Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9984/2025 26.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 120 (bir yüz iyirmi) manat əsas borc, gecikdirilmiş günlər üçün 50 (əlli) manat cərimə məbləği, 135 (bir yüz otuz beş) manat çatışmayan qalıq məbləğ və məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 335 (üç yüz otuz beş) manat məbləğin Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixində nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Tufan M50N markalı, 1417 identifikasiya nömrəli, H7XPCBL85SAB79970 ban nömrəli mopedin ilkin olaraq 150 (bir yüz) manat, daha sonra 12 ay müddətində gündəlik 12 (on iki) manat olmaqla, ümumilikdə 4470 (dörd min dörd yüz yetmiş) manat ödəmək şərtilə mopedi götürən sürücünün istifadəsinə verir. Həmin müqavilənin 1.5.1-ci maddəsinə əsasən, ödənişin gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün 5 (beş) manat məbləğində cərimə tətbiq olunması nəzərdə tutulmuşdur. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən, xx.xx.2025-ci il tarixli, 53 saylı nisyə alqısatqı müqaviləsinə uyğun olaraq mopedin sahibi, identifikasiya nömrəsi- 1417, buraxılış ili- 2025, mühərrik- №1P39FMB SAB79970, rəngi göy, tip: moped, ban: H7XPCBL85SAB79970 olan mopedi sürücünün istifadəsinə təhvil vermiş, sürücü isə həmin nəqliyyat vasitəsini qəbul etmişdir. Mopedi götürən sürücü özəl yazması ilə yuxarıda göstərilən mopedi tam saz vəziyyətdə təhvil aldığını qeyd etmişdir. Lakin cavabdeh, müqavilə şərtlərinə zidd olaraq mopedi təhvil aldığı xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək (son ödəniş tarixi: xx.xx.2025-ci il) ödənişlərin bir hissəsini yerinə yetirmiş, lakin ondan sonrakı dövrdə öhdəliklərin icrasından yayınaraq müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək mopedi cavabdehə təhvil versə də, cavabdeh öhdəliyini tam yerinə yetirməmiş və bununla da iddiaçının hüquqları kobud surətdə pozulmuşdur. Müqavilənin imzalandığı tarixdən xx.xx.2025-ci il tarixinədək (son ödəniş tarixi: xx.xx.2025-ci il) cavabdeh hər dəfə 15 (on beş) manat olmaqla, ümumilikdə 705 (yeddi yüz beş) manat, yəni ümumilikdə 47 dəfə ödəniş həyata keçirmiş lakin sonradan öhdəliklərin icrasından yayınaraq müqavilə şərtlərini pozmuşdur. xx.xx.2025-ci il tarixli müqavilənin 1.5.2-ci maddəsinə əsasən, sürücü günlük ödəniş məbləğini 7 (yeddi) gündən artıq gecikdirərsə, mopedin sahibi mopedi sürücüdən geri alacaqdır. Odur ki, xx.xx.2025-ci il tarixində moped cavabdehdən geri alınmaqla, müqavilə ləğv edilmişdir Cavabdehə qarşı xx.xx.2025-ci il tarixində pretenziya məktubu göndərilmiş, həmin məktubda əsas borcun geri qalan hissəsinin və gecikdirilmiş günlər üçün hesablanmış cərimənin 3 (üç) gün müddətində könüllü qaydada ödənilməsi tələb olunmuşdur. Lakin cavabdeh tərəfindən heç bir cavab və ya ödəniş təqdim olunmamışdır. Moped cavabdehin istifadəsində, ümumilikdə 70 gün müddətində qalmışdır. Belə ki, həmin müddət üçün cavabdehin ödəməli olduğu məbləğ 840 manat təşkil etməli olsa da, onun tərəfindən sadəcə 705 manat ödəniş həyata keçirildiyindən aradakı 135 manat məbləğ də pretenziya ilə cavabdehdən tələb edilmişdir. İddiaçı, cavabdehdən son ödəniş tarixindən (xx.xx.2025) mopedin qaytarıldığı tarixə (xx.xx.2025) qədər 10 gün müddətində heç bir ödəniş edilmədiyindən həmin 10 gün müddəti üzrə 120 manat (10x12=120) əsas borcu və 50 manat (10x5=50) gecikdirmə faizini, həmçinin 135 manat çatışmayan qalıq məbləği tələb etməkdə haqlıdır. Sözügedən müqavilənin 1.9-ci bəndinə əsasən, tərəflər aralarında mübahisə yaranarsa, mopedi götürən şəxsin VÖEN-i olmadığı halda mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmasına dair razılığa gəlmişlər. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 135 (bir yüz otuz beş) manat əsas borc, gecikdirilmiş günlər üçün 50 (əlli) manat cərimə məbləği və məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 215 (iki yüz otuz beş) manat məbləğin Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 53 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC alıcı Cavabdeh Tufan M50N markalı, 1417 identifikasiya nömrəli, H7XPCBL85SAB79970 ban nömrəli mopedi alıcıya satmağı, alıcı isə ilkin olaraq 150 (bir yüz) manat, daha sonra 12 ay müddətində gündəlik 12 (on iki) manat olmaqla, ümumilikdə 4470 (dörd min dörd yüz yetmiş) manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.5.1-ci bəndinə əsasən, ödənişin gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün 5 (beş) manat məbləğində cərimə tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 1.5.2-ci bəndinə əsasən, sürücü günlük ödəniş məbləğini 7 (yeddi) gündən artıq gecikdirərsə, mopedin sahibi mopedi sürücüdən geri alacaqdır. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, 53 saylı nisyə alqı-satqı müqaviləsinə uyğun olaraq, identifikasiya nömrəsi- 1417, buraxılış ili- 2025, mühərrik- №1P39FMB SAB79970, rəngi göy, tip: moped, ban: H7XPCBL85SAB79970 olan nəqliyyat vasitəsini (yeni mopedi tam saz vəziyyətdə) İddiaçı MMC-dən qəbul etmişdir. xx.xx.2025-ci il tarixli 53 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər gün 15 manat olmaqla, ümumilikdə 705 manat məbləğində ödəniş etmiş və onun müqavilə üzrə ödənilməmiş 135 manat məbləğində borcu qalmışdır. xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -598.3-cü maddəsinə əsasən, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan mopedi cavabdehə vermiş, lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında ödənilməmiş pul öhdəliyi yaranmışdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, Cavabdeh xx.xx.2025-ci il tarixli 53 saylı nisyə alqı-satqı müqaviləsi üzrə (840-705=135) 135 (bir yüz otuz beş) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iş materialları müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsi üzrə cavabdeh öhdəlikləri yerinə yetirmədiyindən, xx.xx.2025-ci il tarixdə müqavilə predmeti olan moped cavabdehdən geri alınmaqla, müqavilə ləğv edilmişdir. Digər tərəfdən xx.xx.2025-ci il tarixli 53 saylı müqavilənin şərtlərinə əsasən iddiaçı 50 manat cərimə pulu tələb etmişdir. Hesab edirəm ki, 135 manat əsas borc üzrə həmin məbləğdə cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 50 manat məbləğində hesablanmış cərimə məbləğinin 15 (on beş) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Beləliklə, işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli, 53 saylı nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh 135 (bir yüz otuz beş) manat əsas borc və gecikdirilmiş günlər üçün 15 (on beş) manat cərimə məbləği tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildəyindən, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 284- 6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, 53 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 135 (bir yüz otuz beş) manat əsas borc, 15 (on beş) manat cərimə və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 180 (yüz səksən) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2-2(113)-9984/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9984/2025
26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver