Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-984/2024 21.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, borcun etirafı müqaviləsi, dəbbə pulu) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21666 manat əsas borcun və xx.xx.2024-cü ilə kimi hesablanmış 10833 manat peniyanın alınaraq Aqroqrup MMC-nə verilməsi, bundan əlavə Cavabdeh sonrakı gecikdirməyə görə də, gecikdirmənin hər günü üçün qalıq borca 0,1% peniya hesablanıb alınaraq Aqroqrup MMC-nə ödənilməsi barədə qətnamə qəbul etməyinizi xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh, müqavilə öhdəliyini pozaraq aldığı malların dəyərini ödəməməsi nəticəsində dəbbə pulu ilə birlikdə borclu qaldığı məbləğin alınaraq X3 Cəmiyyətinə verilməsi xahiş olunur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirdi ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehə satılan malların dəyəri ödənilməmişdir. Bundan sonra həmin borca dair tərəflər arasında borcun etirafı müqaviləsi bağlanmışdır və həmin müqavilədə borc məbləğinin 94267 manat olması təsdiq olunmuşdur. Həmin məbləğ hissələrə bolunərək xx.xx.2022-ci il trixinə kimi ödənilməli idi. Cavabdeh tərəfindən müəyyən gədən ödənişlər edilmişdir, lakin 21666 manat ödənilməmiş qalmışdır. Borcun etirafı müqaviləsində borcun ödənişinin gecikdirilməsinə görə 0,1% dəbbə pulunun hesablanması nəzərdə tutulmuşdur. Beləliklə, iddianın təmin olunmasını xahiş edir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil bildirmişdir ki, cavabdeh müqaviləyə imza etsə də, elə bir məhsul almadığını bildirir. Toxumun həmin həmcdə alınması Cavabdeh belə öz fəaliyyətinə uyğun olmamışdır. Gübrələr, mayalanma dərmanları alınmışdır, lakin hazırda iddiaçının iddia etdiyi məhsulları almamışdır.
5. Cavabdehə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. EBCE 493085 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 94266,31 manat məbləğində mallar təqdim edilmişdir.
9. İddiaçı MMC (Şirkət) ilə Cavabdeh (Sahibkar) arasında bağlanmış xx.xx.2022-ci il tarixli Borcun etirafı müqaviləsinə əsasən:
10. 1.1. Sahibkar etiraf edir ki, onun Şirkətə 94267 manat borcu vardır.
11. 1.2. Sahibkar və Şirkət təsdiq edirlər ki, borc Şirkət tərəfindən Sahibkara 2020- 2022-ci illərdə müxtəlif toxumların, gübrələrin və digər kənd məhsullarının satışı zamanı yaranmışdır.
12. 1.3. Sahibkar 94267 manat məbləğində olan borcu 24 dekabr 2022-ci ilədək Şirkətə qaytarmağı öhdəsinə götürür.
13. 2.1. Sahibkar aşağıdakı müddətlərdə və qaydada borcu Şirkətə qaytarmağı qeydşərtsiz olaraq öhdəsinə götürür: xx.xx.2022 – 35000 manat, xx.xx.2022 – 35000 manat, xx.xx.2022 – 94267 manat.
14. 3.2. Vaxtı keçmiş borc əmələ gəldikdə, Sahibakr Şirkətə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan hər gecikdirilmiş gün üçün vaxtı keçmiş borca 0,1%-lə hesablanan faizlər ödəməlidir.
15. Müqavilə Şirkətin imza və möhürü ilə və Sahibakrın imzası ilə təsdiq edilmişdir.
16. AccessBank QSC-nin Nərimanov filialının xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən Cavabdeh tərəfindən 493085 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən - 10.000 manat, xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən – 12000 manat və xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən isə 51000 manat ödənişlər edilmişdir.
17. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
20. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
22. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
23. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
24. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, tərəflər arasında nisyə alqısatqı münasibətləri yaranmış, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-c il tarixində cəmi 94266,31 manat məbləğində mallar satılmış, e-qaimə göndərilmiş və borcun hissə-hissə 2022-ci ilin sonuna kimi ödənilməsini nəzərdə tutan tərəflər arasında borcun etirafı müqaviləsi yazılı qaydada bağlanmışdır. Bundan sonra cavabdeh tərəfindən üç dəfə olmaqla EBCE 493085 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə istinadən cəmi 73000 manat ödəniş edilmişdir.
25. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – e-qaimə, borcun etirafı müqaviləsi, qismən ödəniş sənədləri ilə təstiq olunduğu üçün tələbin qismən təmin olunması üçün əsaslar mövcuddur.
26. İddiaçı tərəfindən 21666 manat məbləğində əsas borc tələb edilsə də, ödənilməyən borcun məbləği 21267 manat təşkil edir. Belə ki, 94267 manat (borc)– 73000 manat (ödəniş) = 21267 manat. Beləliklə, 21267 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
27. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış borcun etirafı müqaviləsinin müqaviləsinin 3.2-ci bəndinə əsasən hesablanmış 10833 manat penyanın cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
29. Məhkəmə hesab edir ki, cavabdehin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
31. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1063 manat məbləğində müəyyən edilməlidir.
32. Məhkəmə iddiaçının sonuncu tələbini - sonrakı gecikdirməyə görə də, gecikdirmənin hər günü üçün qalıq borca 0,1% peniya hesablanıb alınaraq Aqroqrup MMCnə ödənilməsi tələbini qeyri-müəyyən, ehtimallara (gələcək gecikmələr) əsaslanan olduğu üçün əsassız hesab edərək, bu hissədə tələbin təmin edilməməsi qənayətinə gəlir.
33. Beləliklə, iddia qismən təmin olunmalı, Cavabdeh 21267 manat əsas borc və 1063 manat dəbbə pulu tutularaq iddaçı İddiaçı MMC-yə ödənlməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 21267 manat əsas borc və 1063 manat dəbbə pulu, cəmi 22.330 manat (iyirmi iki min üç yüz otuz manat) tutularaq iddaçı İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova