Məhkəmə qərarları › İş №e-2-2(115)-1203/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1203/2023

15.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - İşguzar nüfuzun müdafiəsi ilə bağlı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1203/2023 15.12.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndələri Vəkil və X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı işgüzar nüfuzun müdafiəsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı işgüzar nüfuzun müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin işgüzar nüfuzunu ləkələyən məlumatların Cavabdeh tərəfindən şirkətə yazılı qaydada bildirməklə təkzib edilməsi, cavabdehin qanunazidd əməlləri nəticəsində istehlakçılar arasında və fəaliyyət göstərdiyi bazar seqmentində iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə 15000 manat məbləğində zərərin əvəzinin və Samux 1 saylı Mediasiya Təşkilatına ödənilmiş 205 manat məbləğində mediasiya xərcinin Cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanmışdır. Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Gəncə Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, xx.xx.2023-cü il tarixli qətnamə ilə iddia tələbləri təmin edilmişdir. Cavabdeh hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etdiklərindən xəbərdar olduqdan sonra qərəzli olaraq, iddiaçının işgüzar nüfuzlarını hədəf alaraq sosial şəbəkə seqmentində həqiqətə uyğun olmayan informasiyalar yaymağa başlamışdır. Belə ki, İddiaçı MMC ilə eyni bazarda fəaliyyət göstərən və haqsız rəqabət hərəkətləri ilə açıqaşkar şirkətlərinə zərər vurmağa çalışan "xxxx" MMC-yə məxsus olan eyniadlı “You tube” kanalına xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş video-çarxda Cavabdeh tərəfindən İddiaçı MMC-nin işgüzar nüfuzunu zədələyən yalan məlumatlar bəyan edilmişdir. “Lazer aparatı aldı və aldandı! Zərərçəkmiş Cavabdeh” başlığı altında paylaşılan həmin video-çarx Cavabdeh “Bir müddət öncə İddiaçı MMC-dən lazer cihazı almışam və aldanmışam.”sözləri ilə başlayır. Videonun irəliləyən dəqiqələrində cavabdeh, şirkətlə baş tutan alqı-satqı zamanı aldadıldığını, İddiaçı MMC-nin aparatda yaranmış problemləri həll edə bilməyini (2.48-ci dəqiqə), şirkətin ona servis xidməti göstərmədiyini (3.30-cu dəqiqə), eləcə də avadanlıqda yerləşdirilmiş yoxlayacı qurğu haqqında müqavilədə heç bir qeydin olmadığını (6.10-cu dəqiqə), Çin istehsalı olan avadanlığın ona Amerika istehsalı kimi təqdim edildiyini (9.35-ci dəqiqə) bildirmişdir. Sözügedən paylaşım üçün 884 baxış, 53 bəyənmə, 44 şərh qeydə alınmışdır. Qeyd olunan fikirlərin heç biri həqiqətə uyğun olmamaqla şirkətin nüfuzunu zədələmək məqsədi daşımaqdadır. Cavabdehin iddia etdiyi fikirlər Gəncə Kommersiya Məhkəməsində məhkəmə icraatı gedişatında hərtərəfli araşdırılmış, öz təsdiqini tapmadığı üçün cavabdehin qarşılıqlı iddiası təmin edilməmişdir. Yuxarıda qeyd olunan video görüntülər "xxxx" MMC-yə məxsus Tik-tok istifadəçi hesabında da paylaşılmışdır. Video görüntünün üzərinə aşağıdakı ifadələr əlavə edilmişdir: “40.000-ə xarab cihaz satdılar”, “Oxumadan imzaladı. Servis xidməti göstərilmədi!!!”, “Zərərçəkmiş, şirkəti məhkəməyə verdi. Aldı və aldandı!!!” Sadalanan fikirlər uydurma olmaqla İddiaçı MMC-nin istehlakçılar arasında formalaşmış nüfuzuna zərər vurmaq məqsədi daşıyır. Şirkət tərəfindən xarab avadanlığın satılması, servis xidmətinin göstərilməsindən imtina edilməsi kimi əsassız fikirlərin səsləndirilməsi müştərilər arasında çaşqınlığın yaranmasına gətirib çıxarmışdır. Odur ki, yuxarıda sadalanan hərəkətlər cari və potensial müştəriləriləri arasında, eləcə də bazar mühitində şirkətin işgüzar nüfuzunu zədələməklə ona əhəmiyyətli dərəcədə zərər dəyməsinə səbəb olmuşdur. Sözügedən paylaşımların lokal xarakter daşımayan, geniş istifadəçi kütləsi olan sosial şəbəkə vasitələrində yayımlanması, xüsusilə işgüzar mühitdə yayılması potensial müştərilərinin onlardan mal almasında tərəddüdlər yaratmış və əməkdaşlıq imkanlarının itirilməsinə səbəb olmuşdur. xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair təklif göndərilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən Samux 1 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət edilmişdir. Lakin Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş və bu barədə xx.xx.2023-cü il tarixli müvafiq arayış verilmişdir. Ümumi mediasiya xərci 200 manat təşkil etmiş və ödənilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, şirkətlərinin dövriyyəsi aşağı düşmüş, bir çox müştəriləri avadanlıqları geri qaytarmışdır. Bu hal Rəna xanımın, Pərvanə xanımın çıxışlarından sonra yaranmışdır. Cavabdehə Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi təqdim olunandan sonra dərhal "xxxx" MMC-nin rəhbərinə müsahibə verərək video çəkiliş etmişlər. xx.xx.2023-cü il tarixində "xxxx" MMC cavabdehin avadanlığına baxış keçirərək akt tərtib etmişdir. Cavabdeh məhkəmədə yalan ifadələr verdiyinə görə bu barədə Gəncə Şəhər Prokurorluğuna məlumat vermişlər. Həmçinin sözügedən video çəkilişin başlığında qeyd olunmudur ki, “40000 manata avadanlıq aldı və aldandı”. Halbuki avadanlığın qiyməti 37000 manat idi. Video çəkilişdə Cavabdeh yanında danışan şəxs "xxxx" MMC-nin rəhbəridir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Cavabdeh keçmiş müştəriləri olmuşdur. Uzun müddətdir ki, avadanlıqların, xüsusilə kosmetik avadanlıqların xaricdən idxal edərək satışı ilə məşğul olan şirkət kimi fəaliyyət göstərirlər. Cavabdehlə bundan əvvəl ona satdıqları cihazla bağlı mübahisə yaranmışdır. Həmin mübahisənin apellyasiya mərhələsi başa çatmışdır. Həmin iddia tələbində cavabdehə qarşı pul tələbi irəli sürmüşlər, cavabdeh isə onlara qarşı cihazın qaytarılması və ödənişin ona ödənilməsi ilə bağlı qarşılıqlı iddia tələbi irəli sürmüşür. Həmin iş üzrə cavabdehə qarşı qaldırdıqları iddia qismən təmin edilmiş, cavabdehin isə onlara qarşı irəli sürdüyü qarşılıqlı iddia tələbi rədd edilmişdir. Bütün proseslərin sonunda Cavabdeh onlara rəqib olan "xxxx" MMC şirkətinin “YouTube” kanalında həmin şirkətin direktoru ilə video çarx hazırlayaraq müsahibə vermişdir. Cavabdeh həmin müsahibədə şirkətin işgüzar nüfuzunu zədələyəcək və müştərilərin çaşqınlığına səbəb olacaq ifadələr işlətmişdir. Həmin ifadələrdən bir neçəsi kimi “Bir müddət öncə "xxxx" MMC-dən cihaz almışam və aldanmışam”, daha sonra qeyd etmişdir ki, “Cihazda yaranmış problemləri həll edə bilməyiblər”, “Şirkət mənə servis xidməti göstərmədi”, “Yoxlayıcı qurğu haqqında müqavilədə heç bir qeyd yoxdur”. Bundan başqa cavabdeh qeyd etmişdir ki, Çin istehsalı olan avadanlığı ABŞ istehsalı adı ilə cavabdehə satmışlar. Eləcə də avadanlığın qiyməti ilə çaşdırıcı məlumat verdiklərini bildirmişdir. Belə ki, Cavabdeh bildirmişdir ki, həmin avadanlığı ona baha qiymətə, yəni 40000 manata satıldığını, halbuki həmin avadanlığın müqavilə dəyəri 37000 manat olduğunu bildirmişdir. Cavabdeh verdiyi müsahibələr müxtəlif başlıqlar altında artıq digər sosial şəbəkələrdə yayınlanmışdır. Bununla da hüquqlarını təmsil etdiyi şirkətin işgüzar nüfuzu şübhə altında qalmış və müştərilər tərəfindən onlara davamlı olaraq sualların və şikayətlərin verilməsində böyük rol oynamışdır. Cavabdeh ilə aralarında olan məhkəmə prosesindən, həmçinin cavabdehin məlum müsahibəsindən sonra müştərilərilərin artıq bir neçəsi onlarla əməkdaşlıq etməkdən imtina etmişdir. Bu səbəbdən Cavabdeh həmin müsahibəni verməkdə məqsədinin nə olduğunu aydınlaşdırmaq qərarına gəlmişlər. Məsələnin aydınlaşdırılması üçün “Mediasiya Xidməti”nə müraciət etmişlər. Lakin Cavabdeh “Mediasiya” prosesində iştirak etmədiyindən aralarında olan mübahisəni məhkəmə prosesindən kənar, işgüzar qaydada həll edə bilməmişlər. Hazırda iddia tələbini müdafiə edir və hesab edirlər ki, onlara dəymiş ziyan təxminən 15000 manat təşkil edir. Həmçinin Cavabdeh yazılı qaydada “təkzib” tələbləri var. Cavabdeh ilə aralarında razılığa gələ bilmədilər. Belə ki, cavabdehə mübahisəni məhkəmədən kənar həll etməyi təklif etsələr də, Cavabdeh təkliflə razılaşmamışdır. Buna görə də, məhkəmə prosesinin qaldığı yerdən davam edilməsini xahiş edir. Buna baxmayaraq alternativ variant təklif etməyə razıdırlar. Bunun üçün cavabdehin fikri onlar üçün vacibdir. Cavabdeh hal-hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olacağı təqdirdə, ona satılan avadanlığın parametrlərinə və qiymətinə uyğun hər hansı bir avadanlıqla barter edilməklə də, müştəri məmnuniyyətini nəzərə alaraq addımlar atılmasını hüquqlarını təmsil etdiyi şirkət qarşısında təklif irəli sürə bilər. Təbii ki, bu təklifin qarşılığında Cavabdeh hüquqlarını təmsil etdiyi şirkətin barəsində səsləndirdiyi natamam və həqiqətə uyğun olmayan məlumatları məhkəmə qaydasında inkar etməli, eləcə də, digər məhkəmə instansiyalarında davam edən mübahisələrə son qoymalı və borcunu silməlidir. Cavabdehə satılan avadanlığın real bazar qiyməti təxminən 10000 manat təşkil edir. Cavabdeh məlum məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hüquqlarını təmsil etdiyi şirkətə rəqib olan məlum şirkətlə birgə video çəkiliş hazırlayaraq iddiaçı tərəfin barəsində həqiqətə uyğun olmayan ifadələr işlətmişdir. Həmin videoçəkilişlə bağlı “disk” məhkəməyə təqdim edilmişdir. Həmin video çəkilişdən sonra iddiaçı “AzEstetik Group MMC” şirkəti xeyli zərər görmüşdür. Cavabdeh həmin video çəkilişi qəsdən şirkətin zərər görməsi məqsədilə hazırlamışdır. Cavabdeh bu addımı şüurlu surətdə bilərəkdən atmışdır. Cavabdeh bir mənalı olaraq niyyəti iddiaçını nüfuzdan salmaq, müştəriləri arasında çaşqınlığa səbəb olmaq və şirkətin haqqında mənfi fikirlər formalaşdırmaq olmuşdur. Cavabdeh öz məqsədinin şirkətə ziyan vurmaq olmadığını qeyd etsə də, bu onu mülki məsuliyyətdən azad etmir. Buna görə də, məhkəmədən obyektiv və qanuni məhkəmə araşdırması aparmaqla qətnamə çıxarılmasını xahiş edir. Eyni zamanda hesab edir ki, Cavabdeh şirkətin barəsində işlətdiyi natamam və həqiqətə uyğun olmayan ifadələrlə bağlı yazılı təkzib verməlidir. Cavabdeh öz etirazını yalnız şifahi mülahizələr və izahatları üzərində qurmuşdur. Cavabdeh iddiaçı tərəfindən ona qarşı göstərilən və ya göstərilməyən hörmətsizlik, eləcə də qanun pozuntusu barədə məhkəməyə sübut təqdim etmiş olsa idi, bu qədər ətraflı çıxış etməzdi. Odur ki, məhkəmədən xahiş edir ki, təqdim edilmiş sübutlar cavabdehin şifahi izahatları ilə müqayisədə sübutların aralığı baxımından nəzərə alınsın. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, 15 ildən artıq müddətdir ki, tibbi avadanlıqların satışı və xarici ölkələrdən idxalı, həmçinin servis xidmətini həyata keçirən şirkətdirlər. Cavabdeh ilə dəfələrlə əlaqə saxlamış və “Bu oyunun bir hissəsi olmamasını” bildirmişdir. Belə ki, burada qərəz məsələsi var, yəni rəqib şirkətin rəqabətidir. Həmin rəqib şirkət nəinki Cavabdeh, hətta digər müştəriləri ilə də əlaqə saxlayaraq onlara yanlış məlumatlar verərək, müştərilərə cihazı baha qiymətə satdıqlarını, cihazı qaytarmaqlarını, ödəniş etməmələrini və məsələnin məhkəmə qaydasında mübahisələndirilməsini bildirmişlər. Cavabdeh həmin müsahibəni istəməyərəkdən vermişdir. O dəfələrlə Cavabdeh ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq mübahisənin aralarında həll olunmasına çalışmışdır. Lakin cavadeh Cavabdeh mübahisənin aralarında həll olunmasından imtina etdiyi üçün məhkəməyə müraciət etmişlər. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, həmin çəkilişdə dediklərinin hamısı həqiqətdir. Məhkəmə proseslərində və video çəkilişdə qeyd etdiyi halları təsdiq edir. İddiaçının nümayəndəsi Qanuni nümayəndə aralarında yaranmış mübahisədən xeyli müddət sonra onunla əlaqə saxlamışdır. Lakin Qanuni nümayəndə onunla əlaqə saxlamaqda məqsədi yaranmış mübahisəni həll etmək üçün olmamışdır. Qeyd edir ki, o, müqaviləni oxumadan imzalamış və cihazda yoxlayıcı qurğunun olduğunu bilməmişdir. İddiaçı ilə aralarında bağlanmış müqavilə təxminən 12-16 vərəq olmuşdur və ona müqaviləni tələsik şəkildə imzalatmışlar. Hazırki iş üzrə iddia ərizəsinin surətini almış və tanış olmuşdur. Video çəkilişdə qeyd etdiyi ifadələri qəbul edir. Ona servis xidməti göstərilmişdir, lakin xidmətin nəticəsi olmamışdır. O həmin şirkətə güvəndiyi üçün ona təqdim olunmuş sənədləri oxumadan imzalamışdır. Həmin sənədləri oxumadan imzalamaqda səhv etdiyini, satış meneceri Tural Yusifovun “get hara şikayət edirsən et, bizi maraqlandırmır” ifadəsini işlətdikdən sonra başa düşmüşdür. Həmin video çəkilişi hazırlamaqda məqsədi, şirkətin əməkdaşlarının onu yalan danışmaqda ittiham etdikləri üçün olmuşdur. Video çəkiliş onun təşəbbüsü ilə hazırlanmışdır. Video çəkilişdə ona verilən suallar əvvəlcədən hazırlanmamışdır. Bu şirkətlə Kənan Zeynalova məxsus şirkət arasında mübahisənin olduğunu əvvəlki məhkəmə proseslərində bilmişdir. Cihazda yoxlayıcı qurğunun quraşdırılması barədə ona əvvəlcədən məlumat verilməmişdir. Ona satılan cihazın ABŞ istehsalı olduğunu satış meneceri Tural Yusifov bildirmişdir. Daha sonra cihazda yaranmış nasazlıqla bağlı müraciət etdikdə Tural Yusifov ona cihazın ehtiyyat hissələrinin Çin Xalq Respublikasından gətiriləcəyini bildirmişdir. İddiaçı tərəflə aralarında razılığa gələ bilməmişlər. Belə ki, iddiaçı tərəf onun irəli sürdüyü təkliflə razılaşmamışdır. O hazırda iddiaçının nümayəndəsi tərəfindən irəli sürülən təkliflə razı deyil və artıq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəmir. Buna baxmayaraq, iddiaçı tərəf onun təkliflərini qəbul edərsə, onlarla qarşılıqlı razılığa gələ bilər. Onun təklifi bundan ibarətdir ki, ona satılan avadanlıq geri qaytarılsın və avadanlığa görə ödədiyi 25350 manat pul və yaxud 30000 manat pul ona ödənilsin. Məlum video çəkilişə qədər “AzCosmetics MMC” şirkəti ilə “X5 MMC” şirkəti arasında mübahisə olduğunu bilmişdir. Həmin video çəkilişi çəkməkdə məqsədi iddiaçıya ziyan vurmaq olmamış, sadəcə olaraq iddiaçı tərəfin onun müraciətlərini nəzərə almaları üçün olmuşdur. Həmçinin onun prinsipi bundan ibarətdir ki, avadanlığa görə çəkdiyi xərcləri iddiaçı tərəf ona geri ödəsin. Məlum məhkəmə qətnaməsi çıxarılanadək baş vermiş hadisələrdən sonra o aldandığı qənaətinə gəlmişdir. İddiaçı barəsində qeyd etdiyi ifadələri təsdiq edir, o dəfələrlə şirkətin nümayəndəliyinə yaranmış problemlərlə bağlı müraciət etsə də, onun müraciətinə baxılmamışdır. İddiaçının barəsində bildirdiyi ifadələr tamamilə doğrudur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Onun iddiaçı barəsində bildirdiyi məlumatlar həqiqətə uyğun olmayan olsa idi, apellyasiya instansiya məhkəməsi onun tələbini təmin etməzdi. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh “YouTube” və “Tiktok” sosial şəbəkə platformalarında “Oxumadan imzaladı”, “Servis xidməti göstərilmədi”, “Zərərçəkmiş şirkəti məhkəməyə verdi, aldı və aldandı”, “40000-ə xarab cihaz satdılar” başlıqlı müsahibə vermiş, “Mən aldığım avadanlıq haqqında heç bir məlumat bilmirdim, çünki alanda Azestetik MMC mənə heç bir məlumat verməmişdir. Aparatın adından detallarına, qiymətinə qədər bütün məlumatları mənə Kənan müəllim vermişdir. Dünən məhkəməyə saxta sənədlə gələn Azestetik MMC-yə səslənirəm ki, burada yalan rəy yazmasınlar ” rəyini yazmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli 2-2(104)-188/2023 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə ilk iddia təmin edilərək, 11650 manat məbləğində borcun və ödənilmiş 200 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(104)-188/2023 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-29/2023 nömrəli qətnaməsi qismən - 11650 manat məbləğində borc və ödənilmiş 200 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılaraq, ilk iddia qismən təmin edilmiş, Cavabdeh 2650 manat məbləğində pul və ödənilmiş 200 manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçınə verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh tərəfindən İddiaçı MMC-dən alınmış lazer epilyasiya aparatı 8 ay normal işləsə də, həmin vaxtdan sonra, yəni qarantiya müddəti başa çatmamış mal xarab olmuş, dəfələrlə təmir edilməsinə baxmayaraq düzəlməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddianı tam təmin etməkdə haqlı olmamışdır. İddiaçı Cavabdeh “Wertex 1200 (FG2000D+)” adı ilə satdığı avadanlıq lazımi keyfiyyətli olmadığına görə onun alış qiyməti 9000 manat həddində azaldılmalıdır. Kollegiya həmin avadanlığın alış qiymətinin ilk iddia üzrə cavabdeh üçün 9000 manat həddində azaldılmasını həmin avadanlıqda aşkara çıxmış çoxsaylı qüsurlar səbəbindən və istehlakçının bu səbəbdən müştərilərini itirməsi baxımından ədalətli saymışdır. Azərbaycan Respublikasının Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. İşin hallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən mediyada onun işgüzar nüfüzunu ləkələyən yalan məlumatlar yaydığını iddia etsə də, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdehin yaydığı məlumatlar həqiqətə uyğundur. Belə ki, cavabdeh iddiaçı tərəfindən ona keyfiyyətsiz malın satıldığını, yüksək qiymətə mal alıb aldandığını, servis xidmətinin göstərilməsindən imtina edildiyini və s. bu kimi mediyada yaydığı məlumatların həqiqət olduğu apellyasiya instansiyası məhkəməsinin yuxarıda sadalanan qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunur. Həmin məhkəmə aktı ilə müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıdan aldığı mal xarab olmuş, dəfələrlə təmir edilməsinə baxmayaraq düzəlməmiş, iddiaçının cavabdehə satdığı mal lazımi keyfiyyətli olmadığına görə onun alış qiyməti 9000 manat həddində azaldılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Bu halda, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Cavabdeh tərəfindən İddiaçı MMC-yə işgüzar nüfüzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatların yayılması təsdiq edilmədiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı işgüzar nüfuzun müdafiəsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı işgüzar nüfuzun müdafiəsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar