Məhkəmə qərarları › İş №e-2-2(115)-1044/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1044/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1044/2025 28.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X4 qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, A100/23 saylı alğı-satqı müqaviləsi əsasında 7344 manat 55 qəpik əsas, 367 manat 28 qəpik dəbbə pulu və 97 manat 12 qəpik ödənilən dövlət rüsumu olmaqla cəmi, 7808 manat 95 qəpik məbləğində pulun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə “X3 Company Company” MMC ilə cavabdeh arasında A100/23 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “X3 Company Company” MMC, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin müqavilə əsasında baş tutmuş alğı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektronqaimələrə əsasən ƏDV daxil olmaqla 7344 manat 55 qəpik məbləğində malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəni "xxxx" MMC-yə ödəməmişdir. Həm mövcud qanunvericiliyin, həm də tərəflərin razılaşdıqları şərtləri özündə əks etdirən müqavilənin digər maddələri nəzərə alınmaqla elektron qaiməyə əsasən 7344 manat 55 qəpik cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. İddiaçının nümayəndəsi X1 məhkəməyə elektron qaydada ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbini müdafiə etdiklərini bildirmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli A 100/23 nömrəli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış təchizat müqaviləsindən görünür ki, təchizatçı-İddiaçı MMC bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı- Cavabdeh isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı tərəfindən satıcıya hər gecikən gün üçün 0.3 faiz dəbbə pulu (cərimə) ödəməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2023-cü il tarixli EBDA 384466 nömrəli elektron qaimə-faktura üzrə 13398 manat 27 qəpik, xx.xx.2023-cü il tarixli EBDA 879173 nömrəli elektron qaimə-faktura üzrə 4375 manat 20 qəpik, xx.xx.2023-cü il tarixli EBDB 721954 nömrəli elektron qaimə-faktura üzrə 1629 manat 90 qəpik, xx.xx.2023-cü il tarixli EBDC 269300 nömrəli elektron qaimə-faktura üzrə 6034 manat 20 qəpik olmaqla cəmi 25437 manat 57 qəpik məbləğində malın İddiaçı tərəfindən alıcı Cavabdeh təqdim edilməsi elektron qaimələrlə təsdiq edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 57/25 nömrəli maliyyə arayışından görünür ki, yazılan qaimələrin ümumi məbləği 25437 manat 57 qəpik, qaytarılan malların dəyəri 16693 manat 02 qəpik təşkil edir. 1400 manat isə ödənilən məbləğdir. Belə ki, xx.xx.2023-cü il tarixli A 100/23 nömrəli müqavilə üzrə Cavabdeh İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixə 7344 manat 55 qəpik əsas borc, 367 manat 28 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 7711 manat 78 qəpik məbləğində borcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından görünür ki, iddiaçı alğı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəlikləri yerinə yetirərərək müqavilədə göstərilən malları cavabdehə vermiş, cavabdeh isə müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək aldığı malların dəyərini iddiaçıya tam ödəməmişdir. Pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş sənədindən göründüyü kimi, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 97 manat 12 qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 7344 manat 55 qəpik əsas borc, 367 manat 28 qəpik cərimə borcu olmaqla cəmi 7711 manat 83 qəpik məbləğində borc və ödənilmiş 97 manat 12 qəpik dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. 7344 manat 55 qəpik əsas borc, 367 manat 28 qəpik cərimə borcu olmaqla cəmi 7711 manat 83 qəpik məbləğində borc və ödənilmiş 97 manat 12 qəpik dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar