Məhkəmə qərarları › İş №e-2-2(115)-117/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-117/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-117/2024 21.02.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dən üçün yemlik qarğıdalı istehsalı və alqı-satqısı barədə 27 iyul 2022ci il tarixli 081-Q saylı müqaviləyə əsasən, 2057,37 manat borcun və 70 manat mediasiya xərcinin əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" (hazırkı adı İddiaçı) MMC arasında dən üçün yemlik qarğıdalı istehsalı və alqı-satqısı barədə 081-Q saylı 27 iyul 2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh Samux rayonu, Zazalı kəndində 2,0 ha torpaq sahəsində qarğıdalı əkininin həyata keçirilməsi, hər hektardan 10 ton olmaqla, cəmi 20 ton məhsulun istehsal edilərək sifarişçi "xxxx" MMC-yə təhvil verməsi barədə öhdəlik götürmüşdür. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh 1157,37 manat dəyərində toxum, gübrə, dərman və avans qismində 900 manat nağd pul olmaqla, ümumilikdə 2057,37 manat məbləğində vəsait verilmişdir. Lakin, Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş və Sifarişçiyə Müqavilənin 1.1 və 1.2-ci bəndləri ilə nəzərdə tutulmuş məhsulu təhvil verməmişdir. Bununla da, Müqavilə şərtlərinin pozulması nəticəsində onun İddiaçı MMC-yə 2057,37 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı həm poçt təşkilatı vasitəsilə, həmçinin vergi ödəyicisinin elektron kabinetinə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, lakin bu vaxtadək həmin vəsait İddiaçı MMC-yə ödənilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 150.1.7-ci maddəsinə əsasən, Cavabdeh mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün təklif göndərilmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında mübahisənin mediasiya vasitəsilə həlli ilə bağlı tərəflər qarşılıqlı razılıq əldə etməmişlər. İş materiallarında olan 2 saylı Ərazi Vergilər Baş İdarəsinin dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC hazırda İddiaçı kimi fəaliyyət göstərir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh izahatında bildirdi ki, əvvəlcə qarğıdalı əkilməsi ilə bağlı onun qapısını döyüb təklif edəndə o, razılıq vermək istəmirmiş. Lakin, gələn iki nəfər onu razı sala bilmişlər. Demişlər ki, özləri də qarğıdalının əkilməsində və becərilməsində köməklik göstərəcəklər. Bunu eşidəndən sonra o, razılaşmışdır. Müqaviləyə əsasən 2 ha torpaq sahəsində onların verdiyi toxumları səpmişdir. Amma verdikləri toxum yararsız olduğundan 2 ha torpaq sahəsində demək olar heç nə bitməmişdir. Bilirdi ki, sonradan ona verilmiş avans pulu geri istəyəcəklər və o özünə məxsus 1 ha torpaq sahəsində əkdiyi qarğıdalı məhsulundan 10 ton qarğıdalı yığıb təhvil vermişdir. O, onlara ümumilikdə 10,8 ton qarğıdalı vermişdir, amma onlar ona sənəd verməmişdirlər və iddialarında təhvil verdiyi məhsulu göstərməyiblər. Onların verdiyi toxumdan 800 kiloqrama yaxın məhsul yığmışdır. Öz sahəsinin toxumunu özü əldə etmişdir. Ona heç bir sənəd verməmişdilər və qısa müddət ərzində eşitmişdilər ki, şirkət ləğv edilib. Onun bir qədər məhsulu vardı və o, təklif etmişdir ki, borcunun 1000 manat məbləği əvəzində təhvil versin, amma razı olmamışdırlar. Onun müraciət etməsinə baxmayaraq sahəyə heç bir baxış keçirilməyib, dərman verilməyibdir. Ancaq toxum və gübrə verilmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: dən üçün yemlik qarğıdalı istehsalı və alqı-satqısı barədə müqavilə, müqaviləyə əlavələr, elektron qaimələr, tələbnamələr, aqronomlar tərəfindən aparılan gündəlik sahə montorinq qeydiyyatı, müqaviləli əkinçilik layihəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər.Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. İşdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış 27 iyul 2022-ci il tarixli, 081-Q saylı dən üçün yemlik qarğıdalı istehsalı və alqı-satqısı barədə müqavilənin məzmunundan göründüyü kimi həmin müqavilə qarışıq müqavilə olmaqla özündə podrat, xidmət və alğı-satqı müqavilələrinin əlamətlərini ehtiva edir. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Cavabdeh arasında bağlanmış 27 iyul 2022-ci il tarixli, 081-Q saylı müqaviləyə əsasən Cavabdeh Samux rayonu, Zazalı kəndində 2 ha torpaq sahəsində dən üçün yemlik qarğıdalı əkininin həyata keçirilməsi, hər hektardan 10 ton olmaqla, cəmi 20 ton məhsulun istehsal edilərək sifarişçi "xxxx" MMC-yə təhvil verilməsi barədə öhdəlik götürmüşdür. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “yemlik qarğıdalının keyfiyyətinə dair tələblərə” cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun bazar qiyməti 450 manat, müqavilənin ümumi dəyəri 9000 manat təşkil edir. Məhsulun yekun təhvil-qəbul qiyməti və təhvil veriləcək məhsulun yekun ümumi dəyəri bu müqavilənin 4-cü bəndində göstərilən qaydada müəyyən ediləcəkdir. Müqaviləyə 1 saylı əlavə ilə yemlik qarğıdalının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda yemlik qarğıdalı becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə qarğıdalının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir. Müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 900 manat məbləğində avans, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 859,60 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 171,20 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 70,57 manat, xx.xx.2022ci il tarixli elektron qaimə ilə 56 manat dəyərində toxum, gübrə, dərman vasitələri cavabdehə təhvil verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu yemlik qarğıdalının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini yerinə yetirməməklə sifarişçiyə Müqavilənin 1.1 və 1.2-ci bəndləri ilə nəzərdə tutulmuş miqdarda məhsul təhvil verməmişdir. Belə ki, iddiaçıya 2057,37 manat vəsaitin qarşılığında cavabdeh tərəfindən məhsul təhvil verilməmişdir. Bununla da, Cavabdeh müqavilə şərtlərinin pozulması nəticəsində İddiaçı MMC-yə 2057,37 manat borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi ödəniş tapşırığı, dərman, toxum və gübrə təhvil verilməsi isə həm elektron qaimələr, həm də tələbnamələr ilə öz təsdiqini tapır. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni malların təhvil qəbul aktları, habelə cavabdehin verdiyi izahatı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə mal (toxum, gübrə, dərman) təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə iddia tələbi həddində 2057,37 manat məbləğində avans və mal (gübrə, dərman, toxum) təhvil verilməsi iş materialları ilə öz təsdiqini tapdığından və cavabdeh istər məhsul, istərsə də pul şəklində həmin məbləği iddiaçıya tam qaytarmadığından 2057,37 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, müqaviləyə əsasən 2 ha torpaq sahəsində iddiaçı tərəfindən ona verilmiş qarğıdalı toxumu səpilmiş, lakin toxum yararsız olduğundan bitiş çox zəif olmuşdur. Sonradan özünə məxsus 1 ha torpaq sahəsində qarğıdalı əkmiş və həmin sahədən 10 ton məhsul əldə etmişdir. Müqavilədə göstərilən 2 ha torpaq sahəsindən isə cəmi 800 kq məhsul əldə etmişdir. 10,8 ton məhsulu iddiaçıya təhvil verdiyini, lakin iddiaçı tərəfindən bunun nəzərə alınmadığını qeyd etmişdir. Cavabdeh izahatında iddiaçıya 10,8 ton məhsul təhvil verdiyini bildirsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə cavabdehin həmin dəllilərini əsassız hesab edir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh və İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 70 manat mediasiya xərcini ödəmişdir. Eyni zamanda iddiaçı tərəfindən 70 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 70 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 70 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 40,58 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2057,37 manat məbləğində borc, 70 manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilməli, Cavabdeh 40,58 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2057,37 manat məbləğində borc, 70 manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 40,58 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar