Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1205/2024 29.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17026,97 manat əsas borcun, həmin borcu gecikdidiyi üçün 851,34 manat faizin, ödənilmiş 143,64 manat dövlət rüsumunun və 1000 manat vəkil xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli xx-xx/2023 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə əsasən satıcı tərəfindən alıcıya xx.xx.2023-cü il tarixdə 3512,95 manat, xx.xx.2023-cü il tarixdə 3137,38 manat, xx.xx.2023-cü il tarixdə 3221,26 manat, xx.xx.2023-cü il tarixdə 3284,88 manat, xx.xx.2023-cü il tarixdə 3004,75 manat və xx.xx.2023-cü il tarixdə 3080,72 manat olmaqla ümumilikdə ƏDV ilə birlikdə 19241,94 manat dəyərində müxtəlif mallar təqdim edilmişdir. Təqdim edilmiş mallara görə alıcı tərəfindən satıcıya cəmi 2214,97 manat ödəniş edilmişdir. Hazırda alıcının satıcıya ümumilikdə ƏDV ilə birlikdə 17026,97 manat borcu qalmışdır. Borcun satıcıya ödənilməsi üçün alıcıya şifahi qaydada dəfələrlə müraciət edilməsinə baxmayaraq heç bir bir nəticəsi olmamışdır. Borcun 3 iş günü müddətində ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmişdir. Həmin məktubdan sonra cavabdeh şifahi qaydada müraciət edərək ona vaxt verilməsini xahiş etmişdir. Lakin bu günə qədər cavabdeh tərəfindən heç bir vəsait ödənilməmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15825,95 manat əsas borc məbləğinin, həmin borcu gecikdidiyi üçün 791,29 manat faizin, 143,64 manat dövlət rüsumunun və 1000 manat vəkil xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, iddiaçı ilə müqaviləni kişi geyimlərinin alınması məqsədi ilə bağlamışdır. Borcu var, ancaq məbləğ göstərildiyi qədər deyildir. İddiaçıdan 23108,90 manat dəyərində mal götürmüş, 13236 manat ödəniş etmiş, 4533.60 manat dəyərində malı isə iddiaçının özünə qaytarmış və 5339,30 manat borcu qalmışdır. Malların qaytarılması ilə bağlı sənədlər iddiaçının özündədir, iddiaçının işçisi gəlib malları təhvil almışdır. Lamiyə xanım iddiaçının işçisidir, onlar geri qaytardıqları malları Lamiyə xanımın özünə təhvil vermişlər. Hətta malları geri qaytararkən Lamiyə xanım ona qiymətlərin düzgün olmadığı üçün qiymətləri şirkətdə araşdırıb dəqiqləşdiriləcəyini bildirmişdir. Onlar ödənişləri həm əlbəəl, həm də elektron qaydada etmişlər. Ödənişləri həmçinin onlara təqdim edilən bank kartı vasitəsi ilə də etmişlər, lakin bununla bağlı qəbzləri saxlamamışlar. Onun geri qaytardığı malları, etdiyi ödənişləri Lamiyə xanım qəbul etmişdir. İddiaçının nümayəndəsi isə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərdi ki, onlar 1 il bundan qabaq cavabdehlə birlikdə işləmişlər, o mağazanın mühasibatlıq işlərini həyata keçirmiş, mağazada rəsmi işçi olmuşdur. Onlar iddiaçıdan təxmini olaraq 20000 manatdan çox mal almışlar. Ödənişləri həm kartla, həm əlbəəl, həm də qaimə-faktura ilə ödəmişlər. Yerdə qalan malları isə geri qaytarmışlar. Lakin iddiaçı tərəf bunları nəzərə almamışdır. Malları mağazanın anbardarı təhvil almış, o isə hesabat əməliyyatlarını həyata keçirmişdir. Malları kompyuterə işlədiyi üçün geri qaytarılan mallar barədə məlumatı olmuşdur. İddiaçı verdikləri pulun çoxunu sistemə yerləşdirməmişdir. Pulları da Lamiyə xanımın özü qol çəkib götürmüşdür. Karta atdıqları pulları isə dəftərə yazırdılar, iddaçı özü gəlib sonra imza çəkirdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərdi ki, o mağazada operator vəzifəsində işləmiş və rəsmi işçisi olmuşdur. Malların qəbulunu o özü həyata keçirmişdir. Mallar alınan zaman o həmin mağazada işləməmişdir. O malları geri qaytararkən malların dəyərini baha qeyd etdiyi məlum olmuş, həmin zaman Lamiyə xanım ona qiymətləri səhv qeyd etdiyini bildirmişdir. Həmin vaxt isə malların adını öz vərəqəsinə yazmış və həmin vərəqi də özü ilə götürmüşdür. Malların geri qaytarılmasını iddiaçının özü istəmişdi. Geri qaytarılan malların dəyərini isə xatırlamır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərdi ki, o, mağazada icraçı direktor işləmiş, ancaq rəsmi işçi olmamışdır. Onlar aldıqları mallara görə ödənişləri həmçinin əlbəəl etmişlər. Onlar iddiaçıya malları geri qaytarmışlar. Həmçinin iddiaçı borcu da səhv qeyd etmişdir. Əlbəəl verilən pulları nəzərə almasalar belə qaimə üzrə etdikləri ödənişləri də toplasalar cavabdehin borcu daha az olar. Lamiyə xanımı 2016-2017-ci ildən tanıyırlar, sırf həmin mağazaya görə tanımamışlar. Malları təhvil verdikdən sonra onların 4300 manat borcu qalmışdı. Malları təhvil verərəkən heç bir sənəd, akt tərtib etməmişlər. Çünki qarşılıqlı inamları olmuşdur. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 may 2023-cü il tarixli xx-xx/2023 nömrəli müqavilədən görünür ki, sifarişçinin tapşırığına əsasən alıcı hazırki müqavilədə göstərilmiş şərtlərlə paltarların (iç geyim) satışını müqavilənin şərtlərinə uyğun olaraq üzərinə götürmüşdür. Həmiçinin alıcı təsisçinin mallarını tam sərgilənməsi üçün vitrin ayrılmasını öz üzərinə götürmüşdür. İş materiallarında olan elektron qaimələrdən görünür ki, xx.xx.2023-cü il tarixdə 3512,95 manat, 3137,38 manat, 3221,26 manat, 3284,88 manat, 3004,75 manat, 3080,72 manat məbləğində mallara dair "xxxx" MMC tərəfindən Cavabdeh elektron qaimələr ötürülmüş və qaimələr təsdiq edilmişdir. İş materiallarında olan məxaric qaimələrindən görünür ki, xx.xx.2023-cü il tarixdə 3512,20 manat, xx.xx.2023-cü il tarixdə 3137 manat, xx.xx.2023-cü il tarixdə 3221,40 manat, xx.xx.2023-cü il tarixdə 3284,60 manat, xx.xx.2023-cü il tarixdə 3004,80 manat, xx.xx.2023cü il tarixdə 3080,20 manat məbləğində mallar təhvil verilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin çıxarışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 122,03 manat, xx.xx.2023-cü il tarxidə 216 manat ƏDV məbləği ödəmişdir. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 1200 manat, xx.xx.2023-cü il tarixdə 677,96 manat, xx.xx.2023-cü il tarixdə 1200 manat ödəniş etmişdir. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 309 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC ilə Bakı şəhəri 28 saylı vəkil bürosu arasında müqavilə bağlanmış və hüquqi yardıma görə haqq 1000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 12 may 2023-cü il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən sifarişçinin tapşırığına əsasən alıcı hazırki müqavilədə göstərilmiş şərtlərlə paltarların (iç geyim) satışını müqavilənin şərtlərinə uyğun olaraq üzərinə götürmüşdür. Həmiçinin alıcı təsisçinin mallarını tam sərgilənməsi üçün vitrin ayrılmasını öz üzərinə götürmüşdür. Ödəniş formasının 100% işlər görüldükdən sonra nəğd və ya bank köçürməsi yolu ilə hesab təqdim edildikdən sonra 1 ay bank günü ərzində həyata keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, malları cavabdehə təhvil vermiş, elektron qaimə göndərmiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, elektron qaimələri təsdiq etsə də malın pulunu tam ödəməmiş, nəticədə onun iddiaçıya 15825 manat 95 qəpik borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddiaçıdan aldığı malların pulunun çox hissəsini ödədiyini, iddia tələbində göstərilən məbləğdən az məbləğdə borcunun qaldığını, habelə təhvil alınan malların bir qismini iddiaçıya geri qaytardığını, qaytarılan malların pulunun tələb edilən məbləğdən çıxılmadığını bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı iddia tələbində borcu gecikdirdiyi üçün 791,29 manat faizin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən mallara dair elektron qaimələr (hesab) 10 iyun 2023-cü il tarixdə ötürülmüşdür. Həmiçinin müqavilədə ödənişin 100% işlər görüldükdən sonra nəğd və ya bank köçürməsi yolu ilə hesab təqdim edildikdən sonra 1 ay bank günü ərzində həyata keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçı isə cavabdehə qarşı pul tələbinə dair iddia ilə məhkəməyə 14 iyun 2024-cü il tarixdə müraciət etmişdir. İddiaçı 1 il üçün əsas borca hesablanmış faiz borcunu tələb etsə də məhkəmə hesab edir ki, elektron qaimənin göndərildiyi vaxt və malın ödənilməsi üçün müqavilədə müəyyən edilən müddət gözlənilməklə 11 ay üçün əsas borcun gecikdirilməsi ilə bağlı faiz hesablanması nəzərə alınmalı və cavabdehdən 1 il üçün deyil, 11 ay üçün illik 5%-lə hesablanmış faiz borcu olaraq 725 manat 35 qəpik pul tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 15825 manat 95 qəpik məbləğində əsas borc və 725 manat 35 qəpik illik 5%-lə hesablanmış faiz borcu olmaqla, cəmi 16551 manat 30 qəpik məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 143,64 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 139,65 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hüquqi yardımın göstərilməsi üçün "xxxx" MMC tərəfindən 1000 manat vəkil xidmət haqqı ödənilmişdir. Məhkəmə 1000 manat məbləğində hüquqi yardımla bağlı ödənilmiş məbləğin cavabdehdən tutulması ilə bağlı olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilən qanunun müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən vəkil xidmətinin xərci olaraq ödənilmiş 320 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 may 2023cü il tarixli xx-xx/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 15825 manat 95 qəpik məbləğində borc, 725 manat 35 qəpik illik 5%-lə hesablanmış faiz borcu, cəmi 16551 (on altı min beş yüz əlli bir) manat 30 (otuz) qəpik borc, 139 (bir yüz otuz doqquz) manat 65 (altmış beş) qəpik dövlət rüsumu və 320 (üç yüz iyirmi) manat vəkilə ödənilmiş xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1205/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1205/2024
29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver