Məhkəmə qərarları › İş №e-2-2(115)-1077/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1077/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1077/2023 03.10.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən dən üçün yemlik qarğıdalı istehsalı və alqı-satqısı barədə 037-Q saylı 11 aprel 2022-ci il tarixli müqaviləyə əsasən, 10210 manat qalıq borc məbləğinin və 210 manat mediasiya xərcinin əvəzinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (hazırkı adı "xxxx") MMC ilə Cavabdeh arasında dən üçün yemlik qarğıdalı istehsalı və alqı-satqısı barədə 037-Q saylı 11 aprel 2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Cabbarov X1 rayonu, Həmənli kəndində 43 ha torpaq sahəsində qarğıdalı əkininin həyata keçirilməsi, hər hektardan 10,0 ton olmaqla cəmi 430 ton məhsulun istehsal edilərək sifarişçi İddiaçı MMC-yə təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Müqavilənin 6.2-ci bəndinin şərtlərinə əsasən, sifarişçi tərəfindən Cavabdeh 22731 manat dəyərində toxum, gübrə, dərman və avans qismində 19350 manat nağd pul olmaqla, ümumilikdə 42081 manat məbləğində vəsait verilmişdir. Sifarişçi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etmiş, lakin Cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və sifarişçiyə müqavilənin 1.1 və 1.2-ci bəndləri ilə istehsalı nəzərdə tutulmuş miqdarda məhsul təhvil verməmişdir. Belə ki, avans qismində ümumilikdə ödənilmiş 42081 manat məbləğində vəsaitin qarşılığında təhvil verilmiş məhsulun dəyəri 31871 manat təşkil etmişdir. Bununla da, müqavilə şərtlərinin pozulması nəticəsində Cavabdeh İddiaçı (hazırda "xxxx") MMC-yə 10210 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı həm poçt təşkilatı vasitəsilə, həmçinin vergi ödəyicisinin elektron kabinetinə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, lakin bu vaxtadək həmin vəsait İddiaçı MMC-yə ödənilməmişdir. Cavabdeh məhkəməyə etiraz göndərərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddaçı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirmişdir. Lakin, cavabdeh müqavilədə nəzərdə tutulmuş məhsulu təhvil verməmişdir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, müqavilə üzrə iddiaçı tərəfindən ona pul, toxum, gübrə və dərman verilmişdir. Lakin, torpağın suvarılmasında çətinliklər yaranmış, müvafiq idarə ərazini su ilə təmin etməmişdir. Bundan başqa iddiaçı təşkilat da ona lazımı köməklik göstərməyib. Odur ki, iddia tələbini qəbul etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli 037-Q nömrəli müqaviləyə əsasən Cabbarov X1 rayonu, Həmənli kəndində 40 ha torpaq sahəsində qarğıdalı əkininin həyata keçirilməsi, hər hektardan 10,0 ton olmaqla cəmi 400 ton məhsulun istehsal edilərək sifarişçi İddiaçı MMCyə təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən icraçı məhsul istehsalı üçün sifarişçi tərəfindən ona ödənilmiş avansa və verilmiş toxum, gübrə və pestisidlərin dəyərinə uyğun gələn həcmdə məhsulu onun 4-cü bəndinə uyğun müəyyən edilən yekun iymətindən hər tonu üçün 15 manat ucuz qiymətə təhvil verəcəkdir. Məhsulun qalan hissəsi isə qiyməti 4cü bəndinə uyğun hesablanılmaqla sifarişçiyə təhvil veriləcəkdir. İddiaçı MMC tərəfindən Cavabdeh hesabına xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 18 000 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 1350 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 210 manat məbləğində pul köçülümüşdür. xx.xx.2022-ci il tarixli EBCB 528782 nömrəli elektron qaimədən görünür ki, 20727 manat, xx.xx.2022-ci il tarixli EBCB 528860 nömrəli qaiməyə əsasən 2004 manat məbləğində mal İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli 615347 nömrəli qaiməyə əsasən 31870,95 manat məbləğində qarğıdalı Cavabdeh tərəfindən alıcı İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, GP SF-13 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin dövlət reyestri məlumalarından görünür ki,”GP Stock Feed” MMC hazırda "xxxx" MMC kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixli MŞG/1/MT007/2023-01759 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyası zamanı İddiaçı MMC tərəfindən 210 manat mediasiya xərci ödənilmişdir. Beləliklə, iş üzrə sübutlara müəyyən olnur ki, xx.xx.2022-ci il tarixli 037-Q nömrəli müqaviləyə əsasən Cabbarov X1 rayonu, Həmənli kəndində 40 ha torpaq sahəsində qarğıdalı əkininin həyata keçirilməsi, hər hektardan 10,0 ton olmaqla cəmi 400 ton məhsulun istehsal edilərək sifarişçi İddiaçı (hazırkı adı "xxxx")MMC-yə təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Müqaviləyə əsasən Cavabdeh 22731 manat dəyərində toxum, gübrə, dərman və avans qismində 19350 manat nəğd pul verilmişdir. Ümumilikdə 42081 manat məbləğində vəsait verilmişdir. Cavabdeh isə bunun müqabilində 31870.95 manat məbləğində mal təhvil verilmişdir. Nəticədə 10210,05 manat borcu qalmışdır. Cavabdeh iddiaçının təqdim etdiyi hallara dair etirazını bildirsə də, etirazının əsasını təşkil edən hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun qaytarılması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10210 (on min iki yüz on) manat borc və 210 (iki yüz on) manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 10210 (on min iki yüz on) manat borc və 210 (iki yüz on) manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh 120,63 (bir yüz iyirmi manat altmış üç qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar