Məhkəmə qərarları › İş №e-2-2(113)-981/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-981/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-981/2025 03.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş 23208,50 manat (iyirmi üç min iki yüz səkkiz manat əlli qəpik) pul qalığı və İddiaçı MMC-yə dəymiş 10250 (on min iki yüz əlli) manat zərər, vəkil xidmətinə xərclənmiş 5000 (beş min) manat və məhkəməyə xərclənmiş 210 (iki yüz on) manat dövlət rüsumu olmaqla, ümumilikdə 38668,50 manat (otuz səkkiz min altı yüz altmış səkkiz manat əlli qəpik) pul vəsaitinin İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixində bağlanmış SP-SNT-0724-2024 nömrəli müqavilənin şərtlərinə əsasən mal (yanacaq maddələri) almaq üçün iddiaçı tərəfindən Cavabdeh MMC-nin bank hesabına bank vasitəsi ilə köçürmə ilə xx.xx.2024-cü il tarixinə qədər ümumilikdə 110590 (yüz on min beş yüz doxsan) manat pul ödənilmişdir. Bu ümumi ödəmə qarşılığında Cavabdeh MMC tərəfindən qaimə və təhvil-qəbul aktları əsasında xx.xx.2024-cü il tarixədək ümumilikdə 70861,50 (yetmiş min səkkiz yüz altmış bir manat əlli qəpik) manat dəyərində mal verilmiş və xx.xx.2024-cü il tarixində 16520 (on altı min beş yüz iyirmi) manat geri ödəniş edilmişdir. Nəticədə İddiaçı MMC tərəfindən bank vasitəsi ilə ödənilmiş və qarşılığında nə geri alınmamış, nə də əvəzində yanacaq alınmamış 23208,50 (iyirmi üç min iki yüz səkkiz manat əlli qəpik) manat pul qalığı qalmışdır. xx.xx.2024-cü il tarixindən etibarən 5 (beş) iş günü keçməsinə baxmayaraq, (müqavilənin 4.7–ci bəndində göstərilən 2 (iki) iş günündən artıq olmamaqla malı təhvil vermə öhdəliyi yerinə yetirilməmişdir) nə mal almaq, nə də pulu geri almaq mümkün olmadığından, yanacaq almaqla bağlı çətinliklər yaşayaraq, xeyli sayda müştərilər itirmiş və imicinə ağır zərər dəyərək bugünkü gün hesablamaları ilə 10250 (on min iki yüz əlli) manat ziyana məruz qalmışdır. Qeyd edilir ki, müqavilənin 4.7-ci bəndində Cavabdeh MMC yerinə yetirmədiyi öhdəliklər səbəbindən yaranmış bütün maddi zərərə görə İddiaçı MMC qarşısında cavabdehlik götürmüşdür. Bununla əlaqədar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixində pretenziya məktubu və xx.xx.2024-cü il tarixində pretenziyaya əlavə məktubları göndərilmiş müraciətlərin olmasına baxmayaraq, heç bir nəticə hasil olunmamışdır.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

4. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, hüquqi yardım xərcinin hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə olunmuş, lakin 5000 manat hüquqi yardım xərci hələ ödənilməmişdir.

6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində Cavabdeh MMC ilə alıcı qismində İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixli, SP-SNT-0724-2024 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən olunmuş qaydada satıcı alıcıya ölkə daxilində istehsal olunan avtobenzin Aİ-92 və Dizel yanacağını satmağı, alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında məhsulun dəyərinin ödənilməsini və satıcıdan qəbul edilməsini öhdəsinə götürür; 2.2-ci bəndinə əsasən satıcı alıcı tərəfindən verilmiş yazılı sifarişə mütənasib olaraq alıcıya hesəb-faktura təqdim edir. Alıcı ödənişi təqdim edilmiş hesab-faktura əsasında əvvəlcədən ödəyir; 2.3-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında Alıcı bu Müqavilə ilə müəyyən edilmiş Məhsulun ümumi dəyərinin bir hissəsini və ya ümumim dəyəri bütövlükdə Satıcının hesabına avans olaraq köçürə bilər və Satıcı avans məbləğ üzrə aparılan hər bir satış əməliyyatına görə Alıcıya elektron qaimə faktura təqdim edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcının tələbatına uyğun olaraq ümumi dəyəri 920000 manat olan neft məhsulunun alqı-satqısı ilə bağlı razılığa gəlmişlər. Müqavilənin 4.2-ci bəndinə əsasən məhsulun alıcı tərəfindən qəbul edilməsi tərəflər arasında Təhvil-qəbul aktı (və ya) müvafıq qaimə ilə rəsmiləşdirilir. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən müqavilə xx.xx.2024-cü il tarixdən qüvvəyə minir və xx.xx.2024-cü il tarixədək qüvvədə qalır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən alıcının məhsulun satın alınması ilə bağlı alıcının yazılı sifarişinə əsasən satıcı tərəfindən təqdim edilmiş hesab-fakturaya uyğun müvafiq sənədin təqdim edildiyi gündən ən geci 5 iş günü ərzində ödənişi həyata keçirmək vəzifəsi vardır.

7. Cavabdeh MMC ilə alıcı qismində İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SP-SNT-0724-2024 nömrəli alqı-satqı müqaviləsi əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, A001 saylı malların təhvil-qəbul aktından müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ümumi dəyəri 35365,5 manat (ƏDV daxil) olan yanacaq təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. Cavabdeh MMC ilə alıcı qismində İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SP-SNT-0724-2024 nömrəli alqı-satqı müqaviləsi əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, A002 saylı malların təhvil-qəbul aktından müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ümumi dəyəri 35486,94 manat (ƏDV daxil) olan yanacaq təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. "xxxx" QSC tərəfindən tərtib və təsdiq edilən ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına 10590 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı kimi 07242024 nömrəli müqavilə göstərilmişdir.

10. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, OD2 saylı ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 14000 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi 07242024 saylı müqaviləyə əsasən malın təhvil alınmamasına görə məbləğin geri qaytarılması qeyd edilmişdir.

11. “AFB Bank” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 35904870 saylı ödəniş tapşırığından məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına 7451,78 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, SP-SNT-0724-2024 nömrəli alqı-satqı müqaviləsi əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 10905 saylı elektron-qaimə qeyd edilmişdir.

12. “AFB Bank” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 35906033 nömrəli ödəniş tapşırığından məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına 35000 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, SP-SNT-0724-2024 nömrəli alqı-satqı müqaviləsi üzrə malın dəyərinin ödənilməsi qeyd edilmişdir.

13. “AFB Bank” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 36038073 saylı ödəniş tapşırığından məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına 31958,22 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, SP-SNT-0724-2024 nömrəli alqı-satqı müqaviləsinə əsasən tərtib edilmiş MT2409 seriyalı, ******* nömrəli elektron qaimə qeyd edilmişdir.

14. “AFB Bank” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 35906033 nömrəli ödəniş tapşırığından məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına 35000 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, SP-SNT-0724-2024 nömrəli alqı-satqı müqaviləsi üzrə malın dəyərinin ödənilməsi qeyd edilmişdir.

15. “AFB Bank” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 36038001 nömrəli ödəniş tapşırığından məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına 7451,78 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, SP-SNT-0724-2024 nömrəli alqı-satqı müqaviləsinə əsasən tərtib edilmiş MT2409 seriyalı, ******* nömrəli elektron qaimə qeyd edilmişdir.

16. “AFB Bank” tərəfindən tərtib edilmiş ödəniş tapşırığından məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin bank hesabına 7548,22 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, SP-SNT-0724-2024 nömrəli alqısatqı müqaviləsi üzrə malın dəyərinin ödənilməsi qeyd edilmişdir.

17. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borcun 2 (iki) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

18. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziyaya 1 saylı, xx.xx.2024-cü il tarixli əlavənin məzmunundan müəyyən olunur ki, əvvəlki pretenziya məktubu ilə tələb edilmiş müddətdə borc ödənilmədiyindən məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 599.3-ci maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

21. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən yanacaq məhsullarının dəyərini əvvəlcədən satıcıya ödəmiş, lakin satıcı tərəfindən müqavilə ilə müəyyənləşdirilən məbləğdə məhsul alıcıya təhvil verilməmişdir.

22. Müqavilənin şərtlərinə əsasən satıcı alıcı tərəfindən verilmiş yazılı sifarişə mütənasib olaraq alıcıya hesab-faktura təqdim edir, alıcı ödənişi təqdim edilmiş hesabfaktura əsasında əvvəlcədən ödəyir.

23. İddiaçı bildirmişdir ki, xx.xx.2024-cü il tarixinə qədər ümumilikdə 110590 (yüz on min beş yüz doxsan) manat pul ödənilmişdir. Bu ümumi ödəmə qarşılığında Cavabdeh MMC tərəfindən qaimə və təhvil-qəbul aktları əsasında xx.xx.2024-cü il tarixədək ümumilikdə ƏDV daxil 70861,50 (yetmiş min səkkiz yüz altmış bir manat əlli qəpik) manat dəyərində mal verilmiş və xx.xx.2024-cü il tarixində ƏDV daxil 16520 (on altı min beş yüz iyirmi) manat geri ödəniş edilmişdir (müvafiq sübutlar təqdim edilmişdir).

24. Hazırkı halda iddiaçı ödənilmiş və qarşılığında nə geri qaytarılmamış, nə də əvəzində yanacaq alınmamış 23208,50 manat (110590-70861,50-16520=23208,50) pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı tərəfindən sübut qismində müvafiq sənədlər (müqavilə, malların təhvil-təslim aktları, ödəniş tapşırıqları) məhkəməyə təqdim olunmuşdur.

25. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, ödəniş məbləğini almış satıcının əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini lazımınca icra etmədiyini, nəticədə alıcının əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malik olmasını, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 23208,5 manat (iyirmi üç min iki yüz səkkiz manat əlli qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

26. İddia tələbinin digər hissəsini İddiaçı MMC-yə dəymiş 10250 manat zərərin iddiaçının xeyrinə tutulması təşkil edir.

27. Məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir. Belə ki, öhdəliyin icra edilməməsi nəticəsində iddiaçıya ziyan dəyməsi, müştərilərin itirilməsi halları və s.-lə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.

28. İddia tələbinin digər hissəsini vəkil xidmətinə xərclənmiş 5000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir.

29. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də təmin olunmamalıdır. Belə ki, həmin məbləğin ödənilməsi ilə bağlı sübut təqdim olunmamışdır. Bundan əlavə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək qeyd etmişdir ki, hüquqi yardım xərcinin hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə olunsa da, 5000 manat hüquqi yardım xərci hələ ödənilməmişdir. Ona görə də həmin məbləğ cavabdehdən tutula bilməz.

30. Eləcə də, iddiaçı ödənilmiş 210 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

31. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 132,05 manat (yüz otuz iki manat beş qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 23208,5 manat (iyirmi üç min iki yüz səkkiz manat əlli qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132,05 manat (yüz otuz iki manat beş qəpik) olmaqla, ümumilikdə 23340,55 manat (iyirmi üç min üç yüz qırx manat əlli beş qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar