Məhkəmə qərarları › İş №e-2-2(113)-9842/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9842/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9842/2025 28.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "X2" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "X2" MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsibarədə ərizə ilə məhkəməyə müraciət edərək, “X3” MMC-dən ödənilməmiş 65.049,14 manat əsas borcun, 9273,53 manat məbləğində ƏDV borcunun, 3.716,13 manat gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin, hüquqi xidmətə görə ödənilmiş 320 manat xidmət haqqının və 363 manat dövlət rüsumunun, ümumilikdə 78.721,80 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "X3” MMC ilə İddiaçı arasında bağlanmış alqısatqı müqaviləsi üzrə Satıcı İddiaçı qeyd olunan Müqavilədə göstərilən malları Alıcı Cavabdeh MMC təhvil-təslim aktları ilə qəbul etmiş, lakin dəyərini müqavilə şərtlərinə uyğun ödəməyi öz öhdəsinə götürməsinə baxmayaraq, hal-hazıradək malların dəyəri Satıcıya ödənilməmişdir. Belə ki, Satıcı İddiaçı Alıcı Cavabdeh MMC-nə xx.xx.2025-ci il tarixində ƏDV daxil 27 293,00 (iyirmi yeddi min iki yüz doxsan üç) manat məbləğində, xx.xx.2025-ci il tarixində ƏDV daxil 73 333,00 (yetmiş üç min üç yüz otuz üç) manat məbləğində və xx.xx.2025-ci il tarixində ƏDV daxil 34 460,00 (otuz dörd min död yz altmış) manat məbləğində elektron qaimələrin Alıcıya təqdim edilməsinə baxmayaraq, xx.xx.2025-ci il tarixində təqdim edilmiş elektron qaimə üzrə qismən ƏDV daxil 13 530,00 (on üç min beş yüz otuz) manat ödənilmiş, xx.xx.2025-ci il tarixində təqdim edilmiş elektron qaimə üzrə qismən ƏDV daxil 49 933,00 (qırx doqquz min doqquz yüz otuz üç) manat ödənilmiş, xx.xx.2025-ci il tarixində ƏDV daxil 34 460,00 (otuz dörd min dörd yüzaltmış) manat məbləğlərində elektron qaimənin dəyəri isə heç ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X4 iddia ərizəsinə etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya).

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2024-cü il tarixli 02 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.

11. Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcıya malları satır, alıcı isə həmin malı qəbul edir və müqavilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.

12. Müqavilənin 4.2-ci bəndinə əsasən satıcı alınan mala görə alıcıya təhvil-təslim aktı təqdim edir, alıcı isə təhvil-təslim olduqdan sonra ödənişi həyata keçirir.

9. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. Qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.

11. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

12. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.

13. İş materiallarından görünür ki, tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 1 saylı təhvil-qəbul aktı ilə 8.700 manat, xx.xx.2025-ci il tarixli 1 saylı təhvil qəbul aktı ilə 27.293 manat, xx.xx.2025-ci il tarixli 2 saylı təhvil-qəbul aktı ilə 73.533 manat, xx.xx.2025-ci il tarixli 3 saylı təhvil-qəbul aktı ilə 34.460 manat məbləğində malları satıcı müqavilə üzrə müəyyən olunmuş qaydada və şərtlərlə təhvil vermiş, alıcı isə malları qəbul etmişdir.

14. Bundan başqa iddiaçı tərəfindən cavabdehə MT2411 12346247 saylı, xx.xx.2024-cü il tarixli dəyəri 8.700 manat, MT2501 11890085 saylı, xx.xx.2025-ci il tarixli dəyəri 27.293 manat, MT2505 11124479 saylı xx.xx.2025-ci il tarixli dəyəri 73.533 manat, MT2506 11151933 saylı xx.xx.2025-ci il tarixli dəyəri 34.460 manat məbləğində olan elektron qaimələr göndərilmişdir.

15. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli üzləşmə aktı ilə tərəflər Cavabdeh MMC-nin İddiaçı 83.132 ƏDV daxil qalıq borcunun olduğunu öz imza və möhürü ilə təsdiq etmişlər.

16. Hazırda iddiaçı cavabdehin 65.049,14 manat əsas və 9.273,53 manat ƏDV borcu olmaqla, 74.322,67 manat məbləğində borcunun qaldığını bildirərək, cavabdehdən tutulmasını xahiş edir.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı tərəfindən istinad olunan malların verildiyini, ancaq verilən malların bir qisminin qüsurlu olduğunu bildirmişdir.

18. Bu xüsusda Məhkəmə qeyd edir ki, malların verilməsi və iddiada tələb edilən məbləğdə əsas və ƏDV məbləğinin ödənilməməsi də, işin müəyyən olunmuş halıdır.

19. Hazırda cavabdehin mübahisələndirdiyi məqam ancaq verilmiş malların qüsurlu olmasıdır.

20. Tərəflər arasında bağlanmış müqavilədən və təhvil-təslim aktlarından görünür ki, müqavilənin predmetini müxtəlif növ nərdivanlar təşkil etmişdir.

21. İş materiallarından da, göründüyü kimi, nərdivanların axırıncı partiyası xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

22. Məhkəmə iclasında cavabdeh tərəfdən malların qüsurlu olması barədə iddiaçıya hər hansı bir məlumatın verilib-verilməməsi soruşulmuş, cavabdeh tərəf isə bu barədə iddiaçıya hər hansı bir rəsmi məlumatın verilmədiyini bildirmişdir.

23. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə nəzərdə tutulmuş əşyalar verilərkən qüsurlardan azad olmuşlar. Belə ki, bununla bağlı cavabdeh tərəfindən iddiaçıya ümumiyyətlə hər hansı bir irad bildirilməmiş və cavabdeh tərəf də, həmin əşyaların keyfiyyətsiz (qüsurlu) olması barədə hər hansı bir sübutu təqdim edə bilməmişdir.

24. Həmçinin də, o da, nəzərə alınmalıdır ki, müqavilənin predmeti müxtəlif növ nərdivanlar olmuş və qeyd edilmiş nərdivanlar da, ayrı-ayrı vaxtlarda cavabdehə təhvil verilmişdir. Belə olan halda da, iddiaçı tərəfindən cavabdehə nərdivanlar təhvil verilərkən əgər onlarda qüsurlar var idisə, bu qüsurlar təhvil zamanı yəni, dərhal baxış zamanı və yaxud ən azından ağlabatan bir müddət ərzində müəyyən edilə bilərdi.

25. İndiki halda, isə malların təhvil verilməsindən kifayət qədər uzun müddət keçdikdən sonra cavabdehin ancaq Məhkəmədə malların qüsurlu olması barədə dəlili inandırıcı olmamaqla, əsaslı da, deyildir.

26. Bundan başqa da, ən əsası cavabdeh tərəf, məhz hansı sayda, hansı növdə olan nərdivanlarda hansı qüsurların olmasını belə bildirməmiş, bu barədə sübut təqdim etməmiş, ancaq ümumi qüsurların olduğunu qeyd etmişdir.

27. O da, qeyd edilməlidir ki, mallar təhvil alınarkən və hətta təhvil alındıqdan kifayət qədər uzun müddət sonra belə, cavabdeh tərəfindən iddiaçıya hər hansı bir iradın bildirilməməsi, o nəticəyə gəlmək üçün əsas verir ki, iddiaçı tərəfindən mallar cavabdehə təhvil verilərkən qüsurlardan azad olmuş və sonradan qeyd edilmiş nərdivanlarda qüsurlar yaranmış olsa da belə, qeyd edilmiş qüsurlar, iddiaçının deyil, cavabdehin hərəkətləri (saxlanması, daşınması və s.) nəticəsində yaranmışdır.

28. Ona görə də, Məhkəmə hesab edir ki, 65.049,14 manat əsas və 9.273,53 manat ƏDV borcu olmaqla, 74.322,67 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 3.716,13 manat tələb edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.

30. İddiaçı tərəfindən son elektron qaimənin 2025-ci ilin iyun ayında göndərildiyini və iddia ərizəsinin xx.xx.2025-ci il tarixdə yəni 5 ay sonra verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 1.355,19 (65.049,14x5/100=3.252,457 (1 il üçün), 3.252,457/12=271,038 (1 ay üçün) 271,038x5=1.355,19 (5 ay üçün)) manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

31. Məhkəmə hesab edir ki, iddianın 320 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində iddia təmin edilməlidir.

32. Belə ki, iş materiallarından aydın olur ki, İddiaçı hüquqi yardımın göstərilməsi ilə bağlı Praym Leqal Vəkil Bürosunun vəkili Nümayəndə xx.xx.2026-cı il tarixli order verilmiş, xx.xx.2026-cı il tarixdə 320 manat məbləğində pul Praym Leqal Vəkil Bürosunun hesabına köçürülmüşdür.

33. Məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 317 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

34. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

Nəticə:

20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli 02 saylı müqaviləyə əsasən əsas borc üzrə 65.049 (altmış beş min qırx doqquz) manat 14 (on dörd) qəpik, ƏDV borcu üzrə 9.273 (doqquz min iki yüz yetmiş üç) manat 53 (əlli üç) qəpik olmaqla, 74.322 (yetmiş dörd min üç yüz iyirmi iki) manat 67 (altmış yeddi) qəpik məbləğində pul “X2" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 1.355 (bir min üç yüz əlli beş) manat 19 (on doqquz) qəpik məbləğində pul “X2" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Hüquqi yardım göstərilməsi üçün vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul “X2" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 317 (üç yüz on yeddi) manat məbləğində pul “X2" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar