Məhkəmə qərarları › İş №e-2-2(115)-1098/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1098/2023

08.08.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1098/2023 08.08.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, X1 iclas katibliyi ilə, Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi üzrə xüsusi icraat qaydasında işə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə mürаciət edərək, vergi ödəyicisi olan “TUFAN-66" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 24711,89 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan “TUFAN- 66" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 24711,89 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Tərəflər məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq ərizəyə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş mаteriаllаrını аrаşdırıb hesаb edir ki, ərizə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş hüquqi şəxs haqqında məlumat cədvəlindən görünür ki, hüquqi şəxsin rəhbəri Maraqlı şəxsdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********700800 nömrəli bildirişdən görünür ki, vergi ödəyicisinə borcunun ödənilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi haqqında elektron portaldan çıxarışdan görünür ki, Maraqlı şəxs xx.xx.1945-ci ildə Bərdə rayonu Hacallı kəndində doğulmuşdur. Bərdə rayonu Qaradağlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 2-1(114)-1600/2023 saylı qərarına əsasən əmlaka yönəldilmiş məbləğ üzrə 24711,89 manat borcu vardır. Məhkəmə qeyd edir ki, ərizəçinin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, ərizəçi vergi ödəyicisi olan hüquqi şəxsin məhkəmə qərarı ilə təmin edilmiş məbləğ üzrə 24711,89 manat borcunun ödənilməsi məqsədilə onun icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmаsını xahiş etmişdir. Məhkəmə hesab edir ki, həmin borcun ödənilməsi məqsədilə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması əsaslı hesab edilə bilməz. Belə ki, işdə olan şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, ərizədə qeyd olunan 24711,89 manat məbləğ Gəncə İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2-1(114)- 1600/2023 saylı qərarına əsasən borclunun əmlakının hərracdan satılması yolu ilə ödənilməsi qərara alınan borcdur. Həmçinin işdə olan Gəncə İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2-1(114)- 1600/2023 saylı qərarından görünür ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsi cavabdeh “TUFAN- 66" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 38694,42 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ******* manat məbləğində siyahıya alınmış əmlakının açıq hərracda satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərarı ilə iddia təmin edilmiş, “TUFAN-66" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə ödənilməmiş 38694,42 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ona məxsus ******* manat məbləğində siyahıya alınmış əmlak (Bərdə rayonu Güloğlular kəndində yerləşən ümumi sahəsi 358000,5 kv.m əsas, 892,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (Bərdə ticarət mərkəzi)) ixtisaslaşdırılmış açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin qalan hissəsinin vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılması qərara alınmışdır. Göründüyü kimi adı çəkilən qərarla yaranmış borcun ödənilməsi borclunun siyahıya alınmış əmlakı (borcdan dəfələrlə artıq məbləğdə olan əmlakı) hesabına ödənilməsi qərara alınmışdır. Eyni borc məbləğinin ödənilməsi üçün hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə də ərizə verilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, hüquqi şəxsə aid şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyiicisi mütəmadi olaraq dövlət büdcəsinə ödənişlər etmişdir ki, vergi orqanı onun dövlət büdcəsinə olan borcuna görə (əmlaka yönəldilmiş məbləğ istisna olmaqla) icra orqanının rəhbərinin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə verməmişdir. Qeyd etmək lazımdır ki, qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin birinin seçildiyi təqdirdə digərinin seçilməsinin istisna olunmasına dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Belə müddə olmasa belə borclunun siyahıya alınmış əmlakının satılaraq ödənilməsi nəzərdə tutulan eyni borca görə vergi ödəyicisinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbirinin seçilməsi hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə zidd olmaqla yanaşı ağlabatan və ədalətli hesab edilə bilməz. Məhkəmə bununla bağlı mövqeyini möhkəmləndirərək qeyd edir ki, dövlətin ali məqsədindən bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 28-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə və 71-ci maddəsinin 2-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Həmçinin məhkəmə diqqətə çatdırır ki, ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair işlərə baxarkən hər bir halda həmin məhdudiyyət tədbirinin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Məhdudiyyətin mütənasib olubolmaması mütləq müəyyən edilməli, bu zaman vergi ödəyicisinin mübahisəyə qədərki davranışları, vergilərin vaxtı-vaxtında ödənilməsi kimi hallar, bu məcburiyyət tədbiri tətbiq edilmədən vergilərin ödənilməsi imkanları və s. nəzərə alınmalıdır. Təsadüfi deyildir ki, bu yanaşma Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsindən qaynaqlanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında qeyd etmişdir ki, məhkəmələr hakimiyyət və kreditorların borcun ödənməsi üçün gördüyü tədbirlərin kifayətedici olub-olmamasını, borclunun öz kreditorlarına borcu ödəmək imkanının olub-olmamasını müəyyən etməli, ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə həmin hüquq arasında mütənasibliyi təmin etməlidirlər. Belə ki, “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsində qeyd edilmişdir ki, dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsiszlik və ictimai arayışın maraqları naminə, ictimai qaydanı yaratmaq üçün cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. İHAM-ın “Qoçev Bolqariyaya qarşı” iş üzrə 2009-cu il 26 noyabr tarixli qərarında İHAM kredit borcunun ödənilməsinin təmini ilə əlaqədar borclunun ölkəni tərk etmək hüququnun məhdudlaşdırılmasını hüquqauyğun hesab etsə də, 4 saylı Protokolun 2-ci maddəsinin pozuntusu kimi ona əsaslanmışdır ki, tərəflər icra icraatının gedişi haqqında ətraflı məlumat təqdim etməmişlər. Müvafiq olaraq hakimiyyət və kreditorların borcu almaq üçün gördüyü tədbirlərin kifayətedici olub-olmamasını, borclunun öz kreditorlarına borcu ödəmək imkanının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmin işdə Məhkəmə qeyd etmişdir ki, işin halları ona dəlalət edir ki, borclunun üzərinə ölkəni tərk etməmək barədə məhdudiyyət avtomatik qoyulmuş, ona şəxsi vəziyyəti, borcu ödəməməsi səbəbləri barədə izahat vermək imkanı yaradılmamış, bununla da ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə həmin hüquq arasında mütənasiblik təmin olunmamışdır. Eyni mövqeyi Məhkəmə “Rosenqren Rumıniyaya qarşı” iş üzrə 2008-ci il 24 aprel tarixli qərarda da təkrarlamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Maraqlı şəxs barədə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Konstitusiyaya və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə ziddir. Ona görə də ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.1-ci mаddəsində göstərilir ki, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Оdur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 355-5, 357-362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar