Məhkəmə qərarları › İş №e-2-2(113)-996/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-996/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-996/2025 27.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:xidmət müqaviləsi,pul) X3 Rövşən qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin cavabdeh "X4 Companies" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X4 Companıes” MMCdən xx.xx.2022-ci il tarixli 137/22 saylı Müqavilə üzrə1020 manat məbləğində əsas borcun, 204 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 82,62 manat pulun və 34 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “X4 Companıes” MMC ("xxxx" MMCa)rasında xx.xx.2022-ci il tarixli 137/22 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İcraçı İddiaçı MMC Sifarişçi “X4 Companıes” MMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, “X4 Companıes” MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimicavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli Müqavilə üzrə 1020 manat məbləğində borc ödənilməmişdir və borc məbləği iddia ərizəsinə əlavə edilmiş Elektron-qaimə ilə təsdiq edilir. Bu əsasla tərəfimizdən cavabdehə xx.xx.2024cü il tarixində 3 iş günü müddətində 1020 manat borc məbləğini tələb etməyimiz barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pulşirkətə ödənilməmişdir. Əlavə olaraq bildirək ki, xx.xx.2022-ci il tarixli 137/22 saylı Müqavilənin 5.4-cü bəndinə əsasən hər gecikən gün üçün ümumi borcun 1% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 6032 manat cərimə məbləği təşkil etsə də, tərəfimizdən güzəşt faizi tətbiq edilərək əsas məbləğin ≈20 %-i həcmində, yənicəmi 204 manat dəbbə pulu tələb edilməkdədir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli 19/18 saylı Müqavilə üzrə 1020 manat məbləğində əsas borcun, 100 manat məbləğində cərimə-dəbbə pulunun və 34 manat dövlət rüsumunun ümumilikdə isə 1154 manat borc məbləğinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

7. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. III. Sübutların tədqiqi:

8. İddiaçı Cavabdeh MMC ilə cavabdeh İddiaçı MMC arasında imzalanmış xx.xx.2012-ci il tarixli, 137/22 saylı müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən Bu müqaviləyə görə, Daşıyıcı xidmət haqqı müqabilində Sifarişçinin sərancamında olan nəqliyyat vasitələrini və digər yükləri (bundan sonra “Yük” adlandırılacaq) Sifarişçidən və ya Sifarişçinin təyin etdiyi digər şəxsdən qəbul etməyi, göstərilən təyinat yerinə yükün həcmindən asılı olaraq müxtəlif ölçülü evakuator tipli nəqliyyatı vasitəsi ilə daşımağı və Sifarişçinin özünə və ya onun təyin etdiyi digər yük alana çatdırmağı (bundan sonra “Xidmət” və ya “Xidmətlər” adlandırılacaq) öhdəsinə götürür, Sifarişçi isə bunun müqabilində Daşıyıcıya xidmət haqqını bu Müqavilə və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı Əlavəsinə (bundan sonra “Əlavə № 01” adlandırılacaq), uyğun olaraq ödəməyi öhdəsinə götürür. - 4.3-cü bəndinə əsasən Sifarişçi onun təqsirli hərəkətləri nəticəsində sifariş olunmuş avtomobilləri və işçi qüvvəsini yükləmə və boşaltma üçün müəyyən edilmiş vaxtdan artıq gözlətdiyi təqdirdə aşağıdakı qaydada ödəniş etməyə borcludur: Adi Evakuator - 30 dəqiqə yükləmə, 30 dəqiqə boşaltma; 1 (bir) saat gözlətmə üçün 10 manat Ağır tonnajlı (7t-15t) -1 saat yükləmə, 1 saat boşaltma; 1 (bir) saat gözlətmə üçün 30 manat Dayman (meydança tipli qoşqu -> (15t-80t)) -1 saat yükləmə, 1 saat boşaltma; 1 (bir) saat gözlətmə üçün 50 manat - 5.4-cü bəndinə əsasən sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, xidmətin icra olunduğu gündən etibarən hər gecikən gün üçün ümumi dəyərin 1%-i miqdarında dəbbə pulu hesablanacaq. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

9. İddiaçı tərəfindən verilən xx.xx.2024-cü il tarixli maliyyə arayşına əsasən "X4 Companies” MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə xx.xx.2018-ci il tarixli, 19/18 saylı müqavilə üzrə əsas borcu 1020 manat,cərimə borcu 6032 manat və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 82.62 manat təşkil edir.

10. İddiaçı tərəfindən cavabdehə EBDF 704124 nömrəli xx.xx.2023-cü il tarixli 250 manat, EBDD 626422 nömrəli xx.xx.2023-cü il tarixli 600 manat,EBDİ 026105 nömrəli xx.xx.2023-cü il tarixli 250 manat məbləğində elektron qaimə göndərilmişdir.

11. İş materiallarında olan pretenziya məktubundan görünür ki, yaranmış borcun 3 iş günü ərzində ödəmədiyi halda ona qarşı iddia irəli sürülərək məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. IV. Tətbiq edilən hüquq:

12. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. - 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: - 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; - 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; - 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

14. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

1. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

2. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

17. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

18. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

19. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Cavabdeh MMC ilə cavabdeh İddiaçı MMC arasında imzalanmış xx.xx.2012-ci il tarixli, 137/22 saylı müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.İddiaçı müqaviləyə əsasən sifariş edilmiş yükdaşıma xidmətlərini göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC -nin göstərilən müqavilə üzrə İddiaçı MMC yə olan əsas borcu 1020 manat təşkil edir.

20. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 100 manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

21. Həmin tələblə bağlı məhkəmə hesab edir ki, Cavabdeh MMC -nin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur və əhmin hissədə iddia tələbi təmin edilməli,cavabdehdən iddiaçının xeyrinə 100 manat dəbbə pulu tutulmalıdır.

22. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 30 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

23. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 1020 manat əsas borc, 100 manat cərimə və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar