Məhkəmə qərarları › İş №e-2-2(115)-114/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-114/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-114/2025 01.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc olaraq 11292 manatın, hesablanmış cərimə borcu olaraq 2254 manatın və ödənilmiş dövlət rüsumuna görə 131 manatın, cəmi 13677 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X3 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış 2023-cü il mövsümü üzrə xx.xx.2023-cü il tarixli 277 saylı xam-pambığın alqısatqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə alıcıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə ümumilikdə 16336,70 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam- pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 5044,50 manat dəyərində pambıq təhvil verərək ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən müqavilənin tələbləri pozulmuş, götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 11292,20 manat borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.1-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 800 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 2254 manat təşkil edir. İş üzrə Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək göstərmişdir ki, iddianı qəbul etmir. İddiaçı tərəfə heç bir borcu yoxdur, əksinə iddiaçının hərəkətsizliyi nəticəsində o, əldə edəcəyi gəlirdən məhrum edilmişdir. Belə ki, müqavilə ona məxsus Tərtər rayonu ərazisində yerləşən 11.9 ha torpaq sahəsində pambıq əkininə dair bağlanmışdır. Müqavilə onun tərəfindən imzalandıqdan sonra bir nüsxəsi ona təqdim edilməmiş və iddiaçının nümayəndələri tərəfindən əkin prosesinin başlanacağı bildirilmişdir. Müqaviləyə əsasən pambıq əkilməli və pambıq açdıqdan sonra iddiaçı pambığın yığımını təşkil etməli idi. Ona sonradan məlum olmuşdur ki, pambıq əkini dövründə iddiaçının nümayəndələri görülən işlərə dair sənədlərdə məbləğləri nəzərdə tutulduğundan artıq yazmaqla onun öhdəlik yükünü artırmışdır. Ona təqdim edilən fermerin hesabı cədvəlindən görünür ki, 11.9 ha ərazidə kanal açma işləri görülmüşdür. Şirkət 11.9 ha ərazinin hamısında kanal açıbsa, pambıq hansı sahəyə əkilmişdir. Daha sonra eyni əraziyə 3 gün ərzində 2 dəfə mala işləri yazılıbdır ki, bu da heç bir məntiqə uyğun gəlmir. xx.xx.2023-cü il tarixdə 11.9 ha torpaq sahəsində çiyid əkini göstərilsə də həmin işlər təkrarən 28 may 2023cü il tarxidə 3.2 ha ərazidə göstərilməklə təkrarlanmışdır. Belə ki, ilk əvvəl təkrar çiyid səpini qeyd edilir, sonra çiyid səpilən əraziyə mala işləri qeyd edilir, daha sonra isə həmin tarixdə 3.2 ha əraziyə disk mala işləri qeyd edilir. Heç kim toxum səpildikdən sonra mala işlərini gördürmür. Bu isə iddiaçı tərəfindən həmin məbləğlərin sadəcə olaraq silinməsindən və onun öhdəliyinin süni yolla artırılmasından başqa bir şey deyil. Əkilmiş pambığın toxumu iddiaçının özü tərəfindən verilmişdir və əkilən zaman pambığın ən geci noyabr ayında yığılacağı bildirilmişdir. Lakin 2023-cü ilin nə noyabr, nə də ki, dekabr ayında pambıq iddiaçı tərəfindən vəd edildiyi vaxtda açmamışdır. 2023-cü ilin dekabr ayında yalnız 7000 kq pambıq yığılmışdır ki, bu da heç cür pambıq toxumunun spesifikasiyasında ona göstərilənlərə uyğun gəlmirdi. Əkilmiş pambıq 2024-cü ilin mart ayında tam olaraq açımış, o da bu barədə iddiaçının bütün nümayəndələrinə məlumat vermişdir. Lakin iddiaçı tərəf zavodun yalnız dekabr ayına kimi pambıq qəbul etdiyini bildirərək pambığın sahədən yığılmasından imtina etmişdir. Bundan başqa pambığın yığılması üçün qrafada 12 ha ərazidən pambığın yığılması göstərilmişdir. Əgər sahədə pambıq olmasaydı kombayn işlədiyi həcmi 12 ha göstərməzdi. O həmin akta imza etməmişdir. Pambıq əkilməmişdən əvvəl zavod nümayəndələri ilə razılaşmalarına əsasən pambıq yığılana kimi bütün xərclər zavod tərəfindən qarşılanmalı idi, lakin reallıq belə olmadı, gübrə və dərman yetərincə verilmədi, alaq pulu hər hektara görə təxminən 770 olduğu halda 280 manat verildi. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 izahatında bildirmişdir ki, iddiaçının Tərtər filialı ilə cavabdeh arasında müqavilə bağlanmışdır, Müqavilə əsasında cavabdehə 16336 manat avans verilmiş və müxətlif işlər görülmüşdür. Cavabdeh isə 5044,50 dəyərində xam pambıq təhvil vermiş, nəticədə iddiaçıya 11292,20 manat borcu yaranmışdır. Məhkəməyə cavabdehə 7735 manat avans verilməsi ilə bağlı bank çıxarışı, xidmətlərin göstərilməsi və malların verilməsi ilə bağlı aktlar təqdim edilmişdir ki, həmin aklar cavabdeh tərəfindən imzalanmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, ona məxsus torpaq sahəsinin ölçüsü 11.9 hektar olmuşdur. Şirkətlə müqavilə bağlamışdır. Müqavilə bağlayan zaman müqavilənin bir nüsxəsini istəmiş, ona müqavilə Bakı şəhərindəki baş idarədə təsdiq edildikdən sonra veriləcəyi vəd edilsə də verilməmişdir. Ona yalan vəd verərək bütün xərcləri şirkətin qarşılayacağını bildirmişlər. Pambığı şirkət əkmişdir. Pambıq əkilən zaman müvafiq sənədlərə ona imza çəkdirmişlər. Nağd pulu iddiaçıdan almışdır. İddiaçıdan götürdüyü mallarla bağlı etirazı yoxdur, onun etirazı görülən işlərlə bağlıdır. Təsərrüfat xərcləri çəkilən xərclərdən artıq hesablanmışdır. 13 aprel 2023-cü il tarixdə onun ərazisində səpin edilmişdir. O, dəfələrlə bildirsə də iddiaçı gəlib pambığı yığdırmamışdır. Özü pambığı yığdırmağa çalışsa da bu mümkün olmamışdır. Onun ərazisi 11.9 hektar olsa da iddiaçı hesablamaları 12 hektara əsasən hesablamışdır. Görülən işlərlə bağlı bir neçə yerdə 2.4 hektar əvəzinə 3.2 hektar yazılmışdır. Fevral ayının 22, 23 və 25-i birinci şum işləri, martın 6-na isə riperlə şum işi yazılmışdır. Birinci şum işləri qutaran kimi onun yerinin su qıtlığını nəzərə alıb fevralın 26 və 27-si sahəsində arat işlərinə başlanılmışdır. Necə ola bilər ki, o arat işlərini bitirmədən onun sahəsində riperlə şum işləri görülsün. 11.9 hektara çəkilən kanal heç 1 hektarın əziyyəti deyildir, lakin iddiaçı hesablamanı hər hektar üçün aparmışdır. Təkrar səpin edilsə də, 3 yerdə 3.2 hektar qeyd edilmiş, bundan əlavə 2.4 hektar sahədə iş görüldüyü qeyd edilsə də belə bir iş görülməmişdir. 15 faiz çıxıldıqdan sonra 6304 kiloqram 5044.50 manat dəyərində pambıq təhvil vermişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmədə mütəxəssis qismində iştirak edən X5 İnkişaf Mərkəzində sektor müdiri vəzifəsində işləyən X2 göstərdi ki, səpindən qabaq arat üçün hər bir hektara suvarma məqsədi ilə kanal çəkilməlidir. Hər bir hektar üçün ayrı-ayrı kanal çəkilməlidir. 11.9 hektarın hamısında arat aparılması üçün kanal çəkilə bilər. Eyni torpaq sahəsinə minimum 3 gün ara ilə təkrar mala çəkilə bilər. Eyni günə eyni torpağa təkrar mala çəkilə bilməz. Eyni günə həm mala çəkilməsi və səpin aparılması mümkündür. Təkrar səpin odur ki, 10-15 gün ərzində toxum bitiş verməsə, eyni günə gəlib mala edilib təkrar səpin edilə bilər. Təkrar səpin zamanı eyni gündə diskli mala, daha sonra ütü mala edilib toxum səpilə bilər. Eyni sahəyə 2 dəfə şum edilə bilər. 1-ci və 2-ci şum arasında təxminən 1 ay, 1 ay yarım vaxt olmalıdır. Səpindən qabaq mala gedə bilər. 11.9 hektarda 1-ci mala getdikdən sonra, sonradan eyni günə 3.9 hektara yenidən 1-ci mala aparıla bilməzdi. Eyni gündə 11.9 hektara mala gedib toxum səpilə bilər. 20 iyulda sonuncu kultivasiya edilməsi mümkündür. Martda qoza aça bilməz. Qozanın yetişməsi sentyabr ayının axırı, oktyabr ayının birinci, ya da ikinci on günlüyündən başlayır. Pambıq gec əkilərsə noyabr ayının birinci on günlüyündə də qoza açılmağa başlaya bilər. Audio-video diskdən görsənir ki, həmin sahədəki pambıq bir dəfə yığılmışdır, orda yığılası pambıq qalmamışdır. Qalan pambıq tək-tükdür. Onlar pambıq kolların üzərində qalmış qozalardır. Pambığın birinci üzü yığılmışdır. Pambığın 2-ci üzü yığıla bilərdi, ancaq görünür ki, 2-cü üz qoza gec açdığı üçün yığılmamışdır. 1-ci və 2-ci üz arasında yığım hardasa 25 gün fərq edir. Ancaq martda qoza aça bilməz. İş materiallarında olan “X3 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış 23 fevral 2023-cü il tarixli 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 277 saylı müqavilədən görünür ki, fermer Cavabdeh mülkiyyətində, istifadəsində və ya icarəsində olan 11,90 ha torpaq sahəsində pambıq əkib yalnız alıcı “X3 Kompleksi” MMC-nə satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdəsinə götürmüşdür. Həmiçinin müqavilənin 5.2-ci maddəsinə əsasən fermer üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam-pambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam-pambığın dəyərinin 20% həcmində cərimə ödənilməsi müəyyən olunmuşdur. İş materiallarında olan 16 yanvar 2024-cü il tarixli üzləşmə və 04 aprel 2024-cü il tarixli imtina aktından görünür ki, fermerə avans olaraq 7735 manat verilməsi, 3456 manat mal verilməsi, 5145,70 manat məbləğində xidmət göstərilməsi, fermerin 5044,50 manat dəyərində xam pambıq təhvil verməsi və 11292,20 manat borcu qalması qeyd edilmiş, akt fermer tərəfindən imzalamaqdan imtina edilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “X3 Kompleksi” MMC tərəfindən xx.xx.2023-xx.xx.2024-cü il dövrü üzrə Cavabdeh hesabına 7735 manat vəsait köçürülmüşdür. İş materiallarında olan malların fiziki şəxslərə təhvil-qəbul qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixli XHE 481990 nömrəli qəbzə əsasən vahidinin qiyməti 5,30 manat olan 300 kq 1590 manat dəyirində BA-1010, xx.xx.2023-cü il tarixli XGL 067484 nömrəli qəbzə əsasən vahidinin qiyməti 5,25 manat olan 100 kq 525 manat dəyərində orion, xx.xx.2023-cü il tarixli XGL 067769 nömrəli qəbzə əsasən vahidinin qiyməti 0,50 manat olan 1800 kq 900 manat dəyərində karbomid 2023, xx.xx.2023-cü il tarixli XGL 025437 nömrəli qəbzə əsasən vahidinin qiyməti 18,50 manat olan 10 lt 185 manat dəyərində kalium humat, vahidinin qiyməti 30 manat olan 8 kq 240 manat dəyərində dalton məhsulun, ümumilikdə 3440 manat dəyərində məhsulun “X3 Kompleksi” MMC tərəfindən fermer Cavabdeh verilməsi qeyd edilmişdir. İş materiallarında olan xidmət aktlarından görünür ki, 23 fevral 2023-cü il tarixdə 1 ha üçün qiyməti 50 manat olan (qiymətlər tərəflərin təqdim etdiyi qiymət cədvəli və hesabdan çıxarışa əsasən hesablanmışdır) 3,5 ha torpaq sahəsində 175 manat dəyərində 1-ci şum, 23 fevral 2023-cü il tarixdə 1 ha üçün qiyməti 50 manat olan 5 ha torpaq sahəsində 250 manat dəyərində 1-ci şum, 25 fevral 2023-cü il tarixdə 1 ha üçün qiyməti 50 manat olan 3,5 ha torpaq sahəsində 175 manat dəyərində 1-ci şum, 6 mart 2023-cü il tarixdə 1 ha üçün qiyməti 27 manat olan 11,9 ha torpaq sahəsində 440,30 manat dəyərində riperlə şum işi, 7 mart 2023-cü il tarixdə 1 ha üçün qiyməti 16 manat olan 11,9 ha torpaq sahəsində 190,40 manat dəyərində kanal çəkmə, 14 mart 2023-cü il tarixdə 1 ha üçün qiyməti 16 manat olan 1 ha torpaq sahəsində 16 manat dəyərində kanal çəkmə, 10 aprel 2023-cü il tarixdə 1 ha üçün qiyməti 23 manat olan 2,4 ha torpaq sahəsində 55,20 manat dəyərində diskli mala, 10 aprel 2023-cü il tarixdə 1 ha üçün qiyməti 20 manat olan 8 ha torpaq sahəsində 160 manat dəyərində mala, 13 aprel 2023-cü il tarixlərdə 1 ha üçün qiyməti 20 manat olan 3,9 ha, 8 ha, 3,9 ha =15,8 ha torpaq sahəsində 516 manat dəyərində mala, 13 aprel 2023-cü il tarixdə 1 ha üçün qiyməti 17 manat olan 11,9 ha torpaq sahəsində 202,30 manat dəyərində səpin, 15 aprel 2023-cü il tarixdə 1 ha üçün qiyməti 16 manat olan 11,9 ha torpaq sahəsində 190,90 manat dəyərində dərmanlama, 17 aprel 2023-cü il tarixdə 1 ha üçün qiyməti 16 manat olan 1 ha torpaq sahəsində 16 manat dəyərində arx çəkmə, 20 aprel 2023-cü il tarixdə 1 ha üçün qiyməti 16 manat olan 1 ha torpaq sahəsində 16 manat dəyərində arx çəkmə, 2 may 2023- cü il tarixdə 1 ha üçün qiyməti 16 manat olan 2 ha torpaq sahəsində 32 manat dəyərində kanal çəkmə, 28 may 2023-cü il 1 ha üçün qiyməti 20 manat olan 3,2 ha torpaq sahəsində 64 manat dəyəridnə 2-ci mala, 28 may 2023-cü il tarixdə 1 ha üçün qiyməti 23 manat olan 3,2 ha torpaq sahəsində 73,60 manat dəyərində diskli mala, 28 may 2023-cü il tarixdə 1 ha üçün qiyməti 17 manat olan 3,2 ha torpaq sahəsində 54,40 manat dəyərində təkrar səpin, 29 may 2023-cü il tarixdə 1 ha üçün qiyməti 16 manat olan 1 ha torpaq sahəsində 16 manat dəyərində arx çəkmə, 31 may 2023-cü il tarixdə 1 ha üçün qiyməti 18 manat olan 5,7 ha torpaq sahəsində 102,60 manat dəyərində kultivasiya, 01 iyun 2023-cü il tarixdə 1 ha üçün qiyməti 18 manat olan 3 ha torpaq sahəsində 54 manat dəyərində kultivasiya, 06 iyun 2023 cü il tarixdə 1 ha üçün qiyməti 16 manat olan 1 ha torpaq sahəsində 16 manat dəyərində arx çəkmə, 10 iyun 2023-cü il tarixdə 1 ha üçün qiyməti 18 manat olan 8 ha torpaq sahəsində 144 manat dəyərində gübrə ilə kultivasiya, 14 iyun 2023cü il tarixdə 1 ha üçün qiyməti 16 manat olan 1 ha torpaq sahəsində 16 manat dəyərində arx çəkmə, 24 iyun 2023-cü il tarixdə 1 ha üçün qiyməti 17 manat olan 8 ha torpaq sahəsində 136 manat dəyərində kultivasiya, 06 iyul 2023- cü il tarixdə 1 ha üçün qiyməti 18 manat olan 1,5 ha torpaq sahəsində 27 manat dəyərində kultivasiya, 12 iyul 2023-cü il tarixdə 1 ha üçün qiyməti 18 manat olan 2 ha torpaq sahəsində 36 manat dəyərində becərmə gübrə ilə, 14 iyul 2023-cü il tarixdə 1 ha üçün qiyməti 18 manat olan 0,5 ha torpaq sahəsində 9 manat dəyərində kultivasiya gübrə ilə, 19 iyul 2023-cü il tarixdə 1 ha üçün qiyməti 16 manat olan 10,5 ha torpaq sahəsində 168 manat dəyərində dərmanlama, 20 iyul 2023-cü il tarixdə 1 ha üçün qiyməti 17 manat olan 10,5 ha torpaq sahəsində 178,50 manat dəyərində kultivasiya, 20 iyul 2023-cü il tarixdə 1 ha üçün qiyməti 16 manat olan 1 ha torpaq sahəsində 16 manat dəyərində kanal açma, 20 dekabr 2023-cü il tarixdə 1 ha üçün qiyməti 150 manat olan 2 ha torpaq sahəsində 300 manat dəyərində 1-ci pambıq yığımı, 22 dekabr 2023-cü il tarixdə 1 ha üçün qiyməti 150 manat olan 5 ha torpaq sahəsində 750 manat dəyərində 1-ci pambıq yığımı, 23 dekabr 2023-cü il tarixdə 1 ha üçün qiyməti 150 manat olan 5 ha torpaq sahəsində 750 manat dəyərində 1-ci pambıq yığımı işlərinin, ümumilikdə 5145,70 manat dəyərində xidmətlərin görülməsi qeyd edilmişdir. İş materiallarında olan audio-video diskdən görünür ki, pambıq əkilmiş sahədə çəkiliş aparılmış, həmin sahədə az miqdarda pambıq şaxları və üzərində cüzi miqdarda pambıq olması görünür, çəkilişin mart ayında aparıldığı qeyd olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışda qeyd edilmişdir ki, Cavabdeh müqavilə üzrə 16336,70 manat avans borcu yaranmışdır. Yaranmış avans borcdan 5044,50 manat dəyərində xam pambıq verməklə ödənmiş, nəticədə onun cəmiyyətə 11292,20 manat borcu qalmışdır. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcla bağlı məlumat verilmiş, məsuliyyəti ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, “X3 Kompleksi” MMC ilə Cavabdeh arasında 23 fevral 2023-cü il tarixli 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə bağlanmış, müqaviləyə əsasən fermer Cavabdeh mülkiyyətində, istifadəsində və ya icarəsində olan 11,9 ha torpaq sahəsində pambıq əkib yalnız alıcı “X3 Kompleksi” MMC-nə satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə fermerə avans olaraq 7735 manat verilməsini, 3456 manat mal verilməsini, 5145,70 manat dəyərində xidmət göstərilməsini, fermerin isə 5044,50 manat dəyərində xam pambıq təhvil verməsini qeyd etməklə 11292,20 manat əsas borcun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk öncə bildirir ki, fermerə avans olaraq 7735 manat vəsaitin verilməsi, 3440 manat mal verilməsi, fermerin isə 5044,50 manat dəyərində xam pambıq təhvil verməsi tərəflərin izahatları və işdə olan sübutlarla təsdiq edilir. Görülən xidmətlərlə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində fermerə 5145,70 manat dəyərində xidmət göstərdiyini bildirib bununla bağlı məhkəməyə xidmət aktları təqdim etsə də 31 may 2023-cü il tarixdə 1 ha üçün qiyməti 18 manat olan 5,7 ha torpaq sahəsində 102,60 manat dəyərində kultivasiya, 20 dekabr 2023-cü il tarixdə 1 ha üçün qiyməti 150 manat olan 2 ha torpaq sahəsində 300 manat dəyərində 1-ci pambıq yığımı, 22 dekabr 2023-cü il tarixdə 1 ha üçün qiyməti 150 manat olan 5 ha torpaq sahəsində 750 manat dəyərində 1-ci pambıq yığımı, 23 dekabr 2023-cü il tarixdə 1 ha üçün qiyməti 150 manat olan 5 ha torpaq sahəsində 750 manat dəyərində 1-ci pambıq yığımı işlərinə dair aktlar, ümumlikdə dəyəri 1902,60 manat olan aklar fermer tərəfindən imzalanmamışdır. Həmin xidmətlərin fermerə göstərilməsi öz təsdiqini tapmır. Həmin məbləğ femerə göstərilən xidmətlərin dəyərindən çıxılmalıdır. Bundan başqa 13 aprel 2023-cü il tarixdə 1 ha üçün qiyməti 20 manat olan 3,9 ha, 8 ha, 3,9 ha =15,8 ha torpaq sahəsində 516 manat dəyərində mala işlərinin görülməsi aktı məhkəməyə təqdim edilsə də iş materialları ilə fermerə məxsus torpaq sahəsinin 11.9 ha olması və eyni gündə eyni torpaq sahəsinə mala aparıla bilməməsi nəzərə alınmaqla həmin akt üzrə 3,9 ha torpaq sahəsinin iki dəfə mala olunması inandırıcı görünmür. Ona görə də qeyd edilən akt üzrə 13 aprel 2023-cü il tarixdə 1 ha üçün qiyməti 20 manat olan 3,9 ha torpaq sahəsində mala işlərinin görülməsinə hesablanmış 78 manat da göstərilən xidmətlərin dəyərindən çıxılmalıdır. Beləliklə müəyyən edilir ki, iddiaçı tərəfindən 3165,10 manat dəyərində (5145,70 manat - 1902,60 manat - 78 manat = 3165,10 manat) xidmət göstərilmişdir. Ümumlikdə avans olaraq 7735 manat vəsaitin verilməsi, 3440 manat malın verilməsi, 3165,10 manat xidmətin göstərilməsi nəzərə alınmaqla iddiaçı tərəfindən fermerə 14340,40 manat məbləğində xərc çəkilmişdir. Fermerin 5044,50 manat dəyərində pambıq təhvil verməsi nəzərə alımaqla fermerin 9295,90 (14340,40 - 5044,50 manat = 9295,90 manat) manat borcu qalması müəyyən edilir. Məhkəmə hesab edir ki, 9295,90 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin cavabdehin etirazında göstərdikləri məsələlərlə, xidmətlərin miqdarının və məbləğinin şişirdilməsi ilə bağlı bildirir ki, iddiaçı tərəf digər xidmətlərin göstərilməsi ilə bağlı məhkəməyə təqdim etdiyi aktlarla fermer razılaşaraq imza etmiş, göstərilmiş xidmətlərlə razılaşmış, həmçinin məhkəmədə iştirakı təmin edilmiş mütəxəssis də aktlarda qeyd edilən xidmətlərin ardıcıllıqla həcmi də nəzərə alınmaqla görülməsinin mümkün olduğunu qeyd etmişdir. Bundan başqa cavabdeh əkilmiş pambığın 2024-cü il tarixdə açması, həmin tarixdə isə iddiaçıya məlumat versə də pambığın yığılması üçün heç bir tədbir görməməsini qeyd etsə də tərəflər arasında bağlanmış müqavilədən görünür ki, fermer müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq istehsal etdiyi xam pambığı bütünlüklə 2023-cü ilin mövsümü üzrə pambıq yığımı bitənədək tam yetişmiş halda, təmiz, içərisində kənar qalıqlar olmadan Azərbaycan Respublikasında qüvvədə olan mövcud standartlara və müqavilənin tələblərinə uyğun şəkildə yalnız filiala təhvil verməsi öhdəliyini öz üzərinə götürmüşdür. Yəni müqavilə üzrə pambığın yığılması və təhvil veriməsi öhdəliyi fermerə məxsus olmuşdur. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması alıcının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, alıcı avansı verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 2254 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Odur ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 9295,60 manat əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 9395,60 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 131 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 113,96 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 fevral 2023-cü il tarixli 277 nömrəli 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə üzrə yaranmış 9295 manat 60 qəpik məbləğində borc, 100 manat cərimə borcu olmaqla 9395 (doqquz min üç yüz doxsan beş) manat 60 (altmış) qəpik pul və ödənilmiş 113 (bir yüz on üç) manat 96 (doxsan altı) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar