Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1198/2024 04.09.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq obyektinə vurduğu zərərə görə 995 manat, ekspert xərci 30 manat olmaqla cəmi 1025 manat məbləğdə pulun, ödənilmiş 32 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023 tarixli MLZNG00-000375 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq verən lizinq alana bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsi və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi barədə Cavabdeh ilə lizinq müqaviləsi bağlanılmışdır. Lizinq müqaviləsinin ümumi məbləği 8000 manat təşkil etmiş, rəsmiləşdirmə və digər gözlənilməyən hallarla bağlı ortaya çıxacaq xərclər nisbətində dəyişdirilə biləcəyi nəzərdə tutulmuşdur. Lizinq obyekti sedan tipli, ağ rəngli, **-AB-*** Dövlət qeydiyyat nişanlı, ağ rəngli “Chevrolet” markalı “Aveo” model minik avtomobili olmuşdur. Müqaviləyə əsasən lizinq alan lizinq obyektinə müvəqqəti sahiblik və istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh yoxlamalar nəticəsində lizinq obyektinə (avtomobilə) əhəmiyyətli dərəcədə zərər vurduğu aşkar olunmuş və əmlak geri tələb olunmuşdur. Cavabdehin lizinq obyektinə vurduğu maddi zərərin məbləği müvafiq ekspert qiymətləndirilməsinin rəyinə əsasən 995 manat təşkil etmişdir. Cavabdehin məsuliyyətsiz davranışı və yanaşması səbəbindən lizinq obyektinin geri alınması baş tutsa da vurulmuş zərərin dəyərinin ödənilməsindən cavabdeh imtina etmişdir. Üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi üçün cavabdehlə aparılmış danışıqlar heç bir nəticə verməmiş və bu səbəbdən də müqavilədə də nəzərdə tutulduğu kimi mübahisənin məhkəmə qaydasında həll edilməsi qərarına gəlinmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023 tarixli MLZNG00-000375 saylı daxili lizinq müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırlacaq) öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 1.5-ci bəndinə əsasən lizinq müqaviləsinin ümumi məbləği 8000 manat təşkil edir. Həmiçinin müqavilənin 1.7-ci bəndinə əsasən lizinq obyekti lizinq alana 27 ay müddətinə lizinqə verilir. İş materiallarında olan 17 avqust 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, 1 ədəd “Chevrolet Aveo” markalı, ağ rəngli, buraxılış ili 2011-ci olan avtomobil saz vəziyyətdə İddiaçı QSC tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan qüsur aktı barədə rəydən görünür ki, “Chevrolet Aveo” markalı, ağ rəngli, buraxılış ili 2011-ci olan nəqliyyat vasitəsinə keçirilən vizual baxış zamanı məlum oldu ki, sərbəst bazar qiymətləri nəzərə almaqla nəqliyyat vasitəsinə 995 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan 16 mart 2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, qəzaya uğramış nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın hesablanması üçün 30 manat məbləğində xərc çəkilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2023 tarixli MLZNG00-000375 saylı daxili lizinq müqaviləsi bağlanmış, müqaviləyə əsasən 1 ədəd “Chevrolet Aveo” markalı, ağ rəngli, buraxılış ili 2011-ci olan avtomobil lizinq alanın öz mülkiyyətinə əldə etməsi və muzdla onun müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Lakin lizinq alan müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozaraq lizinq obyektini nasaz vəziyyətdə geri qaytarmışdır. Tərtib olunumuş qüsur aktına əsasən lizinq obyektinə keçirilən vizual baxış zamanı sərbəst bazar qiymətləri nəzərə almaqla 995 manat məbləğində maddi ziyan dəydiyi müəyyən olunmuşdur. Həmiçinin 16 mart 2024-cü il tarixli mədaxil qəbzinə əsasən nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın hesablanması üçün 30 manat məbləğində xərc çəkilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, lizinq verən lizinq obyektinin tam bərpası üçün hesablanmış 995 manat məbləğində dəymiş maddi ziyanı və maddi ziyanın hesablanması üçün çəkilmiş 30 manat məbləğindəki xərci tələb etməkdə haqlıdır. İddia tələbi təmin edilməli və cəmi 1025 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 32 manat dövlət rüsumu ödənmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 32 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh lizinq obyektinə vurulmuş zərərə görə 995 manat, rəyin verilməsi üçün ödənilmiş 30 manat, cəmi 1025 (bir min iyirmi beş) manat pul və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1198/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1198/2024
04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver