Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9970/2025 16.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, mal göndərmə ) Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İ.İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 3382,90 (üç min üç yüz səksən iki) manat 90 (doxsan) qəpik borcun və ödənilmiş 53.80 (əlli üç manat səksən qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" LTD Firmasına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" LTD Firması ilə "xxxx" MMC arasında 10 yanvar 2024-cü il tarixli 367 nömrəli müqaviləyə əsasən cavabdehin "xxxx" LTD Firmasından almış olduğu mallara görə 3382,90 (üç min üç yüzsəksən iki) manat 90 (doxsan) qəpik borcu yaranmışdır. İddiaçı "xxxx" LTD Firması tərəfindən "xxxx" MMC-yə vermiş olduğu xx.xx.2024-cü il tarixli (EBDX nömrə: 273846) Elektron-qaiməyə əsasən cavabdehin hazırda bizə 3382,90 (üç min üç yüz səksən iki) manat 90 (doxsan) qəpik borcu qalmışdır. 21 noyabr 2025-ci il tarixində cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilsə də, yenə də borc ödənilməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə istinad olunmuşdur.
4. MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
5. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
6. MPM-nin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
7. Məhkəmə təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. İİ.Tədqiq olunan sübutlar
8. İş materiallarında olan:
9. Müqaviləyə əsasən İddiaçı “Təchizatçı”, Cavabdeh MMC “Alıcı” olmaqla tərəflər arasında 367 nömrəli, 10 yanvar 2024-cü il tarixli “Məhsulların” alqı-satqı müqaviləsi imzalanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” bu müqavilənin 1.2-ci bəndində göstərilən məhsulu “Alıcı”ya satmağı, “Alıcı” isə malı qəbul edib E-qaimədə göstərilən qiymətini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-3.3-cü bəndlərinə əsasən Müqavilənin 1.2. bəndində göstərilən malın qiyməti tərəflərin imza və möhürü ilə təsdiq olunmuş bu müqavilə sənədlər əsasında müəyyən edilir. «Alıcı» hər sifariş üzrə təhvil aldığı hesab fakturanın dəyərini təhvil aldığı gündən 10 iş günü Müddətində «Satıcı»ya ödəyir. “Alıcı” Müqavilənin 3.2,-ci bəndində nəzərdə tutulan müddətdə aldığı malın dəyərini ödəməzsə “Satıcı”ya hər yubadılan gün üçün ödənilməyən məbləğin 0,1 %-i miqdarında cərimə (penya) ödəyir. Müqavilənin 4.1-4.3cü bəndlərinə əsasən Bu müqavilənin müddəti imzalandığı andan 1 (bir) il müəyyən edilir. Müqavilənin müddəti qurtardıqdan sonra 10 (on) gün müddətində ona xitam vermək barədə tərəflərdən heç birinin yazılı surətdə ərizəsi olmadıqda, o müqavilə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqaviləyə edilən bütün əlavə və dəyişikliklər yazılı qaydada aparılır və tərəflərin imza və möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir. Birtərəfli qaydada aparılan dəyişikliklər hüquqi qüvvəyə malik deyil. Müqavilənin 5.1-ci bəndinə əsasən Bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam şəkildə ödəməlidir.
10. EBDX seriyalı 273846 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 3382,90 manat dəyərində müxtəlif çeşidli mallar və xx.xx.2024-cü il tarixli, 002208 nömrəli qaiməyə əsasən 38 adda müxtəlif çeşidli və müxtəlif məbləğdə olan mallar İddiaçı tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir.
11. İş materiallarında olan “WhatsApp” yazışmalarından görünür ki, dəfələrlə cavabdehə malın ödənişinin edilməsi ilə bağlı xəbərdarlıq edilsə də, ödənişin edilməsindən cavabdeh yayınmış, əlavə məhsulun verilməsini tələb etmişdir.
12. 21 noyabr 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, 10 yanvar 2024-cü il tarixli, 367 nömrəli “Məhsulların” alqı-satqı müqaviləsi üzrə yaranmış 3382,90 manat borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə pulun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
13. 01.12.2025-ci il tarixli **********66 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı 53,8 manat dövlət rüsumu ödəmişdir. İİİ.Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
17. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
18. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
21. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.
24. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur.
25. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir.
26. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir.
27. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər.
İV.Məhkəmə baxışının hədləri
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
32. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
V.Məhkəmənin mövqeyi
35. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı üzrə malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Bu fakt təhvil-təslim və elektron qaimələrlə öz təsdiqini tapmış, cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı daxil olmamışdır.
36. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini ödəmədiyini, belə olan halda isə iddiaçının satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi əsaslıdır, buna görə də 3382,90 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
37. Belə ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
38. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 53,8 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Vİ.Nəticə
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 357, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 367 nömrəli, 10 yanvar 2024-cü il tarixli “Məhsulların” alqı-satqı müqaviləsi üzrə yaranmış 3382,90 manat məbləğində bоrc və ödənilmiş 53,8 manat dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçıNA ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlkin Əliyev