Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1028/2023 05.10.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC” ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 21/20 nömrəli alğı-satqı müqaviləsinə əsasən 31825,25 manat əsas borc, 3200 manat dəbbə pulu, 200 manat mediasiya xərci olmaqla, cəmi 35225,25 manat məbləğində pulun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və işdə olan sənədlərə hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, iddiaçı tərəf məhkəməyə qədər olan prosessual qaydalara riayət etməmiş, yəni cavabdehə pretenziya göndərməmiş, o cümlədən cavabdehə mediasiya müraciət üçün təklif ərizəsi, mediasiya sessiyasında iştirakla əlaqədar bildiriş göndərilməmişdir. İddiaçı bunlarla əlaqədar məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Mediasiya prosesi barədə təklif cavabdehə çatdırılmadığı halda mediator mediasiya prosesini baxılmamış saxlamalı idi. O cümlədən mediator bildirişi düzgün ünvana göndərməmişdir. Cavabdeh mediasiyaya dəvət edilsəydi, məlum olardi ki, Cavabdeh2 tərəfindən X2 verilən etibarnamədə alqı-satqı əməliyyatlarının aparılması, alqı-satqı müqaviləsinin bağlanması nəzərdə tutulmamışdır. Müqaviləni cavabdeh özü bağlasa da sonrakı müqaviləni Cavabdeh2 bağlamamışdır. Alqı-satqı əməliyyatlarını X3 həyata keçirmişdir. Cavabdeh2 bağladığı müqaviləsinin məzmunu alqı-satqı müqaviləsi olmamışdır, o, gələcəkdə malların alınması ilə bağlı məsələləri özündə əks etdirmişdir. Qaimələrlə göndərilən mallar X2 göndərilmişdir. Hesab edir ki, iş baxılmamış saxlanılmalı, mediasiya prosesi yenidən keçirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirdi ki, bildiriş tərəfin qeydiyyatda olduğu ünvana mediasiya haqqında qanuna əsasən iclasdan 5 gün qabaq göndərilmişdir. Yəni iş üzrə bildiriş 19 mart 2022-ci il tarixdə göndərilmişdir, iclas isə 05 aprel 2022-ci il tarixdə keçirilmişdir. Mediator ilk dəfə iclası 25 mart 2022-ci il tarixə təyin etsə də 05 aprel 2022-ci il tarixinə təxirə salmışdır. Lakin təxirə salmaq barədə qanunda hər hansı tələb yoxdur. Mediasiya haqqında qanunda belə bir müddə yoxdur ki, ilk növbədə mediasiya prosesinin tətbiqi barədə təklif cavabdehə çatdırılmalı, sonra mediasiya təşkilatına müraciət edilməlidir. Yəni təklifin qarşı tərəfə çatmaması mediasiya prosesinin keçirilməsinə maneə deyildir. Qanunun tələbi o zaman pozular ki, mediator bildirişi şəxsin qeydiyyatda olduğu ünvana deyil başqa bir ünvana göndərsin. Ona görə də mediator qanunun hər hansı tələbini pozmamışdır, mediasiya haqqında qanunazidd hər hansı əməl mövcud deyildir. Qarşı tərəf əsassız olaraq məhkəmə prosesini uzatmağa çalışır. Odur ki, işin məhkəmə baxışına təyin edilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 16 may 2021-ci il tarixli 21/20 saylı alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən satıcı "xxxx" MMC alıcı Cavabdeh2 bu müqavilənin əlavələrində (X1) qeyd olunmuş məhsulla Tərəflər arasında müəyyən edilmiş müddətdə təmin etməyi, alıcı isə həmin malı qəbul edib və müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 qeydiyyat yeri Göygöl rayonu Üçtəpə ərazi dairəsi Üçtəpə kəndidir. İş materiallarına əlavə olunmuş 15 fevral 2022-ci il tarixli pretenziya məktubundan və göndərilməsinə dair sənədlərdən görünür ki, borcluya yaranmış borcu ilə bağlı məlumat verilməsi haqqında bildiriş poçt vasitəsilə Cavabdeh2 adına, onun qeydiyyat ünvanına göndərilmiş, lakin zərf üzərində ünvan tam deyil qeydi ilə iddiaçıya qaytarılmışdır. İş materiallarına əlavə olunmuş 18 mart 2022-ci il tarixli MŞG/1-00904 saylı mediasiyaya dəvət məktubundan və göndərilməsinə dair sənədlərdən görünür ki, ilkin mediasiya sessiyasında iştirak etməsi üçün Cavabdeh2 adına, onun qeydiyyat ünvanına poçt vasitəsilə bildiriş göndərilmiş, lakin poçt zərfi üzərində bu ünvanda yaşamır qeydi ilə mediasiya təşkilatına qaytarılmışdır. İş materiallarına əlavə olunmuş 05 aprel 2022-ci il tarixli MŞG/1-00904 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən Cavabdeh2 25 mart 2022-ci il tarixə saat 10:30-da keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayış verilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Həmin Qanunun 21.9.4-cü maddəsinə əsasən bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Məhkəmə qeyd edir ki, mediator tərəfindən bildiriş tərəflərə mediasiya sesiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməli olduğu halda, mediasiya sesiyasının keçirilməsi 25 mart 2022-ci il tarixə təyin edilmiş, bildiriş isə həmin sesiyadan 5 gün əvvəl, yəni 19 mart 2022-ci il tarixdə poçta verilmişdir. Beləliklə, mediator qanunvericilikdə nəzərdə tutulmuş bildirişin verilmə müddətlərinə əməl etməmişdir. Bundan başqa mediator tərəfin bildirişi alıb-almamasını, hansı tarixdə almasını və ya geri qayıtmasını gözləmədən 05 aprel 2022-ci il tarixdə Cavabdeh2 25 mart 2022-ci il tarixə saat 10:30-da keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayış vermiş, arayışda isə həmin tarixdə keçiriləcək ilkin mediasiya sesiyasının yeri və vaxtı barədə tərəfin 5 iş günü əvvəlcədən poçt vasitəsilə məlumatlandırıldığı qeyd edilmişdir. Halbuki poçt zərfi artıq ilkin mediasiya sesiyasında iştirak edilməməsinə dair arayış tərtib edildikdən sonra, 09 aprel 2022-ci il tarixdə mediasiya təşkilatına qaytarılmışdır. Bununla da mediator tərəfindən mediasiya haqqında qanunvericiliyin tələbləri pozularaq arayış tərtib edilmişdir. Bundan başqa cavabdehə 15 fevral 2022-ci il tarixli pretenziya məktubu poçt vasitəsilə göndərilmiş, poçt zərfi ünvan tam deyil qeydi ilə iddiaçıya qaytarmışdır. Halbuki iddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri elektron qaydada cavabdehə göndərmişdir. Pretenziya məktubunu da elektron qaydada, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə, “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1, 259.0.13, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1028/2023
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1028/2023
05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver