Məhkəmə qərarları › İş №e-2-2(113)-996/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-996/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-996/2020 18.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının qanuni təmsilçisi X4 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X1 cavabdeh XXnə qarşı pul tələbinə dair iddiası üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X3 (“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC) cavabdeh XXnə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldıraraq, müqavilə üzrə öhdəliyini icra etmədiyinə görə 5782 manat (ƏDV daxil) məbləğində xidmət haqqı, 16828 manat cərimə olmaqla, cəmi 22610 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2015ci ildə müqavilə və həmin müqavilə əsasında eyni tarixdə Razılaşma protokolu imzalanmışdır. Razılaşma protokoluna əsasən iddiaçı cavabdeh və onun fəaliyyəti haqqında Online-mediada və TV kanallarında yayılan xəbər və məlumatların toplanması, emalı və cavabdehə göndərilməsi barədə razılaşmışlar. Sifarişin qiyməti aylıq ƏDV ilə birlikdə 413 manat müəyyən edilmişdir. İddiaçı üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirmişdir. Cavadehə rüblük e-qaimə kəsilmiş, 5 gün müddətində təsdiq edildikdən sonra, ƏDV elektron faktura ilə birlikdə ödəniş etmək üçün müvafiq sənədlər göndərilmişdir. Cavabdeh öhdəliklərini yerinə yetirməyərək xidmət haqqını heç bir əsas olmadan ödəməmişdir. Bununla bağlı iddiaçı bir neçə dəfə cavabdehə məktub göndərərək müqavilə şərtlərinə əməl edilməsini və ödənilməyən xidmət haqqlarının ödənilməsini xahiş etmiş, buna baxmayaraq, cavabdeh həmin məktublara cavab verməmiş, əvəzində xx xxxxxxxx 2019-cu ildə iddiaçıya məktub göndərərək tərəflər arasında bağlanmış müqavilənin icrasına xx xxxxxxxx 2019-cu il tarixdən xitam verilməsini xahiş etmişdir. İddiaçı yenidən xx xxxxxxx 2019-cu ildə cavabdehə məktub göndərərək universitetin 14 aylıq xidmət haqqı üzrə borcunun yarandığını, xx xxxxxxxx 2019-cu ilədək olan borcun 5782 manat (onun 4900 manatı xidmət haqqı, 882 manat ƏDV) təşkil etdiyini bildirmiş, həmin borcun qaytarılmasını xahiş etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, cavabdeh bu məktuba da rəsmi cavab verməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 6.3 bəndinə əsasən müəyyən olunan vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən Sifarişçi bu müqavilənin 3.2 bəndi ilə müəyyən olunan dəyərin 2% həcmdə “icraçı”ya cərimə ödəyir. x xxxxxx 2018 - x xxxxxx 2020-ci il aralığında gecikdirilmiş iş günün cəmi sayı 821 təşkil edir. İddiaçı üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirmiş, müqavilə şərtlərinə əməl etmiş, cavabdehsə müqavilə şərtlərini pozaraq müəyyən edilən xidmət haqqını ödəməmişdir. İddiaçının qanuni təmsilçisi X6 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahat verərək iddia tələbini 5000 manat hissədə qəbul etdiyini və iddia tələbinin qismən (5000 manat hissədə) təmin olunmasına dair qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: “İcraçı” qismində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə “sifarişçi” qismində XX arasında xx xxxxxx 2015-ci il tarixdə müqavilə bağlanmış, müqavilə ilə icraçı üzərinə düşən işi keyfiyyətlə və vaxtında yerinə yetirməyi, görülən işlər barədə “sifarişçi”ni məlumatlandırmağı, verilən sifarişin dəyərini hesab əsasında və müəyyən olunmuş müddət ərzində “sifarişçi”yə təqdim etməyi, “sifarişçi” isə göstərilən xidmətin dəyərini 15 bank günündən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmuş xidmətin dəyəri ƏDV xaric 350 manat təşkil edir. Müqavilənin 5.3-cü bəndinə əsasən müqavilə xx.xx.2015-ci il tarixdən qüvvəyə minir və xx xxxxxx 2015-ci il tarixədək bağlanır. Tərəflərdən hər hansı birinin yazılı bildirişi olmadıqda müqavilənin müddəti avtomatik olaraq növbəti ilə (illərə) uzadılır. Müqavilənin 6.1-ci maddəsinə əsasən tərəflər üzərlərinə düşən öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu ziyanı tam həcmdə ödəyir, 6.2ci maddəsinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmədikdə öhdəliyi yerinə yetirməli olduğu vaxtdan 10 gün keçdikdən sonra gecikdirilən hər gün üçün müvafiq nəzərdə tutulmuş xidmət dəyərinin 2% həcmdə cərimə ödəyir. Tərəflər arasında xx xxxxxx 2015-ci il tarixli müqavilə əsasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 1 saylı Razılaşma protokoluna əsasən“sifarişçi” “icraçı” tərəfindən ödəniş qəbzləri təqdim edildikdən sonra “sifarişçi” və onun fəaliyyəti haqqında Online-mediada və TV kanallarında yayılan xəbər və məlumatların toplanması, emalı və “sifarişçi”yə göndərilməsinə görə 350 manat xidmət haqqı və 63 manat ƏDV (18%) olmaqla, cəmi 413 manat məbləğində pulu 15 bank günü ərzində “icraçı”nın bank hesabına köçürmə yolu ilə həyata keçirir. XX xx.xx.2019-cu il tarixli, 01-Ei/1353 saylı məktubla cavabdehə müraciət edərək aralarında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə xx.xx.2019-cu il tarixdən etibarən xitam verilməsini xahiş etmişdir. Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, əvvəlki adı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC olan qurumun hazırkı adı xx.xx.2015-ci il tarixdən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC (hazırkı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC) ilə cavabdeh XX arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli müqavilə və ona əlavə edilən həmin tarixli Razılaşma protokolundan irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və müqavilə üzrə iddiaçıya borcu yaranmışdır. Ona görə də iddiaçı müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. İddiaçı 14 ay üçün ödənişlərin olunmadığını iddia etmiş, eyni zamanda cavabdehin nümayəndəsi iddia tələbini 5000 manat hissədə qəbul etmiş, qalan hissədə rədd edilməsini xahiş etmişdir. Razılaşma protokolundan göründüyü kimi, cavabdeh aylıq ƏDV daxil xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, cavabdehin müqavilə üzrə hal-hazırda iddiaçıya ödənilməmiş borcu 5782 (14X350=4900, 14X63=882, 4900+882=5782) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 5782 manat məbləğində xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Digər tərəfdən iddiaçı iddia ərizəsində 5782 manat borcun ödənilməsinin gecikdirilməsinə görə 16828 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 50 manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh XXndən 5782 manat məbləğində xidmət haqqı (ƏDV daxil) və 50 manat cərimə olmaqla, cəmi 5832 manat məbləğində pul tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X2 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasının tələb edilmədiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. XXndən 5782 (beş min yeddi yüz səksən iki) manat məbləğində xidmət haqqı (ƏDV daxil) və 50 (əlli) manat cərimə olmaqla, cəmi 5832 (beş min səkkiz yüz otuz iki) manat məbləğində pul “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X1 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia verilərkən ödənilmiş 30 (otuz) dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar