Məhkəmə qərarları › İş №e-2-2(115)-12/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-12/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-12/2022 26.04.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, İsgəndərova Fidan Mübariz qızının katibliyi, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 73747 manat əsas borcun, 23907 manat 44 qəpik cərimə borcunun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması qaydalarına müvafiq olaraq İddiaçı ASC ilə X1 arasında bağlanmış 27.02.2015-ci il tarixli və 17.01.2017-ci il tarixli, 603-L/13 saylı müqaviləyə əsasən lizinq predmetini lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə 73747 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 23907 manat 44 qəpik borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki bağlanmış müqavilənin 2.2.2.-ci bəndinə əsasən borclu lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödənməyi öhdəsinə götürmüşdür. Bununla da borclu İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək, Cavabdeh 27.02.2015-ci il tarixli 444-GL/15 nömrəli müqavilə üzrə 96596 manat əsas borc və 57669 manat 11 qəpik cərimə borcu, 03.06.2013-cü il tarixli 603-L/13 nömrəli müqavilə üzrə 21914 manat əsas borc və 12546 manat 77 qəpik cərimə borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, müqavilə yenilənən zaman İddiaçı ASC düzgün hesablama aparmamışdır. Ölkə rəhbərinin müvafiq sərəncamına əsasən lizinq obyektinin dəyərinin 60 faizi ödənildiyi təqdirdə, lizinq obyekti borcu ödəyənin sərəncamına keçir. Odur ki, bütün borclarını ödədiyindən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehin vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh tərəfindən bütün borclar ödənildiyindən iddia təmin edilməməlidir. Onlar bütün sübutları məhkəməyə təqdim ediblər və iddiaçı tərəfindən pretenziya qaydasınada riayət olunmamışdır. Odur ki, cavabdehin heç bir borcu olmadığından iddianın təmin edilməməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə elektron qaydada ərizə göndərərək iddia tələbinə dair sübutları və etiraza münasibətini elektron qaydada məhkəməyə təqdim etdiyini, iş materiallarındakı sənədlərin iddianı tam şəkildə sübut etdiyini bildirərək, işə onun iştirakı olmadan baxılaraq iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 03.06.2013-cü il tarixli 603-L/13 nömrəli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilədən görünür ki, lizinq verən ümumi məbləği 12715 manat olan 1 ədəd “SR-2045” markalı taxılyığan kombaynı və 1 ədəd qarğıdalı xeyderini lizinq alanın istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 27.02.2015-ci il tarixli 444-GL/15 nömrəli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilədən görünür ki, lizinq verən ümumi məbləği 222428 manat olan 2 ədəd “AGFS-600” markalı gübrəsəpən asmanı, 4 ədəd “Belarus- 892” markalı traktoru, 2 ədəd “AGMP-6” kotan 6 gövdəli asmanı, 4 ədəd “AGSD-24” markalı taxılsəpən gübrəsəpənlə qoşulanı, 1 ədəd “Örnallar ONMKD-1” markalı mala rotorlu asmanı, 4 ədəd “Belarus-892” markalı traktoru, 2 ədəd “Belarus-1221” markalı traktoru, 2 ədəd “AGPH-2” markalı kartofçıxaran asmanı, 4 ədəd “KR14” markalı kotan 4 gövdəli asmanı, 1 ədəd “Kocamaz KT-38A” markalı yemqıran asmanı, 1 ədəd “TT-1000 səyyar” markalı taxıltəmizləyəni, 4 ədəd “Sampo Rosenlew SR-2035” markalı kombayn taxılyığanı, 4 ədəd “AGMP-6” kotan 4 gövdəli asmanı, 1 ədəd “AGRM-165” markalı otbiçən rotorlu ikidiskli asmanı, 1 ədəd “LZ-3.2W” markalı özü yeriyən ot biçəni lizinq alanın istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 03.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27.02.2015-ci il tarixli 444-GL/15 nömrəli müqavilə üzrə 96596 manat əsas borc və 57669 manat 11 qəpik cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş 10.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 03.06.2013-cü il tarixli 603-L/13 nömrəli müqavilə üzrə 21914 manat əsas borc və 12546 manat 77 qəpik cərimə borcu vardır. Gəncə Kommersiya Məhkəməsinin 19 may 2021-ci il tarixli 2-2(115)-50/2021 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspertiza qarşısında İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış lizinq müqavilələrinə görə Cavabdeh İddiaçı ASC-yə nə qədər borcu var sualı qoyulmuşdur. Məhkəmə-mühasibatlıq ekspertizasının 13 sentyabr 2021-ci il tarixli 9/4137 saylı rəyində göstərilmişdir ki, 03.06.2013-cü il tarixli 603-L/13 nömrəli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh 21.07.2020-ci il tarixə İddiaçı ASC-yə olan əsas borcu 53363 manat, 27.02.2015-ci il tarixli 444-GL/15 nömrəli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh 21.07.2020-ci il tarixə İddiaçı ASC-yə olan əsas borcu 108234 manatdır. 03.06.2013-cü il tarixli 603-L/13 nömrəli və 27.02.2015-ci il tarixli 444-GL/15 nömrəli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilələr üzrə Cavabdeh 21.07.2020-ci il tarixə İddiaçı ASC-yə olan cərimə məbləöi 23907 manat 44 qəpikdir. Gəncə Kommersiya Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2-2(115)-50/2021 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspertiza qarşısında İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03.06.2013-cü il tarixli 603-L/13 saylı və 27.02.2015-ci il tarixli 444-GL/15 saylı lizinq müqavilələri üzrə Cavabdeh tərəfindən ödənilmiş məbləğlər nəzərə alınmaqla sonuncunun borcu nə qədərdir sualı qoyulmuşdur. Məhkəmə-mühasibatlıq ekspertizasının 18 mart 2022-ci il tarixli 9/9481 saylı rəyində göstərilmişdir ki, 03.06.2013-cü il tarixli 603-L/13 nömrəli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh 21.07.2020-ci il tarixə İddiaçı ASC-yə olan əsas borcu 53363 manat, 27.02.2015-ci il tarixli 444-GL/15 nömrəli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh 21.07.2020-ci il tarixə İddiaçı ASC-yə olan əsas borcu 108234 manatdır. 03.06.2013-cü il tarixli 603-L/13 nömrəli və 27.02.2015-ci il tarixli 444-GL/15 nömrəli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilələr üzrə Cavabdeh 21.07.2020-ci il tarixə İddiaçı ASC-yə olan cərimə məbləöi 23907 manat 44 qəpikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 710.3-cü maddəsinə əsasən, icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 717.1-ci maddəsinə görə, əgər müqavilə öhdəliklərinin müəyyənləşdirilməsi üçün əsas götürülmüş şərtlər müqavilə bağlandıqdan sonra qarşılıqlı öhdəliklər arasında böyük tənasübsüzlük yaranmasına səbəb olan dərəcədə dəyişərsə, müqavilənin istənilən iştirakçısı, icarə müddətindən başqa, müqavilə şərtlərinin dəyişdirilməsini tələb edə bilər. İcarəyə götürülmüş əşyadan gəlir icarəçi tərəfindən təsərrüfatın aparılması nəticəsində artdıqda və ya azaldıqda, icarə haqqının dəyişdirilməsini, əgər ayrı şərt qoyulmayıbsa, tələb etmək olmaz. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh lizinq müqaviləsi üzrə iddiaçıdan lizinq obyektini təhvil almış, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam ödənilməsini təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini tam icra etməmişdir. Pretenziya məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdeh “Cavabdeh borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 03.06.2013-cü il tarixli 603-L/13 nömrəli lizinq müqaviləsi üzrə 21914 manat əsas borc, 200 manat cərimə borcu, 27.02.2015-ci il tarixli 444-GL/15 nömrəli lizinq müqaviləsi üzrə 96596 manat əsas borc, 2000 manat cərimə borcu olmaqla, cəmi 120710 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. 400 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 03.06.2013-cü il tarixli 603-L/13 nömrəli lizinq müqaviləsi üzrə 200 manat, 27.02.2015-ci il tarixli 444-GL/15 nömrəli lizinq müqaviləsi üzrə 2000 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 03.06.2013-cü il tarixli 603-L/13 nömrəli lizinq müqaviləsi üzrə 21914 manat əsas borc, 200 manat cərimə borcu, 27.02.2015-ci il tarixli 444-GL/15 nömrəli lizinq müqaviləsi üzrə 96596 manat əsas borc, 2000 manat cərimə borcu olmaqla, cəmi 120710 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. 400 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar