Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1181/2022 03.10.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Gəncə Kommersiaya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı yayılmış məlumatların təkzib olunması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus olan Şəmkir rayonu, Gəncə-Qazax şossesinin sol tərəfində yerləşən bitki toxumları və dərmanları satışı üzrə sahibkarlıq fəaliyyət göstərən mağazasından aldığı “Rally” pomidor toxumlarının saxta olması haqqında facebook sosial şəbəkədə, aqronom klubda paylaşdığı işgüzar nüfuzunu ləkələyən məlumatlar kütləvi informasiya vasitələri olan sosial şəbəkələrdə cavabı dərc edilməklə təkzib olunmasını və mənəvi zərərə görə 5000 manat Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar qismində Şəmkir rayonunda fəaliyyət göstərən Cavabdeh Eldar oğlu onun işlətdiyi Şəmkir rayonu ərazisində yerləşən bitki toxumları və dərmanları satdığı mağazadan “RALLY” pomidor toxumları almışdır. Lakin bitkilərə düzgün qulluq edə bilmədiyi səbəbdən şitillər normal böyüməmişlər. Bundan sonra, Cavabdeh 19 mart 2021-ci il tarixdə mağazasından satmaq üçün toxumları aldığı və əməkdaşı olduğu Aqroservis MMM-nin rəhbəri olan qardaşı X1 telefonuna sms vasitəsi ilə müraciət edərək şikayətlənmişdir ki, guya ona saxta pomidor toxumları satmışdır. Ona görə də, o zərər düşüb və ona dəymiş zərərin onun tərəfindən ödənilməli olduğunu bildirmişdir. X2 Cavabdeh bildirmişdir ki, pomidor toxumları heç cür saxta ola bilməz, ona görə ki, X5 şirkətindən idxal olunub və bu haqda bütün təsdiqedici sənədlər, sertifikatlar vardır. Ona görə də, yalan məlumatlar verməməyi, diqqətli olmağı və məsuliyyətlə yanaşmağı tövsiyə etmişdir. Kamillidən bitkilərin istixanadan şəkillərini çəkib göndərməsi xahiş etdikdən sonra məlum olmuşdur ki, bitkilərdə olan əlamətlər “pişik sifəti” qeyri infeksion xəstəlikdir. Aşağı və kəskin temperatur dəyişikliyindən bitkilər bu vəziyyətə düşmüşlər. Yuxarıda deyilənlərə baxmayaraq, Cavabdeh fasebook sosial şəbəkəsində ona qarşı haqsız və böhtan xarakterli yazılar yaymışdır. Belə ki, Kamilli yazmışdır ki, “Dostlar hər vaxtınız xeyr. Başımıza belə bir iş gəlib. Keçən ilin sonunda Şəmkirdə fəaliyyət göstərən İddiaçı mağazasından aldığım “RALLY” pomidor toxumu saxta çıxdı”. Sonra isə bu məlumatın oxucular tərəfindən də yayılmasını onlardan xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndindən gətirilmiş pomidor bitkisində heç bir xəstəlik müşahidə olunmamışdır. Meyvədə olan dəyişilmələr şəraitin dəyişməsi nəticəsində çiçək və meyvələrdə fassilyasiya (eybəcərlik) baş vermişdir. Gündüz və gecə temperaturu arasında fərq böyük olmuş, gecə temperaturu kəskin aşağı düşməsi nəticəsində bu hal baş vermişdir. İşin hallarından göründüyü kimi Cavabdeh “Facebook” sosial şəbəkəsində “Dostlar hər vaxtınız xeyr. Başımıza belə bir iş gəlib. Keçən ilin sonunda Şəmkirdə fəaliyyət göstərən İddiaçı mağazasından aldığım “RALLY” pomidor toxumu saxta çıxdı” məzmunlu yazı yerləşdirmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, işgüzar nüfuz dedikdə fiziki və ya hüquqi şəxsin peşəkarlıq keyfiyyəti və iqtisadi fəaliyyəti haqqında cəmiyyətdə və sahibkarlıq sahəsində formalaşmış müsbət fikir, rəy başa düşülür. İddiaçı vergi orqanından qeydiyyatdan keçməklə müstəqil fəaliyyət göstərən fərdi sahibkardır, ayrıca sahibkarlıq subyektidir. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh sosial şəbəkələrdə Şəmkirdə fəaliyyət göstərən İddiaçı mağazasından aldığı “RALLİ” pomidor toxumlarının saxta olmasını yazmışdır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. Hazırkı mübahisə üzrə pomidor toxumlarının həqiqətən də saxta olmasını sübut etmək vəzifəsi cavabdehin özərinə düşür. Cavabdeh tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin təmin edilməsinə səbəb olur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdehin yazmış olduğu məlumat İddiaçı işgüzar nüfuzuna toxunduğundan o, mənəvi zərərə məruz qalmışdır. Odur ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən iddiaçıya məxsus mağazadan aldığı “Rally” pomidor toxumlarının saxta olması haqqında “Facebook” sosial şəbəkədə, aqronom klubda paylaşdığı işgüzar nüfuzu ləkələyən məlumatlar kütləvi informasiya vasitələri olan sosial şəbəkələrdə cavabı dərc edilməklə təkzib olunmalı və mənəvi zərərə görə 300 (üç yüz) manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” qərarında Konstitusiya Məhkəməsinin mövqeyi kimi qeyd olunmuşdur ki, zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Zərərlə bağlı müddəalar Mülki Məcəllənin ümumi hissəsinin digər normalarında da nəzərdə tutulmuşdur. Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində tövsiyyə olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 2-ci bəndində isə qeyd edilir ki, «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Bundan başqa “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. Şikayətçi müraciət edərkən, yaxud məhkəmə qərar çıxararkən kütləvi informasiya vasitəsi müvəqqəti olaraq dayandırılmışsa və ya onun istehsalına (yayımına) xitam verilmişsə təkzib, cavab və ya düzəliş cavabdehin vəsaiti hesabına iddiaçının istədiyi kütləvi informasiya vasitələrindən birində dərc oluna (efirə verilə) bilər. Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir. Həmin Qanunun 45-ci maddəsində qeyd edilmişdir ki, Təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin kütləvi informasiya vasitəsində nə vaxt və necə dərc olunduğu göstərilir. Dövri mətbu nəşrdə təkzib bir qayda olaraq məlumatın və ya materialın verildiyi səhifədə həmin şriftlə yığılır və "Təkzib" başlığı aktında dərc olunur. Gündəlik və həftəlik yayılan mətbu nəşrlər təkzib, cavab və ya düzəliş haqqında tələbin daxil olduğu gündən sonrakı nömrədə, digər dövri nəşrlər isə hazırlanan və ya yaxın günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və ya düzəlişi dərc etməlidirlər. Təkzib, cavab və ya düzəliş radio və televiziya ilə, tələbin alındığı gündən sonrakı müvafiq verilişdə oxunur. Bu tələbi etmiş fiziki şəxsin özünə və ya nümayəndəsinə, hüquqi şəxsin rəhbərinə və ya onun səlahiyyətli nümayəndəsinə efirdə (ekranda) cavabla çıxış etmək imkanı verilə bilər. Təkzib və ya cavab mətnində heç bir dəyişiklik edilmədən verilir. Təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çox olmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən iddiaçıya məxsus Şəmkir rayonu, Gəncə-Qazax şossesinin sol tərəfində yerləşən bitki toxumları və dərmanları satışı üzrə sahibkarlıq fəaliyyəti göstərən mağazadan aldığı “Rally” pomidor toxumlarının saxta olması haqqında “Facebook” sosial şəbəkədə, aqronom klubda paylaşdığı işgüzar nüfuzu ləkələyən məlumatlar kütləvi informasiya vasitələri olan sosial şəbəkələrdə cavabı dərc edilməklə təkzib olunsun və mənəvi zərərə görə 300 (üç yüz) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-1181/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1181/2022
03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver