Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1109/2024 15.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4 dekabr 2019-cu il tarixli, 61 saylı alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 1200 (bir min iki yüz) manat məbləğində pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üzrə hesablanmış 45,60 (qırx beş manat altmış qəpik) manat məbləğində dəbbə pulunun və 32,46 (otuz iki manat qırx altı qəpik) manat təşkil edən məhkəmə xərclərinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra – “İddiaçı”) ilə Cavabdeh2 (bundan sonra – “Cavabdeh”) arasında 4 dekabr 2019-cu il tarixində, 61 №-li alğı-satqı müqaviləsi (bundan sonra – “Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində nəzərdə tutulmuş malları (bundan sonra – “Mallar”) dəyəri nağd və ya hissə-hissə ödənilməklə Cavabdehə satmağı, Cavabdeh isə Malları qəbul edib Müqavilədə və/və ya əlavələrdə müəyyən edilmiş məbləğdə və şərtlərlə İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklər İddiaçı tərəfindən icra olunmuş və eyni tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh Müqavilə üzrə nəzərdə tutulmuş Malları İddiaçıdan təhvil almış, yoxlayaraq qəbul etmişdir. Həmin tarixdə Müqaviləyə əlavə olaraq imzalanmış ödəniş cədvəlinə əsasən, Cavabdeh İddiaçıya cəmi 10 ay müddətində 8 ayda 1000 (bir min) manat, may ayında 3000 (üç min) manat, sonuncu (onuncu) ayda 500 (beş yüz) manat olmaqla, ümumilikdə 13500 (on üç min beş yüz) manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, Cavabdeh ödənişləri ödəniş cədvəlində nəzərdə tutulduğu məbləğdə və qaydada icra etməmiş, bu günədək Müqavilə üzrə ödənilməli məbləğdən yalnız 12300 (on ikimin üç yüz) manat ödəmiş, Cavabdehin İddiaçıya 1200 (bir min iki yüz) manat məbləğində borcu qalmışdır. Cavabdeh tərəfindən Müqavilə üzrə son ödəniş xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş, son ödəniş tarixindən indiyədək bir ildən çox müddət keçmiş, tərəflərindən dəfələrlə xəbərdarlıqlar və bildirişlər edilməsinə baxmayaraq, Cavabdeh öhdəliyinin icrasından yayınmış, satın aldığı Malların ödənişini həyata keçirməmişdir. Habelə, Müqavilənin Müqavilənin 5.2-ci bəndinə əsasən, Alıcı malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,01% həcmində Satıcıya cərimə ödəyir. Bundan əlavə, İddiaçı ilə Cavabdeh1 (bundan sonra – “Zamin”) arasında 4 dekabr 2019-cu il tarixində Zaminlik Müqaviləsi bağlanmış, Zamin İddiaçı ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən Cavabdehin öhdəliklərinin yerinə yetirilməsinə görə Cavabdeh ilə birlikdə İddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 31 may 2024-cü il tarixli, e-2-2(115)- 1109/2024 nömrəli bildirişlər göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin Cavabdeh2 xx.xx.2024-cü il tarixində məhkəmə bildirişini rəsmi qaydada almasına baxmayaraq iddiaçının tələbinə dair etirazlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, zaminlik müqaviləsi, təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında 4 dekabr 2019-cu il tarixində, 61 №-li alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində nəzərdə tutulmuş malları dəyəri nağd və ya hissə-hissə ödənilməklə cavabdehə satmağı, cavabdeh isə malları qəbul edib müqavilədə və/və ya əlavələrdə müəyyən edilmiş məbləğdə və şərtlərlə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.6-cı maddəsinə əsasən alıcı kredit cədvəlində göstərilən tarixdən ödənişi 20 gün ərzində gecikdirirsə satıcı alınan avadanlığı, Azbeauty Group şirkətinin əməkdaşları tərəfindən alıcıdan qeyd şərtsiz götürə bilər. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən alıcı malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə icra etmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.01 faizi həcmində satıcıya cərimə ödəyir. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirərərək təhvil-təslim aktında qeyd olunan malları cavabdehə vermiş, cavabdeh isə müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək aldığı malların dəyərini iddiaçıya ödəməmişdir. İş materiallarına əlavə olunmuş sübutlarla alıcı Cavabdeh2 1200 manat borcu olduğu təsdiq edilir. Məhkəmə iddia tələbinin 45,60 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bu məbləği tələb etməkdə haqlıdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 32,46 məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 32,46 dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 32,46 dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 04 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, borclunun alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra etməsi üçün zamin Cavabdeh1 satıcı qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə satıcı qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən iş üzrə cavabdeh olan Cavabdeh1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş üzrə Cavabdeh1 xx.xx.2023-cü il tarixdə vəfat etsə də, iddiaçı tərəfindən məhkəməyə verilmiş iddia ərizəsində o, cavabdeh kimi göstərilmişdir. Göründüyü kimi iddiaçı məhkəmədə ölmüş şəxsə qarşı iddia qaldırmaqla, qanunvericliyin tələblərini pozmuşdur. Odur ki, iş üzrə Cavabdeh1 iddia ərizəsi məhkəməyə verilərkən ölmüş olduğundan ona münasibətdə işə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə öldüyündən iddia tələbinin borcun Cavabdeh1 tutulması hissəsi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdеhlərCavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1200 manat əsas bоrc və 45,60 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1245,60 məbləğində bоrc və 32,46 məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdеh Cavabdeh2 1200 manat əsas bоrc və 45,60 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1245,60 məbləğində bоrc və 32,46 məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-1109/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1109/2024
15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver