Məhkəmə qərarları › İş №e-2-2(113)-9953/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9953/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9953/2025 17.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, qanuni faiz) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 7576,63 manat ƏDV daxil 49669 manat, əsas borca illik 5 faizlə hesablanmış 2483,45 manat məbləğində pulun və ödənilmiş 248 manat dövlət rüsumunun, 320 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı Bakı şəhərində abadlıq fəaliyyət növü ilə məşğul olan şirkətdir. Uzun müddətdir ki, iddiaçı ictimai əsaslarda Bakı və Bakı ətrafında abadlaşdırma xidmətləri göstərir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə iddiaçıdan qeyd olunan müqavilədə göstərilən malları cavabdeh təhviltəslim aktları ilə qəbul etmiş, lakin dəyərini müqavilə şərtlərinə uyğun ödəməyi öz öhdəsinə götürməsinə baxmayaraq, hal-hazıradək ödəməmişdir. Belə ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixində ƏDV daxil 23603,50 manat, xx.xx.2024-cü il tarixində ƏDV daxil 28425,50 manat dəyərində elektron qaimələri təqdim etmiş, təqdim edilmiş xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə qismən – cəmi ƏDV daxil 2 360 manat ödənilmiş, qalıq ƏDV daxil 26065,50 manat hal-hazıradək ödənilməmişdir. Hazırda ƏDV daxil 49669 manat dəyərində malların qalıq dəyəri müqavilənin 2.2-ci bəndinə zidd olaraq ödənməmişdir. Alqı-satqı müqaviləsinin 2.2-ci bəndinə əsasən alıcı müqavilə məbləğinin 100 %-ni müqavilə şərtlərinə əsasən mal-materialların müvafiq e-qaimə əsasında alıcıya təhvil verilməsindən etibarən 3 bank günü ərzində satıcıya nağd və ya köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürür. Həmçinin müqavilənin 4.2.2-ci bəndinə əsasən alıcı bu müqavilə üzrə mal-materialların keyfiyyətini yoxladıqdan sonra onların dəyərini müqavilədə və elektron qaimədə göstərilən müddətdə və məbləğdə satıcıya ödəməlidir. Ən gec xx.xx.2024-cü il tarixindən müqavilə üzrə tam öhdəlik icra edilməli idi. İddiadan da göründüyü kimi, cavabdeh tam 1 ildir ki, MT2408 11182447 saylı, MT2409 10440319 saylı elektron qaimə-fakturalar üzrə qalıq ƏDV daxil 49669 manat pul öhdəliyini icra etmir. Belə olan təqdirdə gecikdirilmiş vaxta uyğun iddia predmetini təşkil edən pul tələbi miqdarının 5 %-i, yəni 2483,45 manat məbləğində gecikdirilmiş vaxt üçün cavabdeh iddiaçıya əlavə ödəniş etməlidir. Eyni zamanda iddia tələbi üçün ödənilən 248 manat dövlət rüsumunun cavabdehdən alınması məqsədə uyğundur.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 430, 442, 445.7-ci maddələri göstərilmişdir.

4. Cavabdeh iddiaya etiraz təqdim edərək, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMCyə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir.

5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında 01 nömrəli xx.xx.2024cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh bu müqavilə çərçivəsində aldığı nərdivanları bazarda topdan şəkildə satır. İddiaçı tərəfindən cavabdehə satılmış nərdivanlar funksional qüsurlara malik olmuşdur. Hamıya məlum olduğu kimi, nərdivanların istifadəyə yararlı olub-olmaması yalnız bu nərdivanlardan istifadə edilən zaman məlum olur. İddiaçı tərəfindən cavabdehə təhvil verilən zaman nərdivanların qüsurlarının gözlə görünməsi mümkün olmamış, yalnız bu nərdivanlar satıldığı üçüncü şəxslər, yəni müştərilər tərəfindən istifadə edilən zaman qüsurlar ortaya çıxmışdır. Hətta iddiaçı tərəfindən təchiz edilmiş nərdivanların satıldığı üçüncü şəxslər, yəni müştərilər tərəfindən malların qüsuru barədə çoxsaylı şikayətlər verilmiş, müştərilərdən bir neçəsi nərdivandan istifadə edən zaman yıxılmışdır. Bununla da cavabdeh müştərilərinin qarşısında pis vəziyyətdə qalmış və müştərilərinin inamını sarsıtmışdır. Nəticədə cavabdeh nərdivanlardan alqı-satqı müqaviləsində nəzərdə tutulmuş məqsədlər üçün istifadə edə bilməmiş, alqı-satqı predmetindən istifadə və ondan bəhər götürmək imkanı faktiki olaraq məhdudlaşmışdır.

6. İddiaya etirazda maddi hüquqi əsas kimi Mülki Məcəllənin 425.1, 442, 581.1, 581.2-ci maddələrinə istinad edilmişdir.

II. Tərəflərin mövqeləri:

7. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclaslarında iştirak edərək iddiaya etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 01 avqust 2024-cü il tarixli 01 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müəyyən olunmuş mal-materialları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin mal-malerialları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürmüşdür. Adıçəkilən müqavilə üzrə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli təhvil-qəbul aktları əsasında cəmi ƏDV daxil olmaqla 52029 manat dəyərində mal cavabdeh tərəfindən təhvil alınmış, xx.xx.2025-ci il tarixli üzləşmə aktı ilə cavabdeh iddiaçıya olan borc məbləğini 49669 manat kimi təsdiq etmişdir.

13. İddiaçı 01 avqust 2024-cü il tarixli 01 nömrəli alqı-satqı müqaviləsi üzrə 49669 manat məbləğində pulun tutulmasını tələb edir.

14. Cavabdeh iddiaya etiraz edərək malların qüsurlu olduğunu, bu səbəbdən də iddianın rədd edilməsini xahiş edir.

15. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

16. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

19. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

20. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

21. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

23. Cavabdehin etirazına münasibətdə məhkəmə göstərməyi zəruri hesab edir ki, istər xx.xx.2024-cü il, istərsə də xx.xx.2024-cü il tarixli təhvil-təslim aktlarında alıcının təqdim olunan malların keyfiyyətinə və müqavilə üzrə digər tələblərinə heç bir iradı olmadığını cavabdeh öz möhürü ilə təsdiq etmişdir.

24. Hətta cavabdehin bildirdiyi kimi qüsurların sonradan çıxdığı öz təsdiqini tapsa belə, hər iki tərəf malların verilməsindən uzun müddət sonra – xx.xx.2025-ci il tarixdə üzləşmə aktı tərtib etmiş, cavabdeh təqdim edilən bütün mallar üzrə borcunu 49669 manat kimi təsdiq etmiş, bu zaman mallardakı qüsurlar barəsində hər hansı qeyd-şərt irəli sürməmişdir.

25. Həmçinin Mülki Məcəllənin 595.1-ci maddəsinə əsasən, alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir.

26. 01 avqust 2024-cü il tarixli 01 nömrəli alqı-satqı müqaviləsinin 4.2.3-cü bəndinə əsasən müqavilənin miqdar, çeşid, keyfiyyət şərtlərinin pozulmasına dair satıcıya 5 iş günü müddətində bildiriş vermək alıcının vəzifəsidir.

27. Göründüyü kimi, müqavilənin keyfiyyət tələblərinin pozulması ilə bağlı alıcı 5 iş günü müddətində satıcıya bildiriş verməli olduğu halda, iş materiallarında belə bir bildiriş də mövcud deyildir.

28. Belə olan halda məhkəmə cavabdehin mallarda qüsurların olması ilə bağlı bildirdiklərini əsassız hesab edir.

29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

30. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

32. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

33. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

34. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 01 avqust 2024-cü il tarixli 01 nömrəli alqı-satqı müqaviləsi üzrə 7576,63 manat ƏDV daxil 49669 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə qanuni faiz məbləğinin tutulması tələbi ilə bağlı

35. İddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq əsas borca illik 5 faizlə hesablanmış 2483,45 manat məbləğində pulun da tutulmasını tələb edir.

36. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

38. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.

39. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.

40. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir.

41. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.

42. Hazırkı iş üzrə 01 avqust 2024-cü il tarixli 01 nömrəli alqı-satqı müqaviləsinin 2.2ci bəndinə əsasən, malların elektron qaimə əsasında alıcıya təhvil verilməsindən etibarən 3 bank günü ərzində satıcıya nağd və ya köçürmə yolu ilə ödəniş edilməlidir.

43. İddiaçı tərəfindən hesablama 49669 manat borca xx.xx.2024-cü il tarixdən 1 il üçün aparılsa da, xx.xx.2024-cü il tarixdən (elektron qaimənin verildiyi tarix) sonra 3 bank gününün xx.xx.2024-cü il tarixdə başa çatdığını nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.4-cü maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmaqla iddiaçı tərəfindən hesablamanın aparıldığı xx.xx.2025-cü il tarixə qədər 363 gün üçün həyata keçirilməlidir.

44. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 2469,84 manat (49669 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 363 gün (gecikdirilən gün sayı)) təşkil edir.

45. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 2469,84 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

46. İddiaçı eyni zamanda ödənilmiş 248 manat dövlət rüsumunun, 320 manat hüquqi yardım xərcinin də tutulmasını tələb edir.

47. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 248 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

48. İş materiallarında olan xx.xx.2026-cı il tarixli ödəniş sənədindən görünür ki, EM- 2211VK-0979/26 saylı müqavilə üzrə (xx.xx.2026-cı il tarixli EO-2211VK-0770/26 nömrəli orderdə qeyd edilən müqavilə) 320 manat məbləğində pul “Praym Leqal” vəkil bürosunun hesabına köçürülmüşdür.

49. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

50. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.

51. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

52. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 320 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.

53. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Beləliklə, yuxarıda göstərilənləri və iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 248 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

V. Nəticə:

55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024cü il tarixli alqı-satqı müqaviləsi üzrə 7576,63 manat ƏDV daxil olmaqla 49669 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 2469,84 manat olmaqla ümumilikdə 52138,84 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 248 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar