Məhkəmə qərarları › İş №e-2-2(115)-1153/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1153/2022

13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1153/2022 13.07.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış məhsulların müsadirə edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh (VÖEN: **********) məxsus, aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 20.40 manat olan 12 qutu (2 qutu Elegance qara, 2 qutu Elegance ağ, 2 qutu Platinium, 2 qutu Manchester, 4 qutu King markalı) tütün məmulatının, alış dəyəri 37.50 manat olan 2 ədəd ( Nemiroff 0.5L, Nemirroff 0.7L) spirtli içkinin satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh (VÖEN: **********) saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə 12 saylıƏrazi Vergilər Baş İdarəsində xx.xx.2016-cı il tarixdə uçota alınmış, əsas fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı olmaqla, həmin fəaliyyət üzrə AZ2000, Gəncə şəhəri, Ayna Sultanova, ev.14 ünvanında sahibkarlıq fəaliyyəti göstərir. 12 saylıƏrazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********8506 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən AZ2000, ünvan 2 ünvanında yerləşən, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) məxsus mağazada aksiz markaları ilə markalanmalı və məcburi nişanlanma ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında) audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 20.40 manat, satış dəyəri 22.80 manat olan 12 qutu (2 qutu Elegance qara, 2 qutu Elegance ağ, 2 qutu Platinium, 2 qutu Manchester, 4 qutu King markalı) tütün məmulatı, alış dəyəri 37.50 manat, satış dəyəri 41 manat olan 2 ədəd ( Nemiroff 0.5L, Nemirroff 0.7L) spirtli içki aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” xx.xx.2022-ci il tarixli DVX-№ 000646 nömrəli Akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2022-ci il tarixli DVX-№ 000605 nömrəli protokol tərtib edilərək götürülmüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, MPM, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1.4-cü maddəsinə əsasən digər qanunlarda olan prosessual hüquq normaları MPM-in müddəalarına uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsinə əsasən müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18 mart 2022-ci il tarixli, e-2(102)- 2010/2022 saylı qərarında göstərilir ki, əsasən mülki qanunvericilikdə müsadirə anlayışına verilən tərifdən də göründüyü kimi əmlakın mülkiyyətçidən məcburi qaydada alınması formalarından biri olan bu institutun tətbiqi üçün həmin məcburiyyət tədbiri birbaşa qanunda nəzərdə tutulmalıdır. Mövcud qanunvericilikdə isə məcburiyyət tədbiri kimi müsadirə yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.2-2-ci maddəsində vergi orqanı tərəfindən siyahıya alınmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vəzifəsinin vergi orqanlarının üzərinə qoyulması da hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmasına əsas vermir. Çünki mülki məhkəmə icraatının həyata keçirilməsi qaydaları Vergi Məcəlləsi ilə deyil, MPM ilə tənzimlənir və yuxarıda da qeyd olunduğu kimi MPM-in 1.4-cü maddəsinə əsasən digər qanunlarda olan prosessual hüquq normaları MPM-in müddəalarına uyğun olduğu halda mülki prosesə tətbiq oluna bilər. Həmçinin mülki prosessual qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı 2 qaydada həyata keçirilir: iddia icraatı və xüsusi icraat. Qeyd olunan icraat qaydalarının heç birində şəxsin əmlakının müsadirə edilməsi proseduru müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin məcəllənin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəlləsinin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 262.3-cü maddəsinin tələbinə əsasən bu məsələyə qiymət verərkən iş materiallarından da göründüyü kimi iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 20.40 manat olan 12 qutu (2 qutu Elegance qara, 2 qutu Elegance ağ, 2 qutu Platinium, 2 qutu Manchester, 4 qutu King markalı) tütün məmulatının, alış dəyəri 37.50 manat olan 2 ədəd ( Nemiroff 0.5L, Nemirroff 0.7L) spirtli içkinin satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini nəzərə alaraq, iddiaçının iddia qaldırmaqda məqsədinin qanunvericiliklə müəyyən olunmuş qaydada aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 20.40 manat olan 12 qutu tütün məmulatının, alış dəyəri 37.50(otuz yeddi manat əlli qəpik) manat olan 2(iki) ədəd spirtli içkinin satışının təşkil edilməsi olduğunu göz önündə tutaraq iddiaçıya törədilmiş əməlin dispozisiyasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin hansı maddəsinə (misal olaraq İXM-451) uyğun olunduğunu müəyyən edərək, qanunvericiliklə müəyyən edilmiş qaydada lazımi prosessual tələbləri, prosessual müddət daxilinə (inzibati protokol tərtib etmə) yerinə yetirərək aidiyyəti üzrə rayon-şəhər məhkəmələrinə müraciət edilməsi tövsiyə olunur. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı məxsus aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 20.40(iyirmi manat qırx qəpik) manat olan 12(on iki) qutu tütün məmulatının, alış dəyəri 37.50(otuz yeddi manat əlli qəpik) manat olan 2(iki) ədəd spirtli içkinin satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar