Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-111/2024 21.02.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh soya paxlası istehsalı və alqı-satqısı barədə 09 iyul 2022-ci il tarixli, 073-S saylı müqaviləyə əsasən, 2520,85 manat borc məbləğinin və 70 manat mediasiya xərcinin əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" (hazırkı adı İddiaçı MMC) arasında soya paxlası istehsalı və alqı-satqısı barədə 073-S saylı 09 iyul 2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh Samux rayonu, Seyidlər kəndində 4,0 ha torpaq sahəsində soya paxlası əkininin həyata keçirilməsi, hər hektardan 3,0 ton olmaqla cəmi 12 ton məhsulun istehsal edilərək sifarişçi "xxxx" MMC-yə təhvil verməsi barədə öhdəlik götürmüşdür. Müqavilənin şərtlərinə əsasən, Sifarişçi tərəfindən Cavabdeh 2844,64 manat dəyərində toxum, gübrə, dərman və avans qismində 1800 manat nağd pul olmaqla, ümumilikdə 4644,64 manat məbləğində vəsait verilmişdir. Lakin, Cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və Sifarişçiyə Müqavilənin 1.1 və 1.2-ci bəndləri ilə nəzərdə tutulmuş miqdarda məhsul təhvil verməmişdir. Belə ki, 4644,64 manat vəsaitin qarşılığında təhvil verdiyi məhsulun dəyəri 2123,79 manat təşkil etmişdir. Bununla da, Müqavilə şərtlərinin pozulması nəticəsində onun İddiaçı MMC-yə 2520,85 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı həm poçt təşkilatı vasitəsilə, həmçinin vergi ödəyicisinin elektron kabinetinə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, lakin bu vaxtadək həmin vəsait İddiaçı MMC-yə ödənilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 150.1.7-ci maddəsinə əsasən, Cavabdeh mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün təklif göndərilmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında mübahisənin mediasiya vasitəsilə həlli mümkün olmamışdır. İş materiallarında olan 2 saylı Ərazi Vergilər Baş İdarəsinin dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC hazırda "xxxx" MMC kimi fəaliyyət göstərir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh izahatında bildirdi ki, o, 3620 kq məhsulu təhvil verdiyi zaman, məhsulu götürən yük maşınında başqa vətəndaşlarında məhsulu olmuşdur. O, yük maşınında olan torpaqla qarışıq malı görəndə narahat olaraq Xəyal adlı şəxslə əlaqə saxlamışdır. Onların öz aqronomları ona demişdir ki, onun məhsulu kimi məhsul heç kimdə yoxdur. O zaman layihə başçısı olan Xəyal ona demişdir ki, narahat olmasın və öz məhsulumu yük maşınına yerləşdirsin. Amma bir kisə əlavə olaraq yük maşınının sürücü kabinasına yerləşdirmişdir və onun məhsulu həmin kisə ilə araşdırılacaq. Buna baxmayaraq, onun məhsulunun 1800 kq yararsız kimi çıxarıblar. Əlavə olaraq, o, şirkətdə işlədiyi zamandan ona ödəniləcək pulu saxlayıblar. Onun məhsulu ilə gedən mallardan zibil çıxmayıblar, amma onun malından 1800 kq zibil çıxardıblar. O, dəfələrlə onlara demişdir ki, onun verdiyi məhsulu verdiyi kimi qaytarsınlar və o, şirkətin pulunu ödəsin. Bəli, o, bilirdi ki, onun malından zibil çıxa bilər. Ondan əvvəl tökülən malın yarısı zibil idi, çünki kökündən torpaqla birlikdə çıxarılaraq qurudulmuşdu. O, isə, kombaynla biçilmiş məhsul təhvil vermişdir və kombaynın biçən hissəsi paxlanı dibindən kəsmir, o yer üzündən bir qədər yuxarıdan kəsir. Bu səbəbdən onun malında torpaq ola bilməz və tərəf bildirdiyi kimi, onun malıının nəmlik faizi norma civarında idi. Məhsulun zibil olmasının əsas səbəbi elə artıq nəmlikdir. O, özü uzun müddət əkinçiliklə məşğul olmuşdur və o, bilir ki, 1 ton məhsuldan ən çoxu 100 kq zibil çıxa bilər, amma onlar onun 3620 kq məhsulunun 47% -ni zibil çıxardıblar. Onlarda işləyən zaman özlərinin sahələrində də olmuşdur. Toxumları pis idi, həm onlara verdikləri, həm də özlərinə məxsus olan sahələrdən məhsul çıxmırdı. Özüdə kombayn ona məxsus olduğu səbəbdən, məhsulu iki dəfə kultivasiya etmişdir. Məhsulun yarısının zibil çıxması öz laboratoriyalarında olan məsələdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilə, müqaviləyə əlavələr, elektron qaimələr, mal və ya materialın anbardan çıxış üçün tələb forması, xammal mədaxil aktı, aqronomlar tərəfindən aparılan gündəlik sahə montorinq qeydiyyatı, müqaviləli əkinçilik layihəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər.Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. İşdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış 09 iyul 2022-ci il tarixli, 073-S saylı soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin məzmunundan göründüyü kimi həmin müqavilə qarışıq müqavilə olmaqla özündə podrat, xidmət və alğı-satqı müqavilələrinin əlamətlərini ehtiva edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC-nin işçisi olmuşdur və şirkətdə 1 il işləmişdir. Layihə ilə əlaqədar ərazi üzrə menecer olmuşdur. Soya bitkisinin əkilməsi və digər işlərin görülməsinə nəzarət etmişdir. Suvarma, dərmanlama və sair işlərdə fermerlərlə əlaqədə olmuşdur və 90% fermerlərin işlətdiyi texnika onun öz texnikası olub. Bundan da əlavə ən böyük əkin sahəsi bu layihədə onun özünə məxsus olub. Dörd rayon üzrə 132 ha torpaq sahəsində soya paxlası əkmişdir. Cavabdeh məxsus sahədə əkilən soya paxlası çox yaxşı idi və demək olar ki, ən keyfiyyətli paxla onun sahəsində idi. xx.xx.2022-ci il tarixdə İsaya məxsus sahədə yerləşən soya paxlası kombayn vasitəsilə biçilmişdir. Təxminən 3500-3600 kq məhsul var idi. Həmin vaxtı Mehdiyev Mübarizə məxsus sahədə də biçin olmuşdur. Onun isə məhsulu 1000 kqdan bir az artıq olardı. Həmin vaxtı nəqliyyat vasitəsi tapmaq çətin olduğundan rəhbərliklə məsləhətləşərək hər iki məhsulu bir yük maşınına yığıb məntəqəyə aparmışdılar. Hər məhsuldan bir torba nümunə yığılaraq kabinaya yerləşdirilmişdir ki, laboratoriyaya bu nümunələr təqdim olunsun. Daha sonra eşitmişdir ki, İsaya məxsus soya məhsulunun 50%-ə yaxınını zibilə çıxıblar. Məhsulun yarıya-yarı zibil çıxması inandırıcı deyil. Özü də İsanın sahəsində kombayn biçib və kombayn yerdən bir qədər məsafə saxladığı səbəbdən torpaq düşə bilməzdi. Zibil 5 %-ə yaxın ola bilərdi, amma 50%-ə yaxın zibil çıxması mümkün deyil. Biçin başlayana qədər o, özü laborantları çağırıb sahələrdə olan soyanı yoxlatmışdır. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Cavabdeh arasında bağlanmış 09 iyul 2022-ci il tarixli, 073-S saylı müqaviləyə əsasən Cavabdeh Samux rayonu, Seyidlər kəndində 4 ha torpaq sahəsində soya paxlası əkininin həyata keçirilməsi, hər hektardan 3,0 ton olmaqla cəmi 12 ton məhsulun istehsal edilərək sifarişçi "xxxx" MMC-yə təhvil verilməsi barədə öhdəlik götürmüşdür. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 12000 manat təşkil edir. Məhsulun yekun təhvilqəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən laboratoriya analizinin nəticələri məhsulun qiymətinin və ödəniş həcminin müəyyən edilməsi üçün əsasdır və mübahisə obyekti ola bilməz. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir. Müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 1800 manat məbləğində avans, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 2295,60 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 336,20 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 212,84 manat dəyərində toxum, gübrə, dərman vasitələri cavabdehə təhvil verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini yerinə yetirməməklə sifarişçiyə Müqavilənin 1.1 və 1.2-ci bəndləri ilə nəzərdə tutulmuş miqdarda məhsul təhvil verməmişdir. Belə ki, iddiaçıya 4644,64 manat vəsaitin qarşılığında cəmi 2123,79 manat dəyərində məhsul təhvil vermişdir. Bununla da, Cavabdeh müqavilə şərtlərinin pozulması nəticəsində İddiaçı MMC-yə 2520,85 manat borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi ödəniş tapşırığı, dərman, toxum və gübrə təhvil verilməsi isə həm elektron qaimələr, həm də mal və ya materialın anbardan çıxış üçün tələb formaları ilə öz təsdiqini tapır. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni malların təhvil qəbul aktları, habelə cavabdehin verdiyi izahatı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə mal (toxum, gübrə, dərman) təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə iddia tələbi həddində 4644,64 manat məbləğində avans və mal (gübrə, dərman, toxum) təhvil verilməsi iş materialları ilə öz təsdiqini tapdığından və cavabdeh istər məhsul, istərsə də pul şəklində həmin məbləği iddiaçıya tam qaytarmadığından 2520,85 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında “təhvil verdiyi 3500 kq soya məhsulunun laboratoriya analizləri nəticəsində 47%-nin zibil çıxmasının mümkün olmaması ilə bağlı” etirazının dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən təhvil verilmiş soya məhsulu 3500 kq olsa da, laboratoriya analizləri nəticəsində onun təhvil vermiş olduğu məhsul müqavilənin 1 saylı Əlavəsində göstərilən soya paxlasının keyfiyyətinə dair tələblərə tam cavab verməmişdir Belə ki, laboratoriya analizinin nəticələrinə görə cavabdeh tərəfindən təhvil verilmiş soya məhsulunun nəmliyi, yağlılığı və kənar qarışıqları normaya uyğun olmuş, protein və zibillik faizi isə normaya uyğun olmamışdır. Analizin nəticələri isə məhsulun qiymətinə və ödəniş həcminə təsir etmişdir.Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.4-cü bəndində göstərilmişdir ki, laboratoriya analizinin nəticələri məhsulun qiymətinin və ödəniş həcminin müəyyən edilməsi üçün əsasdır və mübahisə obyekti ola bilməz. Məhkəmə hesab edir ki, cavabdehin izahatında göstərdiyi dəlillər əsassızdır. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh və İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 70 manat mediasiya xərcini ödəmişdir. Eyni zamanda iddiaçı tərəfindən 70 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 70 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 70 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 45,21 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2520,85 manat məbləğində borc, 70 manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilməli, Cavabdeh 45,21 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2520,85 manat məbləğində borc, 70 manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 45,21 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-111/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-111/2024
21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver