Məhkəmə qərarları › İş №e-2-2(115)-1045/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1045/2024

08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1045/2024 08.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Tərtər rayon İcra Hakimiyyəti başçısının İrəvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Tərtər rayon İcra Hakimiyyəti başçısının İrəvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc 1587,77 (bir min beş yüz səksən yeddi manat 77 qəpik) (ƏDV daxil) manat, cərimə sanksiyası olaraq 158,78 (bir yüz əlli səkkiz manat 78 qəpik) manat pulun (cəmi 1 746,55 manat) və ödənilmiş 37,46 (otuz yeddi manat 46 qəpik) manat dövlət rüsumunun cavabdeh Tərtər rayon İH-nin İrəvanlı kənd İƏD üzrə nümayəndəliyindən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Tərtər rayon İcra Hakimiyyəti başçısının İrəvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi arasında ərzaq məhsullarının satın alınması barədə 2020-ci il 14 sentyabr tarixli SA-61 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı ASC (İcraçı) müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə Tərtər rayon İH-nin İrəvanlı kənd İƏD üzrə nümayəndəliyinin (Sifarişçinin) təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə Sifarişçini təmin etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Tərtər rayon İH-nin İrəvanlı kənd İƏD üzrə nümayəndəliyi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının İcraçıdan qəbul edilməsini və onun dəyərinin ödənilməsini öhdəsinə götürür. Lakin, Tərtər rayon İH-nin İrəvanlı kənd İƏD üzrə nümayəndəliyi müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri icra etməmiş və İddiaçı ASC-yə aldığı ərzaq məhsulları üzrə ödənişi həyata keçirməmişdir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən Müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği 29400 (iyirmi doqquz min dörd yüz) manat təşkil edir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən Sifarişçi Əlavədə qeyd edilmiş ərzaq məhsullarına görə ödənişi növbəti ayın 10-dək İcraçının Müqavilədə göstərilən bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Bildiririk ki, 2020-ci il 14 sentyabr tarixli SA-61 saylı müqavilə üzrə öhdəliyimizin tam icra olunmasına baxmayaraq alınmış ərzaq məhsullarının pulu ödənilməmişdir. Tərtər rayon İH-nin İrəvanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş, 1 587,77 (bir min beş yüz səksən yeddi manat 77 qəpik) (ƏDV daxil) manat dəyərində ərzaq məhsullarının dəyəri Cəmiyyətə ödənilməmişdir. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir. Lakin, qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi müqavilə üzrə ümumilikdə 1 587,77 (bir min beş yüz səksən yeddi manat 77 qəpik) (ƏDV daxil) manat təşkil edir. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən Sifarişçi üzrlü səbəb olmadan Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələri aparmadıqda və ya təqdim olunan ərzaq məhsullarının qəbulunu gecikdirdikdə, İcraçı hər gecikdirilmiş gün üçün Müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq edə bilər. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən Cərimələrin məbləğinin yuxarı həddi Müqavilənin qiymətinin 10 (on) faizindən çox olmamalıdır. Cavabdeh tərəfindən Müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələr aparmadığından iddiaçının hər gecikdirilmiş gün üçün Müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq etmək hüququ yaranmışdır. Ərzaq məhsullarının satın alınması barədə 2020-ci il 14 sentyabr tarixli SA- 61 saylı müqavilə 2021-ci ilin 31 dekabr tarixinədək qüvvədə olmuşdur. 2 il 3 ay ərzində cavabdeh tərəfindən öhdəlik icra olunmadığından, həmin müqavilənin 9.2 və 9.3-cü bəndlərinə əsasən cavabdehə 158,78 (bir yüz əlli səkkiz manat 78 qəpik) dəyərində cərimə sanksiyası tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh Tərtər rayon İcra Hakimiyyəti başçısının İrəvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə 23 may 2024-cü il tarixli, e-2-2(115)-1045/2024 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən məhkəmə bildirişi xx.xx.2024-cü il tarixdə alınmasına baxmayaraq iddiaçının tələbinə dair etirazlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, qiymət cədvəli, qarşılıqlı hesablaşmalar aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Tərtər rayon İcra Hakimiyyəti başçısının İrəvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli SA-61 saylı müqaviləyə əsasən icraçı bu müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə sifarişçinin təklifini qəbul edir və cədvəldə göstərilən ərzaq məhsulları ilə sifarişçini təmin etməyi öz öhdəsinə götürmüşdür. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği 29400 manat təşkil edir. Həmin müqavilənin 7.5-ci bəndinə əsasən sifarişçi əlavədə qeyd edilmiş ərzaq məhsullarına görə ödənişi növbəti ayın 10-dək icraçının müqavilədə göstərilən bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən sifarişçi üzrlü səbəb olmadan müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələri aparmadıqda və ya təqdim olunan ərzaq məhsullarının qəbulunu gecikdirdikdə, icraçı hər gecikdirilmiş gün üçün müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq edə bilər. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən cərimələrin məbləğinin yuxarı həddi müqavilənin qiymətinin 10 (on) faizindən çox olmamalıdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 1587,77 manat borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, qarşılıqlı hesablaşmalar aktı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 1587,77 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 158,78 manat cərimənin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı bu məbləği tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 37,46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 37,46 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 37,46 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Tərtər rayon İcra Hakimiyyəti başçısının İrəvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən 1587,77 manat əsas borc, 158,78 manat cərimə olaraq, cəmi 1746,55 manat məbləğində pul və ödənilmiş 37,46 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Tərtər rayon İcra Hakimiyyəti başçısının İrəvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən 1587,77 manat əsas borc, 158,78 manat cərimə olaraq, cəmi 1746,55 manat məbləğində pul və ödənilmiş 37,46 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar