Məhkəmə qərarları › İş №e-2-2(115)-1141/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1141/2023

03.08.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1141/2023 03.08.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1660 manat 44 qəpik, Dövlət Sosial Müdafiə Fonduna olan 785 manat 06 qəpik, İcbari Tibbi Sığorta Fonduna olan 170 manat 69 qəpik, İşsizlikdən Sığorta Fonduna 26 manat 48 qəpik məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 785 manat 06 qəpik, dövlət büdcəsinə 1660 manat 44 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 654,32 manat, faizlər üzrə 6,12 manat, maliyyə sanksiyası üzrə 1000 manat), İcbari Tibbi Sığorta Fonduna 170 manat 69 qəpik, İşsizlikdən Sığorta Fonduna 26 manat 48 qəpik olmaqla, ümumilikdə 2642 manat 67 qəpik borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********715900, xx.xx.2023-cü il tarixli **********794900, xx.xx.2023- cü il tarixli **********461700, xx.xx.2023-cü il tarixli **********462400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçinin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə etiraz göndərərək etirazında bildirmişdir ki, e-2-2(115)- 1141/2023 saylı iş üzrə 11 saylı vergilər idarəsinin iddiasından narazıdır. Belə ki, kassa aparatı vergilər idarəsində təmirdə olduğu müddətdə ona cərimə yazılmışdır. Ərizə yazaraq fəaliyyətini dayamdırdığı halda ona digər vergi borcları yazılmışdır. Habuki, iyulda, avqustda gələn sərəncamı tam şəkildə ödəyərək vergi borcunu sıfırlamışdır. 500 manat borcu ödəməyi öz üzərinə götürərək qərarı onun xeyrinə çıxarmağı xahiş edir. Hazırda Laçında ailə durumu ilə əlaqədar işə çıxmışdır. Odur ki, işdən icazə ala bilmədiyinə görə bir Qarabağ veteranı kimi xahiş edir ki, iştirakı olmadan onun xeyrinə qərar çıxarılsın. Məhkəmə qeyd edilən ərizələri nəzərə alaraq, işə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 785 manat 06 qəpik, dövlət büdcəsinə 1660 manat 44 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 654,32 manat, faizlər üzrə 6,12 manat, maliyyə sanksiyası üzrə 1000 manat), İcbari Tibbi Sığorta Fonduna 170 manat 69 qəpik, İşsizlikdən Sığorta Fonduna 26 manat 48 qəpik olmaqla, ümumilikdə 2642 manat 67 qəpik borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Bərdə rayon nümyəndəliyinin 14 iyul 2023-cü il tarixli 331 saylı 11 saylı Ərazi Vergilər Baş İdarəsinə cavab məktubundan görünür ki, Laçın rayonundan məcburi köçkün Maraqlı şəxs Bərdə şəhəri, H.Aslanov küçəsi maşın bazarı ərazisində müvəqqəti qeydiyyatdadır və məskunlaşıb. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndində əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra Vergi Məcəlləsinin) 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs dövlət büdcəsinə və müvafiq fondlara olan borclarının ödənilməsini təmin etmək məqsədi ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Maraqlı şəxsin etirazına gəldikdə, məhkəmə qeyd edir ki, maraqlı şəxs etirazında vergi borcunun olmadığını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, ərizəçinin təqdim etdiyi vergi ödəyicisinin şəxsi hesab vərəqindən isə maraqlı şəxsin dövlət büdcəsinə və müvafiq fondlara ümumilikdə 2642 manat 67 qəpik məbləğində borcunun olduğu görünür. Digər tərəfdən, maraqlı şəxs vergi orqanı tərəfindən vergi borcunun düzgün hesablanmadığını iddia edirsə, bunu inzibati qaydada mübahisələndirə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanın vəzifələrinə aid edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 1660 manat 44 qəpik, Dövlət Sosial Müdafiə Fonduna 785 manat 06 qəpik, İcbari Tibbi Sığorta Fonduna 170 manat 69 qəpik, İşsizlikdən Sığorta Fonduna 26 manat 48 qəpik olmaqla, ümumilikdə 2642 manat 67 qəpik məbləğində borcu ödənilənədək Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnаmədən rəsmi qаydаdа verildiyi gündən bir аy müddətində Gəncə Kommersiya Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar