Məhkəmə qərarları › İş №e-2-2(113)-9841/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9841/2025

09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9841/2025 09.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı LTD firmasının Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili X1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı LTD firmasının Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı LTD firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 8637,97 manat borcun və ödənilmiş 52.91 manat dövlət rüsumunun tutularaq "xxxx" LTD Firmasına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" LTD Firması ilə Cavabdeh MMC arasında 23 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən cavabdehin "xxxx" LTD Firmasından almış olduğu mallara görə 8637,97 (səkkiz min altı yüz otuz yeddi) manat 97 (doxsan yeddi) qəpik borcu yaranmışdır. İddiaçı "xxxx" LTD Firması tərəfindən Cavabdeh MMC-yə 2024-cü ilin aprel ayından 2025-ci ilin mart ayındək sonunadək xeyli məbləğdə malı əks etdirən elektron-qaimələr verilmiş və iddia ərizəsinə əlavə edilən malın təhvil verilməsinə dair qaimələr üzrə cavabdehin hazırda 8637,97 (səkkiz min altı yüz otuz yeddi) manat 97 (doxsan yeddi) qəpik borcu qalmışdır. 13 noyabr 2025-ci il tarixində cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilsə də yenə də borc ödənilməmişdir. AR Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin qeyd etmək istərdik ki, borcun ödənilməsi ilə bağlıcavabdehə pretenziya verilsədə ödəniş edilməmişdir.

3. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC -dən 8673,02 (səkkiz min altı yüz yetmiş üç manat iki qəpik ) manat borcun və ödənilmiş 52.91 (əlli iki manat doxsan bir qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" LTD Firmasına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Dəqiqləşmə barədə ərizə onunla əsaslandırlmışdır ki, işə məhkəmə başıxı zamanı məlum olmuşdur ki (“Bank Respublikadan verilmiş arayışa əsasən”), iddia ərizəsinə əlavə edilən eletron-qaimələrdən 3-ü üzrə cavabdeh ödəniş aparmışdır. Halbuki, hazırda iddia ərizəsinə əlavə edilən 3 elektron-qaimə üzrə də cavabdeh tərəfindən ödənişin aparılmamışdır. Əvvəlki elektron-qaimələr səhvən iddia ərizəsinə əlavə edildiyindən hazırda iddia ərizəsinə əlavə edilən və cavabdeh tərəfindən ödəniş aparılmayan elektron-qaimələr üzrə cavabdehin ümumilikdə 8673,02 manat borcu qalmışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı LTD firması ilə Cavabdeh MMC arasında bağlanmış 23 dekabr 2023-cü il tarixli Müqaviləyə əsasən:

10. Müqavilənin 1.1-ci bəndinə əsasən Bu müqaviləyə görə “Satıcı” bu müqavilənin 1.2. bəndində göstərilən məhsulu (bundan sonra “mal” adlanacaq) “Alıcı” ya satmağı, “Alıcı” isə malı qəbul edib e-qaimədə göstərilən qiymətini “Satıcı”ya ödəməyi öhdəsinə götürür.

11. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə“Satıcı” mal tədarük etməyi, «Alıcı» isə həmin malı almağı öz öhdələrinə götürürlər.

12. Müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə üzrə “Satıcı”nm “Alıcı” ya satdığı malın keyfiyyəti, keyfiyyət göstəricilərini təsdiq edən sənədlərin şərtlərinə uyğun olmalıdır.

13. Müqavilənin 1.4-cü bəndinə əsasən satıcı tərəfindən Məhsulun satışının artırılması və tanınması istiqamətində aparılacaq ticarət-marketinq tədbirləri əlavə razılaşmalar ilə tənzimlənəcəkdir.

14. Müqavilənin 2.1-ci bəndinə əsasən “Satıcı”nın hüquqları:

15. Müqavilənin 2.1.1-ci bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü öhtəlikləri vaxtında və lazimi qaydada icra olunmasını və pozulmasına yol verilməməsini “Alıcı”dan tələb edir.

16. Müqavilənin 2.1.2-ci bəndinə əsasən satıcı alıcıdan məhsulun dəyərini Qiymət Təklifində müəyyən edilmiş qiymətlərlə ödənilməsini tələb edir, ödənişləri qəbul edir;

17. Müqavilənin 2.2-ci bəndinə əsasən “Satıcı”-nın vəzifələri:

18. Müqavilənin 2.1.1-ci bəndinə əsasən 1.2. bəndi ilə müəyyən olunan malı qaiməfaktura əsasında “Alıcı” ya təhvil verməyi;

19. Müqavilənin 2.3-cü bəndinə əsasən “Alıcı”-nın hüquqları:

20. Müqavilənin 2.3.1-ci bəndinə əsasən qüsurlu məhsullarla bağlı hallar istisna olmaqla, Məhsulu təhvil-təslim zamanı qəbul etmək, Məhsulun dəyərini Qiymət Təklifində müəyyən edilmiş qiymətlərlə ödəmək;

21. Müqavilənin 2.4-cü bəndinə əsasən “Alıcı”- nın vəzifələri:

22. Müqavilənin 2.4.1-ci bəndinə əsasən müqavilənin 1.2.bəndində göstərilən malı 2.2.1. bəndi ilə müəyyən olunmuş qaydada “Satıcı”dan qəbul edir.

23. Müqavilənin 2.4.2-ci bəndinə əsasən “Satıcı”dan qəbul etdiyi malın 3.1. bəndi ilə müəyyən olunmuş qiymətini 3.3. bəndində göstərilən müddətdə və qaydada ödəyir.

24. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin dəyəri Alıcının sifarişlərinin cəmi əsasında müəyyənləşdirilir və Satıcının Alıcıya ünvanladığı Qiymət Təklifində müəyyən olunan qiymətlərə əsasən razılaşdırılır. Alıcının qiymətlərlə razılaşmadığı təqdirdə Qiymət Təklifinin göndərildiyi gündən 10 (on) gün ərzində etiraz verə bilər. Əksi-təqdirdə qiymətlər qarşılıqlı razılaşdırılmış hesab edilir.

25. Müqavilənin 3.2-ci bəndinə əsasən məhsulun maya dəyərinin dəyişməsi və makroiqtisadi (milli valyutanın xarici valyutaya münasibətdə dəyər itirməsi - devalvasiya və s) amillər səbəbi ilə, Qiymət Təklifındəki qiymətlərdə dəyişikliklər baş verərsə, bu halda Satıcı Alıcını 10 (on) gün əvvəlcədən xəbərdar etməklə qiymətlərə birtərəfli qaydada dəyişiklik edə bilər.

26. Müqavilənin 3.3-cü bəndinə əsasən “Alıcı” hər sifariş üzrə təhvil aldığı hesab fakturanın dəyərini malı təhvil aldığı gündən 30 iş günü Müddətində “Satıcı”ya ödəyir.

27. 23.04.2024-cü il tarixli Malların təhvil-qəbul aktına əsasən 400,61 manat məbləğində, xx.xx.2024-cü il tarixli Malların təhvil-qəbul aktına əsasən 993,15 manat məbləğində, xx.xx.2024-cü il tarixli Malların təhvil-qəbul aktına əsasən 492,75 manat məbləğində, xx.xx.2024-cü il tarixli Malların təhvil-qəbul aktına əsasən 911,25 manat məbləğində, xx.xx.2024-cü il tarixli Malların təhvil-qəbul aktına əsasən 265,06 manat məbləğində, xx.xx.2024-cü il tarixli Malların təhvil-qəbul aktına əsasən 1035,65 manat məbləğində, xx.xx.2024-cü il tarixli Malların təhvil-qəbul aktına əsasən 430,68 manat məbləğində, xx.xx.2024-cü il tarixli Malların təhvil-qəbul aktına əsasən 843,07 manat məbləğində, xx.xx.2024-cü il tarixli Malların təhvil-qəbul aktına əsasən 876,38 manat məbləğində, xx.xx.2024-cü il tarixli Malların təhvil-qəbul aktına əsasən 95,75 manat məbləğində, xx.xx.2024-cü il tarixli Malların təhvil-qəbul aktına əsasən 1236,82 manat məbləğində, xx.xx.2024-cü il tarixli Malların təhvil-qəbul aktına əsasən 931,075 manat məbləğində, xx.xx.2025-ci il tarixli Malların təhvil-qəbul aktına əsasən 383,50 manat məbləğində, xx.xx.2025-ci il tarixli Malların təhvil-qəbul aktına əsasən 103,70 manat məbləğində, xx.xx.2025-ci il tarixli Malların təhvil-qəbul aktına əsasən 311,75 manat məbləğində, xx.xx.2025-ci il tarixli Malların təhvil-qəbul aktına əsasən 89 manat məbləğində, xx.xx.2025-ci il tarixli Malların təhvil-qəbul aktına əsasən 107,70 manat məbləğində, xx.xx.2025-ci il tarixli Malların təhvil-qəbul aktına əsasən 234,92 manat məbləğində, xx.xx.2025-cı il tarixli Malların təhvil-qəbul aktına əsasən 51,55 manat məbləğində, xx.xx.2025-ci il tarixli Malların təhvil-qəbul aktına əsasən 44,60 manat məbləğində, xx.xx.2025-ci il tarixli Malların təhvil-qəbul aktına əsasən 282 manat məbləğində, xx.xx.2025-ci il tarixli Malların təhvil-qəbul aktına əsasən 39,90 manat məbləğində, xx.xx.2025-ci il tarixli Malların təhvil-qəbul aktına əsasən 481,07 manat məbləğində, xx.xx.2025-ci il tarixli Malların təhvil-qəbul aktına əsasən 94,65 manat məbləğində, xx.xx.2025-ci il tarixli Malların təhvil-qəbul aktına əsasən 187,05 manat məbləğində mallar İddiaçı LTD firması tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

28. İddiaçı tərəfindən cavabdehə satılmış mallara dair (təhvil-təslim aktlarına əsasən) e-qaimələr göndərilmiş və həmin qaimələr üzrə 8673,02 manat ödəniş edilməmişdir.

29. Hesabdan çıxarışa əsasən Cavabdeh MMC tərəfindən İddiaçı LTD firmasının hesabına təyinatı e-qaimə göstərilməklə ödənişlər edilmişdir.

30. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışına əsasən "xxxx" ASC-nin 11 Dekabr 2025-ci il tarixli 2373 nömrəli arayışına və “ M and T ” LTD FİRMASİ-nın uçot məlumatlarına əsasən həmin elektron qaimələrin dəyəri ümumilikdə 8673,02 manat "xxxx" MMC tərəfindən ödənilməmişdir.

31. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

33. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

34. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

35. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

36. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

37. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

38. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

39. Göründüyü kimi tərəflər arasında bağlanmış 23 dekabr 2023-cü il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən Bu müqaviləyə görə “Satıcı” bu müqavilənin 1.2. bəndində göstərilən məhsulu “Alıcı” ya satmağı, “Alıcı” isə malı qəbul edib e-qaimədə göstərilən qiymətini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə “Satıcı” mal tədarük etməyi, «Alıcı» isə həmin malı almağı öz öhdələrinə götürürlər. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 8673,02 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin EMİS-də e-kabinetinin olmasına baxmayaraq heç bir məhkəmə iclaslarında iştirak etməmiş, nə də ki, iddia tələbinə dair hər-hansı yazılı etirazını bildirməmişdir.

40. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktları, e-qaimələr, təyinatı bilavasitə e-qaimə göstərilməklə qismən ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 8673,02 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

41. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 8673,02 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 8673,02 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

42. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 106,38 manat dövlət rüsumu ödənilmişdir.

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq 106,38 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 8673,02 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 106,38 manat tutularaq İddiaçı LTD firmasına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar