Məhkəmə qərarları › İş №e-2-2(115)-1154/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1154/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1154/2022 18.08.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə üzrə 19581 manat 30 qəpik məbləğində əsas borcun, 5866 manat 30 qəpik məbləğində cərimə borcunun və ilkin mediasiya prosesi üçün ödənilmiş 200 manat borcun Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında ********** saylı, 26 fevral 2020-ci il tarixli sement məhsullarının alqı-satqısına dair müqaviləyə əsasən cavabdehə sement məhsulları satılmışdır. Müqavilədə qeyd edilmiş məhsulları cavabdehə göndərmişdir. Lakin, cavabdeh göndərilmiş məhsulların dəyərini tam olaraq ödəməmişdir. 19581 manat 30 qəpik indiyədək ödənilməmiş qalmışdır. Müqavilənin 7.2-ci maddəsinə əsasən, Satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0.1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Cavabdehin həmin alqı-satqımüqaviləsi üzrə ödənişi gecikdirməsinə görə indiki tarixədək yaranmış cərimə məbləği 5866 manat 30 qəpik təşkil edir. xx.xx.2022-ci il tarixdə şirkətimiz cavabdehə pretenziya məktubu ünvanlayaraq, borc məbləğinin xx.xx.2022-ci il tarixədək ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək üçün tədbirlər görəcəyini bildirmişdir. Cavabdeh qeydiyyatda olduğu ünvanda olmadığı üçün pretenziya məktubu xx.xx.2022-ci il tarixində Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi vasitəsi ilə cavabdehə çatdırılmışdır. Cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif və ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri göstərilməklə Mediasiyaya dəvət məktubu göndərilməsinə baxmayaraq cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Bakı 4 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/4-00554 saylı, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim etmişdir. Beləliklə, tərəfimizdən məhkəməyədək riayət edilməli olan hərəkətlər tətbiq edilmişdir. İddia tələbi iddia ərizəsinə əlavə edilən alqı-satqı müqaviləsi, elektron qaimə-fakturalar, yük-nəqliyyat qaimələri və digər sənədlərlə təsdiq edilir. Cavabehə göndərilmiş elektron qaimə-fakturalar təsdiq edilmişdir. Cavabdeh həmçinin malların qəbul edilməsi barədə yük-nəqliyyat qaimələrini imzalamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-cimaddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Mediasiya prosesinin keçirilməsi ilə əlaqədar ödənilmiş ödəniş 200 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən məhkəmə prosesi üçün ödənilməli dövlət rüsumunun məbləği 166 manat 34 qəpik təşkil etdiyi üçün iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edilir. Cavabdeh Ağdam rayonu, Güllücə kəndində qeydiyyatdadır. Müqavilədə müqavilənin icra yeri Bakı şəhəri göstərildiyi üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2223/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadında iddia ərizəsinin Gəncə Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olduğu qeyd edilmiş, ona görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-534/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qüvvədə saxlanılmışdır. Bununla əlaqədar iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, sementlə yanaşı altlıqlarda cavabdehə təhvil verilib, lakin cavabdeh tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Cavabdeh tərəfindən borcun əvəzi olaraq nə məhsul nə altlıqlar iddiaçıya qaytarılmamışdır. Bununla bağlı elektron qaimələr və yük-nəqliyyat qaimələri vardır. Məhkəməyə təqdim edilən bütün sənədlər borcun mövcudluğunu təsdiq etdiyindən iddianın təmin edilməsini xahiş edirlər. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, iddiaçı ilə təxminən 3 il bundan əvvəl müqavilə bağlamış, sement məhsulları və altlıqlar ona təhvil verilmişdir. Malları pandemiya dövründə qəbul etmiş və satışını həyata keçirə bilməmişdir. Borcun bir hissəsi sementlə, bir hissəsi isə altlıqlarla bağlıdır. Sementlə bağlı olan borcu qəbul edir, lakin altlıqları təhvil vermək istədiyindən, həmin hissədə iddianın təmin edilməməsini xahiş edir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, 26 fevral 2020-ci il tarixli, ********** saylı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanılmış alğı-satqı müqaviləsindən görünür ki, müqavilədə göstərilən malları "xxxx" Açıq Səhmdar Cəmiyyəti satmağı və Cavabdeh isə razılaşdırılmış müddətdə və qiymətdə malı alıb, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 26 fevral 2020-ci il tarixli, ********** saylı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanılmış alğı-satqı müqaviləsinin 8.2-ci bəndindən görünür kimi, alıcı ödənişi bu müqavilədə və ya onun əlavəsində göstərilən müddətdən gecikdirdiyi hər bir günə görə əsas borcun 0,1 faizi qədərində cərimə və bundan yarana biləcək administrativ xərcləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 1 saylı alqı-satqı müqaviləsinə əlavədən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında əlavə göstərilən malların adı və qiyməti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin daxili qiymət siyasətinə uyğun olaraq 26 fevral 2020-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək “Qaradağ Optima” markalı sementin qiyməti (çatdırılma və ƏDV daxil olmaqla ) 117 manat 49 qəpik, “Qaradağ Spesial markalı sementin qiyməti (çatdırılma və ƏDV daxil olmaqla ) 132 manat 49 qəpik, “Qaradağ Sprint” markalı sementin qiyməti (çatdırılma və ƏDV daxil olmaqla ) 144 manat 90 qəpik, “Qaradağ Unikal” markalı sementin qiyməti (çatdırılma və ƏDV daxil olmaqla ) 144 manat 90 qəpik altlıqların qiyməti 28 manat 32 qəpik kimi müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 2 saylı alqı-satqı müqaviləsinə əlavədən göründüyü kimi, əlavə göstərilən malların adı və qiyməti "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin daxili qiymət siyasətinə uyğun olaraq 07 iyul 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək “Qaradağ Optima” markalı sementin qiyməti (çatdırılma və ƏDV daxil olmaqla ) 113 manat 63 qəpik, “Qaradağ Spesial markalı sementin qiyməti (çatdırılma və ƏDV daxil olmaqla ) 128 manat 62 qəpik, “Qaradağ Sprint” markalı sementin qiyməti (çatdırılma və ƏDV daxil olmaqla ) 141 manat 13 qəpik, “Qaradağ Unikal” markalı sementin qiyməti (çatdırılma və ƏDV daxil olmaqla ) 141 manat 13 qəpik, altlıqların qiyməti 28 manat 32 qəpik kimi müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 3 saylı alqı-satqı müqaviləsinə əlavədən göründüyü kimi, əlavədə göstərilən malların adı və qiyməti "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin daxili qiymət siyasətinə uyğun olaraq 24 dekabr 2020-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək “Qaradağ Optima” markatı sementin qiyməti (çatdırılma və ƏDV daxil olmaqla ) 135 manat, “Qaradağ Spesial markalı sementin qiyməti (çatdırılma və ƏDV daxil olmaqla ) 150 manat, “Qaradağ Sprint” markalı sementin qiyməti (çatdırılma və ƏDV daxil olmaqla ) 160 manat , “Qaradağ Unikal” markalı sementin qiyməti (çatdırılma və ƏDV daxil olmaqla ) 160 manat , altlıqların qiyməti 28 manat 32 qəpik kimi müəyyən olunmuşdur. Bundan əlavə iş materiallarına əlavə olunmuş elektron qaimələrdən göründüyü kimi 63812 manat 96 qəpik məbləğində sement məhsulları və altlıqlar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh satılmışdır. İş materiallarında mövcud olan yük-nəqliyyat qaimələrindən göründüyü kimi 63812 manat 96 qəpik məbləğində sement məhsulları və altlıqlar Cavabdeh tərəfindən təhvil alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh iddiaaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə alğı-satqı müqaviləsindən irəli gələn 19581 manat 30 qəpik məbləğində borcu yaranmışdır. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti pretenziya qaydasına riayət edərək, Cavabdeh borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. 10 mart 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarına əlavə edilmiş və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 19581 manat 30 qəpik əsas borc, 300 manat cərimə borcu olmaqla, cəmi 19881 manat 30 qəpik məbləğində borc və 200 manat mediasiya xərci Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə borcun ödənilməsiunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə borcun ödənilməsiu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 300 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, iddia tələbinin təmin edilən hissəsinə müntənasib olaraq ödənilməli olan 149 manat 05 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 19581 manat 30 qəpik əsas borc, 300 manat cərimə borcu olmaqla, cəmi 19881 manat 30 qəpik məbləğində borc və 200 manat mediasiya xərci Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. 149 manat 64 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar