Məhkəmə qərarları › İş №e-2-2(115)-119/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-119/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-119/2025 05.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 37420 manat, hesablanmış cərimə borcuna görə 7484 manat və ödənilmiş dövlət rüsumuna görə 225 manat olmaqla cəmi 45129 manat pulun cavabdehdən alınaraq “X2 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X2 Kompleksi” MMC, tədarükçü qismində “X2 Kompleksi” MMC-nin “X3 və Emalı Zavodu” filialı və fermer (cavabdeh) X1 arasında bağlanmış 2023-cü il mövsümü üzrə xx.xx.2022-cü il tarixli 13 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan ümumilikdə 106685,02 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 69264,39 manat dəyərində pambıq təhvil verərək ödəmişdir. Beləliklə, cavabdeh müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 37420 manat borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.1-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xampambığın 1 tonunun qiyməti 800 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 7484 manat təşkil edir. Cavabdehə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə hec bir təşəbbüs göstərilməmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh izahatında göstərdi ki, 37 hektar torpaq sahəsində pambıq əkmişdir. İddiaçı tərəfindən 46713,38 manat pul, 38284,84 manat dəyərində məhsul verilmiş, 16358,05 manat dəyərində xidmət göstərilmişdir. O, 87260 kiloqram çəkidə pambıq təhvil vermişdir. Qalan borcun məbləğinə etirazı yoxdur. Onun tərəfindən əkinə lazımi bütün aqrotexniki qulluq göstərilmişdir. İddiaçıya borcunun qalması suyun olmaması ilə bağlıdır. Su olmadığına görə əkini istənilən məhsulu verməmişdir. Sahənin bir hissəsini sulaya bilməmişdir. Bu barədə iddiaçının aqronomu ilə akt tərtib edilmişdir. İddiaçı ilə yeni müqavilə bağlamışdır. Həmin müqavilədə hazırkı borc da öhdəlik kimi üzərinə qoyulmuşdur. İddianın geri qaytarılması ilə bağlı iddiaçı ərizə təqdim edəcəkdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə iddiaçıya və cavabdehə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “X2 Kompleksi” MMC ilə X1 arasında bağlanmış 2023-cü il mövsümü üzrə xx.xx.2022-cü il tarixli 13 saylı müqavilədən görünür ki, fermer Cavabdeh 15 ha torpaq sahəsində pambıq əkib yalnız alıcı “X2 Kompleksi” MMC-nə satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdəsinə götürmüşdür. Həmiçinin müqavilənin 5.1-ci maddəsinə əsasən fermer bu müqavilənin predmetii olan xam pambığı tam və ya qismən alıcıya satmaqdan yayınarsa və ya üçüncü şəxslərə satarsa alıcıya təhvil verilməyən xam pambığın dəyərinin 20% həcmində cərimə ödənilməsi müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2022-cü il tarixli 13 saylı müqaviləyə xx.xx.2023-cü il tarixli əlavədən görünür ki, bu müqavilənin şərtləri daxilində fermer 22 ha torpaq sahəsində pambıq əkib yalnız alıcı “X2 Kompleksi” MMC-nə satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan bank hesabından çıxarışdan görünür ki, Cavabdeh hesabına xx.xx.2023-xx.xx.2024-cü il tarixdə 52975 manat pul köçürülmüşdür. İş materiallarında olan arayışda qeyd edilmişdir ki, Cavabdeh müqavilə üzrə 37420,63 manat borcu yaranmışdır. İş materiallarında olan üzləşmə aktında qeyd edilmişdir ki, Cavabdeh nağd olaraq 46713,38 manat pul vəsaiti verilmiş, 38284,84 manat dəyərində məhsul verilmiş, 16358,05 manat dəyərində xidmət göstərilmişdir. Ümumilikdə 106685,02 manat xərc çəkilmiş, fermer 69264,39 manat dəyərində pambıq təhvil verimiş, fermerin cəmiyyətə 37420,63 manat borcu qalmışdır. Həmin aktı Cavabdeh imzalamamışdır. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcla bağlı məlumat verilmiş, məsuliyyəti ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, “X2 Kompleksi” MMC ilə fermer X1 arasında bağlanmış xx.xx.2022-cü il tarixli 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə bağlanmış, müqaviləyə və əlavəsinə əsasən fermer Cavabdeh 22 ha torpaq sahəsində pambıq əkib yalnız alıcı “X2 Kompleksi” MMC-nə satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdəsinə götürmüşdür. Alıcı tərəfindən satıcıya nağd olaraq vəsait verilmiş, məhsullar verilmiş və müxtəlif xidmətlər göstərilmişdir. Lakin satıcı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, onu iddiaçıya 37420 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması alıcının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, alıcı avansı verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 7484 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir, cərimə azaldılaraq 1000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 37420 manat əsas borc, 1000 manat cərimə borcu olmaqla, cəmi 38420 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 225 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 205 manat 26 qəpik dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2022-ci il tarixli 13 nömrəli 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə üzrə yaranmış 37420 manat məbləğində borc, 1000 manat cərimə borcu olmaqla 38420 (otuz səkkiz min dörd yüz iyirmi) manat pul və ödənilmiş 205 (iki yüz beş) manat 26 (iyirmi altı) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar