Məhkəmə qərarları › İş №e-2-2(115)-1067/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1067/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1067/2024 02.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 3025 manat 59 qəpik, hesablanmış cəriməyə görə 550 manat 66 qəpik və ödənilmiş dövlət rüsumuna görə 55 manat 76 qəpik olmaqla, cəmi 3632 manat 01 qəpik pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23 291 065 saylı 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh 2,75 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsaletdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə avans olaraq ümumilikdə 3025,59 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 3025,59 manat əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 27 may 2024-cü il tarixli e-2-2(115)-1067/2024 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2022-ci il tarixli 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 23291065 saylı müqavilədən görünür ki, alıcı İddiaçı MMC 2023-cü il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitləri, malları və aqrotexniki xidmətləri satıcı Cavabdeh təqdim etməyi öhdəsinə götürmüş, satıcı tərəfindən istehsal olunmuş xam-pambıq həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsi müəyyən olunmuşdur. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən satıcı 2,75 ha torpaq sahasində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrtüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş "Xam-pambığın yığılması və tədarükünə dair təlimat"ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və alıcıda saxlanılan etalonlara uyğun olaraq kondisiya haqqında müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2023-cü il tarixindən gec olmayaraq təhvil verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 23 noyabr 2022-ci il tarixli 23291065 saylı “Qiymətlərin razılaşdırma protokolundan” görünür ki, satıcı və alıcı veriləcək malların və göstəriləcək iş və xidmətlərin qiymətini əvvəlcədən razılaşmışlar. İş materiallarında olan xidmət aktlarından görünür ki, xx.xx.2022-ci il tarixdə 82,62 manat, xx.xx.2023-cü il tarixdə 114 manat, xx.xx.2023-cü il tarixdə 22,13 manat, xx.xx.2023-cü il tarixdə 150,48 manat, xx.xx.2023-cü il tarixdə 55 manat, xx.xx.2023-cü il tarixdə 55 manat, xx.xx.2023-cü il tarixdə 45,05 manat, xx.xx.2023-cü il tarixdə 2,52 manat, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə 49,50 manat, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə 67,14 manat, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə 32,55 manat məbləğində müxtəlif adda xidmət göstərilmişdir. İş materiallarında olan qaimələrdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 255 manat, 80 manat, 11,60 manat, xx.xx.2023-cü il tarixdə 450 manat, xx.xx.2023-cü il tarixdə 80 manat, xx.xx.2023-cü il tarixdə 120 manat dəyərində material vermişdir. İş materiallarında olan AFB bankdan çıxarışdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına xx.xx.2022-ci il tarixdə 180 manat, xx.xx.2022-ci il tarixdə 144 manat, xx.xx.2022-ci il tarixdə 45 manat, xx.xx.2022-ci il tarixdə 45 manat, xx.xx.2022-ci il tarixdə 36 manat, xx.xx.2022-ci il tarixdə 1783,55 manat, xx.xx.2022-ci il tarixdə 1374,83 manat, xx.xx.2022-ci il tarixdə 259.04 manat, xx.xx.2023-cü il tarixdə 938 manat, xx.xx.2023-cü il tarixdə 412,5 manat vəsait köçürülmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən hesabdan çıxarışdan görünür ki, Cavabdeh 3025,585 manat borcu qalması qeyd edilmişdir. İş materiallarında olan maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı MMC-yə 3025,59 manat əsas, 550,66 manat cərimə borcu vardır. İş materiallarında olan 26 mart 2024-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC 2023-cü il mövsümü üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitləri, malları və aqrotexniki xidmətləri Cavabdeh təqdim etməyi, Cavabdeh isə istehsal olunmuş xam pambığı bütünlüklə İddiaçı MMC-yə təhvil verməyi öhdəsinə götürmüş, ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin istehsalçıya ödənilməsi müəyyən olunmuşdur. İddiaçı MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Cavabdeh oğlu öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 3025 manat 59 qəpik borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor avanslar verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 550 manat 66 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 3025 manat 59 qəpik əsas borc, 50 manat cərimə olmaqla 3075 manat 59 qəpik pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan **********58 nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 55 manat 76 qəpik dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 50 manat 56 qəpik məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 23 noyabr 2022-ci il tarixdə bağlanılmış 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 23291065 saylı müqavilə üzrə yaranmış 3025 manat 59 qəpik əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 3075 (üç min yetmiş beş) manat 59 (əlli doqquz) qəpik məbləğində pul, ödənilmiş 50 (əlli) manat 56 (əlli altı) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar