Məhkəmə qərarları › İş №e-2-2(115)-1062/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1062/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1062/2023 24.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Mübariz oğlunun iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, ümumilikdə 530.16 manat məbləğdə cari ödənişlərə görə, 500 manat məbləğdə dəymiş zərərə görə və gecikdirmə müddətinə görə dəbbə olaraq 187.64 manat, DYP cəriməsinə görə 771.10 manat, mediasiya xərcləri olaraq 70 manat olmaqla cəmi 2058.90 manat ödənilmiş pulun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, MLZNG00-00072 saylı, 22 fevral 2022 –ci il tarixli daxili lizinq müqaviləsinə əsasən “lizinq verən” “lizinq alana” bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsi və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi barədə bu iddia üzrə cavabdeh olan Cavabdeh ilə lizinq müqaviləsi bağlanılmışdır. Lizinq müqaviləsinin ümumi məbləği 2400 manat təşkil etmiş, rəsmiləşdirmə və digər gözlənilməyən hallarla bağlı ortaya çıxacaq xərclər nisbətində dəyişdirilə biləcəyi nəzərdə tutulmuşdur. Lizinq obyekti sedan tipli, qara rəngli ** AE *** dövlət qeydiyyat nişanlı “QAZ-311000” markalı minik avtomobili olmuşdur. Müqaviləyə əsasən lizinq alan lizinq obyektinə müvəqqəti sahiblik və istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilmişdir. Bu müqavilə üzrə nəzərdə tutulan pul öhdəliklərinin yerinə yetirilməsi üzrə lizinq alanın lizinq verənlə hesablaşmaları lizinq ödənişlərinin cədvəlində müəyyən edilmiş ilkin ödəniş və cari ödəmələr formasında həyata keçirilməklə və lizinq alanın lizinq obyektindən istifadə edib etməməsindən asılı olmayaraq lizinq ödənişləri cədvəlində göstərilmiş müvafiq tarixdə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin bu iddia üzrə Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək müvafiq ödənişləri etməmiş, lizinq obyektinin yeri və vəziyyəti haqda məlumat verməmiş və lizinq alanın müqavilədə nəzərdə tutulmuş maliyyə vəziyyəti barədə hesabatı verməkdən qəsdən yayınmışdır. Yoxlamalar nəticəsində cavabdehin lizinq obyektinə (avtomobilə) əhəmiyyətli dərəcədə zərər vurduğu aşkar olunmuş və əmlak geri tələb olunmuşdur. Cavabdehin məsuliyyətsiz davranışı və yanaşması səbəbindən lizinq obyektinin geri alınması baş tutsa da vurulmuş zərər və ödənilməli olan cari ödənişlərin edilməsindən cavabdeh imtina etmişdir. Üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi üçün cavabdehlə aparılmış danışıqlar heç bir nəticə verməmiş və bu səbəbdən də müqavilədə də nəzərdə tutulduğu kimi mübahisənin məhkəmə qaydasında həll edilməsi qərarına gəlinmişdir. Hal hazırda bu iddia üzrə cavabdehin İddiaçı QSC-yə 530.16 manat məbləğdə cari ödənişlərə görə və 500 manat məbləğdə vurulmuş zərərə görə, 771.10 manat DYP cəriməsinə görə, 187.64 manat dəbbə borcu yaranmışdır. Həmçinin hesab edilir ki, Müqavilənin 12-ci bəndinə uyğun olaraq cavabdeh onun təqsiri üzündən müəyyən edilmiş gecikmələrə görə müqavilə şərtlərinə uyğun olaraq hər gecikmə günü üçün müqavilə ilə müəyyən edilmiş ümumi məbləğin 0.1 % qədər dəbbə pulu ödəməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, Cavabdeh Mübariz oğlundan ümumilikdə faiz borcuna görə hesablanmış 530.16 manat, dəymiş zərərə görə 500 manat, gecikdirmə müddətinə görə hesablanmış dəbbə olaraq 187.64 manat, DYP cəriməsinə görə 771.10 manat olmaqla, ümumilikdə cəmi 2058.90 manat məbləğdə pulun, mediasiya xərci olaraq ödənilmiş 70 manat məbləğdə pulun cavabdeh tərəfdən alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh 2400 manatlıq “ QAZ-311000” markalı minik avtomobili sahibkarlıq məqsədilə almışdır. Sahibkar kimi meyvə daşıma fəaliyyəti ilə məşğul olur. Müqavilənin müddəti xx.xx.2023-cü il tarixində bitmişdir. Alış aktında qeyd olunmuşdur ki, avtomobil Elvin İbrahimova təhvil verilmişdir. Dəbbə pulunu da qarşı tərəfdən tələb edirlər. Qarşı tərəfə dəfələrlə xəbərdarlıq etməklərinə baxmayaraq o, borcunu ödəməmişdir. Mediasiya prosesində isə iştirak edərək əvvəlcə borcunu ödəyəcəyini bildirmiş, lakin buna əməl etməmişdir. Yenə də barışıq razılığına gəlməyi təklif edirlər. O şərtlə ki, qarşı tərəf 12 ay ərzində borcunu hissə-hissə ödəsin. Qarşı tərəf lizinq müqaviləsinin 6 a bəndini pozmuşdur. Belə ki, avtomobilin motorunu dəyişdirərək texniki göstəricilərinə icazəsiz müdaxilə etmişdir. Ödənişləri etməyib, avtomobilə icazəsiz müdaxilə etdiyinə görə də avtomobili ondan götürülmüşdür. Belə ki, müqavilədə qeyd edildiyi kimi lizinq alan mala dəyişiklər etmək istədiyi təqdirdə əvvəlcədən yazılı şəkildə müraciət edib lizinq verənin razılığını almalıdır. Müqavilənin 12.4-cü bəndində dəbbə pulu faktı qeyd olunmuşdur. Avtomobilin təhvil alınması Cavabdeh iştirakı olmadan həyata keçirilmişdir. Avtomobilə dəymiş zərərlə bağlı qüsur aktı tərtib olunmuşdur. Mühərrikin alınması ilə bağlı məlumatı yoxdur. Rəhbərliklə danışıb və müəyyən etdilər ki, mühərrikə 700 manatdan artıq xərc çəkilmişdir və bu xərc cavabdeh tərəfindən ödənilməmişdir. Məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilməsini xahiş edirlər. Məhkəməyə təqdim edilmiş təhvil-təslim aktı avtomobilin geri götürülməsi ilə bağlıdır. Dəbbə pulu borc vaxtında ödənilmədiyi üçün hesablanıbdır. Maliyyə arayışında göstərilən 536 manat faiz borcudur. Faiz borcu müqavilənin 12.10-cu maddəsində göstərilmişdir. Əsas borc qalmayıbdır. Gecikdirilmə xx.xx.2022-ci il tarixindən bəri olubdur. Həmin vaxtdan ödəniş olmayıbdır. Maliyyə arayışı təhvil-təslim aktının tarixinə, yəni xx.xx.2023-cü il tarixinə hesablanılıbdır. Həmçinin faiz borcu da o vaxta hesablanılmışdır. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onun icazəsi olmadan lizinq müqaviləsi ilə götürdüyü 2 maşını satıblar. Buna görə də qeyd olunan borcla razı deyil. Lizinq müqaviləsindəki imza ona məxsusdur. Avtomobilləri götürmüş, borcunu 3 ay ödəmişdir. Ödənişlərdə gecikməsi olmuşdur. Bu tələblərdən sadəcə DYP cərimə borcu olan 771 manatla razıdır. Həmin borcu ödəyə bilər. Avtomobilə zərər vurmamış, sadəcə olaraq mühərrikini dəyişmişdir. Avtomobili təhvil verəndə mühərriksiz təhvil vermişdir. Yerinə sonradan mühərrik qoymuşlar. Cərimə borcunu onun əvəzinə ödəyiblər. İddiaçı tərəfdən Elvinlə danışıb hər ay cəriməni 100 manat ödəyəcəyini deyib. O da buna görə mühərriki alıb. Bu razılığı təsdiq edən sübut yoxdur. Onun o qədər borcu yoxdur. Hal-hazırda işləmir. O Elvinin kartına ödəniş etdiyi çekləri itirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavadehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı QSC ilə Cavabdeh arasında bağlanılmış, xx.xx.2022-ci il tarixli MLZNG00-00072 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, lizinq müqaviləsinin ümumi məbləği 2400 manatdır. Lizinq verən 1 saylı əlavədə göstərilən əmlakı lizinq alanın istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Qaz 311000, ili 1997, rəngi qara, mühərriki 40200FV0068592, ban nömrəsi 0034972, 20 AE830 saz vəziyyətdə olan avtomobil Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Qüsur aktından görünür ki, avtomobilin mühərriki tamamilə boşdur, avtomobilə məxsus texniki passportda qeyd olunan 40200FV0068592 saylı mühərrik yerində deyil, Cavabdeh avtomobili təhvil verərkən mühərriksiz təhvil vermişdir, avto nəqliyyat vasitəsinə 500 manat zərər vurulmuşdur. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə cəmi 1419 manat 40 qəpik ödəniş etmiş, həmin ödənişdən 978 manat 44 qəpik əsas borcdan, 420 manat 89 qəpik faizdən, 20 manat 07 qəpik dəbbə pulundan silinmişdir. Nəqliyyat vasitəsinin təhvil verildiyi ana qədər 530 manat 16 qəpik faiz, 187 manat 64 qəpik faiz borcu hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Qiymətlərin razılaşdırılması protokolundan görünür ki, Qaz 311000, ili 1997, rengi qara, mühərriki 40200FV0068592, ban nömrəsi 0034972, 10HV418 saz vəziyyətdə olan avtomobil Cavabdeh tərəfindən 2400 manat məbləği razılaşdırılmaqla alınmışdır. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, ayrı-ayrı inizibati tənbeh vermə haqqında qərarlara ümumilikdə 771 manat 10 qəpik məbləğində cərimə öən ödənilmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış məhkəmə-mühasibatlıq ekspertizasının 23 oktyabr 2023-cü il tarixli 9/7506 saylı rəyində göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli MLZNG00-00072 nömrəli daxili lizinq müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü ilə müqavilə müddəti bitən tarixə faiz borcu üzrə 313 manat 17 qəpik, illik 5 % hesablamaqla faiz borcu 14 manat 26 qəpikdir. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İş materillarına əlavə olunmuş 12 iyun 2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan göründüyü kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh Mübariz oğlu ilkin mediasiya sessiyasına iştirak etmiş, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 60 manat mediasiya xərcini və 10 manat poçt xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh lizinq müqaviləsi üzrə iddiaçıdan lizinq obyektini təhvil almış, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam ödənilməsini, həmçinin lizinq obyektini saz və işlək vəziyyətdə saxlamasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini tam icra etməmiş, lizinq obyektindən istifadə nəticəsində lizinq verənə zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli MLZNG00-00072 saylı daxili lizinq müqaviləsi üzrə 313 manat 17 qəpik faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 363 manat 17 qəpik məbləğində borc, həmçinin 500 manat vurulmuş zərərin əvəzi, 771 manat 10 qəpik X5 ödənilmiş cərimələrin əvəzi, 70 manat mediasiya xərci olmaqla, ümumulikdə 1704 manat 24 qəpik məbləğində pul vəsaiti Cavabdeh Mübariz oğlundan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh faiz borcuna görə hesablanmış 530 manat 16 qəpik məbləğin və 187 manat 64 qəpik dəbbə pulunun tutulması xahiş olunmuşdur . Belə ki, məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, lizinq müqaviləsinə əsasən 50 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Məhkəmə həmçinin hesab edir ki, mötəbərliyi şübhə doğurmayan məhkəməmühasibatlıq ekspertizasının yuxarıda sadalanan rəyində müqavilə müddəti bitən tarixə faiz borcu 313 manat 17 qəpik müyyən edildiyindən, faiz borcuna dair iddia tələbinin qalan hissəsi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli MLZNG00-00072 saylı daxili lizinq müqaviləsi üzrə 313 manat 17 qəpik faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 363 manat 17 qəpik məbləğində borc, həmçinin 500 manat vurulmuş zərərin əvəzi, 771 manat 10 qəpik X5 ödənilmiş cərimələrin əvəzi, 70 manat mediasiya xərci olmaqla, ümumulikdə 1704 manat 24 qəpik məbləğində pul vəsaiti Cavabdeh Mübariz oğlundan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh Mübariz oğlundan 37 manat 04 qəpik dövlət rüsumu və 100 manat ekspertiza xərci tutularaq müvafiq olaraq dövlət büdcəsinə və Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar