Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9826/2025 24.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İilkin iddia üzrə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və s.” tələbinə dair ilkin, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı nəqliyyat vasitəsinin qaytarılması və s.” tələbi barədə qarşılıqlı iddiası üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında “MERSEDES BENZ S500” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək avtomobilin Cavabdeh MMC-nin adına olan qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı "xxxx" MMC cavabdeh İddiaçı qarşı ilkin iddia tələbinin rədd edilməsi, Cavabdeh MMC-nin mülkiyyətində olan 99-AA884 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz S-Class” markalı minik nəqliyyat vasitəsinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qanunsuz sahibliyindən məcburi qaydada alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC –yə verilməsi, 100 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC –yə ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı nəqliyyat vasitəsinin qaytarılması və s. tələbi barədə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Başqa ifadə ilə, əsas məqsədi mənfəət (gəlir) götürülməsi olmayan fəaliyyəti qanunvericiliyimiz sahibkarlıq fəaliyyəti, o cümlədən kommersiya fəaliyyəti kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sahibkarlıq fəaliyyətli ilə məşğul olan hüquqi şəxs olsa da, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Elektron-məhkəmə informasiya sistemindən, həmçinin e-taxes.gov.az saytından “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsindən axtarış edildikdə görünür ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi barədə VÖEN sahibi deyildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) həmin Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Qeyd olunmalıdır ki, sahibkarlıq fəaliyyəti sahəsində münasibətlər “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənmişdir. Qanunun sahibkarlıq subyektlərinin dairəsini müəyyən edən 3-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı da sahibkarlıqla məşğul ola bilər. Bu Qanunun 10-cu maddəsinə əsasən hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Vergi Məcəlləsinin 6.1.2-ci maddəsinin tələbinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq da vergi ödəyicisinin vəzifələri sırasındadır. Vergi ödəyicilərinin, o cümlədən fərdi sahibkarların vergi ödəyicisi qismində uçota (qeydiyyata) alınmasının məcburiliyi, bu prosedurun həyata keçirilməsi qaydası və müddətləri isə Vergi Məcəlləsinin 33.4 və 34-cü maddələrində müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarında qeyd olunmuşdur ki, hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır. Göründüyü kimi, cavabdeh İddiaçı sahibkar statusu olmadığından, onun tərəfindən və ona qarşı qaldırılacaq iddialara müvafiq ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı işin aidiyyəti üzrə Xəzər rayon məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Ona görə də, Məhkəmə hesab edir ki, hazırkı mübahisə aidiyyatı üzrə ümumi məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə qeyd edir ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş vergi məlumatlarından görünür ki, ilkin iddia üzrə Cavabdeh rəsmi qeydə alındığı yer AZ1044, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, bağ 1206-dır. Ona görə də Məhkəmə hesab edir ki, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 355-5.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və s.” tələbinə dair ilkin, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı nəqliyyat vasitəsinin qaytarılması və s. tələbi barədə qarşılıqlı iddiası üzrə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-9826/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9826/2025
24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver