Məhkəmə qərarları › İş №e-2-2(115)-1113/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1113/2022

30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1113/2022 30.11.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı borc tələbi üzrə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2234.02 manat borc və 60 manat mediasiya rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “X3 Üzrə Xidmət Və Alqi-Satqi Müqaviləsi”-nə əsasən cavabdeh 6.18 hektar sahədə şəkər çuğunduru əkməyi və istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 2234.02 manat dəyərində mal və xidmət satmışdır. Satılmış mal və xidmətlərin dəyəri məbləğində cavabdehin hesabında borc yaranmışdır. Borcun aşağıdakı kimidir: 1) Toxum satışı 11 unit*125 manat=1375 manat 2)Toxum səpini 6.18 ha*25 manat=154.5 manat 3)Ziq-zaq mala 12.36 ha*17 manat=210.12 manat 4)Dərman səpini 6.18 ha*15 manat=92.7 manat 5) Kultivasiya-1 6.18ha*25 manat=154.5 manat 6)Kultivasiya-2 6.18ha*25 manat=154.5 manat 7)Dərman səpini 6.18ha*15 manat=92.7 manat. Cavabdeh tərəfindən iddiaçıya həmin məbləğin qarşılığında şəkər çuğunduru təhvil verilməmiş və ya həmin məbləğ geri ödənilməmişdir. Nəticədə cavabdehin cəmiyyətə 2234.02 manat borcu yaranmışdır. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehə 1375 manatlıq şəkər çuğunduru toxumu verilmiş, onun səpini üçün 154.5 manat xərclənmiş, 210.12 manat malalamaq işi, dərman səpini, kultivasiya işləri də daxil olmaqla cavabdeh cəmi 2234.02 manat dəyərində borclanmışdır. Cavabdeh isə bunun əvəzində şəkər çuğunduru təhvil verməli olduğu halda, çuğundur təhvil verməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2234.02 manat borcun olmasını etiraf edir. İddiaçı tərəfindən müqavilə əsasında ona toxum verilmiş və kultivasiya və dərmanlama işləri görülmüşdür. Toxumun verilməsi və görülmüş işlərin görülməsi barədə təhvil-təslim aktları da onun tərəfindən imzalanmışdır. Həmçinin özü də məhsulun becərilməsinə xeyli miqdarda xərc çəkilmişdir. Lakin suvarma üçün su verilmədiyindən, quraqlıq olduğundan məhsul əldə edə bilməmişdir. Əvvəlki illərdə su problemi olmadığından "xxxx" MMC-yə nəzərdə tutulduğundan da artıq məhsul vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli "xxxx" MMC ilə Cavabdeh arasında “şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”-nə əsasən cavabdeh 6.18 hektar sahədə şəkər çuğunduru əkməyi və istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləsinin 2.1-ci bəndinə əsasən istehsalçı/əkinçi öz qanuni istifadəsində olan torpaq sahəsində "xxxx" MMC tərəfindən göstəriləcək aqrotexniki xidmətlərə görə, toxum və pestisidlər almaqla borclanaraq və ya fermer kartından istifadə etməklə toxumun və pestisidlərin dəyərini ödəmək şərti ilə məhsulu yetişdirib, əldə olunan məhsulu "xxxx"-ə təhvil verməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2022ci il tarixə 2234.02 manat borcu yaranmışdır. xx.xx.2021-ci il tarixli, 195113 nömrəli təhvil-qəbul qəbzinə əsasən 1375 manat dəyərində İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktında 457.32 manat dəyərində (ziq-zaq mala 12.36 ha*17 manat=210.12 manat, toxum səpini 6.18 ha*25 manat=154.5 manat, dərman səpini 6.18 ha*15 manat=92.7 manat), xx.xx.2021-ci il tarixli təhvil-təslim aktında 154.50 manat dəyərində (kultivasiya-2 6.18ha*25 manat=154.5 manat), xx.xx.2021-ci il tarixli təhvil-təslim aktında 247.20 manat dəyərində (kultivasiya-2 6.18ha*25 manat=154.5 manat, dərman səpini 6.18ha*15 manat=92.7 manat), aqrotexniki xidmətlərin İddiaçı MMC tərəfindən göstərilməsi əks olunmuşdur. Yuxarıda göstərilən bir akt həm iddiaçının nümayəndəsi, həm də cavabdeh tərəfindən imzalanmıışdır. Həmçinin iddiaçının təqdim etdiyi faktları cavabdeh məhkəmə iclasında etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, işin faktiki hallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”nə əsasən cavabdeh 6.18 hektar sahədə şəkər çuğunduru əkməyi və istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Məhkəmədə cavabdeh suvarma suyunun olmamasını öhdəliyin icra edilməməsinin səbəbi kimi göstərmişdir. Məhkməmə bununla bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən əkin sahəsinin su ilə təmin ollunması öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulmamışdır. Ona görə də bu məsələdə "xxxx" MMC-nin məsuliyyəti istisna olunur. Bundan başqa, cavabdeh izahatında bildirir ki, əvvəlki illərdə su problemi olmadığından kifayət qədər məhsul əldə edə bilmişdir. Lakin, mübahisəyə aid mövsümdə əkin sahəsində suyun olmamasına dair və eyni zamanda su ilə təmin edilmə ilə bağlı cavabdehin müvafiq təşkilatlara müraciət etməsi barədə sübutlar təqdim etməmişdir. Belə olan vəziyyətdə öhdəliyin icrasının onun iradəsindən asılı olmayan hallardan baş verməsi faktı təsdiqnini tapmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2234.02 (iki min iki yüz otuz dörd manat iki qəpik) manat borc, 60 (altmış) manat medisiya xərci tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 42.32 (qırx iki manat otuz iki qəpik) manat dövlət rüsumu dövlət büdcəsinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2234.02 (iki min iki yüz otuz dörd manat iki qəpik) manat borc, 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 42.32 (qırx iki manat otuz iki qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar