Məhkəmə qərarları › İş №e-2-2(115)-1053/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1053/2022

23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1053/2022 23.06.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə əsas məbləg üzrə 7044 manat məbləğində borcun, 150 manat cərimənin və 2 saylı Medasiya Təşkilatına ödənilmiş 110 manat rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun inzahat verdi, əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən cavabdehə stomatoloji avadanlıqlar satılmışdır. Hal-hazırda borcdan 500 manat ödəniş olunmuşdur. Tərəflə alğı-satqı müqaviləsi imzalanmış, öhdəlik həmin müqavilədən irəli gəlmişdir. İşə kommersiya məhkəməsində baxılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, izahatında bildirmişdir ki, iddiaçı ilə müqavilə bağlayaraq texniki fəaliyyətin həyata keçirilməsi üçün avadanlıqlar almış, lakin sonradan iş baş tutmadığına görə borcunu ödəyə bilməmişdir. İddiaçıya aldığı əmlakın geri qaytarılmasını təklif etsə də onlar razılıq verməmişlər. Əgər qarşı tərəf razı olsa aylıq 600 manat olmaqla ödənişləri həyata keçirə bilər. Onun adına VÖEN uzun müddət bundan qabaq başqa şirkətdə çalışan zaman kredit əməliyyatı üzrə xidmətlər üçün açılıb. Sonradan həmin hesab dondurulub, heç bir zaman texniklik fəaliyyəti ilə məşğul olmağa başlamayıb və bununla bağlı vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 5 oktyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı malları alıcıya satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İş materillarında olan Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 16 iyun 2022-ci il tarixli **********388900 nömrəli məktubundan görünür ki, elektron uçot-məlumat bazasına əsasən Cavabdeh xx.xx.2017-ci tarixində ********** saylı VÖEN-lə uçota alınıb, xx.xx.2017-ci il tarixli **********170200 nömrəli “Fiziki şəxsin fəaliyyətinin dayandırılması” ərizəsinə əsasən fəaliyyəti xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Əsas fəaliyyət növü kimi "Ödənişlərin yığılması və kredit əməliyyatları haqqında hesabatlar üzrə agentliklərin fəaliyyəti” (82910) və əlavə fəaliyyət növü kimi “Digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi” (96090) fəaliyyət növləri ilə məşğul olmağı barədə məlumat aşkar edilmişdir. Sadalananlardan göründüyü kimi qeyd tərəflər arasında hüquq münasibətini yaradan müqavilə, vergi ödəyicisi olan Cavabdeh sahibkarlıq fəaliyyətinin dayandırıldırılmış olduğu müddətdə bağlanmışdır. Ona görə də bu müqavilə şəxsin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin bağlandığı müddət ərzində Cavabdeh sahibkarlıq fəaliyyəti dayandırılmış vəziyyətdə olmuşdur. Odur ki, bu müqavilə onun sahibkarlıq fəaliyyətindən kənar sayılır. İşin bu halı mübahisənin kommersiya mübahisəsi olmasını istisna edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Bundan başqa işin faktiki hallarından göründüyü kimi, cavabdehin iddiaçıya ilə bağladığı alğı-satqı müqaviləsinin predmeti onun sahibkarlıq fəaliyyətindən irəli gəlməmişdir. Vergi orqanı tərəfindən məhkəməyə ünvanlanan məlumatdan göründüyü kimi cavabdehin əsas sahibkarlıq fəaliyyəti “ödənişlərin yığılması və kredit əməliyyatları haqqında hesabatlar üzrə agentliklərin fəaliyyəti”-indən ibarət olmuşdur. Hazırki mübahisə tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 27-ci bəndində qeyd edilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə aid olduğu üçün iş aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda sadalanan 18 sentyabr 2020-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, MPM-ə əlavə edilmiş 403-1-ci maddənin tətbiqi kassasiya instansiyası ilə yanaşı birinci instansiya məhkəmələrinin üzərinə də müəyyən prosessual vəzifələr qoymaqla, onlar tərəfindən məhkəmə aidiyyəti ilə bağlı yaranan fikir ayrılıqlarına dair qərardadların qəbulundan fərqli olaraq, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan işdə iştirak edən şəxslər tərəfindən şikayətin verilməsi zamanı bir sıra zəruri prosessual hərəkətlərin yerinə yetirilməsini tələb edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu qərardadlardan verilən şikayətlərin birinci instansiya məhkəməsinə verilməsinə baxmayaraq, şikayətlər hər bir halda vəkil tərəfindən tərtib edilməli, habelə müvafiq order əlavə edilməlidir. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə bu şikayətlər vəkil tərəfindən tərtib edilmədikdə və ona vəkilin orderi əlavə olunmadıqda, MPM-in 403-1.4-cü maddəsindən çıxış edilməklə, həmin Məcəllənin apelyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmiş 408.1.3-cü maddəsinin müddəaları tətbiq edilib, şikayət geri qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 403-1.4-cü maddəsinə əsasən şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair bu qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar