Məhkəmə qərarları › İş №e-2-2(113)-9788/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9788/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9788/2025 10.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 997,05 manat məbləğində pulun və 123 manat rüsumun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmış 1878/S-2022 nömrəli 23 iyun 2022-ci il tarixli müqavilə üzrə Cavabdeh öhdəliklərini icra etməmiş və xx.xx.2025-ci il tarixinə, İddiaçı MMC-yə 10997 manat 0 5 qəpik borcu yaranmışdır. Bununla əlaqədar olaraq cavabdehə elektron qaimələr və təhvil-təslim aktları əsasında mallar təhvil verilmişdir. Bu müqavilənin 2.2.2-ci bəndinə əsasən, cavabdeh İddiaçı MMCdən təhvil aldığı mal və materilların dəyərini satıcıya ödəm əli idi. İddia ərizəsi və pretenziya Cavabdeh Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sistemi və AzəriExpres vasitəsilə çatdırırlmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 389.1, 427.3, 442, 445, 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizələrində qeyd olunanları müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, cavabdeh tərəfindən ümumi borc üzrə 1000 manat məbləğə qədər ödəniş edilmiş, geri qalan məbləğ borc məbləği kimi tələb edilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “Unimac AZ“ MMC ilə Cavabdeh arasında imzalanmış 1878/S-2022 nömrəli 23 iyun 2022-ci il tarixli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti "Satıcı"nın anbarından "Alıcı" tərəfindən mal və avadanlıqların alınmasıdır. 2.2.2-ci bəndinə əsasən bu müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə alqı-satqısı həyata keçiriləcək malların haqqı "Satıcı”tərəfindən təqdim ediləcək ödəniş sənədləri və təhvil-qəbul sənədi əsasında 15 (on beş) təqvim günü ərzində “Alıcı” tərəfindən köçürmə yolu ilə "Satıcı”nın bank hesabına ödənilir. 2.2.3-cü bəndinə əsasən əgər Alıcı göstərilmiş müddət ərzində ödəniş etməzsə və ya satıcı malı göstərilən müddətdə təhvil verməzsə gecikdirilmiş hər gün üçün malların dəyərinin 0.1%-i həcmində cərimə ödəməlidir. 6.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və 2 (iki) il ərzində qüvvədədir. 13 iyun 2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 17 adda malların qiyməti ƏDV daxil 12000,01 manat razılaşdırılmışdır. Hər iki tərəfin imzaları və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş 13 iyun 2024-cü il tarixli təhvil-təslim aktına əsasən “Unimac AZ“ MMC tərəfindən Cavabdeh 12000,01 manat məbləğində mal təhvil verilmişdir. Təhvil verilmiş mallar üzrə ödəniş edilməsi üçün “Unimac AZ“ MMC tərəfindən Cavabdeh MT2406 seriyalı, 10688590 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 12 000,01 manat olan elektron qaimə-faktura göndərilmişdir. xx.xx.2025 -ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, 23 iyun 2022 -ci il tarixli 1878/S-2022 nömrəli müqaviləyə əsasən Cavabdeh tikinti materiallarının satışı həyata keçirilmişdir. xx.xx.2025-ci il tarixinə Cavabdeh cəmi borcu 10997,05 manat təşkil edir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, “Unimac AZ“ MMC tərəfindən 123 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı üzrə malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək aldığı malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (müqavilə, qiymət razılaşdırma protokolu, elektron qaimə, təhvil-təslim aktı) öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmiş, tələb edilən borcun ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə üzrə öhdəliklərini tam icra etmədiyini, yəni təhvil verilmiş malların dəyərindən 10997,05 manat pul məbləğini ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı malların qalan dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 10997,05 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 123 manat dövlət rüsumunn əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10997 (on min doqquz yüz doxsan yeddi) manat 05 (beş) qəpik pul vəsaiti, ödənilmiş 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar