Məhkəmə qərarları › İş №e-2-2(115)-1088/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1088/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1088/2023 21.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd “New-Holland TC-5050” markalı taxılyığan kombayının tam bərpası üçün hesablanmış 51 580 manat dəymiş maddi ziyanın və 400 manat mediasiya xərci olmaqla, cəmi 51 980 manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 1 iyun tarixli 02/00023886 nömrəli operativ lizinq müqaviləsinə əsasən bir ədəd “New-Holland TC- 5050” markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Yevlax Regional Nümayəndəliyinin istifadəsində olan və mexanizator Cavabdeh tərəfindən operativ lizinqə götürülmüş ********* şassi nömrəli New-Holland TC-5050 markalı taxılyığan kombaynla Şəki rayonunun Heyvandarlıq kompleksi ərazisində 2019-cu il 21 iyun tarixində biçin işlərini yerinə yetirərkən kombaynda yanğın baş vermiş və nəticədə texnika istifadəyə yararsız hala düşmüşdür. Bununla bağlı 2019-cu il 22 iyun tarixində Cəmiyyətin əməkdaşları tərəfindən texnikaya yerində baxış keçirilmiş və müvafiq qaydada akt tərtib edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunaraq təqdim olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, “New-Holland TC-5050” markalı taxılyığan kombaynın tam bərpası üçün 51 580 manat dəymiş maddi ziyan hesablanmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, yanğın hadisəsi onun təqsiri ucbatından baş verməmişdir. İş materiallarında olan: 01 iyun 2019-cu il tarixli 02/00023886 nömrəli operativ lizinq müqaviləsinə əsasən bir ədəd “New-Holland TC-5050” markalı taxılyığan Cavabdeh istifadəyə verilmişdir. Həmin müqavilənin 2.2.9-cu bəndinə əsasən istifadəçi bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda istifadəyə verənə geri qaytarmağı qeyrişərtsiz üzərinə götürür. Həmin müqavilənin 2.2.13-cü bəndinə əsasən istifadəçi yanğın təhlükəsizliyi qaydalarına əməl etməli və odsöndürənlərdən istifadə etməyi bacarmalıdır. Mexanizator öz əmək vəzifələrini yetinə yetirərkən bu təlimatın tələblərinə riayət etməlidir. Bu təlimatın tələblərinə riayət etməməyə görə mexanizator məsuliyyət daşıyır. Texnikanın lizinqə götürənə verilərkən tərtib edilən xx.xx.2019-cu il tarixli, F00023886 nömrəli təhvil aktdından görünür ki, texnika saz vəziyyətdə olmuşdur. xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh istifadəsinə verilmiş “New-Holland TC-5050” markalı taxılyığan kombayn xx.xx.2019-cu il tarixində Şəki rayonu heyvandarlıq kompleksi ərazisində taxıl biçini zamanı kombaynda yanğın baş vermişdir. Yanğından sonra kombayna baxış keçirilmişdir. Kombaynda sürücünün texnikanı idarə etmə kabinası, sol tərəf qabaq və arxa təkərlər, ötürücü remenlər, hidravlik sistemin boruları, yağ çəlləyi, dizel çəlləyi, mühərrik, saman ötürən, hidravlik paylayıcı, taxılı boşaldan şnek, dən bunkeri, hava təmizləyici sistem, elektrik naqilləri və 2 ədəd akumlyatorlar yanaraq sıradan çıxmışdır. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli MŞG/MT/-032-2023-00784 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 400 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. “Ehtimal xərclər barədə” arayışdan görünür ki, “New-Holland TC-5050” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər 51580 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat- İstintaq İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə ********* şassi nömrəli “New-Holland TC-5050” markalı taxılyığan kombayında baş vermiş yanğın hadisəsi ilə əlaqədar onlara məlumat daxil olmamış, araşdırma aparılmamış və cinayət işi istintaq olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin Şəki rayon X2 Hissəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2019-ci il tarixdə Şəki rayonu, Öryət kəndi ərazisində yerləşən Azərbaycan Sənaye Koorporasiyası Açıq Səhmdar Cəmiyyətinə aid əkin sahəsində Yevlax rayon Aqroservisə məxsus, Goranboy rayon Qarapirinli kənd sakini 1964-cü il təvəllüdlü Cavabdeh Zülfüqar oğlu tərəfindən icarəyə götürülmüş “New-Holland” markalı, 66-K-127 dövlət nömrə nişanlı taxılyığan kombaynında yanğın hadisəsi baş vermişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən icarəçi texnikanı saz və dəst halda istifadəyə verənə geri qaytarmağı qeyri-şərtsiz üzərinə götürmüşdür. Müqaviləyə görə istifadəçi yanğın təhlükəsizliyi qaydalarına əməl etməli və odsöndürənlərdən istifadə etməyi bacarmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğundan asılı olmayaraq özgənin əmlakının zədələnməsinə və ya məhv edilməsinə görə zərərin əvəzinin ödənilməsi qanundan irəli gələn tələbdir. Yəni cavabdehin texnikanı saz vəziyyətdə saxlamaq öhdəliyinin müqavilədə göstərilməsindən asılı olmayaraq o, iddiaçının əmlakına zərər vurmuşdursa onun əvəzini ödəməyə borcludur. Bir halda ki, onun təqsiri mövcud olsun. Belə ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbdə təqsirin mövcud olması olduqca mühüm şərtdir. Ona görə ki, zərər öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, ilk növbədə təqsirli əməl (hərəkəti və ya hərəkətsizlik) və bu bununla zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli əməli (hərəkəti və ya hərəkətsizliyi) dayandığı halda, o şəxsin məsuliyyəti yaranır və həmin şəxs zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Yanğının səbəblərini araşdırmaq və müəyyən etmək səlahiyyəti olan orqanın məlumatlarında yanğının baş vermə səbəbləri qeyd olunmamışdır. Bir halda ki, yanğının səbəbləri bəlli deyildir. Baş vermə səbəbi bəlli olmayan hadisəyə görə məsuliyyətin hər hansı şəxsin üzərinə qoyulması əsaslı sayılmır. Məhkəmə qeyd edir ki, yanğın hadisəsinin baş verməsində cavabdehin təqsirinin güman olunması məsuliyyətin yaranması üçün yetərli deyildir və güman olunanlar sübuta yetirilməlidir. Əgər yanğın hadisəsi cavabdehin nəyi isə etməsi və ya etməməsi səbəbindən baş vermişdirsə bunlar aşkar şəkildə görünməli, hərəkətsizlik etmiş şəxsin hərəkət etməyə sövq edən xüsusi əsaslar bəlli olmalıdır. Yalnız bu hallarda hərəkətsizlik yanğının səbəbi kimi qəbul edilə bilər. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlərə əsaslanmaqla irəli sürülən tələb əsaslı sayılmır. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin təmin edilməməsinə səbəb olur. Beləliklə, məhkəmə işin hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 51 580 manat dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 748-6.1-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar