Məhkəmə qərarları › İş №e-2-2(115)-1055/2023

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1055/2023

22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1055/2023 22.09.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdeh X1 və onun nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdeh X2 qarşı əmlakın geri qaytarılması və pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ("xxxx" ASC) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 352-L15 nömrəli lizinq müqaviləsinə əsasən onun mülkiyyətində olan NEW Holland TD5-110 markalı 10-Z-843 dövlət qeydiyyat nişanlı 1 ədəd traktorun cavabdeh Şəmkir rayonu Sarıtəpə kənd sakini X3 tərəfindən istismarının qadağan edilməsi, texnikanın saz və işlək vəziyyətdə və ya özü olmadıqda onun dəyərinin geri qaytarılması barədə, həmçinin 8768 manat pulun, 100 manat mediasiya xərcinin, 110 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, 2016-cu ildə texnikanı cavbadehə satmış, cavabdeh 4600 manat ilkin ödəniş edərək NEW Holland TD5-110 markalı 10-Z-843 dövlət qeydiyyat nişanlı traktoru aparmışdır. Hər ikisi "xxxx"-ə gedib müqavilə bağlamışdır ki, X3 hər 3 aydan bir ödəniş edəcək, yekunda borc bitdikdən sonra texnikanı cavabdehin adına keçirəcəklər. Cavabdeh 2 il ödəniş etmiş, daha sonra isə ödəniş etməmişdir. Yəni cavabdeh ilkin ödənişdən başqa 4000 manat ödəniş etmişdir. Ödəniş olmadığından "xxxx" onu məhkəməyə vermiş və hazırda onun pensiyasından məhkəmə qətnaməsinə əsasən pul tutulur. Həmiçinin 15000 manata laped də almış, lapedə olan borcunu tamamilə ödəmişdir. Cavabdeh lapedə ancaq 500 manat ödəniş etmişdir. Lapedin tam pulunu o özü ödəmişdir. Hər iki texnikadan başqa kotan da almış, kotanı da cavabdehə vermişdir. Traktordan başqa kotanın da cavabdehdən alınaraq ona verilməsini istəyir. O həm tarktoru, həm də qoşqunu geri istəyir. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 izahat verərək bildirdi ki, traktor hazırda ondadır. O ilkin ödəniş kimi 4700 manat pul ödəmişdir. İddiaçı ona lapedi verməmişdir, ona ancaq kotan və traktoru vermişdir. Edilən ödəniş ancaq traktora və kotana olan borcdan silinməmiş, həmçinin lapendə olan borcdan da silinmişdir. İddiaçı ondan 8000 manat pul istəyir, lakin onun qoşquya ödədiyi pulu ona qaytarmır. İddiaçıya olan borcunu ödəməyə razıdır. İddiaçının isə ondan ona edilən güzəşt məbləğini tələb etməsi düzgün deyildir. Hazırda isə kredit götürüb borcunu bağlamağa razı olsa da, iddiaçıya edilən güzəşt məbləğini ödəməyə razı deyildir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil iddia ərizəsinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iş mаteriаllаrını аrаşdıran zaman müəyyən etmişdir ki, İddiaçı iddia ərizəsinin qanunla müəyyən olunmuş forma və məzmun tələblərinə əməl etməmişdir. İddiaçı iddia tələbində NEW Holland TD5-110 markalı 10-Z-843 dövlət qeydiyyat nişanlı 1 ədəd traktorun cavabdehdən saz və işlək vəziyyətdə və ya özü olmadıqda onun dəyərinin geri qaytarılmasını tələb etsə də, ərizəsində texnikanın özü olmadıqda həmin texnikanın dəyərinin nə qədər olmasını və bununla bağlı hansı məbləğin cavabdehdən alınaraq ona ödənilməsini göstərməmişdir. Bundan başqa iddiaçı iddia tələbində həmçinin 8768 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etsə də, həmin borcun hansı səbəbdən yarandığını qeyd etməmiş, tələbini əsaslandırmamış və bu barədə iş materiallarına da hər hansı bir sənəd əlavə etməmişdir. Həmçinin məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçı izahatında NEW Holland TD5-110 markalı 10-Z-843 dövlət qeydiyyat nişanlı 1 ədəd traktordan başqa kotanın da cavabdehdən alınaraq ona veriməsini məhkəmədən xahiş etsə də iddia tələbində bununla bağlı hər hansı bir qeyd olmamış və bununla bağlı iddia tələbinin həcminin artırılmasına dair ərizə verilməmişdir. Qeyd edilən nöqsanların aradan qaldırılması üçün məhkəmə tərəfindən iddiaçıya kifayət qədər vaxt verilməsinə baxmayaraq, iddiaçı iddia tələbindəki, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 259.0.11, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X2 qarşı əmlakın geri qaytarılması və pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar