Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-985/2021 06.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X7 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı xx xxxxxx 2017-ci il borc müqaviləsinə uyğun olaraq 176.000 manat əsas borcun və 1.531.200 manat cərimənin, xx xxxxxx 2018-ci il tarixli müqavilə və xx xxxx 2018-ci il tarixli Təhvil-təslim aktlarına əsasən 520.000 ABŞ dolları və 1.000.000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı xx xxxxxx 2017-ci il borc müqaviləsinə uyğun olaraq 176.000 manat əsas borcun və 1.531.200 manat cərimənin, xx xxxxxx 2018-ci il tarixli müqavilə və xx xxxx 2018-ci il tarixli Təhvil-təslim aktlarına əsasən 520.000 ABŞ dolları və 1.000.000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Amerika Telekomunikasiya şirkətinin Azərbaycandakı filialı olan İddiaçı MMC artıq 20 ildir ki, informasiya kommunikasiya texnologiyaları üzrə Bakı şəhəri və regionlarda investisiya qoymaqla fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin “6” dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair X8 nəzərdə tutulmuşdur ki, Bakı şəhəri və regionlarında fiber-optik kabellərin çəkilişi sürətləndiriliməlidir. Bu məqsədlə, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixində 4 əməkdaşlıq müqaviləsi imzalanmış, bu müqavilələrlə “Şuraabad dörd fəsil hotel kompleksi”, “Göygöl Nişasta zavodu”, “X3” və “Göygöl hotel kompleksinin tikintisi” layihələri üzrə fiber optik kabel xəttinin layihələndirilməsi işi cavabdeh tərəfindən iddiaçıya həvalə edilmişdir. Müqavilələrin ümumi dəyəri ƏDV xaric 520.000,00 ABŞ dolları həcmindədir. İddiaçı tərəfindən hər dörd layihə üzrə işlər yüksək səviyyədə icra olunaraq cavabdehə təhvil verilmiş və xx xxxx 2018-ci ildə tərəflər arasında Təhvil-Təslim aktı imzalanmış və işlərin keyfiyyəti təsdiqlənmişdir. Lakin artıq 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ödənişin həyata keçirilməsi uzadılır. Cavabdehin direktoru İranə Talışxanova tərəfindən iddiaçıya xx xxxxxx 2018-ci il və xx xxxxxx 2018-ci il tarixlərində rəsmi müraciət yazılaraq layihələrin xaricdən maliyyələşdirildikləri üçün maliyyələşmə mənbələrində müəyyən gecikmələrin baş verməsi üzündən ödəmələrdə gecikmələr yarandığı, lakin maliyyə yatırımçıları ilə aktiv danışıqların davam etdirildiyi və qısa zamanda iddiaçıya müvafiq ödənişlərin olunacağı bildirilmişdir. Cavabdehin Tikinti məsələləri üzrə direktor müavini Emil Əliquliyev xx.xx.2019-cu il tarixində göndərdiyi məktubda tərəflər arasındakı müqavilənin və təhvil-təslim aktlarının qüvvədə olduğunu, borcdan qismən ödəniş kimi 140.000 ABŞ dollarının 2020-ci il aprel ayında ödəniləcəyini və biznes münasibətlərinin davamlı olması niyyəti ilə 10.000 ABŞ dollarının xx.xx.2019-cu ilə qədər iddiaçıya ödəyəcəklərini bildirmişdir. Cavabdeh aradan 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələrlə iddiaçıya olan borcun ödənilməsini təxirə salır və bu hal şirkətə çox ciddi şəkildə maddi ziyan vurur. Cavabdehin rəhbərliyi xx xxxxxx 2017-ci il tarixində layihələrin startı üçün dəstək olaraq iddiaçıdan tərəfdaş kimi 176.000 manat məbləğində pul vəsaiti almış və bu tərəflər arasında borc müqaviləsi ilə təsdiqlənmişdir. Müqaviləyə əsasən Borc alan borcu xx xxxx 2018-ci il tarixindən gec olmayaraq iddiaçıya geri ödəməli və xx xxxx 2018-ci il tarixinə qədər borc ödənilmədikdə hər gecikdirilən gün üçün 0.01% məbləğində cərimə ödəməli idi. İddiaçı tərəfindən təsbit edilmişdir ki, həmin məbləğ cavabdehin əməkdaşı X2 tərəfindən iddiaçıya ödənilmək adı ilə özünü guya iddiaçının əməkdaşı olaraq təqdim edən Şahin Məmmədova təhvil verilmiş və tərəflər arasında təhvil-təslim aktı ilə təsdiqlənmişdir, əslində isə cavabdehin əməkdaşı Rəşad Cəfərov tərəfindən mənimsənilmiş və iddiaçıya hər hansı məbləğ ödənilməmişdir. xx xxxxx 2019-cu ildə cavabdehin əməkdaşı X2 ilə “təsbit aktı” imzalanmış və həmin aktda borcun həqiqətən də iddiaçıya ödənilmədiyi və həmin məbləğin X4 iddiaçıya ödənilmək şərtilə təhvil verildiyi təsbit olunmuşdur. Dəfələrlə aparılmış şifahi danışıqlar və yazılı müraciətlər təəssüf ki, nəticəsiz qalmış, 100% xarici investisiyalı şirkət olaraq iddiaçının biznes planları alt-üst olmuşdur. Cavabdehin rəhbəri İranə Talışxanova və əməkdaşları Rəşad Cəfərov və Emil Əliquliyevin əməlləri nəticəsində iddiaçıya külli miqdarda ziyan dəymiş və səhmdarlar qarşısında iddiaçıya qarşı əsaslı narazılıqlar yaranmışdır. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRMA HİSSƏSİ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, cavabdeh müqavilə üzrə razılaşdırılmış iş və xidmətləri iddiaçıya təqdim etməyi, iddiaçı isə iş və xidmətləri icraatına qəbul edərək, hər bir əqd üzrə razılaşdırılmış iş və xidmətləri yerinə yetirməyi öhdələrinə götürmüşlər. İddiaçı ilə cavabdeh arasında bağlanmış GSK-004 saylı, DF-002 saylı, NFB-001 saylı və GO-003 saylı xidmət müqavilələrindən görünür ki, iddiaçı müvafiq olaraq “Şuraabad dörd fəsil hotel kompleksi”, “Göygöl Nişasta zavodu”, “X3” və “Göygöl hotel kompleksinin tikintisi” layihələri üzrə fiber optik kabel xəttinin layihələndirilməsi xidmətini həyata keçirməyi, cavabdeh isə ümumilikdə 510000 ABŞ dolları məbləğində xidmətin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. xx xxxx 2018-ci il tarixli 4 ədəd Təhvil-təslim aktlarının surətlərindən görünür ki, iddiaçı tərəfindən layihələndirmə işləri üzrə göstərilmiş xidmətlər cavabdeh tərəfindən qəbul edilmiş və cavabdeh iddiaçıya ümumilikdə 540000 ABŞ dolları xidmət haqqı ödəyəcəkdir. xx.xx.2019-cu il tarixli Təsbit aktının surətindən görünür ki, xx xxxxxx 2017-ci il tarixdə iddiaçı ilə X2 arasında bağlanmış borc müqaviləsi üzrə X2 176000 manat miqdarında iddiaçıya geri ödənəcək borc məbləğini tam olaraq xx.xx.2019-cu il tarixdə X4 təqdim etmişdir ki, sonuncu borc məbləğini iddiaçıya təqdim etsin. Halbuki, X6 176000 manat miqdarında X2 tərəfindən ödənilmiş borc məbləğini hal-hazıradək iddiaçıya geri ödəməmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2018-ci il və xx xxxxxx 2018ci il tarixli məktublardan görünür ki, cavabdeh tərəfindən qısa zamanda iddiaçıya müvafiq ödənişlərin olunacağı bildirilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2017-ci il tarixli müqavilə bağlanmış və müqaviləyə əsasən cavabdeh müqavilə üzrə razılaşdırılmış iş və xidmətləri iddiaçıya təqdim etməyi, iddiaçı isə iş və xidmətləri icraatına qəbul edərək, hər bir əqd üzrə razılaşdırılmış iş və xidmətləri yerinə yetirməyi öhdələrinə götürmüşlər. Sonra iddiaçı ilə cavabdeh arasında GSK-004 saylı, DF-002 saylı, NFB-001 saylı və GO-003 saylı xidmət müqavilələri bağlanmış və müqavilələrə əsasən iddiaçı müvafiq olaraq “Şuraabad dörd fəsil hotel kompleksi”, “Göygöl Nişasta zavodu”, “X3” və “Göygöl hotel kompleksinin tikintisi” layihələri üzrə fiber optik kabel xəttinin layihələndirilməsi xidmətini həyata keçirməyi, cavabdeh isə ümumilikdə 510000 ABŞ dolları məbləğində xidmətin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən layihələndirmə işləri üzrə göstərilmiş xidmətlər cavabdeh tərəfindən qəbul edilmiş və cavabdeh iddiaçıya ümumilikdə 540000 ABŞ dolları xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2017-ci il tarixli borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdehə 176000 manat borc verməyi, cavabdeh isə borcu qaytarmağı öhdələrinə götürmüşlər. Lakin cavabdeh müqavilələr üzrə götürdüyü öhdəliylərini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, görülmüş işləri cavabdehə təhvil vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, xx xxxxxx 2018-ci il tarixli müqavilələr və xx xxxx 2018-ci il tarixli Təhviltəslim aktlarına əsasən 520.000 ABŞ dolları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Borc müqaviləsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən borc müqaviləsi ilə cavabdehə verilmiş 176.000 manat məbləğində borc iş materialları ilə təsdiq olunduğundan iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb iddiaçı ilə cavabdeh arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. Belə ki, müqaviləyə əsasən cavabdeh borc ödənilmədikdə hər gecikdirilən gün üçün 0.01% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 1.531.200 manat dəbbə pulu məbləği yaranmış 176.000 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 8000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Məhkəmə iddia tələbinin əldən çıxmış faydanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddia ərizəsində əldən çıxmış faydanın 1.000.000 ABŞ dolları məbləğində olması qeyd edilsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2017-ci il borc müqaviləsinə uyğun olaraq 176.000 manat əsas borc və 8000 manat cərimə, xx xxxxxx 2018-ci il tarixli müqavilə və xx xxxx 2018-ci il tarixli Təhvil-təslim aktlarına əsasən 520.000 ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 24,88 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 7,46 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 22,54 manat məbləği isə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxx 2017-ci il borc müqaviləsinə uyğun olaraq 176.000 manat əsas borc və 8000 manat cərimə, xx xxxxxx 2018-ci il tarixli müqavilə və xx xxxx 2018-ci il tarixli Təhviltəslim aktlarına əsasən 520.000 ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 7,46 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 22,54 manat məbləği isə İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-985/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-985/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver