Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1192/2023 15.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 193007,31 manat əsas borc və 19301,75 manat penya borcu olmaqla cəmi 212309,06 manat pulun və 400 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "X1 Azerbaijan" MMC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqaviləyə 1 nömrəli əlavə razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən hazırki müqavilə ilə müəyyən edilmiş şərtlərlə və lazım olan halda bu müqavilənin ayrılmaz hissəsi olaraq tərəflər arasında tərtib edilmiş protokollarda göstərilən inşaat kimyəvi məhsullarını müqavilə müddəti dövründə Satıcı Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin malların dəyərini bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada Satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqaviləyə əsasən, Satıcı sabit limit olaraq 200000 manat məbləğində malı Alıcıya verir, Alıcı isə malın dəyərini qaimə-faktura əsasında təhvil aldığı tarixdən etibarən 60 gün müddətində Satıcıya nağd və ya köçürmə şəklində ödəyir. Gecikmə halında Alıcı hər gecikən gün üçün müddəti keçən məbləğin 0,1% penya ödəməyi qəbul və təsdiq edir. Müqavilə əsasında Satıcı tərəfindən inşaat kimyəvi məhsullar müqavilə ilə nəzərdə tutulmuş qaydada, tam və standarta uyğun şəkildə Alıcıya təhvil verilmiş, lakin Alıcı həmin malların dəyərini bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada Satıcıya ödəmək öhdəliyini tam şəkildə yerinə yetirməmiş, iddiaçıya 193007,31 manat ödənilməmiş borcu qalmışdır. xx.xx.2023-cü il tarixli qarışılıqlı üzləşmə aktına əsasən cavabdeh iddiaçı qarşısında xx.xx.2022-ci il tarixinə qədər 196096,23 manat borcu olduğunu etiraf və təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən "X1 Azerbaijan" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdeh "xxxx" MMC-yə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "X1 Azerbaijan" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020-SM/EH-001 saylı alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin predmetini müqavilə ilə müəyyən edilmiş şərtlərlə və lazım olan halda müqavilənin ayrılmaz hissəsi olan tərəflər arasında tərtib edilmiş protokollarda göstərilən inşaat kimyəvi məhsullarının müqavilə müddəti dövründə Satıcı tərəfindən Alıcının mülkiyyətinə verməyi, Alıcı tərəfindən isə həmin malların dəyərinin müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəti xx.xx.2020-ci il tarixədəkdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən Satıcı sabit limit olaraq 200000 manat məbləğində malı Alıcıya verir, Alıcı isə malın dəyərini qaimə-faktura əsasında təhvil aldığı tarixdən etibarən 60 gün müddətində Satıcıya nağd və ya köçürmə şəklində ödəyir. Gecikmə halında Alıcı hər gecikən gün üçün müddəti keçən məbləğin 0,1% penya ödəməyi qəbul və təsdiq edir. İş materiallarında olan elektron qaimələrdən görünür ki, xx.xx.2022-ci il tarixdə 10364,53 manat, xx.xx.2022-ci il tarixdə 72,28 manat, xx.xx.2022-ci il tarixdə 2896,9 manat, xx.xx.2022-ci il tarixdə 2832 manat, 419,64 manat, xx.xx.2022-ci il tarixdə 4720 manat, 3534,34 manat, xx.xx.2022-ci il tarixdə 110,92 manat, xx.xx.2022-ci il tarixdə 2832 manat, 2230,2 manat, 3803,23 manat. xx.xx.2022-ci il tarixdə 5433,9 manat, xx.xx.2022-ci il tarixdə 944 manat, 443,68 manat, xx.xx.2022-ci il tarixdə 944 manat, 7375 manat, xx.xx.2022-ci il tarixdə 3350,26 manat, 2605,44 manat, xx.xx.2022-ci il tarixdə 10443 manat, xx.xx.2022-ci il tarixdə 2832 manat, xx.xx.2022-ci il tarixdə 4864,61 manat, xx.xx.2022-ci il tarixdə 132,75 manat, xx.xx.2022-ci il tarixdə 9440 manat, xx.xx.2022-ci il tarixdə 4720 manat, 318,6 manat, 4720 manat, xx.xx.2022-ci il tarixdə 3670,27 manat, xx.xx.2022-ci il tarixdə 2655 manat, xx.xx.2022-ci il tarixdə 1765,43 manat, xx.xx.2022-ci il tarixdə 4814,4 manat, xx.xx.2022-ci il tarixdə 3540 manat, xx.xx.2022-ci il tarixdə 3964,8 manat. xx.xx.2022-ci il tarixdə 318,6 manat, xx.xx.2022-ci il tarixdə 3776 manat, 2832 manat, 7611 manat, 2655 manat, 908,19 manat, xx.xx.2022-ci il tarixdə 3776 manat, xx.xx.2022-ci il tarixdə 2159,4 manat, 1681,5 manat, xx.xx.2022-ci il tarixdə 3964,8 manat, xx.xx.2022-ci il tarixdə 114,7 manat.1715,13 manat, xx.xx.2022-ci il tarixdə 83,93 manat, 177 manat, 2832 manat, 1770 manat, xx.xx.2022-ci il tarixdə 3776 manat, 2792,66 manat, xx.xx.2022-ci il tarixdə 2832 manat, xx.xx.2023-cü il tarixdə 885 manat, xx.xx.2023-cü il tarixdə 5876,4 manat, xx.xx.2023-cü il tarixdə 5044,5 manat, xx.xx.2023-cü il tarixdə 2864,32 manat, xx.xx.2023-cü il tarixdə 3776 manat, xx.xx.2023-cü il tarixdə 4720 manat, xx.xx.2023-cü il tarixdə 83,93 manat, xx.xx.2023-cü il tarixdə 2655 manat, xx.xx.2023-cü il tarixdə 2035,5 manat, xx.xx.2023-cü il tarixdə 3587,2 manat məbləğində malların qaiməsi "X1 Azerbaijan" MMC tərəfindən "xxxx" MMC-yə göndərilmişdir. İş materialllarında olan 15 mart 2023-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2022-ci il tarixinə "xxxx" MMC-nin "X1 Azerbaijan" MMC-yə ƏDV daxil olmaqla 196096,23 manat kreditor borcu mövcuddur İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, "X1 Azerbaijan" MMC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Satıcı sabit limit olaraq 200000 manat məbləğində malı Alıcıya verməyi, Alıcı isə malın dəyərini qaimə-faktura əsasında təhvil aldığı tarixdən etibarən 60 gün müddətində Satıcıya nağd və ya köçürmə şəklində ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, malları Alıcıya vermiş, lakin Alıcı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və malların dəyərini Satıcıya tam ödəməmişdir. Onun iddiaçıya 193007 manat 31 qəpik borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor malları verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 19301,75 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 4000 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 193007 manat 31 qəpik manat əsas borc, 4000 manat cərimə borcu olmaqla, cəmi 197007 manat 31 qəpik pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Bakı şəhəri 18 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 400 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 384 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 06 mart 2020-ci il tarixli 2020-SM/EH-001 nömrəli alqı-satqı müqaviləsinə əsasən 193007 manat 31 qəpik əsas borc, 4000 manat cərimə borcu olmaqla cəmi 197007 (bir yüz doxsan yeddi min yeddi) manat 31 (otuz bir) qəpik pul, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 384 (üç yüz səksən dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1192/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1192/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver