Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1033/2025 04.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz rayon Alakol kəndində yerləşən ona məxsus soyuducu kompleksində xurma yeşiklərinin saxlanmasına görə 31490 manat pulun Cavabdeh1 alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Alakol kəndində soyuducu kompleksi var. Vergi ödəyicisidir. Cavabdeh1 ilə 2024-cü ilin oktyabr ayında aralarında saxlama müqaviləsi barədə şifahi qaydada razılığa gəlmişlər. Saxlama müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 ona məxsus soyuducu kompleksində 21300 ədəd xurma yeşiyini xx.xx.2025-ci il tarixədək yerləşdirməyi öz öhdəsinə götürmüş və həmin yeşikləri xx.xx.2024-cü il tarixdə soyuducuya yerləşdirmişdir. Müqavilənin şərtinə əsasən hər xurma yeşiyinə görə ona 2 aylıq saxlama müqavilələrinə əsasən hər yeşiyə 1,30 manat cəmi 27690 manat pul ödəməli idi. Müqavilənin müddəti xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Müqavilədə nəzərdə tutulan müddətdən əlavə xurma yeşiklərini soyuducudan Cavabdeh1 götürmüşdür. Cavabdeh1 aralarında olan razılaşmaya əsasən yanvar ayından soyuducuda qalan 16000 yeşiyə hər ay üçün əlavə olaraq hər yeşiyə 60 qəpik ödəməklə 9600 manat pul ödəməlidir. Soyuducuda xurmanın qalması məsuliyyətini cavabdeh öz üzərinə götürmüşdür. Cəmi borc 37290 manat olmuşdur. Müqavilənin icrası müddətində ona Cavabdeh1 5800 manat saxlama xərci ödəmişdir. Qeyd halları təsdiq edən audio, video yazılar var və sübut kimi məhkəməyə təqdim ediləcək. Bundan başqa soyuducuda başqa şəxslərin də, yəni 5 nəfər ayrı-ayrı şəxslərin xurma yeşikləri olmuş, cavabdeh eyni vaxtda həmin şəxslərlə bərabər ona məxsus soyuducuya xurma yeşikləri yerləşdirmiş və həmin şəxslərə xurma mübahisəsiz qaydada, xurma məhsulu sağlam formada təhvil verilmişdir. Soyuducuya yerləşdirilən xurmaları həm cavabdeh, həm də soyuducuya xurma qoyan şəxslər xurmanı Rusiyanın ayrı-ayrı şəhərlərində satışa çıxarmışlar və xurma tam sağlam formada Rusiya bazarlarında satılmışdır. Cavadeh xurma məhsullarını ayrı-ayrı şəxslərdən nisyə almış və onların borcunu ödəməmişdir. Onunla saxlama müqaviləsini həmin şəxslər deyil, Cavabdeh1 bağlamışdır. Yəni həmin şəxslərə onun heç bir öhdəlik mübahisəsi olmayıb. Eyni zamanda Cavabdeh1 ondan da 11000 manatlıq nisyə xurma məhsulları alımış, borcunun 3000 manat hissəsini könüllü olaraq ödəmiş, şərtləşdiyi vaxtda qalan borcunu ödəmədiyindən ona nisyə verdiyi xurmanı cavabdehdən alaraq başqa şəxsə satıb. Onunla cavabdeh arasında müqavilədən doğan hüquq münasibətləri yarandığından aralarında olan mübahisə də müqavilə münasibətlərinə uyğun həll olunmalıdır. Cavabdeh1 soyuducuya yerləşdirildiyi xurma yeşiklərinə görə icarə haqqı ödəməmək üçün müxtəlif bəhanələr gətirir və xurmanın xarab olması bəhanəsini edir. Hətta Cavabdeh1 bu barədə soyuducu kompleksinə mütəxəssis gətirmiş və o da bildirmişdir ki, soyuducuda saxlama ilə bağlı heç bir qüsur yoxdur. Soyuducu kompleksdə kamera quraşdırılıb, orada bütün hərəkətlər və danışıqlar video lentə alır. İşin obyektiv araşdırılması üçün bu barədə də məhkəməyə disk təqdim edəcək. O dəfələrlə aralarında olan razılaşmaya əsasən saxlama müqaviləsində nəzərdə tutulan məbləği tələb etsə də cavabdeh həmin məbləği ödəməkdən imtina edir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək bildirmişdir ki, Cavabdeh1 31490 manatın alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. Həmin puldan cavabdeh tərəfindən 10330 manat ödənilmişdir. Hazırda cavabdehin ona 21160 manat borcu qalmışdır. Odur ki, cavabdehdən 21160 manatın və dövlət rüsumu üçün ödənilmiş 185 manatın, cəmi 21345 manatın cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh2 cavabdeh olaraq işə cəlb edilməsi ilə bağlı qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərərk izahatında göstərdi ki, o İsmayılı 2 ildir ki, tanıyır. İsmayılı Aqilin yanında tanımışdır. Cavabdeh1 gəlib onunla danışmış, soyuducuda xurma saxlamaq istədiyini bildirmişdir. Malların kimə məxsus olduğunu ona deməmişdir. Danışıq və razılaşmalar yalnız şifahi qaydada Aqillə aparılmışdır. Yeşiyin birinin saxlama xərcini noyabr və dekabr ayı üçün 1,30 manata razılaşmışlar. Bundan artıq mallar anbarda durduqda isə hər aya görə 60 qəpik pul ödəməli idilər. Yanvar ayından 1 yeşik üçün 1 aylıq 0,65 manata soyuducuda saxlama haqqı alınırdı. Bütün soyuducu sahibkarlarında qayda elədir ki, sonrakı hər aya görə 60 qəpikdən hesablanma aparılır, bu barədə hər hansı yazılı razılaşma, sənəd yoxdur. Qarşı tərəf özləri demişdir ki, malları tez çıxardacaqlar. Yığılan mal 21300 yeşik olmuşdur, dəqiq yadında olmadığı üçün polisdə verdiyi izahatda yeşik sayını 21340 demişdir. Fərqli yoxdur, ya 21340 yeşik, ya da 21300 yeşik. Həmin yığılan yeşikləri yanvar ayının 1-də götürməli idilər. Lakin yeşiklərini fevral ayının 2-3-də çıxartdılar. Yeşikləri apardılar, lakin saxlama haqqını ona ödəmədilər. Sadəcə olaraq 5800 manat ona saxlama xərci kimi ödəmişlər. 10330 manatı isə sonradan ona saxlanc xərci kimi Cavabdeh1 ödəmişdir. 5800 manat pulun 5100 manatını karta vurmuşlar. Çünki işıq pulu ödənilmədiyi üçün işıqları söndürmüşlər. 700 manatı da kimdənsə borc alıb verdilər. Qarşı tərəfin onda olan pulu borcundan çıxmışdır. İddiaçı həmçinin izahatında göstərdi ki, 10430 manatı ona Vüsal vermişdir, Vüsala da həmin pulu Aqil vermişdir. Bu puldan başqa ona pul verilməmişdir. Həmin pulu saxlama haqqından çıxmışdır. Vüsala verilən 7900 manat elə 10000 manatdan çıxılan puldur. Diskdə 10430 manat olduğunu demişdir, ola bilsin ki, ərizədə hesabla bağlı səhv etmişdir. O sırf saxlanca yığılan maldan heç nə satmamışdır. Qarşı tərəf ondan 1000 yeşik xurma almışdı, həmin malın pulu 11000 manat edirdi, həmin məbləğdən 3000 ödənilmişdir. 8000 manat ona alqı-satqıdan borc qlamışdır. O da qarşı tərəfin 1000 yeşik xurmasını satmış və həmin 8000 manat borcunu silmişdir. Soyuducuya yığılan mallarını axıra kimi özləri satmışlar. Malların satılmasında Aqil iştirak etmişdir. Şahid1 yanvar ayının 28-də 2150 yeşik xurma almışdır. Ona malları Aqil satmışdır. İddiaçı həmçinin izahatında göstərdi ki, videodakı anbar onun anbarıdır. Təqdim etdiyi videolar mal satılanda çəkilmişdir, qarşı tərəf özləri satışda iştirak etmişlər. Qarşı tərəf malı xarab olan zaman mütəxəssis çağırmışlar, mütəxəssis demişdir ki, malın belə olmasına səbəb soyuducu olmamışdır. Mal soyuducuya yığanda xarab olmuşdu. Cavabdehlərdən başqa 5 nəfərin soyuducuda malı olmuşdur, onların heç birinin malı xarab olmamışdır. Sonradan malın əsl sahibləri zəng etmişdir ki, mallar niyə xarab olur, o da demişdir ki, mallar yumşaq formada soyuducuya yığılmışdır. Nazim Qasımovun həyətində mallar xarab olmuşdu, elə də gətirib yığmışdılar. Ceyhun Quliyevin də həyətində mallar xarab olmuşdu. Çərkəz Cəfərovun da həyətində mallar xarab olmuşdu. İsmayıl Mədətov malları əsas yığan şəxsdir. O qarşı tərəfə malları batdığından demişdir ki, mallarını satsınlar, soyuducunun pulun da onlara güzəşt edəcək. Aralarında mübahisə yarandığına görə o saxlama haqqını onlara güzəşt etmək istəmir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, malları soyuducuya yığan Cavabdeh2 olmuşdur. O sadəcə 2023-cü ildə iddiaçı ilə Cavabdeh2 tanış etmişdir. Belə ki, Cavabdeh2 Rusiyada yaşadığına görə o gəlib iddiaçının qardaşı oğluna Cavabdeh2 soyuducuya mal yığmaq istədiyini bildirmişdir. Cavabdeh2 ona tapşırdığına görə o gedib saxlama ilə bağlı danışmışdır. O danışandan 1 ay sonra Cavabdeh2 özü gəlmiş, İddiaçıla danışmış, qiymət və malların yığılmağı ilə bağlı razılaşmışdır. Soyuducuya yığılan malların ona aidiyyəti olmamışdır, o Cavabdeh2 işçisi kimi iştirak etmiş, malları anbara fəhlələr yığmış, fəhlələr malları yığanda İsmayıl özü də, o da orda iştirak etmişdir. O yalnız məhsulu tapmaq funksiyasını yerinə yetirmişdir. Cavabdeh həmçinin izahatında göstərdi ki, yanvar ayının 2-də İsmayılla gəlib malların xarab olduğunu görmüşlər. Buna görə də İsmayılla iddiaçının arasında narazılıq olmuşdur. Lakin sonra necə razılaşdıqlarını bilmir və o söhbətdə olmamışdır. Yanvar ayının 13-də isə İsmayıl malları anbardan çıxarmışdır. Onlar saxlama xərci kimi heç pul ödəməmişlər. Çünki iddiaçı ona soyuducu pulu lazım olmadığını bildirmişdir. Soyuducu malların xarab olmasına səbəb olmuşdur. Soyuducunun boşalması üçün İddiaçı malları satmışdır. Cavabdeh həmçinin izahatında göstərdi ki, Cavabdeh2 İddiaçı 1100 yeşik xurma almışdır, 3000 manat bir, 5800 manat isə bir pul ödənilmişdir. Həmin puldan borc qalmışdır. İddiaçı ondan alınan xuramaya görə cəmi 11000 manat pul ödənilməli idi. 1000 yeşiyin satılmasında o orda olmamışdır. Şahid1 o mal verməmişdir. Camaata borc olduğuna görə Şahid1 malı Şahid2 satmışdır. Şahid2 özü bütün günü soyuducuda olurdu, özü təklif etmişdir ki, malı satsın. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaya etiraz edərək izahatında göstərdi ki, soyuducuya yığılan mal onun olmuş, Cavabdeh1 həmin mala aidiyyəti olmamışdır. O, 2024-cü ildə İddiaçı soyuducusuna 21340 yeşik dəyəri 317000 manat olan mal yığmış, malı yığan Cavabdeh1 olmuşdur. Razılaşmaları şifahi qaydada olmuşdur. Malın 1 yeşiyi üçün 1,3 manata razılaşmışlar. Danışığa əsasən noyabr ayının 13-ü malı yığmalı, yanvar ayının 15-də soyuducudan malları çıxartmalı idilər. Yanvarın 15-dən sonra malların saxlanılması barədə aralarında danışıq olmamışdır. Yanvar ayının 15-nə kimi malları saxlamağa razılaşmışlar. Onun iddiaçıya borcu yoxdur. Malı iddiaçı salamat onlara versəydi iddiaçının tələb etdiyi pul o zaman ödənilməli idi. O soyuducudan malını götürüb getsəydi saxlama pulunu iddiaçıya vemrəli idi. İddiaçı onun malını mənimsəmişdir. İddiaçı onun 200000 manat pulumu mənimsəmişdir. Onun malını satanda da video çəkilmiş olmuşdur. Onun İddiaçı alqı-satqıya görə 11000 manat borcu olmuş, həmin məbləğin 8800 manatını ödəmişdir. Cavabdeh həmçinin izahatında göstərdi ki, İddiaçı əvvəlcə ona malını çıxartmağını, ona saxlama üçün pul lazım olmadığını bildirmiş, sonra isə onun malını satmışdır. Danışıqları belə olmuşdur ki. xarab olan məhsulları satsın ki, dəyən ziyan az olsun. Əvvəl malı özü çıxarmışdır. Belə ki, 3 maşın mal çıxarıb satmış, 4-cü maşını çıxaranda İddiaçı gəlmiş, 11000 manat borcu istəmişdir. Həmin vaxt o iddiaçıya 5800 manat pul ödəmişdir. İddiaçı kürəkəni sabah gəlib demişdir ki, onlar burdan mal satacaq və onun 1000 yeşik malını satmışlar. Onun 8100 yeşik malını İddiaçı satmış və pulunu ona verməmişdir. Xurmanın yeşiyi 15 manatdan satılmalı olduğu halda iddiaçı 8-10 manatdan onun malını satmışdır. O həmin 1000 yeşik malını da satmağa icazə verməmişdir. Lakin iddiaçının kürəkəni onu soyuducudan qovub mallarını satmışdır. Onun tərəfindən Cavabdeh1 bu zaman iştirak etməmişdir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, bacısı oğlu Ukraynada yaşayır. Bacısı oğlu ona zəng etmişdir ki, ona xirnik lazımdır. O da gedib Nazim müəllimin soyuducusundan almışdır. Malı alarkən malı soyuducuya Aqil və İsmayılgilin yığdığını bilmişdir. Yanvar ayının 31-də yeşiyinin birini 6 manat olmaqla 2150 yeşik meyvə almışdır. Həmin vaxt malın vəziyyəti pis deyildi. Soyuducuda Aqilin malı olduğunu ona mal yığan Şahid2 demişdir. O daha sonra bilmişdir ki, mal Cavabdeh2dur. Ona malı Aqil sayıb vermişdir. Malın qiymətini özləri müəyyən etmişdi. Malı götürəndə orada Aqil, İsmayıl, Vüsal və onun 5 fəhləsi olmuşdur. 2150 yeşiyin pulunun 5000 manatını əvvəlcə vermişdir. 5000 manatı o İsmayıl adlı şəxsə vermişdir ki, o Alakol kəndində camaatdan mal yığan və soyuducuya gətirən adam idi. Aqil özü dediyi üçün, 5000 manat pulu malı yığmamışdan bir gün qabaq İsmayıla vermişdir. Qalan pulu isə Vüsala vermişdir ki, Bakıya göndərsin. Qalan pulu ona zəng etdiklərinə görə Vüsala vermişdir ki, camaata pul verəcək. 5000 manatdan geri qalan pulu ona Vüsal demişdir ki, Bakıya göndərilməlidir, Vüsala da bunu Nazim müəllim demişdir. Malı alanda və ya pulu verəndə İddiaçı orada görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Cavabdeh1 bir gün onunla əlaqə saxladı və görüşdülər. Aqil ona kömək etməyini və xirnik tapmağını xahiş etmişdir. O da hər kəsdən soruşmuş, müəyyən qədər mal tapmışdır. Cavabdeh1 daha sonra ona daha çox mal lazım olduğunu bildirmişdir. O Aqilə malı nağd almasını, nisyə mal ala bilməyəcəklərini bildirmişdir. O Aqillə birlikdə mal axtarmış və tapmışdır. Mal yığılan ərəfədə isə Aqilgilin pulu gec gələsi olmuş, heç kəs də nisyə mal vermək istəməmişdir. Aqil ondan xahiş etmişdir ki, 10-15 günə camaatın pulunu verəcək, o malları nisyə götürsün. O da malı camaatdan nisyə götürmüşdür. Aqilin ona sonradan hissə-hissə verdiyi pulu camaata vermişdir. Daha sonra Aqil ona müştəri tapmalarını, camaatın pulunu vermələrini bildirmişdir. Daha sonra razılaşmışlar ki, mal satılacaq pulu yığıb camaatın pulunu verəcəklər. Yığdıqları malı satmaq fikrini ona Aqil demişdir. Malları İddiaçı soyuducusuna yığmışdılar. Malı satanda zəng etmiş, Aqil özü gəlmişdir. Sadıqova verilən malı onun yanında vermişlər, həmin gecə bir tək ona mal vermişlər. Təminən 2000 yeşik mal verilmişdir. Sadıqova Aqil, Nazim və o öz aralarında məsləhət etmişlər ki, mal satılsın, camaatın borcu verilsin. Aqil özü camaatın pulunu verməyi təklif etdi. O mal satan olmamışdır, Aqil özü adam tapıb malı satmağı təklif etmişdir. Malın qiymətini müəyyən edən Cavabdeh1 özü olmuşdur. Meyvənin yeşiyini müxtəlif qiymətlərə almışlar, 1 yeşiyin 6 manata satılmasını o özü müəyyən etməmiş, bu barədə heç kimə heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, malı soyuducuya Aqilgil yığdırmışdır. Aqil demişdi ki, mal onlarındır. Onların deyəndə, yəni İsmayıl kişinin malı idi. Müştərilər ona zəng edəndə ki, mal varmı, o da malın olduğunu söyləmişdir. Aqilə zəng etmiş, gəlib özü sayıb müştərilərə malı vermişdir. Soyuducudan malı Aqil özü çıxartmışdır. Fevralın 3-ü soyuducudan axırıncı mal çıxardılmışdır. Sonradan Cavabdeh2 da gəlmişdir. Özü soyuducuya yığılan malı satmamışdır. Ehtimar 2150 yeşik mal yığdırmışdır. Aqil özü demişdi ki, Ehtimara satılan malın pulu onda dursun camaata verər. 2150 yeşik malın pulunun hamısını ona verməmişdi. Bir qismini Nazim müəllimə vermişlər, Bakıya aparmışdır. Bir nəfərə satılan malın pulu ona verilmişdi, pulu da ona Aqil vermişdir. O mal satmamışdır, malı Aqil özü satmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz rayonu Alakol kəndində yerləşən 1.25 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan diskdə olan video görüntülərdən görünür ki, yeşiklərə xurma meyvələri yığılmış və həmin yeşiklər üst-üstə düzülmüşdür. Diski təqdim edən Cavabdeh2 yerində aldığı xurmalara dair çəkiliş olduğunu və xurmalar alınarkən sağlam olmasını və iddiaçının soyuducusuna yığdığını qeyd etdi. İş materiallarında olan audio-video diskində olan görüntülərdən görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində İddiaçı məxsus Tovuz rayon Alakol kəndində yerləşən soyuducu anbarda Cavabdeh1 və Şahid3 iştirakı ilə xurma məhsullarının soyuducu anbardan çıxarılması əks etdirən videogörüntülər vardır. Diski təqdim edən İddiaçı anbardan malı çıxaran Cavabdeh1 olduğunu qeyd etdi. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı arasında gedən telefon danışığını əks etdirən diskdəki görüntüdən görünür ki, tərəflər arasında malın satılması ilə bağlı söhbət gedir. İddiaçı Şahid3 özbaşına hər hansı mal satmadığını, onların təklifi ilə hərəkət etdiyini, Vüsalın mal satışından əldə etdiyi 10430 manatı ona verdiyini bildirir. İş materiallarında olan Tovuz RPŞ-nin İB-nin 13 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh2 izahatında göstərmişdir ki o, Tovuz rayonu, Alakol kənd sakini İddiaçı təxminən 2023-cü ilin oktyabr ayından tanıyır. Nazimin Tovuz rayonu, Alakol kəndində yerləşən özünə məxsus soyuducu anbarı var. 2023-cü ilin oktyabr ayının dəqiq xatırlamadığı günündə həmin soyuducu anbara alqı-satqı məqsədi ilə xurma məhsulu yerləşdirməyə başlamışdır. Həmin vaxtdan 2023-cü il ərzində Nazim ilə aralarında heç bir narazılığı olmamışdır. 01 noyabr 2024-cü il tarixdən 13 noyabr 2024-cü il tarixdədək olan müddət ərzində Nazimin soyuducu anbarına 21340 ədəd xurma yeşiyi yerləşdirmişdir. Qarşılıqlı razılaşma əsasında 15 yanvar 2025-ci il tarixədək məhsul soyuducu anbarda qalmalı imiş. 28 noyabr 2024-cü il tarixdə onun üçün mal yığan, yəni ayrı-ayrı şəxslərdən pul qarşılığında xurma yeşikləri yığan Tovuz rayonu, Qovlar şəhər sakini Aqil ilə birlikdə qeyd olunan soyuducu anbardan 2160 yeşik, 15 dekabr 2024-cü il tarixdə isə ayrıayrılıqda 950 və 1260 yeşik xurma məhsulunu çıxararaq satmışlar. 02 yanvar 2025-ci il tarixdə o, Aqil ilə birlikdə Tovuz rayonu, Alakol kəndində yerləşən Nazimə məxsus soyuducu anbara gəlmişlər. Anbara yerləşdirdikləri məhsula baxış keçirən zaman, məhsulda yumşalma prosesinin getdiyinin şahidi olmuşlar. Həmin tarixdə o, Nazimə zəng edərək anbara gəlməsini, məhsulun xarab olduğunu və dərhal satışa başlamalı olduğumu bildirmişdir. 03 yanvar 2025-ci il tarixdə yenidən Aqil ilə birlikdə soyuducu anbara gəlmişlər. Həmin tarixdə Nazim də soyuducu anbara gəlmişdir. Bundan sonra məhsulda yumşalma prosesinin baş verməsi ilə əlaqədar Nazim ilə aralarında mübahisə yaranmışdır. Bu səbəbdən soyuducu anbara Türkiyə Respublikasından olan mütəxəssis dəvət etmişlər. Mütəxəssis əvvəlcə yumşalma prosesinin soyuducu anbarla əlaqədar olduğunu onlara demişdir. Nazim və Nazimin kürəkəni Nurxanın müdaxiləsindən sonra mütəxəssis fikirini dəyişərək soyuducu anbarda problemin olmadığını bildirmişdir. Həmin tarixdən 13 yanvar 2025-ci il tarixədək o, anbarda dörd ədəd yük avtomobili, yəni 7400 yeşik xurma məhsulunu soyuducu anbardan çıxararaq satış etmişdir. Satmış olduğu 7400 yeşik xurma məhsulunun soyuducu anbarda düzgün saxlanılmamasına görə həmin məhsulunun satışından 42000 manat dəyərində ziyanlıq etmişdir. 14 yanvar 2025-ci il tarixdə növbəti yük avtomobilinə məhsulu yükləmək istədikdə Nazimin kürəkəni olan Nurxan adlı şəxs anbara daxil olaraq məhsulun yüklənməsini dayandırmağını bildirmişdir. O, Nurxana etiraz edərək qayınatası Nazimin burada məhsulu olmadığını, həmin məhsulların mənə aid olmasını bildirmişdir. Belə ki, əvvəlcədən Nazim ilə onun aralarında 1000 yeşik xurma məhsulunun alqı-satqısı olmuşdur. Həmin məhsulun 8800 manatını 13 yanvar 2025-ci il tarixdə Nazimə geri qaytardıqdan sonra 2200 manat borcum qalmışdır. Lakin 14 yanvar 2025-ci il tarixdə Nurxan 1000 yeşik xurmanın satışını etmişdir. Sonradan Nurxan ona tez bir şəkildə anbarı tərk etməyini bildirmişdir. 23 yanvar 2025-ci il tarixdə onun şəriki olan Xəlil adlı şəxs 1730 yeşik xurma məhsulunu çıxararaq satış etmişdir. Həmin məhsulunu satışından malın xarab olmasına görə 8000 manat ziyanlıq olmuşdur. 26 yanvar 2025-ci il tarixdə bir yeşiyi 8 manat olmaqla 302 yeşik xurma məhsulunun satışı olmuşdur. Əldə olunan 2416 manat pulu Nazimin qardaşı oğlu olan Vüsal adlı şəxs götürmüşdür. 2416 manat pulun 1650 manatını borclu olduqları Tovuz rayonu, Alakol kənd sakini olan Zemfira adlı qadına verilmişdir. Qalan 766 manat pulu isə Vüsal götürərək özündə saxlamışdır. Soyuducu anbarda qalan xurma məhsulu xarab olduğu üçün 28 yanvar 2025-ci il tarixdə isə yeşiyi 2 manat olmaqla 600 yeşik xurma məhsulu satılmışdır. Halbuki həmin məhsulun yeşiyi 15 manata satılmalı imiş. Məhsulun satışından 9000 manat pul əldə olunmalı imiş, lakin xarab olması səbəbi ilə bu satışdan 1200 manat pul əldə edildi. Bu səbəbdən də 7800 manat ziyanlıq etmişdir. Həmin satışdan əldə olunan 1200 manat pulu isə günəmuzd işləyən fəhlələrə olan borclarına vermişlər. 31 yanvar 2025-ci il tarixdən 04 fevral 2025-ci il tarixədək 8100 yeşik xurma məhsulunun satışını Nazim özü həyata keçirərək həmin məhsulu müxtəlif məbləğlərə ayrı-ayrı şəxslərə satmışdır. Əldə olunan pulu isə Nazim özü götürmüşdür. 31 yanvar 2025-ci il tarixdən sonra həyata keçirilən satış prosesində nə o, nə də Aqil iştirak etməmişdir. Bundan əlavə 18 yanvar 2025-ci il tarixdə Nazim vatsap vasitəsi ilə ona soyuducuda qalan 6000 yeşik xurma məhsulunu müqavilədə nəzərdə tutulmuş dövrdə götürmədiyi üçün 3-cü şəxslərə satacağı barədə bildiriş göndərmişdir. Həmçinin həmin bildirişdə nəzərdə tutumuş əlavə 5800 manat pulu isə 13 yanvar 2025-ci il tarixdə ayrı-ayrılıqda 5100 manat və 700 manat olmaqla Nazimin oğlu Nümayəndə məxsus kart hesabına ödəmişdir. Nazimin soyuducu anbarına yerləşdirdiyi 21340 yeşik xurma məhsulunun 13240 yeşik məhsulunun satışını o, həyata keçirmişdir. Onun soyuducu anbarda qalan 8100 yeşik xurma məhsulunun satışını isə Nazim özü həyata keçirərək 121500 manat maddi ziyanlıq vurmuşdur. Nazimə məxsus soyuducu anbarın düzgün işləməməsinə görə ona ümumilikdə 195950 manat maddi ziyan dəymişdir. Bundan əlavə onun 1770 ədəd boş yeşikləri Nazimə məxsus soyuducu anbarda qalmışdır. Xurma məhsulları dərildikdən dərhal sonra İddiaçı Tovuz rayonu, Alakol kəndində yerləşən soyuducu anbarına yerləşdirmişdir. 13 noyabr 2024-cü il tarixdə 21340 ədəd xurma yeşiyini sağlam şəkildə soyuducu anbara yerləşdirilmişdir. Məhsul dərildikdən sonra vətəndaşlardan alınaraq soyuducu anbara yerləşdirilməsinin sübutu barədə video görüntülər var. Həmin video görüntülərdə ayrı-ayrı ayrı şəxslərdən xurma məhsullarının alınması, soyuducu anbara yerləşdirilməsi və İddiaçı ilə Cavabdeh1 telefon danışığı öz əksini tapmışdır. Qeyd olunan video görüntüləri sübut kimi təqdim edə bilər. Bundan başqa İddiaçı ilə yalnız şifahi razılaşma əsasında bir yeşiyi 1 manat 30 qəpik olmaqla, 21340 yeşik xurma məhsulunu soyuducu anbara yerləşdirmişdir. Şifahi razılaşmaya əsasən xurma məhsulları 13 noyabr 2024-cü il tarixdən 15 noyabr 2025-ci il tarixədək soyuducu anbarda saxlanılmalı imiş. Yəni 21340 yeşik xurma məhsulunun soyuducu anbara yerləşdirilməsinə dair İddiaçı ilə aralarında hər hansı bir yazılı rəsmi müqavilə mövcudd olmamışdır. Xurma məhsulum Nazimə məxsus soyuducu anbarda düzgün saxlanılmamasına görə yararsız hala düşmüşdür. Həmin araşdırma zamanı izahatı alınmış Cavabdeh1 izahatında göstərmişdir ki, Tovuz rayon Alakol kənd sakini İddiaçı tanıyır. Cavabdeh2 tanıyır, həmkəndlisidir. İsmayıl xurma məhsulunun alqı-satqısı ilə məşğul olur. Nazimin Tovuz rayon Alakol kəndində yerləşən özünə məxsus soyuducu anbarı var. 2023-cü ilin oktyabr ayında həmin soyuducu anbara alqı-satqı məqsədilə İsmayılın xurma məhsulunu yerləşdirməyə başlamışlar. 2023cü il ərzində Nazim ilə aralarında heç bir narazılıq olmamışdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətdə Nazimin soyuducu anbarına 21340 yeşik xurma məhsulu yerləşdirmişlər. Qarşılıqlı razılaşma əsasında xx.xx.2025-ci il tarixədək məhsul soyuducu anbarda qalmalı idi. xx.xx.2024-cü il tarixdə İsmayıl ilə birlikdə soyuducu qeyd olunan soyuducu anbardan 2160 yeşik, xx.xx.2024-cü il tarixdə isə ayrı-ayrılıqda 950 və 1260 yeşik xurma məhsulunu soyuducu anbardan çıxararaq satmışlar. xx.xx.2024-cü il tarixdə o, İsmayıl ilə birlikdə soyuducu anbara gəlmişdir. Anbara yerləşdirdiyi məhsula baxış keçirən zaman, məhsulda yumşalma prosesinin getdiyinin şahidi olmuşdur. Həmin tarixdə İsmayıl Nazimə zəng edərək anbara gəlməsini, məhsulun xarab olduğunu görərək, dərhal satışa başlamasını bildirmişdir. xx.xx.2025-ci il tarixdə yenidən İsmayıl ilə birlikdə soyuducu anbara gəlmişdir. Həmin tarixdə Nazim də soyuducu anbara gəlmişdir. Bundan sonra məhsulda yumşalma prosesinin baş verməsi ilə əlaqədar Nazim ilə aralarında mübahisə yaranmışdır. Bu səbəbdən soyuducu anbara Türkiyə Respublikasından olan mütəxəssis dəvət etmişlər. Mütəxəssis əvvəlcə yumşalma prosesinin soyuducu anbarla əlaqədar olduğunu onlara demişdir. Nazim və kürəkəni Nurxanın müdaxiləsindən sonra mütəxəssis fikrini dəyişərək soyuducu anbarda problemin olmadığını bildirmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dörd ədəd yük avtomobili dolu, yəni 7400 ədəd xurma məhsulunu soyuducu anbardan çıxardaraq satışını həyata keçirmişlər. xx.xx.2024-cü il tarixdə növbəti yük avtomobilinə məhsulu yükləmək istədikdə, Nazimin kürəkəni olan Nurxan adlı şəxs anbara daxil olaraq, məhsulun yüklənməsinin dayandırmalarını bildirmişdir. İsmayıl, Nurxana etiraz edərək qayınatası Nazimin burada məhsulu olmadığını, həmin məhsulların ona aid olmasını bildirmişdir. Belə ki, əvvəlcədən Nazim ilə İsmayılın arasında 1000 yeşik xurma məhsulunun alqı-satqısı olmuşdur. Həmin məhsulun 8800 manatını xx.xx.2025-ci il tarixdə Nazimə geri qaytarmış, 2200 manat borcu qalmışdır. Lakin xx.xx.2025-ci il tarixdə Nurxan 1000 yeşik xurmanın satışını etmişdir. X2 ilə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı İsmayıl soyuducu anbarı tərk edərək çıxıb getmişdir. Bundan sonra Nurxan onun mobil telefonu ilə İsmayıla zəng etmişdir. Telefon ilə danışaraq onun yanından bir qədər uzaqlaşmışdır. Nurxanın İsmayıl ilə nə danışdığı barədə məlumatı yoxdur. xx.xx.2025-ci il tarixdə İsmayılın şəriki olan Xəlil adlı şəxs 1730 yeşik xurma məhsulunu çıxararaq satış etmişdir. xx.xx.2025-ci il tarixdə bir yeşiyi 8 manat olmaqla 302 yeşik xurma məhsulunun satışı olmuşdur. Əldə olunan 2416 manat pulu Nazimin qardaşı oğlu olan Vüsal adlı şəxs götürmüşdür. 2416 manat pulun 1650 manatını borclu olduqları Tovuz rayon Alakol kənd sakini olan Zemfira adlı qadına verilmişdir. Qalan 766 manat pulu isə Vüsal götürərək özündə saxlamışdır. xx.xx.2025-ci il tarixdə isə yeşiyi 2 manat olmaqla 600 yeşik xurma məhsulu satılmışdır. Həmin satışdan əldə olunan 1200 manat pulu isə günəmuzd işləyən fəhlələrə olan borclarına vermişlər. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 8100 yeşik xurma məhsulunun satışını Nazim özü həyata keçirərək müxtəlif məbləğlərə satmışdır. Əldə olunan pulu isə Nazim özü mənimsəmişdir. xx.xx.2025-ci il tarixdən sonra həyata keçirilən satış prosesində o, iştirak etməmişdir. Həmin araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında göstərmişdir ki, o, rəsmi olaraq sahibkar kimi fəaliyyət göstərir. Tovuz rayon Alakol kəndində özünə məxsus soyuducu anbarı var. Soyuducu anbar iki kameradan ibarətdir. Tovuz rayon Qovlar sakini olan Cavabdeh2 2023-cü ildən tanıyır. İsmayıl həmin müddətdə xurma məhsulunun alqısatqısı ilə məşğul olmuşdur. Bu müddət ərzində aralarında heç bir narazılıq olmasıdır. xx.xx.2024-cü il tarixdən başlayaraq İsmayıl yenidən ona məxsus soyuducu anbara xurma məhsulunu yerləşdirməyə başlamışdır. İsmayıl ilə aralarında olan razılaşmaya görə iki ay ərzində yerləşdirdiyi xurma məhsulunu soyuducu anbarda saxlaya bilər. Anbarda saxlanılan 1 yeşik xurma məhsulu üçün 1 manat 40 qəpik icarə haqqı alınmalı idi. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində İsmayıl soyuducu anbara ümumilikdə 21340 (iyirmi bir min üç yüz qırx) yeşik xurma məhsulu yerləşdirmişdir. 21340 xurma məhsulunun 1000 yeşiyi ona məxsus olmuşdur. 1000 yeşik xurma məhsulunun satışı müqabilində İsmayıl ona 11000 manat pul verməli idi. xx.xx.2024-cü il tarixdə İsmayılın şəriki olan Aqil adlı şəxs soyuducu anbardan 2160 yeşik xurma məhsulunu çıxararaq satış etmişdir. xx.xx.2024-cü il tarixdə 950 və 1236 yeşik məhsulunun satışı edilmişdir. Satış edildikdən bir müddət sonra İsmayıl və işçisi Aqil soyuducu anbara gəlməmişdir. xx.xx.2024-cü il tarixdə soyuducu anbarda olduğu müddətdə İsmayılın yığmış olduğu xurma məhsullarına baxış keçirmişdir. Baxış zamanı məhsulun yumşaldığının şahidi olmuşdur. İsmayılın mobil nömrəsinə zəng etsə də, onun zənglərinə cavab verməmişdir. Həmin tarixdə İsmayılın yaşadığı ünvana getmişdir. İsmayılı yolda görərək, yığdığı xurma məhsulunda yumşalma olduğunu bildirmişdir. İsmayıl məhsulun əvvəlcədən elə olduğunu, tez-bazar müştəri taparaq məhsulu satacağını bildirmişdir. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək İsmayıl soyuducu anbardan hər biri 1850 ədəd olmaqla dörd ədəd yük avtomobili xurma məhsulunun satışını etmişdir. İsmayıl ona borclu olduğu 11000 manat pulun 3000 manatını vermişdir. Qalan 8000 manat pulu vermədiyi üçün anbarda olan 1000 yeşik xurma məhsulunu, yeşiyi 8 manat olmaqla ümumilikdə 8000 manata satmışdır. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində isə İsmayıl və Aqil ümumilikdə 6732 yeşik xurma məhsulunu anbardan çıxararaq satış etmişdir. İsmayıl ümumilikdə 20556 yeşik xurma məhsulunun satışını etmişdir. O, İsmayıla məxsus olan xurma məhsulunun satışını etməmiş, nə də İsmayılın məhsulunu sataraq pulunu mənimsəməmişdir. İsmayılın dedikləri yalandır. Onun İsmayıla heç bir borcu yoxdur. Əksinə İsmayılın ona 24076 manat icarə haqqı borcu var. 21340 yeşik xurma məhsulunun soyuducu anbara yerləşdirilməsinə dair Cavabdeh2 ilə onun arasında rəsmi müqavilə olmamışdır. Yalnız Cavabdeh1 ilə aralarında olan şifahi razılaşma əsasında qeyd olunan miqdarda xurma məhsulları soyuducu anbara yerləşdirilmişdir. Cavabdeh2 izahatında qeyd etdiyi 1770 ədəd boş yeşiklər hal-hazırda onun soyuducu anbarındadır. Həmin boş yeşiklər xarab olmuş xurma məhsullarının zibil konteynerinə töküldükdən sonra yığılıb qalan yeşiklərdir. Hal-hazırda həmin 1770 ədəd boş yeşikləri Cavabdeh2 təhvil verməyə hazırdır. Bundan əlavə Cavabdeh2 və Cavabdeh1 Alakol kənd sakinlərindən almış olduğu xurma məhsulunun yığılmasına baxmayaraq, günlərlə qaldıqdan sonra gətirərək soyuducu anbara yığmışlar. Bu səbəbdən də xurma məhsullarının müəyyən hissəsində yumşalma prosesi baş vermişdir. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində qardaşı oğlu Şahid3 iştirakı ilə Aqil özü xurma məhsullarının satışını həyata keçirmişdir. Hər satışdan əldə olunan pulları Aqil, Vüsala vermişdir. Həmin tarixlərdə həyata keçirilən satışlardan ümumilikdə 17250 manat pul əldə olunmuşdur. Aqil həmin puldan 1650 manat borclu olduqları həmkəndliləri Zemfira adlı şəxsə, 4000 manatı Beşi ləqəbli şəxsə vermişdir. 1200 manat pulu isə Aqil özü götürmüşdür. Yerdə qalan 10400 manat pulu isə Vüsal mənə vermişdir. Qeyd oluna tarixlərdə soyuducu anbarda xurma məhsulunun hər bir satışında Aqil özü iştirak etmişdir. Hal-hazırda 10400 manat pul ondadır. Həmin pulu İsmayıla verməyə hazırdır. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 827-ci maddəsinə əsasən anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. Həmin Məcəllənin 830-cu maddəsinə əsasən əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir. Anbar sahibi saxlama haqqından başqa, saxlamanın özü ilə bağlı olmayan bütün xərclərin əvəzinin, məsələn, fraxtın, gömrük rüsumlarının, təmir xərclərinin ödənilməsi hüququna malikdir. Müvafiq olaraq anbar sahibinin tələbi ilə tapşıran xərclərin əvəzini dərhal ödəməlidir. Saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir. Məhkəmə qeyd edir ki, Bayramov X1 Aqil Kamil oğlu, sonuncu isə Şahid2 vasitəsilə xurma məhsulu satın almış, cəmi 21340 yeşik xurma məhsulunu Cavabdeh1 vasitəsilə İddiaçı məxsus soyuducu anbara yığmışdır. Malın anbara yığılması və saxlama xərcləri və müddəti ilə bağlı tərəflər şifahi qaydada razılaşmışlar. İddiaçı 2024-cü ilin noyabr və dekabr ayları üçün hər yeşik üçün 1,30 manat razılaşdıqlarını, cavabdehlər malı xx.xx.2025-ci il tarixdə götürməli olmalarını, lakin malların bir hissəsinin çıxarıldığını, 16000 yeşiyin isə qaldığını, malın son yeşiklərinin 2025-ci ilin fevral ayının əvvəlində çıxarıldığını, yanvar və fevral ayının əvvəli üçün saxlama haqqı olaraq 0,60 manat saxlama xərci hesabladığını, saxlama xərcindən 5800 manat pul ödənildiyini, sonradan isə cavabdehlərin mallarının satışından ona 10330 manat verildiyini və həmin pulun saxlama xərcindən çıxıldığını, saxlama xərci olaraq ona 21160 manat borc qaldığını bildirmiş və cavabdehlərdən həmin pulun alınıb ona ödənilməsini xahiş etmişdir. Cavabdehlər isə soyuducu anbara yığılan malın məhz Cavabdeh2 məxsus olduğunu, yığılan malın 2024-cü ilin noyabr ayından 2025-ci ilin yanvar ayının 15-dək saxlama xərci olaraq hər yeşiyə 1,30 manat razılaşdıqlarını, lakin yığılan malın soyuducuda xarab olduğunu, ziyana düşdükləri üçün iddiaçının saxlama xərcini onlara güzəşt etdiyini, iddiaçının soyuducuya yığılan malı onların razılığı olmadan satdığını, külli miqdarda ziyana saldığını bildirmiş, ona görə də iddiaçıya borc olmadığını bildirərək iddianın təmin edilməməsini xahiş etmişlər. Məhkəmə bildirir ki, iddiaçı hər iki cavabdehə həm Cavabdeh1, həm də Cavabdeh2 qarşı tələb irəli sürsə də iddiaçıya məxsus soyuducu anbara yığılan malın Cavabdeh2 aid olması iş materialları ilə təsdiq edilir. Tərəflər 21340 yeşik malın saxlanılması üçün iki ay müddətində hər yeşiyə 1,30 manat saxlama xərci ödəniləcəyi barədə razılaşmışlar. Bu hal hər iki tərəfin həm məhkəmə iclasında, həm də Tovuz RPŞ-nin İB-ndə araşdırma aparılarkən alınan izahatları ilə təsdiq edilir. O da təsdiq edilir ki, soyuducuya yığılan mal tam olaraq tərəflərin razılaşdıqları yanvar ayında deyil, 2025-ci ilin fevral ayında çıxarılmışdır. O da təsdiq olunur ki, qarşı tərəf ziyana düşdüyündən iddiaçı saxlama xərcini güzəşt edəcəyini bildirmiş, lakin sonradan cavabdehlərin ona qarşı davranışlarına, yəni ondan müftəlif orqanlara şikayət etdiklərindən həmin fikrindən daşınmışdır. Malın bir hissəsinin soyuducuda razılaşdırılmış müddətdən artıq qalmasına görə saxlama haqqı şərtləşdirilməmiş, lakin iddiaçı saxlama üçün hər yeşiyə 0,60 manat haqq hesablamışdır. Həmçinin o da müəyyən edilir ki, qarşı tərəfdən iddiaçıya saxlama xərci olaraq 5800 manat pul verilmişdir. İddiaçı malların satışından ona 10330 manat verildiyini həmin məbləği də saxlama xərcindən çıxdığını göstərsə də məhkəmə iclasında tədqiq edilmiş sübutlarla malların satışından 10430 manat pulun iddiaçıya verildiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı özünə məxsus soyuducuda malın saxlanılması xərcini tələb etməkdə haqlıdır. Həmin məbləğlər çıxıldıqdan sonra qalan məbləğ, yəni iddiaçı tərəfindən 21340 yeşik xurma məhsulunun hər yeşik üçün 1,30 manat olmaqla saxlanılması üçün 27690 manat və 16000 yeşik xurma məhsulunun hər yeşik üçün 0,60 manat olmaqla saxlanılması üçün 9600 manat, cəmi 37290 manat puldan 5800 manat və 10430 manat çıxılmaqla 21060 manat saxlama xərci Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Soyuducuya yığılan malın cavabdehlər tərəfindən hissə-hissə çıxarılması işdə olan tərəflərin izahatları, Tovuz RPŞ-nin İB-ndə araşdırma aparılarkən alınan izahatları ilə və tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı soyuducuya yığılan malı satması, satması üçün tapşırıq verməsi, alqı-satqı münasibətlərində iştirak etməsi, malı cavabdehə verməkdən imtina etməsi ilə bağlı hər hansı bir hal yoxdur. İddiaçı ilə cavabdeh arasında 1000 yeşik xurma məhsuluna dair alqı-satqı olmuş, həmin alqı-satqı üzrə iddiaçıya 11000 manat pul ödənilməli olmuş, həmin məbləğin 3000 manatı ödənilmiş, qalan məbləğ ödənilməsi üçün isə iddiaçı tərəfindən həmin 1000 yeşik mal satılmışdır. Hazırkı iddia tələbində alqı-satqı ilə bağlı məsələlər mübahisə edilmir. Cavabdehlərin iddiaçının təqsirli hərəkətləri nəticəsində onlara ziyan dəyməsi ilə bağlı göstərdiklərinə münasibət bildirən məhkəmə qeyd edir ki, ziyanla bağlı cavabdehin hər hansı bir iddiasına baxılmır, hazırkı işin predmetini təşkil etmir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehlərin qeyd etdikləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciətləri olmuş, bununla bağlı araşdırma aparılmışdır. İddiaçının barəsində xüsusi qərar çıxarılmaqla cinayət işinin başlanması üçün göndərilməsi üçün əsas yoxdur. Ona görə də iddia qismən təmin edilməli, Cavabdeh2 21060 manat pul alınaraq İddiaçı verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 185 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 153 manat 18 qəpik dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 21060 (iyirmi bir min altmış) manat pul, ödənilmiş 153 (bir yüz əlli üç) manat 18 (on səkkiz) qəpik dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1033/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1033/2025
04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver