qədər ki, o cihaz və onu satan şirkət və vasitəçi var, alıcıya ömrünün sonuna kimi ehtiyat hissələrini özləri satsınlar... bu hallar alıcını özündən asılı vəziyyətə salmaq, ondan sui-istifadə etmək, ömrü boyu ona dəfələrlə baha qiymətə başlıq, ekran, su pompası və ya əlavə ehtiyat hissələri satmaqdır. Mən sizi əmin edirəm ki, siz məni tapmasaydınız, mənim videolarımı, çıxışlarımı və yaxud mənim şirkətim haqqında məlumatınız olmasaydı siz, sizə avadanlıq verənlərdən daim asılı qalacaqdız. Siz hələ də elə biləcəkdiniz ki, aldığınız avadanlığın adı “Vertex”dir...”
26. Məhkəməyə təqdim edilən cavabdehə məxsus “Tiktok” platformasındakı paylaşımlardan çıxarışdan görünür ki, paylaşımların üzərində “40000-ə xarab cihaz satdılar” “Servis xidməti göstərilmədi” və s. kimi ifadələr qeyd edilmişdir.
27. Göründüyü kimi, cavabdehə məxsus “Youtube” platformasındakı hesabda cavabdehin qanuni təmsilçisi cavabdehin adından çıxış edərək iddiaçıdan cihaz almış alıcı ilə fikir mübadiləsi zamanı çıxış edərək iddiaçının məqsədinin avadanlığın mənşəyini alıcıdan gizlətmək olması, alıcını özündən asılı vəziyyətə salmaq, dəfələrlə baha qiymətə cihazın başlıq, ekran, su pompası və ya əlavə ehtiyat hissələri satmaq olmasını qeyd etmişdir. Həmçinin məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi təsdiq etmişdir ki, “Tiktok” platformasındakı hesablarında “40000 manata xarab cihaz satdılar” “Servis xidməti göstərilmədi” kimi ifadələr qeyd edilən paylaşımlar “Youtube” platformasındakı hesablarında paylaşılmış videonun hissələrə ayrılaraq qısa videoçarxlar şəklində yerləşdirilməsidir.
28. Cavabdeh tərəf qeyd olunan ifadələrin həqiqi məlumatlar olduğunu qeyd edir, lakin həmin məlumatların həqiqi məlumat olduğunu sübut edə bilmir. Əksinə iddiaçının təqdim etdiyi sübutlara nəzər yetirdikdə görünür ki, həmin məlumatlar həqiqi məlumatlar deyildir.
29. Belə ki, iddiaçı məhkəməyə lazer cihazının mənşə sertifikatını, iddiaçı ilə X11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, təhvil-təslim aktı, zəmanət talonunu və cihaza xidmət göstərilməsinə dair təqdim etmişdir. Təqdim olunan sənədlərdən görünür ki, “FG2000D+(WERTEXD+)” markalı lazer cihazına aid mənşə sertifikatı Çin Xalq Respublikası tərəfindən verilmişdir. İddiaçı ilə X11 arasında bağlanmış müqavilənin predmeti olan cihazın markası təhvil-təslim aktı və zəmanət talonunda “WERTEX 1200” (“FG2000D+”) olaraq təsbit edilmişdir. Göründüyü kimi, alıcıya təqdim olunan cihazın adı mənşə sertifikatındakı kimi qeyd edilmiş, alıcıdan malın mənşəyi gizlədilməmişdir. Cavabdeh iddiaçının alıcını özündən asılı vəziyyətə salmaq, dəfələrlə baha qiymətə cihazın başlıq, ekran, su pompası və ya əlavə ehtiyat hissələri satmaq kimi məqsədinin olmasını qeyd etsə də, işdə olan sənədlərlə alıcıdan avadanlığın mənşəyinin gizlədilmədiyi təsdiq olunur. Fərz olunsa ki, malın mənşəyi alıcıdan gizlədilmişdir, cavabdeh yenə də iddiaçının belə bir hərəkəti pis niyyətlə etdiyini sübut etməli idi. Həmçinin nəzərə alınmalıdır ki, azad bazar iqtisadiyyatı şəraitində tələb və qiymət təklifi müstəqil müəyyən olunur və alıcı istədiyi satıcıdan cihazın hissələrini almaq imkanına malikdir.
30. Bundan başqa, müqavilə və qiymət razılaşma protokolundan görünür ki, cihaz 7000 manat ilkin ödəniş daxil olmaqla 37000 manata satılmışdır. X11 ilə malın təhviltəsliminə dair tərtib edilmiş aktdan görünür ki, satıcının (iddiaçının) malı qüsursuz təhvil verdiyi, alıcının isə malları yoxlayaraq qəbul etdiyi təsdiq olunur. Zəmanət talonundan görünür ki, cihaza dair zəmanətlər verilmişdir. Həmçinin geri təhvil-təslim aktı və avadanlıqların təmirə qəbul aktlarından aydın olur ki, müxtəlif tarixlərdə cihaza xidmət göstərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2-2(104)-188/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı ilə X11 arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn məhkəmə mübahisəsi yaranmışdır. Həmin qətnamə ilə müəyyən olunan işin hallarından görünür ki, X11 cihazın xx.xx.2022-ci il tarixdə xarab olduğunu qeyd etmişdir. Həmçinin görünür ki, qarantiya müddətində, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq cihaz bir neçə dəfə nasaz vəziyyətə düşmüş, alıcının müraciətinə əsasən iddiaçı tərəfindən avadanlıq təmir edilmişdir.
31. Göründüyü kimi, cihaz X5 37000 manata satılmış, sonuncu, cihazın xx.xx.2022ci il tarixdə, yəni alqı-satqı müqaviləsi bağlandığı tarixdən 7 ay sonra xarab olduğunu qeyd etmiş, həmçinin məhkəmə tərəfindən qarantiya müddətində, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq cihazın bir neçə dəfə nasaz vəziyyətə düşdüyü, alıcının müraciətinə əsasən satıcı (iddiaçı) tərəfindən cihazın təmir edildiyi müəyyən olunmuşdur. Yəni cavabdehin bildirdiklərinin əksinə təqdim olunan sübutlarla təsdiq olunur ki, cihaz 37000 manata saz vəziyyətdə satılmış, cihazda sonradan nasazlıqlar meydana gəlmiş və iddiaçı (satıcı) tərəfindən qarantiya müddətində bir neçə dəfə servis xidməti göstərilmişdir.
32. Həmçinin cavabdehin direktoru hüquqi şəxsin adından çıxış edərək X5 məxsus cihazın mənşəyinin gizlədildiyini, üzərində heç bir məna kəsb etməyən “Vertex” sözünün yazıldığını qeyd etsə də, təqdim olunan sənədlərdən görünür ki, tərəflər arasında “Wertex” əmtəə nişanı ilə bağlı mübahisə mövcuddur. Belə olan halda, cavabdeh tərəfin belə fikri kontragentin işgüzar nüfuzunu ləkələmək niyyəti ilə səsləndirməsi ilə bağlı qənaət formalaşır.
33. İddiaçı və cavabdehin sahibkarlıq fəaliyyətini eyni istiqamətdə həyata keçirdiyi nəzərə alındıqda, cavabdeh tərəfin iddiaçıdan cihaz almış şəxslərlə dialoq formasında videoçarxlar çəkərək iddiaçını nüfuzdan salan məlumatlar səsləndirməsi bu qənaətə gəlməyə əsas verir ki, səsləndirilən fikirlər iddiaçının işgüzar nüfuzunun zədələnməsinə yönəlmişdir.
34. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparatı aldı və aldandı! X8” başlıqlı videoçarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, həmin videoçarxda səsləndirilmiş “Məqsəd avadanlığın mənşəyini alıcıdan gizlədərək … alıcını özündən asılı vəziyyətə salmaq, dəfələrlə baha qiymətə ehtiyat hissələrini satmaqdır” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Youtube” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməli, cavabdehə məxsus “Tiktok” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış videoçarx üzərinə qeyd edilmiş “40 000 manata xarab cihaz satıldı; Servis xidməti göstərilmədi” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməlidir.
35. İkincisi, iddiaçı cavabdehə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparatı aldı və aldandı! X6” başlıqlı videoçarxın silinməsini, sözügedən videonun eyni tarixdə cavabdehə məxsus “Tiktok” hesabında xx.xx.2023-cü il tarixdə yayımlanmış və sonradan silinmiş qısaldılmış video üzərində qeyd olunan “600 Vt gücünə sahib “WERTEX” cihazını 900 Vt deyib, aldadaraq satdılar.”, “Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb”, “Cihazını qıraqdan idarə edərək, pul tələb etdilər” fikirlərinin həmin hesabda həqiqətə uyğun olmadığı əsası ilə videoçarx vasitəsi ilə və ya yazılı qaydada təkzib edilməsini tələb edir.
36. Cavabdeh tələbin ilk hissəsinə oxşar etirazı bildirir və məlumatın həqiqi məlumat olduğunu qeyd edir. Bundan başqa bildirir ki, istehsalçı şirkət 900 Vt gücünə sahib cihaz istehsal etmir. Şirkətin rəsmi saytında da bu təsdiq olunur. Alıcı cihazında kənar qurğu yerləşdirilməsindən məlumatsız olmuşdur.
37. Məhkəməyə təqdim olunan diskdə yerləşdirilmiş və cavabdehə məxsus “Youtube” platformasında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparati aldı və aldandı! X6” başlıqlı videoçarxdan görünür ki, özünü Xalima Ustayeva kimi təqdim etmiş şəxs və cavabdehin adından çıxış edən qanuni təmsilçisi Qanuni nümayəndə2 Cavabdeh MMC yazısı və loqosu fonunda çıxış edərək Xalima Ustayevanın İddiaçı MMC-dən “Vertex” adlı lazer cihazını alması, cihazda yaranmış nöqsanlar, cihazın söndürülməsi, cihazın mənşəyi barədə məlumat verilməməsi, mənşəyi barədə məlumatın gizlədilərək satılması, cihazın mənşəyinin gizlədilərək alıcını satıcı şirkətdən asılı vəziyyətdə saxlamaq və s. barədə fikirlər səsləndirilmişdir. Videoçarxda cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 əvvəlki çıxışın davamı olaraq mövzunun əvvəlki çıxışdakı mövzu ilə eyni olduğunu bildirir. Daha sonra 900 Vt gücündə cihazın mövcud olmadığını vurğulayır və “Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb” (03:41-ci dəqiqə) başlığı əks olunur...”. Bundan başqa cihazın mənşəyi barədə məlumatın gizlədilərək satılması, cihazın üzərinə mənası bilinməyən adın qeyd olunması, satıcı şirkətin alıcını ömür boyu özündən asılı vəziyyətə salması və s. (07:45-08:58) fikirlər səsləndirilmişdir.
38. Məhkəməyə təqdim edilən cavabdehə məxsus “Tiktok” platformasındakı paylaşımlardan çıxarışdan görünür ki, paylaşımlarda xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparati aldı və aldandı! X6” başlıqlı videoçarxda özünü Xalima Ustayeva kimi təqdim etmiş şəxsin fotoşəkili və üzərində “600 Vt gücünə sahib “WERTEX” cihazını 900 Vt deyib, aldadaraq satdılar”, “Zaqatala rayonundan Xalima xanım da aldadıldı. Cihazını qıraqdan idarə edərək, pul tələb etdilər”, “Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb” (elektron kabinet vasitəsi ilə kağız daşıyıcıda təqdim olunan) kimi ifadələr qeyd edilmişdir.
39. Göründüyü kimi, cavabdehə məxsus “Youtube” platformasındakı hesabda cavabdehin qanuni təmsilçisi cavabdehin adından çıxış edərək iddiaçıdan cihaz almış alıcı ilə fikir mübadiləsi zamanı iddiaçının məqsədinin avadanlığın mənşəyini alıcıdan gizlətmək olması, alıcını özündən asılı vəziyyətə salmaq olmasını, 900 Vt gücündə cihazın mövcud olmadığını qeyd etmiş, “Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb” başlığı əks olunmuşdur. Həmçinin həmin videoçarx hissəvi şəkildə cavabdehə məxsus “Tiktok” hesabında paylaşılmış və videolar üzərində “600 Vt gücünə sahib “WERTEX” cihazını 900 Vt deyib, aldadaraq satdılar”, “Zaqatala rayonundan Xalima xanım da aldadıldı. Cihazını qıraqdan idarə edərək, pul tələb etdilər”, “Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb” başlıqlar qeyd olunmuşdur. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi “Tiktok” platformasındakı hesablarında qısa videoçarxların paylaşıldığını mübahisələndirməmişdir.
40. Cavabdeh tərəf qeyd olunan ifadələrin həqiqi məlumatlar olduğunu qeyd edir, lakin həmin məlumatların həqiqi məlumat olduğunu sübut edə bilmir. Əksinə, iddiaçının təqdim etdiyi sübutlara nəzər yetirdikdə görünür ki, həmin məlumatlar həqiqi məlumatlar deyildir.
41. Belə ki, iddiaçı məhkəməyə sonuncu ilə X14 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, təhvil-təslim aktı və zəmanət talonunu təqdim etmişdir. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 2.1.7-ci bəndinə əsasən satıcı malın alıcının sahiblik və istifadəsində olduğu müddət ərzində malın keyfiyyətinə və alıcının ödəmə qabiliyyətinin yoxlanılması məqsədilə monitorinq və yoxlamalar edir, əlavə olaraq yoxlayıcı avadanlıqlarla da təchiz etmək hüququna malikdir. Təhvil-təslim aktında cihazın adı “Wertex, “Zəmanət talonunda “Wertex 600” kimi qeyd olunmuşdur.
42. Göründüyü kimi, X7 cihazın 900 Vt gücü olan cihaz kimi satılması təsdiq olunmur, əksində zəmanət talonunda “Wertex 600” qeyd olunmuşdur. Həmçinin bağlanmış müqavilədə satıcının (iddiaçının) cihazı yoxlayıcı avadanlıqlarla da təchiz etmək hüququna malik olduğu öz əksini tapmışdır.
43. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparatı aldı və aldandı. X6” başlıqlı videoçarx çarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, cavabdehə məxsus “Tiktok” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə yayımlanmış qısaldılmış videoçarx üzərində qeyd olunan “600 Vt gücünə sahib “WERTEX” cihazını 900 Vt deyib, aldadaraq satdılar; Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb; Cihazını qıraqdan idarə edərək, pul tələb etdilər” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməlidir.
44. Üçüncüsü, iddiaçı cavabdehə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2024-cü il tarixdə paylaşılmış “Saxta reklamlar. Lazer epilyasiya cihazları haqda düzgün texniki məlumatlar” başlıqlı videoçarx tamamilə silinməklə, orada səsləndirilmiş “Siz, “Az Estetik” kollektivi insanlara, alıcılarınıza, müştərilərinizə illərlə yalan danışmaqdan, onları aldatmaqdan doymadınız...”, İddiaçı MMC öz məhsullarının satışını və reklamını həyata keçirərkən onların mənşəyini gizlədir.”, “Az Estetik” şirkəti sizi aldadıb. “Az Estetik” şirkəti sizi aldatmağa davam edir.”, “ADSS” zavodunun istehsal etdiyi “FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar sistemləri Amerika istehsalı deyil”, “A 7 və A 8 cihazlarının bar sistemi Amerika istsehsalı deyil” məzmunlu fikirlərin həmin hesabda videoçarx vasitəsilə və ya yazılı qaydada təkzib edilməsini tələb edir.
45. Cavabdeh tərəf iddiaya etiraz edir və bildirir ki, iddiaçının satdığı cihazlar “Çin” istehsalıdır, cihaz və detalları, eləcə də bar sistemi “Amerika” istehsalı deyildir. İddiaçı avadanlığın “Amerika” istehsalı olduğunu deyərək ehtiyat hissələrini baha qiymətə satıbdır.
46. Məhkəməyə təqdim olunan diskdə yerləşdirilmiş və cavabdehə məxsus “Youtube” platformasında xx.xx.2024-cü il tarixdə paylaşılmış “Saxta reklamlar. Lazer epilyasiya cihazları haqda düzgün texniki məlumatlar” başlıqlı videoçarxdan görünür ki, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 cavabdehin adından müraciət edərək Çin Xalq Respublikasında tibbi avadanlıqlar istehsal edən zavodlarda ziyarətdə olması, “Futai” adlı sexdə olması, onların təklifi ilə getməsi barədə məlumat verir, iddiaçının onun barəsində paylaşdığı videoçarxa istinad etməklə iddiaçıya qarşı fikirlər səsləndirir. Videoçarxda cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə2 cavabdehin adından çıxış edərək aşağıdakı fikirləri səsləndirir: - “Siz, “Az Estetik” kollektivi insanlara, alıcılarınıza, müştərilərinizə illərlə yalan danışmaqdan, onları aldatmaqdan doymadınız…(03:25-03:38-ci dəqiqə) “Mən də bu çıxışımda çalışıram ki, sizin bir kollektiv olaraq nə işlər gördüyünüzü, nə cür gəlir əldə etdiyinizi, hazırda da nə işlər gördüyünüzü izləyicilərimizə çatdırım (03:58-04:17-ci dəqiqə)” “...Bu çox böyük və qəbul edilməz yalandır. “Kohorent” şirkətinin istehsalı olan bar... qiyməti A 7 və A 8 cihazlarının içərisində olan bardan 4-5 dəfə baha olur... bu cihazın diod lazer epilyasiya cihazının ümumi dəyərinin 40-60% bu hissə təyin edir. Reklama baxın, “Amerika” istehsalı. Yəni, ay alıcı, 5 manatlıq deyil, 25 manatlıq qurğu var bunun içində, bu dəhşət bahalı bir şeydir... A 7 və A 8 modelinin yüzlərlə istifadəçisi var halhazırda. Məni izlədikdən sonra getsinlər başlığın şüşə hissəsindən içəriyə baxsınlar. Görsünlər bunu görürlər ya yox. Amma bunu mümkünsüzdür ki görsünlər. Çünki “Amerika istehsalı qurğu bu cihazın içərisində olmayıb, bu gün də yoxdur. (09:49-11:36-cı dəqiqə)” “Az Estetik” şirkəti sizi aldadıb. “Az Estetik” şirkəti sizi aldatmağa davam edir…(11:37- 11:50)”, “Yüzlərlə istifadəçi ADSS zavoduna məxsus “FG 2000” modelinin istifadəçisidir ölkəmizdə və bu gün də həmin avadanlıq satılır... “FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar qurğuları Amerika istehsalı deyil (12:28-13:54-ci dəqiqə)”…
47. Göründüyü kimi, cavabdehə məxsus “Youtube” platformasındakı hesabda cavabdehin qanuni təmsilçisi cavabdehin adından çıxış edərək “A 7” və “A 8” lazer cihazlarında və “FG 2000 D” model cihazda bar qurğularının “Amerika” istehsalı olmadığı, iddiaçının cihazın qiymətini dəyərindən yüksək göstərmək üçün bar qurğularının “Amerika” istehsalı olduğunu bildirərək müştərilərə illərlə yalan danışdığı, aldatdığı və s. kimi məlumatlar bildirib.
48. İddiaçının təqdim etdiyi “X3 CO., LTD” Şirkətinin məktubunda qeyd olunur: “Bildiririk ki, eksklüziv distribütorumuz X15 Laser A7 və A8 maşınlarının bütün lazer çubuqları ABŞ Coherent şirkətindən idxal olunur və bütün maşınlar Çində yüksək keyfiyyətli istehsal olunur və keyfiyyət, istifadənin və sabitliyin ən yaxşı performansını təmin edə bilər.”
49. İddiaçının nümayəndəsi və vəkili “lazer çubuqları” ifadəsinin tərcümə xətası olduğunu, məktubun orijinalında (ingilis dilində) “lasers bars of diode” qeyd olunduğunu, cihazın bar sisteminin ABŞ Coherent şirkətindən idxal olunduğunun məktubda ifadə olunduğunu bildirir.
50. İddiaçının təqdim etdiyi "xxxx" Şirkətinin məktubunda qeyd olunur: “2017-ci ildən Azərbaycan distribütorumuz İddiaçı MMC həmişə 1200 və 900 Vt gücündə barlarla epilyasiya lazer aparatları sifariş edir. Biz heç vaxt maşınlarımızda 600 Vt-lıq bar istehsal etməmişik və təchiz etməmişik.”
51. Məhkəmə bildirir ki, cavabdeh tərəf qeyd olunan ifadələrin həqiqi məlumatlar olmadığını qeyd edir, lakin həmin məlumatların həqiqi məlumat olduğunu sübut edə bilmir. Həmçinin cavabdeh iddiaçının müştəriləri aldatmasına dair səsləndirdiyi fikirləri cihazların bar sistemlərinin istehsalçı ölkəsinin ABŞ olmaması, iddiaçının satışını həyata keçirdiyi “FG 2000 D” modelində yalnız 600 Vt və 1200 Vt gücə malik bar sisteminin olması ilə əsaslandırır. Cavabdehin etirazının əsası izahatlardan ibarət olub mötəbər sübutlarla təsdiq olunmur. İddiaçının təqdim etdiyi istehsalçı şirkətlərin məktublarından isə lazer bar sisteminin ABŞ şirkətindən idxal olunması, iddiaçının 1200 Vt və 900 Vt gücündə barlarla epilyasiya lazer aparatları sifariş etməsi aydın olur. Beləliklə, cavabdeh məlumatların həqiqi məlumat olması ilə bağlı sübutetmə vəzifəsini yerinə yetirə bilmir.
52. Odur ki məhkəmə hesab edir ki, cavabdehə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2024-cü il tarixdə paylaşılmış “Saxta reklamlar. Lazer epilyasiya cihazları haqda düzgün texniki məlumatlar” başlıqlı videoçarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, həmin videoçarxda səsləndirilmiş “Siz, “Az Estetik” kollektivi insanlara, alıcılarınıza, müştərilərinizə illərlə yalan danışmaqdan, onları aldatmaqdan doymadınız… “Az Estetik” şirkəti sizi aldadıb. “Az Estetik” şirkəti sizi aldatmağa davam edir… “FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar qurğuları Amerika istehsalı deyil”… “A 7 və A 8 cihazlarının bar sistemi Amerika istsehsalı deyil” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Youtube” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməlidir.
53. Dördüncüsü, iddiaçı “Tiktok” platformasında Cavabdeh MMC-yə məxsus “Azcosmetics_mmc” adlı istifadəçi hesabında (hesabin adını “Azcosmetics_mmc” dən “Medikal_Media” dəyişiblər) xx.xx.2023 tarixdə paylaşılmış videonun “rəylər” hissəsində yazılan “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına cavabdehə məxsus hesabdan “Nəinki etməyəndə, edəndə belə bağlayırlar. Əlavə pul əldə etmək üçün” kimi cavab şərhinin, həmçinin “Tiktok” platformasında cavabdehə məxsus istifadəçi hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış videonun üzərinə qeyd edilmiş iddiaçı və onun satdığı mallara dair “Sizdən xəbərsiz, sizi izləyirlər” fikrinin həqiqətə uyğun olmayan əsası ilə eyni hesabdan videoçarx vasitəsi ilə və ya yazılı qaydada təkzib edilməsini tələb edir.
54. Cavabdehin qanuni təmsilçisi bildirir ki, “Tiktok” platformasında Cavabdeh MMCyə məxsus hesabda “Nəinki etməyəndə, edəndə belə bağlayırlar. Əlavə pul əldə etmək üçün” kimi cavab şərhi iddiaçı ilə bağlı paylaşılan qısa videonun şərhlər bölməsində yazılsa da, bunu o yazmayıbdır. Həmçinin həmin hesabda xx.xx.2023-cü il tarixdə paylaşılmış videonun üzərinə qeyd edilmiş “Sizdən xəbərsiz, sizi izləyirlər” yazısı iddiaçıya dair yazılmış yazı deyildir.
55. Məhkəmə ilk növbədə “Tiktok” platformasında cavabdehə məxsus hesabda xx.xx.2023-cü il tarixdə paylaşılmış videonun üzərinə qeyd edilmiş “Sizdən xəbərsiz, sizi izləyirlər” yazısının təkzibi ilə bağlı qeyd edir ki, həmin paylaşımdan çıxarışdan görünür ki, qeyd olunan ifadə paylaşım üzərində qeyd edilmişdir, lakin iddiaçı həmin videoçəkilişi məhkəməyə təqdim etməmişdir. Məhkəmənin sonuncu baxış iclasında cavabdehə məxsus “Youtube” və “Tiktok” platformasında hesablarına baxış keçirilmiş, lakin həmin tarixli qeyd olunan videoçəkiliş və paylaşım aşkar olunmamışdır. Cavabdeh də bu ifadənin iddiaçıya münasibətdə qeyd edildiyini təsdiqləməmiş, əksinə iddiaçıya aid olmadığını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.
56. “Tiktok” platformasında Cavabdeh MMC-yə məxsus “Azcosmetics_mmc” adlı istifadəçi hesabında (hesabın adını “Azcosmetics_mmc”dən “Medikal_Media”yə dəyişiblər) xx.xx.2023 tarixdə paylaşılmış videonun “rəylər” hissəsində yazılan “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına cavabdehə məxsus hesabdan “Nəinki etməyəndə, edəndə belə bağlayırlar. Əlavə pul əldə etmək üçün” kimi cavab şərhinin təkzib olunması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.
57. İddiaçının təqdim etdiyi “Tiktok” platformasından çıxarışdan görünür ki, “Cihazımı söndürdülər” yazılı paylaşımın şərhlər bölməsində “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına cavabdehə məxsus “Azcosmetics_mmc” adlı hesabdan “Nəinki etməyəndə, edəndə belə bağlayırlar. Əlavə pul əldə etmək üçün” cavabı yazılmışdır.
58. Məhkəmə qeyd edir ki, “Tiktok” platformasında olan paylaşımın şərhlər bölməsində yazılan istənilən yazı üçüncü şəxslərə çatımlığı olan açıq məlumat olduğundan yayılmış hesab olunur. Bu zaman həm də nəzərə alınmalıdır ki, bu iddiaçıdan cihaz almış şəxslərlə dialoq formatında çəkilən videoçarxın hissəvi paylaşımının şərhlər bölməsində yazılmışdır. Bu isə onu deməyə əsas verir ki, qeyd olunan şərhdə ifadə olunan fikir iddiaçıya münasibətdə qeyd edilmişdir.
59. Qanuni nümayəndə2 şərhin onun yazmadığını bildirir. Məhkəmə qeyd edir ki, bu xarakterli işlər üzrə cavabdeh qismində çıxış edən hüquqi şəxsin qanuni təmsilçisi ilə bərabər digər işçilərinin etdiyi hərəkətlər də hüquqi şəxsin adından edilmiş hərəkətlərdir. Ona görə də qanuni təmsilçinin şərhi yazmaması hüquqi şəxsi bu hissədə tələbə cavab verməkdən azad etmir.
60. Şərhdə ifadə olunan fikirlə bağlı məhkəmə cavabdehin qanuni təmsilçisi ilə dəqiqləşdirmələr aparmış, iddiaçıdan cihaz almış şəxslərin cihazlarının ödəniş edildiyi halda söndürüldüyünə dair hansı sübutunun olduğuna dair suallar ünvanlamışdır. Cavabdehin qanuni təmsilçisi bu barədə həmin alıcılardan şifahi məlumat aldığını, həmçinin ödəniş cədvəllərinə baxaraq oradakı müddətin başa çatdığını müəyyən etdiyini bildirmişdir. Lakin məhkəməyə belə bir halın olmasına dair sübut təqdim edə bilməmişdir. Əksinə, iddiaçının təqdim etdiyi məhkəmə qərarlarından görünür ki, qeyd olunan şərh yazıldıqdan sonrakı tarixlərdə yuxarıda göstərilən videoçarxlarda adıçəkilən Rəna Məmmədova, Xalimə Ustayeva ilə iddiaçı arasında məhkəmə mübahisəsi olmuş, iddiaçı alıcılardan pulunu tələb etmiş, həmin şəxslərin icra edilməmiş öhdəlikləri mövcud olmuşdur. Beləliklə, cavabdeh məlumatların həqiqi məlumat olması ilə bağlı sübutetmə vəzifəsini yerinə yetirə bilmir.
61. Odur ki məhkəmə hesab edir ki, cavabdehə məxsus “Tiktok” platformasındakı hesabda xx.xx.2023 tarixdə paylaşılmış videoçarxın “rəylər” hissəsində yazılan “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına cavabdehə məxsus hesabdan “Nəinki etməyəndə, edəndə belə bağlayırlar. Əlavə pul əldə etmək üçün” cavab yazısındakı ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilməldir.
b) Cavabdehin üzərinə gələcəkdə də bu cür paylaşımların edilməməsi öhdəliyinin qoyulması və əldən çıxmış fayda və işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı
62. İddiaçı cavabdehin üzərinə gələcəkdə də bu cür paylaşımların edilməməsi öhdəliyinin qoyulması tələbini irəli sürür. Tələbin həmin hissəsini bütövlükdə iddia tələbi ilə təhlil etdikdə aydın olur ki, iddiaçı onun işgüzar nüfuzunu ləkələyəcək məlumatların əks olunduğu paylaşımların edilməməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
63. Məhkəmə əvvəla qeyd edir ki, yayılan məlumatın fiziki və ya hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən məlumat olub-olmaması qiymətləndirmədən asılıdır və bu qiymətləndirmə məhkəmə icraatı çərçivəsində məhkəmə tərəfindən həyata keçirilir. Bu zaman isə əsas məqam məlumatın həqiqətə uyğun məlumat olub-olmamasıdır ki, həqiqətə uyğun məlumatın yayılması məlumatı yayan şəxsin cavabdehliyini istisna edir. Həmin halın müəyyən edilməsi isə sübutetmədən asılı olub məhkəmə icraatı çərçivəsində aydınlaşdırıla bilər. Belə olan halda cavabdehin iddiaçı barəsində hər hansı məlumatı yaymasına məhdudiyyətin qoyulması fikir və söz azadlığına ciddi müdaxilə olub cavabdehin paylaşacağı məlumatı qiymətləndirmə, həqiqi olub-olmamasını müəyyən etmə səlahiyyətinin iddiaçıya və ya hər hansı üçüncü şəxs verilməsi olacaqdır ki, bu yolverilməzdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır.
64. Məhkəmə əldən çıxmış fayda və işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir.
65. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
66. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
68. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında izah olunur ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər.
69. Göründüyü kimi, hüquqi şəxs işgüzar nüfuza dəymiş zərərə görə ancaq vurulmuş maddi zərərin ödənilməsini tələb edər. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən isə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırkı iş üzrə iddiaçı əldən çıxmış fayda və işgüzar nüfuza dəymiş zərər olaraq tələbini irəli sürsə də, hər iki zərər maddi zərər olmaqla real zərər və əldən çıxmış fayda şəklində dəymiş zərəri ifadə edir.
70. Bu mənada isə məhkəmə bildirir ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
71. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar mövcud deyildir.
72. Belə ki, iddiaçı qeyd olunan tələbi irəli sürsə də, dəymiş maddi zərərin nədən ibarət olmasını əsaslandırmamış, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki məhkəmə hesab edir ki, iddia tələbi dəymiş zərər hissəsində əsassız olduğundan rədd olunmalıdır.
c) Məhkəmə xərcləri ilə bağlı
73. İddiaçı həmçinin 400 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş edir.
74. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-01267 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 400 mediasiya xərci ödənmişdir.
75. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
76. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
77. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
78. Bundan başqa, elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən olunur ki, 50,40 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.
79. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
80. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
81. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
82. Məhkəmə hesab edir ki, hazırkı mübahisə məhkəməyə qədər həlli qaydalarının (pretenziyaya cavab verməmək, mediasiyada iştirak etməmək, bənzər hərəkətləri davam etdirmək) qaydalarının pozulması nəticəsində meydana gəldiyindən məhkəmə xərci kimi dövlət rüsumu işin nəticəsindən asılı olmayaraq cavabdehdən tutulmalıdır.
83. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50,40 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
84. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehnə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparatı aldı və aldandı! X8” başlıqlı videoçarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Həmin videoçarxda səsləndirilmiş “Məqsəd avadanlığın mənşəyini alıcıdan gizlədərək … alıcını özündən asılı vəziyyətə salmaq, dəfələrlə baha qiymətə ehtiyat hissələrini satmaqdır” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Youtube” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilsin. Cavabdehnə məxsus “Tiktok” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış videoçarx üzərinə qeyd edilmiş “40 000-ə xarab cihaz satıldı; Servis xidməti göstərilmədi” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilsin. Cavabdehnə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış “Lazer aparatı aldı və aldandı. X6” başlıqlı videoçarx çarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Cavabdehnə məxsus “Tiktok” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə yayımlanmış qısaldılmış videoçarx üzərində qeyd olunan “600 Vt gücünə sahib “WERTEX” cihazını 900 Vt deyib, aldadaraq satdılar; Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb; Cihazını qıraqdan idarə edərək, pul tələb etdilər” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilsin. Cavabdehnə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2024-cü il tarixdə paylaşılmış “Saxta reklamlar. Lazer epilyasiya cihazları haqda düzgün texniki məlumatlar” başlıqlı videoçarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Həmin videoçarxda səsləndirilmiş “Siz, “Az Estetik” kollektivi insanlara, alıcılarınıza, müştərilərinizə illərlə yalan danışmaqdan, onları aldatmaqdan doymadınız… “Az Estetik” şirkəti sizi aldadıb. “Az Estetik” şirkəti sizi aldatmağa davam edir… “FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar qurğuları Amerika istehsalı deyil”… “A 7 və A 8 cihazlarının bar sistemi Amerika istsehsalı deyil” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Youtube” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilsin. Cavabdehnə məxsus “Tiktok” platformasındakı hesabında xx.xx.2023 tarixdə paylaşılmış videoçarxın “rəylər” hissəsində yazılan “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına cavabdehə məxsus hesabdan “Nəinki etməyəndə, edəndə belə bağlayırlar. Əlavə pul əldə etmək üçün” cavab yazısındakı ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat 40 (qırx) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova