Məhkəmə qərarları › İş №e-2-2(115)-1185/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1185/2022

15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1185/2022 15.07.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, İddiaçı cavabdeh X4 qarşı alğı-satqı müqaviləsi üzrə yaranmış borc tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 7660 manat əsas borcun, 2200 manat dəbbə pulunun, ödənilmiş 120 manat dövlət rüsumunun cəmi 9980 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh X4 01 iyun 2022-ci il tarixli, e-2-2(115)-1185/2022 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 ilə İddiaçı MMC arasında 21 dekabr 2019-cu il tarixdə bağlanılmış alqı satqı müqaviləsi əsasında aldığı mebel dəstlərinə görə 7660 (yeddi min altı yüz altımış) manat borcu vardır. xx.xx.2020-ci il tarixdə həmin müqavilə əsasına verilmiş malların və ödənilmiş vəsaitin yoxlanılması zamanı borcunu təsdiqləyərək bu barədə tərtib olunmuş üzləşmə aktını imzalamısdır. Lakin bu günə qədər borc məbləğini ödəməmişdir. Odur ki, müqavilə şərtlərinə və qanunun tələblərinə uyğun olaraq X2 7660 (yeddi min altı yüz altımış) manat borcun İddiaçı MMC-yə ödənilməsini tələb edirlər. Cavabdehə göndərilən rəsmi pretenzeya məktubunda qeyd olunan borcu ödəməli olduğu barədə xəbərdarlıq etmişlər, əks halda məhkəməyə müraciət edəcəklərini və çəkdikləri bütün xərclərin cavabdeh tərəfindən ödənilməli olduğunu tələb edəcəklərini bildirmişlər. Cavabdeh isə şifahi olaraq borcu ödəyəcəyinə söz versə də, faktiki olaraq yenə də aldığı malın pulunu ödəməmişdir. Bağlanılmış alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı istehsal etdiyi və ya istehsalçı şirkətdən əsldə etdiyi məhsullardan (mebel dəsti) alıcıya satmağı, alcı isə malı alıb müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə dəyərini satıcıya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndində qeyd olunan şərtinə görə ödəniş gecikdirildiyi halda hər gecikdirilən günə görə 0,5 % həddində dəbbə pulu hesablanacaqdır. O, dəbbə pulunu hər gecikdirilən gün üçün 0.5 % olaraq gecikdirilən günlərin sayını isə son iki ay yəni 60 gün olmaqla götürür. Beləliklə ödənişi gecikdirilmiş məbləğin 7660 (yeddi min altı yüz altımış ) manatın 0.5%-i = 38,3 (otuz səkkiz) manat 30 qəpik təşkil edir ki, bu da x 60 günə = 2298 (iki min iki yüz doxsan səkkiz) manat dəbbə pulu olaraq hesablanır. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPMin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişəm ki, cavabdeh X5 öhdəliklərini yerinə yetirmədiyi üçün borcu yaranmış, ona qanunvericilikdə nəzərdə tutulan tədbirlər həyata keçirilməklə xəbərdarlıq edilmiş, borcunun ödənilməsi xahiş edilsə də, borc ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İş materiallarına əlavə olunmuş; Pretenziya məktublarının surətlərindən görünür ki, borcluya yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. 01 dekabr 2019-cu il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı malları satmağı, alıcı-X5 isə qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Üzləşdirmə aktının surətindən görünür ki, X5 İddiaçınə xx.xx.2020-ci il tarixinə 7660 manat məbləğində borcu olduğunu imzası ilə təsdiq etmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X5 ilkin mediasiya sessiyasında iştirak etməmiş və İddiaçı MMC tərəfindən 110 manat məbləğində mediasiyaya dair ödəniş edilmişdir. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 200(iki yüz) manat məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Beləliklə, X3 iddiaçıya 7660 manat borclu olması təsdiqini tapır. Məhkəmə hesab edir ki, borclunun üzərinə müqavilə ilə müəyyən edilmiş borcu ödəmək vəzifəsi qoyulduğundan və o, borcun ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X2 7660(yeddi min altı yüz altmış) manat məbləğində əsas borc, 200(iki yüz) manat dəbbə pulu, ödənilmiş 120(yüz iyirmi) manat dövlət rüsumu cəmi 7980(yeddi min doqquz yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı X1 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar