Məhkəmə qərarları › İş №e-2-2(115)-1129/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1129/2022

23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1129/2022 23.09.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı “X2” MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair ilk iddiası və "xxxx" MMC-nin “X2” MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X2” MMC cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixində 421-05/18 (D.F. – Naiqin Ko T.B.) saylı və xx.xx.2019-cu il tarixində imzalanmış 463 – 05/19 (D.F. – Naiqin Ko T.B) saylı müqavilələr üzrə hazırkı günə 28330 manat və 5099 manat 40 qəpik ƏDV olmaqla yaranmış borcun və 175 manat dövlət rüsumunun müvafiq olaraq bank və ƏDV hesablarına köçürülməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (“Alıcı” adlandırılan) və "xxxx" MMC (“Satıcı” adlandırılan) arasında xx.xx.2018-ci il tarixində 421–05/18 (D.F.– Naiqin Ko T.B.) saylı və xx.xx.2019-cu il tarixində imzalanmış 463–05/19 (D.F.–Naiqin Ko T.B.) saylı müqavilələr imzalanmışıdr. Həmin müqavilələrin İİİ maddəsinin (Qarşılıqlı hesablaşmalar) 3.4-cü bəndlərinə əsasən “Alıcı”nın dükanlarında malların (spirtli içkilərin) hər müqavilə üzrə 1 (bir) il reklam edilməsi üçün, hər ilə görə 20 000 (iyrimi min) manat olmaqla, ümumilikdə 40 000(qırx min) manat (hər iki müqavilə üzrə cəmi) maliyyə vəsaiti ödəməli olmuşdur. Həmin ödəməli olduğu vəsaitdən hazırkı günə 28330 (iyrimi səkkiz min üç yüz otuz) manat və 5099.40 (beş min doxsan doqquz manat qırx qəpik) manat ƏDV olmaqla, ödənilməli borcu qalmışdır. Yaranmış borcla əlaqədar dəfələrlə direktor, baş mühasib və hüquqşünasla danışıqlar aparılsa da, bir nəticə əldə edilməmişdir. Mediasiyada iştirak edən zaman tərəflərindən müvafiq qaydada tərəfə vəsaitin ödənilməsi təklif edilsə də, o icra edilməmiş, nəticədə məcburən məhkəmə mübahisəsi yaranmışdır. Daha sonra ilk iddia üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixində 421– 05/18 (D.F. – Naiqin Ko T.B.) saylı və xx.xx.2019-cu il tarixində imzalanmış 463 – 05/19 (D.F. – Naiqin Ko T.B.) saylı müqavilələr üzrə hazırkı günə 25006 manat və 4501 manat 8 qəpik ƏDV olmaqla yaranmış borcun və 175 manat dövlət rüsumunun müvafiq olaraq bank və ƏDV hesablarına köçürülməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC “X2” MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 36062 manat 81 qəpik əsas borc, ödənilməsi gecikdirilmiş 2 il üçün (1 il üçün 5% olmaqla) 3606 manat 28 qəpik gecikdirilmiş faiz borcu, 35000 manat əldən çıxmış fayda, 200 manat məcburi kommersiya mediasiya prosesinin keçirilməsi üçün çəkilmiş xərc, 145 manat iddia tələbi üçün dövlət rüsumu, ümumilikdə 75013 manat 09 qəpik vəsatitin xeyirlərinə tutulub alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh “X2” MMC ilə aralarında bağlanmış 421-05/18 D.F- Naiqin Ko T.B. №-li, 16 may 2018-ci il tarixli və 463-05/19 saylı D.F- Naiqin Ko T.B.№-li, 17 may 2019-cu il tarixli 2 ədəd alğı-satqı müqavilələri üzrə cavabdeh onlardan mütəmadi olaraq mal alıb. Elektron qaimələr üzrə cavabdeh onlardan 2018-ci il üçün 55738 manat dəyərində, 2019-cu il üçün 31.866 manat 10 qəpik dəyərində mal sifariş edib alıb. Ümumilikdə 87.604 manat 10 qəpik dəyərində mal alınıb. Müqavilələr üzrə cavabdeh hissəvi ödənişlər edirdi. Lakin, sonradan ödəniş etmədi. Cavabdeh 2020-ci ildə ödənişi ümumi pandemiya səbəbi ilə bağlı malın satılmadığını bildirib heç bir ödəniş etməyib. 2021-ci ildən bazırki vaxtadək müxtəlif bəhanələrlə ödənişlərdən yayınır. Nəticədə cavabdeh qərəzli və hüquqdan sui-istifadə hərəkətləri ilə pozuduğu hüquqları bərpa edib qarşılıqlı kommersiya münasibətlərini davam etmək əvəzinə onlara maddi ziyan vuraraq həm malları satıb qalıq qalmış 36.062,81 AZN (otuz altı min altmış iki manat səksən bir qəpik) pulu ələ keçirdib, hüquqlarının bərpa edilməsi üçün əlavə xərclər çəkməklərinə səbəb olub, həm də müqavilə üzrə malların dəyərini vaxtında ödəmədəyindən onlar təkrar mal istehsalı üçün lazım olan avadanlıqları əldə edib sata bilmədiklərindən ən azı 35.000 AZN (otuz beş min) dəyərində əldə fayda çıxıb. Həm də, bankdan götürülmüş krediti zamanında ödəməkdə çətinlik çəkdiklərindən əlavə faiz ödəmək məcburiyyətində qalıblar. Nəticədə müəyyən edilib ki, “Alıcı” 2019-cu ildə cəmi 5 ayda, müəyyən tarixlərində sifariş verib mal alıb. Sonuncu partiya malı cavabdeh xx.xx.2019-cu il tarixində əldə etdikdən sonra heç bir mal sifariş verməyib, əvvəl alınmış mal üçün ödəniş etməyib. 2019-cü ildə cəmi 31.866.10 AZN (otuz bir min səkkiz yüz altmış altı manat, on qəpik) dəyərində mal sifariş verib alıb. 17 may 2019-cu il tarixli müqavilənin müddəti 18 may 2020-ci il tarixində bitib. Yəni, “Alıcı”- cavabdeh müqavilələr üzrə hər ay mallar sifariş verib almalı, malları öz dükanlarında qabaq rəfərlərdə satışa qoyub həm reklam etməli, həm satışı təmin etməli idi, həm də satışdan öz payına düşən hissəni (reklam üçün aylıq ödəniş daxil olmaqla) götürüb elektron qaimələrdə öhdəlik götürdüyü vəsaiti onlara qaytarmalı idi. Cavabdeh qeyd edilən müqavilələr üzrə öhdəliklərini pozub. Nəticədə onlara maddi ziyan vurub. Buna aid 15 ədəd “Elektron qaimələr” iddiaya əlavə edilmişdir. Yuxarıda qeyd edildiyi kimi cavabdeh hüquqdan suiistifadə edib, müqavilə öhdəliklərini icra etməkdən müxtəlif bəhanələrlə yayınır. Sonuncu dəfə onlar 29 iyun 2021-ci il tarixli bildirişi rəsmi göndərib tələb ediblər ki, bağlanmış müqavilə öhdəliklərinin icrası çərçivəsində yaranmış uyğunsuzluqların aradan qaldırılması üçün qarşılıqlı hesablaşmaların tutuşdurulması aktını hazırlayıb mübahisənin qarşılıqlı anlaşma şəraitində icra etsin. Cavabdeh əvəzində 02 iyul 2021-ci il tarixində rəsmi olaraq öhdəliyi icra etməkdən imtina etmiş və bildirib ki, müqavilə üzrə reklam üçün nəzərdə tutulan ödəniş etdikləri təqdirdə realizə olunmuş malların dəyərini ödəyəcəkdir. Cavab məktubu iddiaya əlavə edilir. Tərəflərindən cavabdehə pretenziya göndərilmiş, həmçinin, 2021-ci İlin noyabr ayında aramızda kommersiya mübahisəsinin məhkəmədən kənar məcburi kommersiya mediasiyasının keçirilərək həll edilməsi üçün cavabdehə və Mediasiya Şurasına müraciət edilib. Hesab edilməlidir ki, cavabdeh etiraf edir ki, alınmış malları satıb vəsaiti mənimsəyib. Onda 1329.30 AZN dəyərində mallar qalıb. Onu da qaytarmır. Həmin malların istehlak müddəti keçdiyindən yararsız olması səbəbindən onun dəyəri 1329.30 AZN pul əsad borcla birgə onlara ödənilməlidir. Digər məsələ odur ki, cavabdeh pozulmuş hüququ bərpa etmək əvəzinə, realizə edilmiş mallardan onlara çatası pulun qaytarılması üçün təkrar 28.330 AZN (iyirmi səkkiz min üç yüz otuz manat) borcun və 5099.40 AZN (beş min manat) ƏDV ödənişinin nəğdsiz qaydada tələb etməsi qanunsuzdur. Belə ki, sübut edilir ki, cavabdeh müqavilə üzrə 2019-cü ildə onlardan 5 dəfə mal alınıb. Müqavilə üzrə 1 il reklam üçün 20.000 AZN pul 12 aya bölünərək hər ay 1666 AZN olmaqla malların satışından əldə edilmiş vəsaitdən cavabdeh öz faizini (hər ay üçün 1666 AZN reklam pulu daxil olmaqla) çıxmalı və hər ayın axırı qalıq qalmış vəsaiti onlara ödəməli idi. Ziddiyyət odur ki, cavabdeh etiraf edir ki, alınmış mallar demək olar ki, hamısı satılıb cəmi 1329.30 AZN dəyərində mallar cavabdehdə qalıb. Yəni, aydın olur ki, əgər mallar satılıbsa, cavabdeh satışdan müqavilə üzrə öz payını götürübsə, təkrar müqaviləyə istinad edib təkrar reklam pulu tələb etməsi aşkar hüquqdan sui-istifadə və əsassız varlanma kimi qiymətləndirilməldir ki, bu hal qanunsuzdur. Digər qanunsuz hərəkət odur ki, cavabdeh onlardan ödənişin nəğdsiz qaydada edilməsini tələb edir. Ziddiyət odur ki, yaxanda müqavilələrin bəndlərində aydın, sadə dildə yazılıb ki, ödənişlər manat və ya ABŞ dollarında nəğd və ya köçürmə yolu ilə aparıla bilər. Demək, 2018- 2021-ci illərdə malları sirafış verib alanda, rəfə qoyub satanda, satışdan pulun müəyyən hissəsini özü götürəndə və qalan pulu onlara ödəyəndə müqavilədəki şərt cavaddehə heç bir maneə etməyib. Lakin, sonradan pulun qaytarılması məsələsində ciddi maneə olub, nədənsə. Nağdsız hesablaşmalar haqqında Qanunda “alkoqollu içkilərin satışı üçün ödəniş, yalnız nağdsız qaydada həyata keçirilir” kimi birbaşa hüquq norması nəzərdə tutulmayıb. Əgər belə məhdudiyyət yoxdursa, cavabdehin müqavilə müddəti bitdikdən sonra belə şərt qoyması əsassızdır. Hesab edilməlidir ki, cavabdeh bunu qəsdən edib. Belə ki, iddiaçı kimi onların bank hesabı Vergi orqanı tərəfindən qanusuz şəkildə sərəncam qoyularaq bağlanılıb. Ödənişin müəyyən hissəsinin qaytarılması ilə bağlı cavabdehlə ilkin razılığa gəlmişdik. Hesaba sərəncam qoyulması bildirib bu səbəbindən cavabdehdən nəğd ödənişin edilməsini tələb etdikdə, cavabdeh pulun ödənişindən imtina etdi və tələb etdi ki, “yalnız onlara aid hesab üzrə qarşılıqlı ödənişlər edilsin.” Məcburi kommersiya mediasiya sessiyalarında bunu tələb etdi. Digər qanunsuz hərəkət odur ki, cavabdeh onlardan 5099.40 AZN ƏDV ödənişi etməyimizi tələb edir. Məhkəməyə təqdim etdikləri 15 ədəd "Elektron qaimə"lərin Aksız dərəcəsı % və məbləğində" xanasında ödənilməli məbləğ sıfırdı. Həm də "Yola salınmış mallar, görülmüş işlər, göstərilmiş xidmətlərin dəyəri" xanasında “ƏDV-yə cəlb edilən” “ƏDV-yə cəlb edilməyən”, “ƏDV-don azad olan”, “ƏDV-yə sıfır dərəcə ilə cəlb edilən” xanalarda. "Vergi utulan əməliyyatlardan ödənilməli ƏDV" xanasında vergi dərəcəsi sıfırdı. 5099 AZN ƏDV-ni necə hesablamaları və hansı qanuna əsasən hesablanıb məlum deyil. Hesab edilməlidir ki, bu qanunsuz tələbi ilə cavabdeh onlara olan borcunu əvəzləşdirmək və nəticədə məsuliyyətdən yamnmaq məqsədi güdür. Belə ki, mediasiya prosesi zamanı onlar cavabdehə güzəşt edib ödənilməli əsas borcun məbləğini 34.733.51 AZN (otuz dörd min yeddi yüz otuz üç manat əlli bir qəpik) və 1329.30 AZN (min üç iyirmi doqquz manat otuz qəpik) dəyərində malın geri qaytarımasmı təklif ediblər. 34.733.51 + 1329.30 = 36.062,81 (otuz altı min altmış iki manat səksən bir qəpik) edir. Cavabdehin tələbi 28.330 + 5099.40 = 33.429 (otuz üç min dörd yüz iyirmi doqquz) edir. 36.062,81 - 33.429 = 2633,81 (iki min altı yüz) edir. Yəni, fərq cəmi 2633 AZN-dir. Nəticə göz qabağındadır. Bu hərəkət bilavasitə tərəfin güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi, müqavilənin ziddinə edilmiş haldır. İlk iddia üzrə iddiaçının nümayəndəsi qarşılıqlı iddia ərizəsinə dair məhkəməyə elektron qaydada etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, "xxxx" MMC (“Alıcı” adlandırılan) və "xxxx" MMC (“Satıcı” adlandırılan) arasında xx.xx.2018-ci il tarixində 421 – 05/18 (D.F.– Naiqin Ko T.B.) saylı və xx.xx.2019-cu il tarixində 463–05/19 (D.F. –Naiqin Ko T.B.) saylı müqavilələr imzalanmışdır. Tərəflərindən iddia qaldırılaraq "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixində 421 – 05/18 (D.F.–Naiqin Ko T.B.) saylı və xx.xx.2019-cu il tarixində imzalanmış 463 – 05/19 (D.F. – Naiqin Ko T.B) saylı müqavilələr üzrə hazırkı günə 28330 (iyrimi səkkiz min üç yüz otuz) manat və 5099.40 (beş min doxsan doqquz manat qırx qəpik) manat ƏDV olmaqla yaranmış borcun və 175 manat dövlət rüsumunun müvafiq olaraq bank və ƏDV hesablarına köçürülməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. "xxxx" MMC qarşılıqlı iddia ərizəsi vermişdir. Qarşılıqlı iddia ərizəsində tələbin məbləğini şişirtmiş, əsassız tələblər irəli sürmüşdür. Qarşılıqlı iddia ərizəsində mal qalığını geri götürmək əvəzinə onun ödənişini tələb etmişdir. Halbuki, satılmamış malların geri götürülməsi müqavilədə də qeyd edildiyi kimi satıcının öhdəliyidir və onlar satılmamış malların (1329.30 manat dəyərində) Satıcı tərəfindən geri götürülməsinə heç vaxt etiraz etməmişlər. Həmçinin müqaviləyə əsasən mallar satıldıqdan sonra ödənişi həyata keçirilir. Ona görə də bu tələb tamamilə əsassızdır. Qarşılıqlı iddia ərizəsində tərəf gecikdirilmiş 2 il üçün 3606.28 manat tələb etmişdir. Halbuki, müqavilədə gecikdirilmiş borc öhdəliyinə münasibətdə hər hansı faizin tətbiqi nəzərdə tutulmamışdır. Gecikdirmənin necə baş verməsi, malın hansı tarixdən satılması ilə müəyyən edilə bilər. Bunu da dəqiq müəyyən etmək mümkün deyildir. Qarşılıqlı iddia ərizəsində əldən çıxmış fayda kimi 35000 manat tələb olunur. Bu tamamilə əsassızdır və heç bir xüsusatla əsaslandırılmamış, fərdi təfəkkürün məhsuludur. Qarşılıqlı iddia ərizəsində 34733.51 manat əsas borc məbləği tələb edilir. Müqavilələr üzrə verilmiş mallara münasibətdə görünür ki, qarşılıqlı iddianın tələbetmə müddəti keçmişdir. Belə ki, son ödəniş tarixinin xx.xx.2019-cu il tarixi olduğunu, qarşılıqlı iddianın isə xx.xx.2022-ci il tarixində verilməsi nəzərə alınsa görünür ki, 3 illik iddia müddəti ötmüşdür. Belə ki, xx.xx.2018-ci il tarixli 421 – 05/18 ( D.F. – Naiqin Ko T.B. ) saylı müqavilə üzrə xx.xx.2019-cu il tarixinə 4724 manat mal qalığı, 25734 manat ödənilməmiş vəsait qalmışdır. Cəmi 30458 manat edir. Qeyd edilən tarixdən sonra 2 dəfə ödəniş edilmişdir ki, onların da cəmi 4760.70+4201.20 = 8961.90 manatdır. Deməli elə təkcə xx.xx.2018-ci il tarixli 421 – 05/18 ( D.F. – Naiqin Ko T.B. ) saylı müqavilə üzrə iddia müddəti keçmiş məbləğ 30458 manat təşkil edir. Buna görə də əsas borc məbləği 30458 manat hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə prosesi zamanı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, guya onlar müqavilə üzrə öhdəliyi yerinə yetirmədən müqavilələrin 3.4-cü bəndində qeyd edilən reklam ödənişini tələb edir. Halbuki, qarşı tərəf yaxşı bilir ki, həmin bənddə qeyd edilən vəsait malların rəflərdə yerləşdirilməsi üçün nəzərdə tutulub və onlar bunu icra edərək malların satışını həyata keçirmişlər. Həmçinin bu "xxxx" MMC-nin hüquq departamentinin müdiri Vəkil 29 iyun 2021-ci il tarixdə onlara ünvanladığı məktubdan da aydın şəkildə görünür. Hətta həmin reklam pulunun "xxxx" MMC-nin 50 faiz təsisçisi olduğu "xxxx" MMC tərəfindən onların bank hesablarına 11N nömrəli ödəniş tapşırığı ilə xx.xx.2019-cu il tarixdə 20000 manat köçürülməsi, onlar tərəfdən bu cür qanunsuz formada köçürmənin qəbul edilməyərək xx.xx.2019-cu il tarixdə geri qaytarması öz əksini tapmışdır. Həmçinin bu bank çıxarışından da görünür. Qeyd edilənləri nəzərə alaraq, "xxxx" MMC-nin iddia tələbi rədd edilməlidir. İlk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qismən qəbul edərək iddia ərizəsinin və məhkəməyə təqdim edilən etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanan müqavilə əsasında iddiaçı tərəf öz rəflərində cavabdehin mallarını düzməklə onları reklam etməli idi və bunun qarşılığında cavabdeh haqq ödəməli idi, lakin iddiaçı öz öhdəliklərini yerinə yetirsə də cavabdeh tərəfindən reklam xərci ilə bağlı ödənişlər edilməmişdir. Cavabdeh təşkilatın onlara təqdim etdiyi mallarla bağla onu bildirdi ki, qarşılıqlı iddianı qismən qəbul edirlər. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, onların ilk iddia üzrə cavabdehə qarşılıqlı iddiada göstərilən məbləğdən da az borcu qalmışdır. Malların bir hissəsi onların anbarındadır. Pul tələbinin geridə qalan hissəsi və əldən çıxmış fayda ilə bağlı hissədə qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. İlk iddia üzrə cavabdehin nümayəndəsi Vəkil qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddia tələbəni rədd edərək, qarşılıqlı iddia ərizəsinin və məhkəməyə təqdim edilən etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ilkin iddiaçı onların təşkilatından 2018 və 2019-cu illər ərzində aldığı malların ödənişini etmədiyi halda cavabdeh təşkilatdan reklamla bağlı xərclərin ödənilməsini tələb edir. Bundan başqa onların iddiaçıya satdığı malların qaiməsində ƏDV məbləği nəzərdə tutulmadığı halda və iddiaçı azad iqtisadi zonada malların satışı ilə məşğul olduğu üçün ƏDV ödəyicisi hesab olunmamasına baxmayaraq ilkin iddia tələbində onlardan ƏDV məbləğinin ödənilməsini tələb edir.Eyni zamanda iddiaçı təşkilata ünvanlanan məktubdan da görünür ki, "xxxx" MMC ƏDV ödəmə öhdəliyindən azad olunmuşdur. Bundan başqa təqdim edilən elektron qaimələrdən görünür ki, onlar qarşı tərəfə mallar təqdim etmiş, lakin qarşılıqlı iddia üzrə cavabdeh bu günə qədər o pulu ödəməmişdir. Nəticə etibarı ilə müəssisəyə əldən çıxmış fayda ilə əlaqədar ziyan dəymişdir. Məhkəmədən ilkin iddianın rədd olunmasını qarışılıqlı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 421–05/18 (D.F.– Naiqin Ko T.B.) saylı və xx.xx.2019-cu il tarixli 463–05/19 (D.F.–Naiqin Ko T.B.) saylı X1 Aeroportunda yerləşən dükanlara alkoqullu içkilərin (araq, çaxır) alğı-satqısı haqqında müqavilələrdən görünür ki, satıcı X1 Aeroportunda yerləşən dükanlara alkoqollu içkilərin alıcıya satılmasını, alıcı isə onları qəbul edib ödənişi müqavilə şərtlərinə uyğun həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.3-cü bəndindən görünür ki, alıcı qəbul etdiyi malın satılmış hissəsindən öz faizini tutur, qalan hissəni isə hər ayın axırında satıcıya ödəyir. Həmin müqavilənin 3.4-cü bəndindən görünür ki, satıcı təqdim edilən malın alıcı tərəfindən 1 il müddətində reklam edilməsi üçün 20000 manat məbləğində pul vəsaiti ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin məbləğ 12 ay bölünərək hər ay 1666 AZN (min altı yüz altmış altı manat) olmaqla hər ayın axırında satıcıya ödənilməlidir. İş materiallarına əlavə olunmuş elektron qaimələrdən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-dən xx.xx.2018-ci il tarixli, 421–05/18 (D.F.– Naiqin Ko T.B.) saylı müqavilə üzrə 68314 manat məbləğində, xx.xx.2019-cu il tarixli 463–05/19 (D.F.–Naiqin Ko T.B.) saylı müqavilə üzrə isə 19290 manat 10 qəpik mal alınmışdır. İş materiallarına əlavə olunmuş 08 fevral 2022-ci il tarixli, MŞİH 08438 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilinməməsi barədə arayışdan görünür ki, "xxxx" MMC və "xxxx" MMC-nin nümayəndələri fərdi qaydada və birgə şəkildə bir neçə dəfə müxtəlif tarixlərdə keçirilən ilkin mediasiya sessiyalarında iştirak etmişlər və "xxxx" MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödəmişdir. İş materillarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, ilkin iddia üzrə 175 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə 145 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 5.3cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunun 35-ci maddəsinə əsasən reklam sahəsində qiymətlər bazar münasibətlərinə (bu Qanunun 35.2-ci və 35.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) uyğun olaraq müqavilə ilə tənzimlənir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında X1 Aeroportunda yerləşən dükanlara alkoqullu içkilərin (araq, çaxır) alğı-satqısı haqqında müqavilələr bağlanmış, ilkin iddia üzrə cavabdeh malı alıcıya təhvil verməyi ilkin iddia üzrə iddiaçı isə onları qəbul edib ödənişi müqavilə şərtlərinə uyğun həyata keçirməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilənin şərtlərinə əsasən ilkin iddia üzrə cavabdeh 1 il müddətində malların reklam edilməsi üçün 20000 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək, malların dəyərini və reklam bağlı xərcləri qarşılıqlı olaraq ödəməklə bağlı öhdəliklərini icra etməmişlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, 25006 manat məbləğində borc və ödənilmiş 175 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən iddiaçı “X2” MMC-nin xeyrinə tutulmalıdır. İlk iddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, ilk iddiaçının iddia ərizəsinə əlavə etdiyi cavabdehdən aldığı malları təsdiq edən elektron qaimələrdən görünür ki, "yola salınmış mallar, görülmüş işlər, göstərilmiş xidmətlərin adlarının" qarşısında olan “ƏDV-yə cəlb edilən”, “ƏDV-yə cəlb edilməyən”, "Vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV" kimi adlandırılan xanalarda vergi dərəcəsi “sıfır” olaraq göstərilmişdir. İlk iddiaçı ƏDV ödəyicisi hesab olunmadığından məhkəmə hesab edir ki, ilkin iddianın 4501 manat 8 qəpik məbləğdə ƏDV-nin tutulması hissəsi təmin edilə bilməz. "xxxx" MMC-nin “X2” MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməli, 27939 manat 80 qəpik borc, 2793 manat 98 qəpik gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, cəmi 30733 manat 78 qəpik məbləğində borc, ödənilmiş 145 manat dövlət rüsumu və 200 manat mediasiya xərci “X2” MMC-dən tutularaq "xxxx" MMCyə ödənilməlidir. Qarşılıqlı iddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, 421–05/18 (D.F.– Naiqin Ko T.B.) saylı müqavilə üzrə 12850 manat 90 qəpik məbləğində, xx.xx.2019-cu il tarixli 463–05/19 (D.F.–Naiqin Ko T.B.) saylı müqavilə üzrə isə 15088 manat 90 qəpik məbləğində borcun qaldığı müəyyən edildiyindən qarşlıqlı iddianın əsas borc məbləğinin və ona mütənasib olaraq hesablanan gecikdirilmiş vaxt üçün faiz borcunun qalan hissəsi təmin edilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddiaçıya məxsus pul vəsaiti qaytarılmasa da, iddiaçının bu zaman dövründə ödənməyən pullar ilə mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də, iddianın əldən çıxmış faydaya görə pul tələbi hissəsi təmin edilə bilməz. Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Qarşılıqlı iddiaçı isə 35000 manat məbləğində gördüyü tədbirlər və apardığı hazırlıq işlərinə dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddianın 35000 manat məbləğində əldən çıxmış fayda qismində zərərin ödənilməsi hissəsi təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildiyinə görə iddia müddətinin axımı dayandırıldığı üçün hər iki tələb üzrə iddia müddəti keçməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. 25006 manat məbləğində borc və ödənilmiş 175 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən iddiaçı “X2” MMC-nin xeyrinə tutulsun. İlk iddianın qalan hissəsi təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. 27939 manat 80 qəpik borc, 2793 manat 98 qəpik gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, cəmi 30733 manat 78 qəpik məbləğində borc, ödənilmiş 145 manat dövlət rüsumu və 200 manat mediasiya xərci “X2” MMC-dən tutularaq "xxxx" MMCyə ödənilsin. Qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar