Məhkəmə qərarları › İş №e-2-2(115)-1167/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1167/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1167/2023 25.10.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 iyul 2019-cu il tarixli 01/117/19 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə ödənilməmiş lizinq ödənişləri üzrə borc qalığı 974,85 manat, dəbbə pulu üzrə 25,15 manat, cəmi 1000 manat məbləğində borcun, ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 31 iyul 2019-cu il tarixdə 01/117/19 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçı 1000 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 ədəd 2018-ci il buraxılışı olan kondisioner sənəd və ləvazimatları ilə birlikdə cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən 20 iyun 2023-cü il tarixinədək, lizinq ödənişləri üzrə borc qalığı 974,85 manat, cərimə üzrə 3808.42 manat olmaqla, cəmi 4783.27 manat məbləğində borcu yaranmışdır. Dəbbə pulu məbləği kompüter proqramı ilə avtomatik hesablandığından hazırki iddia tələbində ağlabatan məbləğə (25.15 manatadək) azaldılmışdır. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2019-cu il tarixli 01/117/19 nömrəli “Daxili maliyyə Lizinqi” müqaviləsindən görünür ki, lizinq verən İddiaçı lizinq alan Cavabdeh tərəfindən seçilmiş buraxılış ili 2018-ci il, 10 dəst kondisioneri öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən Lizinq alan müəyyən edilmiş müddətlərdə lizinq müqaviləsi ilə nəzərdə tutulmuş hər hansı ödənişləri həyata keçirmədikdə, Lizinq verən ödənişin gecikdirildiyi hər təqvim günü üçün gecikdirilmiş lizinq ödənişinin 0,5% məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər, Lizinq alan isə həmin dəbbə pulunu Lizinq verən tərəfindən göstərilən müddətlərdə ödəməyi öhdəsinə götürmüşdür. İş materillarında olan 31 iyul 2019-cu il tarixli “Lizinq obyektinin təhvil-təslim” aktından görünür ki, Lizin verən tərəfindən 31 iyul 2019-cu il tarixli 01/117/19 nömrəli “Daxili maliyyə Lizinqi” müqaviləsinə uyğun olaraq buraxılış ili 2018-ci il olan kondisioner ünvan 1 ünvanında yerləşən mənzildə Lizinq alanın iştirakı ilə baxışdan keçirilib, yoxlanılıb, texniki cəhətdən saz və xarici qüsurları olmadan Lizinq alana təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış daxili maliyyə lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh lizinq verənə 974,85 manat əsas borcu, 3808,42 manat dəbbə pulu olmaqla, cəmi 4783,27 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 333 nömrəli Daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə 1 saylı tələb məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2019-cu il tarixli müqaviləyə əsasən Lizinq verən Lizinq alana buraxılış ili 2018-ci il olan 10 dəst kondisioneri öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən Lizinq verən öz öhdəliyini yerinə yetirmiş, kondisioneri Lizinq alanın sahiblik və istifadəsinə vermiş, lakin Lizinq alan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, Lizinq ödənişini tam ödəməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Lizinq verən müqavilə üzrə yaranmış əsas borc məbləğini və ona hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. İddia tələbi əsaslıdır və təmin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqaviləsi üzrə yaranmış 974 manat 85 qəpik əsas borc və 25 manat 15 qəpik cərimə borcu olmaqla, cəmi 1000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçı tərəfindən 13 iyul 2023-cü il tarixli 870905 saylı elektron qaiməyə və 14 iyul 2023-cü il tarixli ödəniş tapşırığına əsasən 45 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Həmiçinin 04 iyul 2023-cü il tarixli mediasiya üçün müraciət məktubunda iddiaçı tərəfindən mediasiya xidmətinin göstərilməsinə dair 40 manat, poçt xərclərinin əvəzi olaraq 10 manat olmaqla, cəmi 50 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 50 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2019-cu il tarixli 01/117/19 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən Cavabdeh 974 (doqquz yüz yetmiş dörd) manat 85 (səksən beş) qəpik əsas borc, 25 (iyirmi beş) manat 15 (on beş) qəpik cərimə borcu olmaqla, cəmi 1000 (bir min) manat pul və 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar