Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1069/2024 30.08.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X3 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 977,98 manat, hesablanmış cəriməyə görə 238,83 manat və ödənilmiş dövlət rüsumuna görə 32,17 manat olmaqla, cəmi 1248,98 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Goranboy” filialı və cavabdeh arasında bağlanmış 23 *** **** saylı 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 2 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, İddiaçı tərəfindən Cavabdehə avans olaraq ümumilikdə 2668,39 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı Cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə İddiaçıya 977,98 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması İddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə Cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, Cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 238,83 manat təşkil edir. Daha sonra iddiaçı məhkəməyə ərizə göndərərək bildirmişdir ki, cavabdeh tərəfindən 980 manat borc ödənildiyi bildirilmiş və cavabdehin 268,98 manat borcu qaldığı qeyd olunmuşdur. Cavabdeh sonuncu dəfə məhkəməyə müraciət ünvanlayaraq bildirmişdir ki, 2023 cü il təsərrüfat ilində 2 ha sahəni icarəyə götürərək və MKT İstehsalat Kommersiya MMCnin "MKT-Yevlax" Filialının "Goranboy" PQM-si ilə müqavilə bağlayaraq pambıq əkmişdir. Çox gözəl bitişləri alınmış və MKT ilə birlikdə bütün aqrotexniki işləri görmüşlər. Pambıq əkdikləri sahənin suvarılması yalnız Suqovuşandan gələn təbii su ilə suvarılmalı idi. Yeganə su mənbəyinin bu olmasını da "MKT-Yevlax" Filialının "Goranboy" PQM-si də bilirdi. Lakin yeganə su mənbələri 2023-cü ilin may ayından Su Nazirliyi tərəfindən kanal təmir olunur adı altında dayandırıldı və Su Sentyabr ayının axırında verildi. Beləliklə məhsualları məhv oldu. Həmin ərəfədə bütün müvafiq orqanlara o cümlədən MKT İstehsalat Kommersiya MMC-nin elektron poçtuna dəfələrlə müraciət edərək suvarılma üçün kömək istəmişdir. Lakin səsinə səs verən olmamışdır. Nəticədə onun "MKT-Yevlax" Filialının "Goranboy" PQM-nə 1686 borcu qalmışdır. Bundan əlavə şəxsi vəsaiti ilə ödədiyi 500 manat icarə pulu və fiziki əziyyətidə əlində qalmışdır. "MKT-Yevlax" Filialının "Goranboy" PQM-nə olan 1686 manat borcunun 1686 manat vəsaitini şəxsi vəsaiti hesabına hissə-hissə "MKT-Yevlax" Filialının "Goranboy" PQM-nə xx.xx.2024-cü il tarixə tam ödəmişdir. Onun artıq MKT İstehsalat Kommersiya MMC-yə əsas borcu yoxdur. Əsas borcunu tam ödədiyinə baxmayaraq MKT İstehsalat Kommersiya MMC-nin icraçı Direktoru Cənab R.H.Həsənov ona qarşı qaldırdığı ədalətsiz iddiasını geri götürmür ondan borcdan əlavə 238,83 manat ödənilməmiş borc üçün əlavə cərimə və baş tutmamış məhkəmə üçün 32,17 manat məhkəmənin rüsumunu tələb edir. Baxmayaraq ki, borc onun məsuliyyətsizliyindən yaranmamışdır. Yuxarıda qeyd etdiklərini onun 2 qrup çernobıl əlili olmasını, 3 azyaşlı övladının olmasını borcunu tam olaraq ödədiyini nəzərə almalarını və iddianın ləğv olunmasına kömək edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xam-pambığın alqı-satqısına dair müqavilə, qaimələr, xidmət aktları, hesablaşma sənədi, pambıq qəbulu qəbzləri, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər.Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. İşdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış 17 dekabr 2022-ci il tarixli 23 *** **** saylı 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqavilənin məzmunundan göründüyü kimi həmin müqavilə qarışıq müqavilə olmaqla özündə podrat, xidmət və alğı-satqı müqavilələrinin əlamətlərini ehtiva edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Goranboy filialı ilə Cavabdeh arasında bağlanmış 17 dekabr 2022-ci il tarixli 23 *** **** saylı 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC 2023-cü il mövsümü üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitləri, malları və aqrotexniki xidmətləri Cavabdeh təqdim etməyi öhdəsinə götürmüş, satıcı tərəfindən istehsal olunmuş xam-pambıq həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsi müəyyən olunmuşdur. Həmin müqavilənin 2.1.2-ci maddəsinə əsasən satıcı 2 ha torpaq sahasində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrtüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş "Xam-pambığın yığılması və tədarükünə dair təlimat"ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və alıcıda saxlanılan etalonlara uygun olaraq kondisiya haqqında müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2023-cü il tarixindən gec olmayaraq təhvil verilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən alıcı bu müqavilədə qeyd olunmuş son hesablaşma tarixinə əməl etmədiyi hallarda gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,01 faiz miqdarında, lakin ödənilməyən 0,5 faizdən artıq olmamaq şərti ilə, satıcıya cərimə ödəyir. Məhkəmə araşdırlması zamanı məlum olmuşdur ki, cavabdeh tərəfindən əsas borc ödənilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizədən göründüyü kimi iddiaçı cərimə məbləği və ödənilmiş dövlət rüsumu ilə bağlı iddia tələbini müdafiə edir. Halhazırda iddiaçının tələb etdiyi borc məbləği cərimə məbləği və dövlət rüsumudur. Məhkəmə iddia tələbinin 238,83 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 10 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 32,17 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 2,17 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 10 manat məbləğində cərimə və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilməli, ödənilmiş 2,17 manat dövlət rüsumu İddiaçınə aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10 manat məbləğində cərimə və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 2,17 manat dövlət rüsumu İddiaçınə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-1069/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1069/2024
30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver