Məhkəmə qərarları › İş №e-2-2(115)-115/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-115/2022

17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-115/2022 17.03.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi üzrə iddia ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 11 729,10 manat borc, 125,60 manat məbləğində dövlət rüsumu və 200 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəfindən Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilən bildirişlər 29.11.2021, 14.02.2022 və 14.03.2022-ci il tarixlərdə poçt təşkilatı tərəfindən şəxsin həmin ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. İş materiallarına əlavə olunmuş iddiaçı tərəfindən pretenziyanın göndərilməsi barədə poçt qəbzi SS745947819 indeksi ilə Azərpoçt MMC-nin poçt göndərişlərinin izlənilməsi sistemində məhkəmə tərəfindən yoxlanılmış, nəticədə çatdırılma barədə məlumatın tapılmadığı barədə cavab gəlmişdir. Müvaviq sistemdən çıxarış iş materiallarına əlavə olunmuşdur. Göründüyü kimi, pretenziya məktubu cavabdehə təqdim olunmalmışdır. Belə olan vəziyyətdə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına əməl edilməmiş sayılır. Bundan əlavə, Kürdəmir rayonunda fəaliyyət göstərən mediator tərəfindən mediasiya ilkin sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçının hüquqi ünvanı İmişli şəhəri, cavabdehin qeydiyyatda olduğu ünvan Gəncə şəhəri,mübahisəyə Gəncə Kommersiya Məhkəməsində baxılmalı olduğu halda Kürdəmir rayonunda fəaliyyət göstərən mediator tərərəfindən mediasiya sessiyasının keçirilməsi səbəbləri məlum deyildir. Arayışda göstərilir ki, 04.10.2021-ci il tarixə təyin olunmuş ilkin mediasiya sessiyası barədə 2 gün öncə poçt vasitəsilə məlumatlandırılmış Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Poçt vasitəsilə məlumatlandırılma göstərilsə də, məlumatın Cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən poçt sənədi qeyd olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 28.3-cu maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. 29.2. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Göründüyü kimi ilkin mediasiyanın keçirilməsi barədə arayış “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 28-ci və 29-cu maddələrinə uyğun qaydada təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar